Məhkəmə qərarları › İş №2-1(3-8)-1102/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1102/2026

04.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1102/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçının nümayəndəsi X2, məhkəmə iclasına video-bağlantı vasitəsi qoşulmuş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Quba rayonu, Təngəaltı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Quba rayonu, Təngəaltı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Təngəaltı kəndində yerləşən 0.10 ha torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli, KOD 30321098 seriyalı şəhadətnamə ilə iddiaçıya məxsusdur. İddiaçı ##.##.2025-ci il tarixində qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh idarə tərəfindən təqdim etdiyi JN-***F nömrəli KOD 30321098 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədinə əsasən mülkiyyət hüququnun qeydiyyatından imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, Təngəaltı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına çıxarış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, JN-***F nömrəli (KOD 30321098 ) seriyalı “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin arxiv məlumatlarında aşkar edilməmişdir. Bildiririk ki, JN-***F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Qeyd edək ki, JN-***F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə”də göstərilən Quba rayonu Qam-Qam bələdiyyəsinin ##.##.2003-cü il tarixli ** saylı qərarı əsasında həyətyanı məqsədi ilə Sizə satılmış 0.10 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. JN-***F nömrəli (KOD 30321098) seriyalı “Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə bələdiyyənin qərarı əsasında iddiaçıya torpaq sahəsi ayrılmış və bu barədə şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrin qeydiyyatının aparıldığı kitablar 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təhvil verilmiş, lakin sonradan cavabdeh1 təhvil verilməmişdir. Bu səbəbdən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər cavabdeh orqanın arxivində mövcud olmamış və elektron məlumat bazasında da öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, həmin qeydiyyat kitablarının hazırda cavabdeh orqanda mövcud olmaması iddiaçının hərəkəti və ya nöqsanı ilə bağlı deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti Quba rayonu Qam-Qam Bələdiyyəsinin ## ###### 2003cü il tarixli, ** saylı qərarına əsasən İddiaçı verilmiş və JN-446F, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmiş Quba rayonu, Təngəaltı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanuniliyinin qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, belə mübahisələrin həlli zamanı təqdim olunmuş sənədlərin yalnız formal mövcudluğu deyil, həmin sənədlərin hüquqi mənbəyi, səlahiyyətli orqanlar tərəfindən tərtib edilməsi, bir-birini tamamlayıb-tamamlamaması, hüquqi dövriyyəyə daxil olması və iş üzrə digər obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması məcmu şəkildə qiymətləndirilməlidir. Ayrı-ayrı sənədlərdə mövcud olan texniki və ya arxiv xarakterli uyğunsuzluq, digər sübutların məzmunu nəzərə alınmadan, öz-özlüyündə hüququn mövcud olmadığını göstərən nəticə kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi JN-446F, KOD ******** nömrəli şəhadətnamədə torpaq sahəsinin Quba rayonu Qam-Qam Bələdiyyəsinin ## ###### 2003-cü il tarixli, ** saylı qərarı əsasında verildiyi, sahənin 0,1000 ha olduğu və həyətyanı torpaq sahəsi kimi nəzərdə tutulduğu göstərilmişdir. JN-***F nömrəli, KOD 30321098 seriyalı şəhadətnaməyə torpaq sahəsinin planı, sərhədləri və ölçüləri, habelə onun yerləşdiyi yerin sxemi daxil edilmiş, həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun aidiyyəti vəzifəli şəxslərinin imza və möhürləri ilə rəsmiləşdirilmişdir. Kollegiya nəzərə alır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1 və 6.2-ci maddələrinin məzmununa görə bələdiyyə mülkiyyətində olan torpaqlar qanunvericiliyə uyğun olaraq mülkiyyətə verilə bilər və belə verilmə bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı işdə həmin hüquqi münasibətin mövcudluğu təkcə şəhadətnamənin məzmunu ilə deyil, torpaq sahəsini vermiş Qam-Qam Bələdiyyəsinin hüquqi varisi olan Rustov Bələdiyyəsinin sonrakı rəsmi məlumatları və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla da təsdiqlənir. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, Rustov Bələdiyyəsinin ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışında JN-446F, KOD ******** nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı torpaq sahəsinin həqiqətən İddiaçı mülkiyyətində olduğu və hazırda onun istifadəsində qaldığı, torpaq sahəsinin Qam-Qam Bələdiyyəsi tərəfindən verildiyi, həmin bələdiyyənin hüquqi varisinin Rustov Bələdiyyəsi olduğu və Qam-Qam Bələdiyyəsinin ## ###### 2003-cü il tarixli, ** saylı qərarının qüvvədə olduğu açıq şəkildə təsdiq edilmişdir. Kollegiya hesab edir ki, bu rəsmi məlumat “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin mənası baxımından mühüm əhəmiyyət daşıyır. İş materiallarında ## ###### 2003cü il tarixli, ** saylı qərarın qanunla müəyyən edilmiş qaydada geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi və ya başqa səbəbdən qüvvədən düşməsi barədə hər hansı akt mövcud deyildir. Əksinə, qərarı qəbul etmiş bələdiyyənin hüquqi varisi onun qüvvədə olduğunu hazırda da təsdiqləyir. Məhkəmə kollegiyası arxiv məlumatlarının sübuti əhəmiyyətinə ayrıca qiymət verir. Azərbaycan Respublikası X1 filialının ## ###### 2025-ci il tarixli arxiv arayışında Qam-Qam Bələdiyyəsinin 2003-cü ilə aid sənədlərində iddiaçıya torpaq sahəsi verilməsi barədə məlumatın aşkar edilmədiyi göstərilsə də, elə həmin arayışda hüququn mənbəyi kimi göstərilən Qam-Qam Bələdiyyəsinin ## ###### 2003-cü il tarixli, ** saylı iclas protokolunun filiala təhvil verilmədiyi ayrıca qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası X1 filialının ## ###### 2026-cı il tarixli arayışı ilə Qam-Qam Bələdiyyəsinin 2003-cü ilə aid iclas protokollarının ümumiyyətlə X1 filialına təhvil verilmədiyi bildirilmişdir. Rustov Bələdiyyəsi də birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabda Qam-Qam Bələdiyyəsinin 2000-2004-cü illərə aid sənədlərinin Rustov Bələdiyyəsinə təhvil verilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, arxivdə iddiaçının adına məlumatın aşkar edilməməsi, araşdırılmalı olan ** saylı iclas protokolunun özünün arxiv fonduna təhvil verilmədiyi şəraitdə, iddiaçının hüququnun mövcud olmadığını təsdiq edən sübut sayıla bilməz. Sənədlərin aidiyyəti arxivə təhvil verilməməsi iddiaçının iradəsindən asılı olmayan təşkilati çatışmazlıqdır və bunun mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması yolverilməzdir. Buna görə də, arxiv axtarışının mənfi nəticəsi təqdim edilmiş şəhadətnamənin və digər rəsmi sənədlərin sübut əhəmiyyətini aradan qaldırmır. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırkı iş üzrə bələdiyyənin qərarı əsasında iddiaçıya torpaq sahəsi ayrılmış və bu barədə şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrin qeydiyyatının aparıldığı kitablar 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təhvil verilmiş, lakin sonradan cavabdeh1 təhvil verilməmişdir. Bu səbəbdən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər cavabdeh orqanın arxivində mövcud olmamış və elektron məlumat bazasında da öz əksini tapmamışdır. Cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, həmin qeydiyyat kitablarının hazırda cavabdeh orqanda mövcud olmaması iddiaçının hərəkəti və ya nöqsanı ilə bağlı deyildir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin həmin izahatını da nəzərə alaraq qeyd edir ki, şəhadətnamə və ona əsas olan sənədlər barədə məlumatların cavabdehin arxivində və elektron məlumat bazasında aşkar edilməməsi həmin sənədlərin mövcud olmadığını və ya hüquqi qüvvəyə malik olmadığını göstərmir. Əksinə, cavabdehin öz nümayəndəsinin izahatından görünür ki, bu vəziyyət müvafiq qeydiyyat kitablarının və ilkin sənədlərin dövlət qurumları arasında lazımi qaydada təhvil verilməməsindən irəli gəlmişdir. Belə olan halda, sənədlərin cavabdehin arxivində və elektron bazasında mövcud olmamasının nəticələrinin iddiaçının üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Xüsusilə də cavabdehin nümayəndəsinin özü həmin vəziyyətin iddiaçının nöqsanı ilə bağlı olmadığını təsdiq etdiyi halda, bu hal iddiaçının təqdim etdiyi şəhadətnamənin hüquqi qüvvəsini şübhə altına alan əsas kimi qəbul edilə bilməz. Bu baxımdan, bələdiyyə sənədlərinin qeydiyyata alınması, saxlanılması və aidiyyəti dövlət qurumları arasında təhvil verilməsi ilə bağlı təşkilati çatışmazlıqlar iddiaçının hüquqi vəziyyətini pisləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, inzibati orqan özünün və ya digər publik qurumların sənədləşmə, arxivləşdirmə və informasiya sistemlərinin aparılması sahəsində yol verdiyi təşkilati çatışmazlıqlardan şəxsin ziyanına hüquqi nəticə çıxara bilməz. Belə çatışmazlıqlar yalnız təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı və ya hüququn yaranmasına dair aktın qanunla nəzərdə tutulmuş qaydada qüvvədən salındığı mötəbər şəkildə müəyyən edildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Cavabdehin apellyasiya şikayətində torpaq sahəsinin sənəd üzrə yerinin məlum olmaması, onun digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin və mühafizə zolağında yerləşib-yerləşməməsinin müəyyən edilməməsi də əsas kimi irəli sürülmüşdür. Lakin apellyasiya baxışı zamanı nəzərə alınmalı olan məhkəmə araşdırmasının sonrakı nəticələri həmin texniki şübhələrin artıq aradan qalxdığını göstərir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında daşınmaz əmlaka baxış keçirilməklə müvafiq rəyin təqdim olunması tapşırılmış, cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsi ## ###### 2026-cı il tarixli məktubla tərtib edilmiş müayinə aktını məhkəməyə təqdim etmişdir. Həmin akt cavabdeh inzibati orqanın öz aidiyyəti strukturunun naturada baxış və kameral araşdırma nəticəsində formalaşdırdığı texniki məlumatları əks etdirir. Müayinə aktında iddiaçının faktiki istifadəsində 0,10 ha torpaq sahəsinin mövcud olduğu, baxış zamanı hər hansı mübahisəli halın baş vermədiyi və torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğu müəyyən edilmiş, sahənin döngə nöqtələrinin koordinatları naturadan götürülmüş, ayrıca sxem və ortofoto görüntülər tərtib edilərək akta əlavə olunmuşdur. Eyni aktda iddiaçının iddia etdiyi torpaq sahəsinin heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmədiyi və heç bir mühafizə zolağında yerləşmədiyi birbaşa göstərilmişdir. Torpaq sahəsinin qərb qonşuluğunda başqa şəxsə məxsus ************ reyestr nömrəli torpaq sahəsinin mövcud olması isə yalnız qonşuluq faktını ifadə edir. Müayinə aktı həmin sahə ilə üst-üstə düşmə müəyyən etməmişdir. Kollegiya onu da nəzərə alır ki, apellyasiya şikayətində JN-446F, KOD ******** nömrəli şəhadətnamə üzrə torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənəd və sxemin olmadığı göstərilmişdir. Lakin şəhadətnaməyə torpaq sahəsinin planı və onun yerləşdiyi yerin sxemi daxil edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, onun sərhəd nöqtələrinin koordinatları müəyyən edilmiş, ayrıca sxemi tərtib olunmuş və sahə ortofoto görüntülərdə göstərilmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin müəyyən edilməsinin mümkün olmaması barədə apellyasiya şikayətinin dəlili iş materialları ilə təsdiq olunmur. Müayinə aktından görünür ki, TEKUİS məlumatlarında iddiaçının faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin 0,0550 ha hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında və xüsusi mülkiyyət kimi iddiaçının adına, qalan 0,0450 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq və bələdiyyə mülkiyyəti kimi əks olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, elektron kadastr sistemində eyni torpaq sahəsinin ayrı-ayrı hissələri barədə fərqli məlumatların olması iddiaçının təqdim etdiyi şəhadətnamənin etibarsız olduğunu özlüyündə göstərmir. Xüsusilə nəzərə alınmalıdır ki, aparılmış müayinə zamanı iddiaçının tələb etdiyi torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi və hər hansı mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir. Bu səbəbdən elektron kadastr məlumatlarındakı uyğunsuzluq iddiaçının hüququnun dövlət qeydiyyatından imtina edilməsi üçün yetərli əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kadastr, arxiv və digər rəsmi məlumat mənbələri arasında mövcud olan uyğunsuzluqların araşdırılması, həmin məlumatların dəqiqləşdirilməsi və zəruri hallarda bir-birinə uyğunlaşdırılması qeydiyyat və kadastr funksiyalarını həyata keçirən inzibati orqanların səlahiyyət və məsuliyyət dairəsinə daxildir. Belə texniki və təşkilati çatışmazlıqların mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Eyni səbəbdən JN-***F nömrəli şəhadətnamənin DVJ xəritə materiallarında və DBF məlumatlarında ayrıca qeydinin aşkar edilməməsi də yalnız informasiya bazalarının aparılması vəziyyətini xarakterizə edir. Cavabdeh tərəfindən şəhadətnamənin saxta olması, onun səlahiyyətsiz orqan tərəfindən verilməsi, hüququn mənbəyi olan ** saylı qərarın etibarsız hesab edilməsi və ya torpaq sahəsi üzərində iddiaçının hüququnu istisna edən başqa şəxsin üstün hüququnun mövcudluğu barədə mötəbər sübut təqdim edilməmişdir. Bu yanaşma “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan formal tələblərdən sui-istifadənin qadağan olunması və həmin Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası ilə də uzlaşır. İnzibati icraat zamanı təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə onlar mötəbər hesab olunur, sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda isə həmin şübhənin aradan qaldırılması üçün zəruri araşdırmanın aparılması inzibati orqanın üzərinə düşür. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi baxımından da cavabdehin imtinasını əsaslandıran hal müəyyən edilmir. Hüququn yaranmasına əsas olan ## ###### 2003-cü il tarixli, ** saylı bələdiyyə qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması müəyyən edilmədiyindən Qanunun 15.1.4cü maddəsində nəzərdə tutulan əsas mövcud deyildir. Həmçinin torpaq sahəsinə dair sərəncam vermiş bələdiyyənin səlahiyyətinin olmadığı, təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı, sahənin başqa şəxsin hüquqları ilə üst-üstə düşdüyü və ya qeydiyyata mane olan mühafizə zolağında yerləşdiyi də iş materialları ilə təsdiqlənmir. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı işdə cavabdehin istinad etdiyi əsas çatışmazlıqlar hüququn özündən deyil, sənədlərin arxivləşdirilməsi, əvvəlki məlumatların elektron sistemlərə köçürülməsi və kadastr məlumatlarının vahid qaydada aparılması sahəsindəki inzibati-təşkilati problemlərdən irəli gəlir. Belə çatışmazlıqların aradan qaldırılması dövlət və bələdiyyə qurumlarının məsuliyyət dairəsinə aid olduğu halda, onların nəticəsinin iddiaçının mülkiyyət hüququnun qeydiyyatından imtina formasında ona yüklənilməsi mütənasiblik, hüquqi müəyyənlik və qarşılıqlı etimad prinsipləri ilə uzlaşmır. Beləliklə, iş üzrə sübutlar ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirildikdə eyni hüquqi nəticəyə gətirir. JN-446F, KOD ******** nömrəli şəhadətnamə ## ###### 2003-cü il tarixli, ** saylı bələdiyyə qərarına istinad edir və 0,10 ha torpaq sahəsini fərdiləşdirir, Qam-Qam Bələdiyyəsinin hüquqi varisi həmin qərarın qüvvədə olduğunu, torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və onun istifadəsində qaldığını təsdiqləyir, arxiv orqanı 2003-cü ilə aid iclas protokollarının ona təhvil verilmədiyini bildirir, cavabdehin öz strukturunun müayinə aktı isə torpaq sahəsini naturada müəyyən edir, onun iddiaçının faktiki istifadəsində olduğunu, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyini və hər hansı mühafizə zolağında yerləşmədiyini təsdiqləyir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin hüquqi statusuna, iddiaçının təqdim etdiyi sənədlərə və cavabdehin öz araşdırması ilə müəyyən edilmiş texniki hallara düzgün hüquqi qiymət vermiş, iddia tələbini təmin etməklə iş üzrə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar