Məhkəmə qərarları › İş №2-1(3-8)-108/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-108/2026

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-108/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə sənədinin verilməsi və inşa edilmiş qeyriyaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-5018/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Torpağa mülkiyyət hüququna dair” JN-340, KOD 30307018 Dövlət Aktından görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə 1,15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X8 və onun ailə üzvləri X2, X5, X6, X9 verilmişdir. 09 sentyabr 2006-cı il tarixli, AN seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən görünür ki, satıcılar X2, Şəlalə, Xədicə, X16 rayonu, Amsar kəndində yerləşən 9200,36 kv.m torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdirlər. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 23 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid, əkin məqsədli istifadə növünə aid olan 0,920036 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının (bundan sonra – Fərman) 1.1.2-ci yarımbəndinin icrası məqsədilə tərtib edilmiş qeyri-yaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlara dair yerquruluşu planından görünür ki, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,0040 ha-dır, həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir və torpaq sahəsi ümumi istifadədə yerləşmir. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətə alınmasına və ya icarəyə götürülməsi zəruriyyəti yoxdur, həmin tikilinin təyin olunmuş ünvanı Quba rayonu Amsar kəndidir. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinin 07 iyun 2024-cü il tarixli, 5- 61/2-V-36-131/2024 nömrəli məktubunda göstərilir ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. Qeyd olunanlara əsasən Quba rayonu, Amsar kəndində yerləşən tikiliyə istismara icazə sənədinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 16 fevral 2026-cı il tarixli, 3-35-2/2-470/2026 nömrəli məktubundan görünür ki, yuxarıda adı çəkilən Fərmanın 1.1.4-cü yarımbəndinə əsasən Mərkəz Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına uyğun olaraq, göndərilmiş layihəni və rəyi aldıqdan sonra kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası (infrastruktur obyekti) barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edir. Belə ki, Fərmanın icrası ilə əlaqədar qurumlararası elektron sənəd dövriyyəsi və iş proseslərinin təmin edilməsi məqsədi ilə yaradılmış elektron portal (qyoii.ttnda.az) vasitəsilə sözügedən qeyri-yaşayış binasına dair daxil olmuş aidiyyəti dövlət orqanlarının (qurumlarının) icrasının nəticəsi müsbət olan layihə və rəy sənədləri Mərkəz tərəfindən təhlil olunmuş və iradlar aşkar edilmədən müvafiq məlumatlar Tikintilərin Dövlət reyestrində uçota alınması üçün xx.xx.2024-cü il tarixində həmin Portala yerləşdirilmiş, habelə bu məlumatların uçotunun təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 3 nömrəli Qərarına əsasən müəyyən olunmuş xidmət haqqı İddiaçı tərəfindən Mərkəzin bank hesabına ödənilmişdir. Əlavə olaraq qeyd edirik ki, Fərmanın 1.1.5-ci yarımbəndinə əsasən Quba rayonunun inzibati ərazisində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) dair daxil olmuş aidiyyəti dövlət orqanlarının (qurumlarının) icrasının nəticəsi müsbət olan layihə və rəy sənədləri əsasında istismara icazənin verilməsi və bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün aidiyyəti üzrə göndərilməsini təmin etmək Quba Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdehin 19 fevral 2026-cı il tarixli, 5-61/2-379/2026 nömrəli məktubundan görünür ki, İddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa etdiyi tikiliyə (təqdim etdiyi layihədə restoran olduğu qeyd edilmişdir) istismara icazə sənədi alması üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Qeyd olunan Fərmanın 1.8-ci bəndindən əlavə nəzərə alınmalıdır ki, həmin tikiliyə baxış keçirilən zaman onun faktiki olaraq istismara hazır olmadığı, oranın təmirinin başa çatmadığı müşahidə edilmişdir. Yəni restoran kimi fəaliyyət göstərəcəyi iddia olunan obyektdə tikinti-quraşdırma işləri başa çatmamışdır. Onun hazırkı vəziyyətdə qeyriyaşayış obyekti (restoran) kimi fəaliyyət göstərməsi qeyri-mümkündür. Sözügedən Fərmanın 1.1-ci bəndinə əsasən 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi nəzərdə tutulmuşdur. Təqdim edəcəyimiz şəkillərdən də müəyyən olunur ki, qeyd olunan tikili üzrə 2023- cü ilin iyunun 1-dək tikinti-quraşdırma və təmir işləri başa çatmamışdır və o, restoran tipli obyekt hesab edilə bilməz. Həmçinin, sözügedən obyekt kənd təsərrüfatı fəaliyyəti ilə bağlı yardımçı tipli tikilidir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanında bu tipli tikililərin istismarına icazə verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, tikilinin olduğu yer kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ətrafında yerləşməklə, orada restoran fəaliyyəti göstərmək ərazinin məqsədli istifadəsinə uyğun deyildir. Eyni zamanda Rayon İcra Hakimiyyəti İddiaçı tərəfindən inşa edilmiş tikilinin portaldan (Obyekt nömrəsi: 002956) qeydiyyatdan çıxarılması və bununla əlaqədar müvafiq icraat aparılması məqsədilə (yuxarıda qeyd olunan Fərmanın 1.1-ci bəndinin tələblərinə cavab vermədiyindən) Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məktub göndərmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin və inşa edilmiş qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonun Amsar kəndində yerləşən 0,920036 ha kənd təssərüfat təyinatlı torpaq sahəsi üzərində onun tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin torpaq sahəsi tam mülkiyyət hüquqi ilə ona məxsusdur, yəni onun xüsusi mülkiyyətindədir. Bildirilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Quba rayonun Amsar kəndində inşa etdiyi qeyriyaşayış təyinatlı tikinti obyektinin istismarına icazə verilməsi üçün mövcud qaydalara əsasən tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixli Fərmanından və qanunvericilikdən irəli gələn tələblərə uyğun olaraq müvafiq qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə verilmiş və həmin qeyri-yaşayış sahəsi istismara qəbul edilməsi üçün müvafiq sənədlərlə birlikdə aidiyyəti üzrə Quba Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli, 5-61Q-V-36-131/2024 nömrəli məktubda Quba rayonu, Amsar kəndində inşa edildiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin mümkün olmadığı bildirilmişdir və mümkünsüzlüyün səbəbi qeyriyaşayış binasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilməsi bildirilmişdir. Lakin qeyd edilir ki, bütün aidiyyəti qurumların müsbət rəy verməsinə baxmayaraq, Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi qanunsuz və əsassızdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şəraitin yaradılmasının qarşısının alınmasıdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədinin verilməməsi onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Mülkiyyətində olan Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş bu kimi tikililərə o halda icazə sənədi verilə bilər ki, gələcəkdə həmin ərazilərdə yaşayış məntəqələrinin salınması və buna uyğun infrastrukturun qurulması nəzərdə tutulmuş olsun. Lakin iddiaçının tikinti işi apardığı sahə ilə əlaqədar hər-hansı dəyişiklik nəzərdə tutulmamış və həmin ərazinin mövcud təyinatına uyğun formada istifadə edilməsi məqsədəmüvafıq hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-5018/2024 nömrəli nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Hünül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan iddiaçının adına verilmiş torpaq sahəsinə dair çıxarışdan və torpaq sahəsinin əvvəlki sahiblərinə verilmiş Dövlət Aktından müəyyən edilir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmışdır. Cavabdeh orqan diskresion səlahiyyətlərindən düzgün istifadə etmiş, iddiaçının müraciətinin icrasından imtina etmişdir. Hazırda torpaq sahəsinin ərazi aidiyyət üzrə aid olan yerli icra hakimiyyəti Quba Rayon İcra Hakimiyyəti olduğundan, digər müvafiq orqanlar tərəfindən tikintinin istismarına icazə verilsə də, cavabdeh orqanın, torpaq sahəsinin təyinatını, qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişiklikləri nəzərə alaraq, icazə verilməsi də mütləqdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cu il tarixli Fərmanının maddələrini nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda qərarın dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2025-ci il tarixli, 2- 1(105)- 334/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 13 dekabr tarixli, e-2-1(118)-5018/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-3255/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 09 iyul tarixli, 2-1(105)-334/2025 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,920036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, iddiaçı özünə məxsus həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmişdir. Aşağı instansiya məhkəmələri iddianı rədd edərkən cavabdehin imtinasını qanuni hesab etmişlər. Həmin imtina isə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə istinad edilərək onunla əsaslandırmışdır ki, Fərmanın 1.8-ci bəndində qeyd edilir ki, şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. İş materiallarında olan, Fərmanın 1.1.2-ci yarımbəndinin icrası məqsədilə tərtib edilmiş qeyriyaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlara dair yerquruluşu planından təsbit edildiyi kimi, qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,0040 ha-dır, həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir və torpaq sahəsi ümumi istifadədə yerləşmir. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətə alınmasına və ya icarəyə götürülməsi zəruriyyəti yoxdur, həmin tikilinin təyin olunmuş ünvanı Quba rayonu Amsar kəndidir. Göründüyü kimi, istismarına icazə tələb olunan tikinti obyektinin yerləşdiyi, onun tikinti sahəsini təşkil edən torpaq sahəsi Fərmanın 1.8ci bəndində nəzərdə tutulan rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşmir və həmin bənddə müəyyənləşdirilmiş qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilməsi tələblərinin məhz mübahisəli tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı tətbiq edilməsi əsassız və qanunsuzdur. Apellyasiya instansiya məhkəməsinin “...bu tikililər sahəsi ən az 5 hektar olan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər” mövqeyi ilə razılaşmayan Kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101- ci, 102-ci və 103-cü maddələrində, habelə həmin Məcəllənin icrasından irəli gələrək qəbul edilmiş digər normativ hüquqi aktlarla tikinti işləri başa çatdıqdan sonra tikinti obyektinin istismarına icazənin verilməsi üçün tələblər və belə icazənin verilməsi qaydası müəyyən olunmuşdur. Bu qayda və tələblər tikinti obyektinin yaradılmasının, yenidən qurulmasının bilavasitə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun həyata keçirildiyi hallarda, yəni tikinti niyətinin həyata keçirilməsi üçün tikintiyə icazə icraatı, yaxud məlumatlandırma icraatı, tikinti işləri zamanı tikintiyə nəzarət kimi ardıcıllıqlara riayət olunmaqla həyata keçirildiyi hallarda tikinti obyektinin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edilməsinə yönəlmişdir. Lakin bununla belə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) – müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi hallarda və qaydada tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il iyunun 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi də nəzərdə tutulmuşdur və göründüyü kimi fərqli yaradılması halları olan tikinti obyektlərinin istismarına icazə verilməsinə yönəlmişdir. Fərmanla mübahisəli tikinti obyektinin istismara icazə verilməsi üçün riayət edilməli tələblər dairəsi dəqiq müəyyən olunmuşdur və onların sırasında apellyasiya instansiya məhkəməsinin istinad etdiyi tələblər nəzərdə tutulmadığından həmin tələblərin hazırkı iş üzrə tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı tətbiqi əsassızdır. Beləliklə, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman Kollegiyanın hazırkı mövqeyi nəzərə alınmaqla yenidən ətraflı araşdırma aparılmalıdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı

1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; 2.5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

4. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər: 4.1. istismara icazə verildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyriyaşayış binasının (infrastruktur obyektinin) layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini; 4.2. istismarına icazə verilmiş qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini; 4.3. Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektron formada təqdim olunmasını. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-3255/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 09 iyul tarixli, 2-1(105)-334/2025 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olduğundan, həmin ərazidə sözügedən obyektin inşa edilməsi nəzərdə tutulmadığından, müvafiq Fərmanın tələblərinə əsasən torpaq sahəsinin zonalaşdırılması tələbinə uyğun müvafiq dəyişiklik edilməklə, istismara icazənin verilməsi mümkün ola bildiyindən, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, habelə kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarında əks olunmuş göstərişlərinə uyğun olaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, çıxarış məlumatlarında həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar, məqsədli istifadə növü kimi əkin qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Fərmanın tələblərinə uyğun olaraq sözügedən torpaq sahəsinin döngə koordinatları və yerləşmə mövqeyini əks etdirən yerquruluşu planından çıxarış səlahiyyətli inzibati orqan tərəfindən tərtib edilmişdir. Həmin əmlaka dair Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 24 yanvar 2024-cü il tarixdə obyektin texniki göstəricilərinin müvafiq Fərmana uyğun olaraq yoxlanılaraq, yükdaşıyan konstryuksiyasının dayanıqlıq və möhkəmliyi baxımından istismara yararlığının təmin olunması barədə rəy tərtib edilərək, təsdiq edilmiş, habelə X11 Xidməti tərəfindən obyektin yanğın təhlükəsizliyi normativ tələblərinə uyğun olması barədə xx.xx.2023-cü il tarixli rəy verilmiş, X3 görülməsi və X4 Agentliyi tərəfindən müsbət rəy verilmiş, həmin sənədlərin əsasənda obyektin istismara hazır olması barədə müvafiq səlahiyyətli qurum tərəfindən 01316 saylı müsbət rəy verilmiş, həmin rəylər müvafiq elektron portal daxil edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən obyektə dair verilmiş həmin rəylər və layihə əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq Fərmanın tələblərinə uyğun olaraq yoxlama aparılmış, Komitənin Ərazi Planlaşdırma Tikinti Mərkəzi tərəfindən Fərmanın tələbinə uyğun olaraq obyekt barəsində tərtib edilmiş müvafiq sənədlərə istinad edilmiş, habelə əmlakın heç bir mühafizə zolağında yerləşmədiyi, ümumi istifadədə olan sahədə yerləşmədiyi, habelə texniki göstəricilərini (tikinti sahəsi 43,7 kv.m., 1 mərtəbə və s.) əks etdirən məlumatı tərtib edərək, təsdiq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sözügedən obyekt barəsində müvafiq Fərmanın təlbələrinə uyğun olaraq enerji təchizatı şəbəkəsinə qoşula bilməsinin mümkün olduğunu bildirmiş, onun əsasında elektrin enerjisindən istifadə ilə bağlı müqavilə bağlanılmış, texniki şərtlər tərtib edilmişdir, "xxxx" ASC tərəfindən sözügedən obyektin ASC-nin səlahiyyətləri daxilində istismara qadağanedici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı texniki vasitə ilə iddiaçının adına mövcud olan elektron portala baxış keçirilmiş, sözügedən əmlaka dair müvafiq Fərmanın tələblərinə uyğun olaraq yoxlama aparmaq səlahiyyətinə malik olan bütün qurumlar tərəfindən müsbət rəy verildiyi müəyyən edilmiş (bu hal işin yuxarıda müəyyən edilmiş halları əsasında da öz təsdiqini tapmışdır), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mənfi rəy qeyd edildiyi müəyyən edilmişdir. İddiaçı ona məxsus elektron portalda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adına aid olan qrafada mənfi rəy kimi görünməsinin səbəbinin məhz cavabdeh tərəfindən verilmiş imtina ilə bağlı olduğunu qeyd etmişdir. Kollegiya həmin halın araşdırılması məqsədilə sözügedən Komitəyə sorğu ünvanlamış, soğuya dair cavab məktubunda müvafiq Fərmanın icrası ilə əlaədar yaradılmış elektron portal vasitəsilə sözügedən obyektə dair daxil olmiş aidiyyəti dövlət orqanlarının (qurumlarının) icrasının nəticəsi müsbət olan layihə və rəy sənədləri Mərkəz tərəfindən təhlil olunması və iradlar aşkar edilmədən müvafiq məlumatların Tikililərin Dövlət Reyestrində uçota alınması üçün xx.xx.2024-cü ildə həmin Portala yerləşdirdiyini, müvafiq Fərmanın 1.1.5-ci bəndinə əsasən obyektə aid müsbət olan layihə və rəy sənədləri əsasında istismara icazənin verilməsi və bu barədə məlumatın müvafiq reyesterə daxil edilməsinin cavabdeh icra hakimiyyəti orqanına həvalə edildiyi qeyd edilmişdir. Göründüyü kimi indiki halda Komitə tərəfindən sözügedən əmlakla bağlı Fərmanın tələblərinə uyğun olaraq müsbət rəy verilməsi halı müəyyən edilmişdir. Nəticə etibarilə kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında sözügedən əmalka dair istismara icazənin verilməsi üçün müvafiq Fərmanın 1.1-ci bəndində ehtiva edilmiş hallara dair səlahiyyətli qurumlar tərəfindən müsbət rəylərin verildiyi və həmin məlumatların müvafiq reyestr və portalda yerləşdirildiyi müəyyən edilmiş, indiki halda iddiaçıya münasibətdə müvafiq Fərmanın tələbinə əsasən əmlakın istismarına icazə verilməsi mərhələsində cavabdeh tərəfindən imtina edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarında əks olunmuş hüquqi mövqeyə əsasən hazırki iş üzrə iddia tələbinin əsaslılığının məhz müvafiq Fərmanın 1.1-ci bəndinin (1.1.2-ci bənd, 1.1.5-ci bənd və istismara icazə verilməsinə aid digər bəndlər) tələbləri baxımından dəyərləndirmə aparılmalı olması, ona uyğun araşdırma aparılması halı qeyd edilmişdir (Qərarın 30-35-ci bəndi). Bununla bağlı kollegiya qeyd edir ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə və göstərişlərinə uyğun olaraq sözügedən əmlakın istismara icazənin verilməsinin məhz müvafiq Fərmanın 1.1-ci bəndinin tələblərinə uyğun olaraq əsasının olubolmaması və cavabdehin imtina ilə bağlı hərəkətlərinin müvafiq Fərmanın sözügedən tələblərinə uyğun olub-olmaması istiqamətində araşdırma aparılması zəruridir. Kollegiya qeyd edir ki, müvafiq Fərmanın məzmununda əmlakın istismarına icazə verilməsi üçün tələb olunan şərtlərin dairəsi dəqiq şəkildə müəyyən edilmişdir. Belə ki, müvafiq Fərmanın 1.1.5-ci bəndinə əsasən sözügedən əmlakın barəsində istismara icazə verilməsi üçün tələb olunan şərtlərə aiddir: 1) Fərmanın 1.1.3-cü bəndinə əsasən müsbət rəyin verilməsi 2) Fərmanın 1.1.1-ci bəndində göstərilən torpaqlarda yerləşməməsi 3) Fərmanın 1.4-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə və ya icarəyə götürülməsi zərurəti olmayan sahədə yerləşməsi Göründüyü kimi müvafiq Fərmana uyğun olaraq tikiliyə aid həmin şərtlər ödənildiyi halda, cavabdeh inzibati orqan əmlakın istismarına icazə vermək öhdəliyi daşıyır. Kollegiya istinad edilən həmin şərtlərin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçıya münasibətdə sözügedən əmlakın yerləşdiyi torpaq sahəsinin Fərmanın 1.1.1.-ci bəndinə əsasən döngə koordinatları və yerləşmə möqveyinə dair səlahiyyətli inzibati orqan tərəfindən plan sənədi tərtib edilmiş, habelə sözügedən sahənin həmin bənddə qeyd edilən mühafizə zonalarında yerləşmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçıya münasibətdə 2-ci şərtin ödənildiyi müəyyən edilmişdir. Kollegiya digər şərtlərlə bağlı qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında Fərmanın 1.1.3-cü bəndinə qeyd edilmiş hallara dair səlahiyyətli qurumlar tərəfindən müsbət rəy verilmiş, habelə sözügedən torpaq sahəsi iddiaçının xüsusi mülkyyyətində olan sahə kimi çıxış etmişdir. Nəticə etibarilə iddiaçıya münasibətdə digər iki şərtin də ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, indiki halda sözügedən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğundan, habelə inzibati ərazi hüdudlarından kənarda yerləşməsi halı müəyyən edilmədiyindən hazırki iddia tələbi müvafiq Fərmanın 1.4, 1.5, 1.6, 1.7, 1.8-ci və digər bəndlərinin tələblərinin də təsiri altına düşməmişdir. Belə olan halda kollegiya hesab edir ki, indiki halda sözügedən tikiliyə dair müvafiq Fərmanın tələblərinə uyğun olaraq istismara icazənin verilməsi və onun müəyyən edilmiş qaydada səlahiyyətli quruma göndərilməsi üçün əsaslar olduğu və cavabdeh inzibati orqan işin faktiki və hüquqi hallarını inzibati icraat çərçivəsində araşdırma imkanına malik olduğu halda, belə bir araşdırma aparmadan sözügedən tikiliyə şamil edilməyən (təsiri altına düşməyən) müvafiq Fərmanın 1.8-ci bəndi istinad edərək, formal və əsassız yanaşma tətbiq etmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin iddiaçı barəsində hərəkətləri qanunauyğun olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin faktiki və hüquqi halları üzrə düzgün dəyərləndirmə aparmamış, bununla da iş üzrə yanlış nəticəyə gəlmiş, iddiçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, İPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İndiki halda iddiaçı tələbində “istismara icazə sənədinin verilməsinin və inşa edilmiş qeyriyaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollaması” kimi ifadə edilsə də, iddiaçının hüquqi marağı müvafiq tikiliyə cavabdeh inzibati orqan tərəfindən istismara icazənin verilməsi və müvafiq Fərmanın tələbinə uyğun olaraq həmin icazənin səlahiyyətli quruma göndərilməsinin təmin edilməsinə yönəlmişdir. Müvafiq Fərmanın 1.1.5-ci bəndinə əsasən 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir Belə olan halda kollegiya qeyd edir ki, məhkəmə İPM-in 52-ci maddəsinə əsasən iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, qərarın nəticə hissəsində məhz müvafiq Fərmanın tələbinə uyğun olaraq “istismara icazənin verilməsi və bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərilməsi” kimi ifadə edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-5018/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Quba rayonu, Amsar kəndində yerləşən **********47 reyestr nömrəli torpaq sahəsində inşa etdiyi tikinti sahəsi 43,7 kv.m., ümumi sahəsi 32,64 kv.m., tikinti həcmi 133,29 m3, yer səthindən divar hündürlüyü 3,2 metr olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərilməsi öhdəliyi cavabdeh Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar