Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1086/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı müəssisənin qanuni təmsilçisi nümayəndə1 Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Xızı rayon Tıxlı bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən “xxxx” MMC-yə ayrılmış 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı “Xızı rayon Tıxlı bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən “xxxx” MMC-yə ayrılmış 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon Tıxlı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə “xxxx” MMC-yə kərpic zavodunun tikilməsi üçün 2,0 ha torpaq sahəsi satılmış, müqavilə imzalanaraq 5.000.000 manat (köhnə manatla) ödəniş edilmiş və torpaq sahəsi təhvil verilmişdir. Lakin cavabdeh ##.##.2024-cü il tarixli məktubu ilə torpağın dövlət mülkiyyətində olduğu və yerquruluşu planı ilə faktiki vəziyyət arasında uyğunsuzluq tapıldığı dəlilləri ilə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyinə əsaslanaraq torpağın bələdiyyə mülkiyyətində olduğunu, hər hansı uyğunsuzluq olsa bilə hüquqların yerquruluşu planı sərhədlərində qeydə alınmalı olduğunu bildirərək imtinanı əsassız hesab etmiş və 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq cıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı məhkəmə sorğularına verilmiş cavablardan müəyyən edilir ki, sözügedən torpaq sahəsi Xızı rayonu Tıxlı Bələdiyyəsi tərəfindən kərpic zavodunun tikintisi məqsədi ilə ayrılsa da, elektron kadastr məlumat bazasında dövlət mülkiyyətində olan kənd təsərrüfatı kateqoriyalı ərazidə yerləşir, ərizəçinin nümayəndəsi tərəfindən tanıdılan ərazinin yerləşmə mövqeyi ilə təqdim edilmiş yerquruluşu sxemində qeyd edilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Daşınmaz əmlakın qeydiyyatına dair təqdim edilmiş yerquruluşu sxemində qeyd edilən torpaq sahəsi ərizəçinin nümayəndəsi tərəfindən tanıdılan əraziyə uyğun deyildir. Mübahisə predmeti olan torpaq sahəsinin sənəd üzrə koordinatları mövcud olmadığı üçün müqayisəli ortofoto görüntüsünün təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın mütəxəssisi öz izahatında koordinatlar olmadığına görə torpaq sahəsinin sənəd üzrə yerini müəyyənləşdirə bilmədiklərini, yerləşmə mövqe ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi olduğunu, faktiki istifadə edilən yerlə sxem arasında uyğunsuzluq mövcud olduğunu, reyestrdə dövlət torpağı olması ilə bağlı qeydiyyat olmadığını, hazırda sxem vasitəsi ilə yeri müəyyən etmək mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin koordinatlarına dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilmədiyindən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Qərardadan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən Tıxlı Bələdiyyəsinin qərarı, alqı-satqı müqaviləsi və yerquruluşu planı kimi hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi və ya bələdiyyədən bu barədə çıxarışın alınması vətəndaşın deyil, inzibati orqanların üzərinə düşən öhdəlikdir. Məhkəmənin "koordinat sənədi təqdim edilməyib" əsası ilə iddiaçının subyektiv hüququnun olmadığını bildirməsi və iddianı mümkünsüz sayması yolverilməzdir. Bundan əlavə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.1-ci maddəsinə əsasən bələdiyyə tərəfindən verilmiş aktlar mülkiyyətin qeydiyyatı üçün tam hüquqi əsas təşkil edir. "Inzibati icraat haqqında" Qanununun 19 və 32.3-cü maddələrinə görə isə vətəndaşın təqdim etdiyi sənədlər mötəbər sayılır və qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsi qadağandır. Eyni zamanda, məhkəmə baxışı zamanı faktiki istifadə olunan yerlə sxem arasında uyğunsuzluq iddiası ortaya çıxdığı halda, məhkəmə torpağı satan Tıxlı Bələdiyyəsini 3-cü şəxs qismində işə cəlb etməli, sənədləri bələdiyyədən tələb edərək işin faktiki hallarını araşdırmalı idi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı müəssisənin qanuni təmsilçisi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyşdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi “Xızı rayon Tıxlı bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən “xxxx” MMC-yə ayrılmış 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi” təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. IPMin 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Inzibati mübahisələrdə iddiaçının subyektiv hüququnun mövcudluğu yalnız formal mülkiyyət sənədləri ilə məhdudlaşdırıla bilməz, eyni zamanda şəxsin faktiki istifadə vəziyyəti, inzibati orqanların hərəkət və qərarlarının onun hüquq və mənafelərinə təsiri də nəzərə alınmalıdır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumununun qərarının 4.2-ci bəndində qeyd edilir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Digər tərəfdən, iddianın ümumi mümkünlük şərtlərinə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddia tələbinə cavab verməli olan orqan olması, mübahisənin inzibati mübahisə olması, həmçinin, hazırki öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtinə inzibati orqana müraciət edilməsi aiddir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Xızı rayon Dövlət Arxivinin ##.##.2026cı il tarixli *-**-**RA/*-Q-**-**-**/**** nömrəli rəsmi arxiv arayışına və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Xızı rayon Tıxlı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli iclas protokolu ilə “xxxx” MMC-yə 2,0 ha torpaq sahəsi alqı-satqı qaydasında ayrılmış, torpaqların alqı-satqı aktı, yerquruluşu planları və ödəniş qəbzi tərtib edilərək təsdiqlənmişdir. Həmin hüquqmüəyyənedici sənədlər qüvvədədir, ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Bələdiyyə tərəfindən vaxtilə tərtib edilmiş yerquruluşu planında koordinatların göstərilməməsi və ya elektron kadastr bazasındakı texniki uyğunsuzluqlar vətəndaşın hazırki iddianı qaldırmaq hüququnu istisna edə və onun subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Yerquruluşu və koordinatların dəqiqləşdirilməsi iddiaçının məhkəməyə müraciət etmək hüququnu aradan qaldıran hall kimi deyil, işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan texniki-hüquqi məsələ kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, onun mübahisələndirilən inzibati aktdan təsirlənən şəxs olduğunu və beləliklə də, subyektiv hüquqa malik olduğunu göstərir. Həmçinin cavabdeh iddiaya cavab verməli olan orqandır və mübahisə cavabdehin publik hakimiyyət səlahiyyətlərindən irəli gələn inzibati mübahisədir. Eləcə də, iddiaçı hazırki tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, ona müvafiq imtina cavabı verildikdən sonra hazırki iddianı qaldırmışdır. Bununla da müəyyən edilir ki, iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilmişdir. Odur ki, məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar tam və obyektiv araşdırılmamış və nəticədə iddianın mümkün sayılmaması barədə gəlinmiş nəticə əsaslı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1086/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1086/2026
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver