Məhkəmə qərarları › İş №2-1(3-8)-1107/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1107/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1107/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İsmayılov Xeyrullah Nəbi oğlu, onun nümayəndəsi İsmayılov Habil Xeyrulla oğlunun, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İsmayılov Xeyrullah Nəbi oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İsmayılov Xeyrullah Nəbi oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binasına (qaraj) dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki inventarlaşdırma Bürosu tərəfindən ## ####### 1988-ci il tarixli *** nömrəli protokol,**** №-li icazənamə əsasında ## ##### 1995-ci il tarixdə iddiaçının adına verilmiş "Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasportun (yeni pasport) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmiş və İsmayılova Vəsilə Əlövsət qızı hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı daha sonra apellyasiya baxışı zamanı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Sumqayıt şəhəri,16-cı məhəllə ərazisində yerləşən qeyriyaşayış sahəsinə (qaraj) dair Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ## ####### 1988-ci il tarixli *** nömrəli protokol,**** №-li icazənamə əsasında ## ##### 1995-ci il tarixdə adıma verilmiş “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid texniki pasport”un (yeni pasport) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,16-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası (qaraj) Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki inventarlaşdırma Bürosu tərəfindən ## ####### 1988-ci il tarixli *** nömrəli protokol,1760 №-!i icazənamə ilə ## ##### 1995-ci il tarixdə "Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid Pasport”a əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Hüquqmüəyyənedici sənədin texniki inventarlaşdırılmasına aid “Kartoçka"sında aparılmış qeydiyyata əsasən qeyriyaşayış binasının (qarajın) bünövrəsi beton, divarları kərpiclə tikilmişdir,sahəsi 27,00 kv.m təşkil edir. Əmlak hazırda iddiaçının mülkiyyətindədir. Yaranmış zərurətlə əlaqədar iddiaçı qeyri-yaşayış binasına (qaraja) dair daşınmaz əmlakın təsvirinə və dövlət qeydiyyatına alınmış hüquqlara dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh * saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və müraciətə hüquqmüəyyənedici sənədin surətini əlavə etmişdir. Cavabdeh orqan isə ## ####### 2024-cu il tarixli, *-**-*-**/*-****/**** saylı “Bildiriş" verərək, araşdırma zamanı idarənin arxiv saxlancına təhvil verilmiş arxiv materiallarında sözügedən qeyri yaşayış binası barəsində heç bir məlumatın aşkar olunmadığını bildirmiş, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinad edərək ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtina barədə bildirişini aldıqdan sonra məlum olmuşdur ki, Sumqayıt şəhəri,16-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki inventarlaşdırma Bürosu tərəfindən 1995-ci ildən iddiaçının mülkiyyətinə verilməsinə baxmayaraq, hüquqmüəyyənedici sənədlər aidiyyəti orqan tərəfindən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını həyata keçirən orqanın arxiv saxlancına təhvil verilməmiş, hüquqları dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh orqan isə dövlət reyestrində saxlanılmalı olan məlumatların müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat orqanına verilməməsinə əsaslanaraq ərizənin təmin olunmasından imtina etmişdir. İddiaçı göstərilən əsaslara görə hesab edir ki, Cavabdeh * saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi imtina əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, müraciətin aradşırılması zamanı idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən qeyri-yaşayış binası(qaraj) barəsində heç bir məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki İnventarlaşdırma Bürosunun ##.##.1995-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasporta əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisidə yerləşən qaraja dair iddiaçının adına texniki pasport verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətin aradırılması zamanı idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən qeyriyaşayış binası(qaraj) barəsində heç bir məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdehn * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba tərtib olunmuş müayinə aktı əlavə olunmuşdur. Müayinə aktından görünür ki, qaraj 0,0027 ha torpaq sahəsində yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki İnventarlaşdırma Bürosunun ##.##.1995-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasportda göstərilən, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi (qaraj) üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulmuşdur. (hakim Qəşəm Məmmədli). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən qeyri-yaşayış binası (qaraj) barəsində heç bir məlumat aşkar olunmaması halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına texniki pasportun verilməsinə mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI. a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İsmayılov Xeyrullah Nəbi oğlu iddia tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,16-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası (qaraj) Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki inventarlaşdırma Bürosu tərəfindən ## ####### 1988-ci il tarixli *** nömrəli protokol,1760 №-!i icazənamə ilə ## ##### 1995-ci il tarixdə "Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid Pasport”a əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Hüquqmüəyyənedici sənədin texniki inventarlaşdırılmasına aid “Kartoçka"sında aparılmış qeydiyyata əsasən qeyriyaşayış binasının (qarajın) bünövrəsi beton, divarları kərpiclə tikilmişdir, sahəsi 27,00 kv.m təşkil edir. Əmlak hazırda iddiaçının mülkiyyətindədir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, idarənin arxivində sözügedən qeyri-yaşayış binası (qaraj) barəsində məlumat aşkar olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Hesab edirlər ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki inventarlaşdırma Bürosu tərəfindən verilmiş ##.##.1995-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid Pasport” hüquqlarının qeydiyyatı ünü əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanıın 1.11-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, Fərmanıın 2.4-cü bəndinin tələblərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas kimi qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin bildiririk ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ##.##.2024-cü il tarixli, *-*/*-****/**** nömrəli məktubla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün 2,89 ha torpaq sahəsinin ayrılması ilə əlaqədar yerquruluşu planı hazırlanması ilə bağlı müraciəti olunmuş və yerqurluşu planı hazırlanmışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və tam araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində işə cəlb edilməmiş və nəticədə iddiaçının tələbi təmin edərək, qaraj sahəsinə dair texniki pasportun verilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən başqa sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq * saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçı İsmayılov Xeyrullah Nəbi oğlunun Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) dair Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən ## ##### 1995-ci il tarixdə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasport” əsasında həmin qaraja dair yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təşkil edir. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq qaraj üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və yeni texniki pasportun verilməsi tələblərini irəli sürmüş, apellyasiya baxışı zamanı isə iddia tələbinin həcmini azaldaraq tələbini yalnız ## ##### 1995-ci il tarixli texniki pasportda göstərilən qaraja dair yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası bu xüsusda nəzərə alır ki, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının nəticəvi hissəsində də məhz həmin qaraja dair texniki pasportun İsmayılov Xeyrullah Nəbi oğluna verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Buna görə də apellyasiya baxışı zamanı təqdim edilmiş dəqiqləşdirmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə mahiyyət etibarilə üst-üstə düşür. Beləliklə, iddia tələbinin apellyasiya baxışı zamanı dəqiqləşdirilməsi birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsinin yeni tələbə uyğunlaşdırılması zərurəti yaratmır. Bu səbəbdən də həmin dəqiqləşdirmə özlüyündə qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Texniki İnventarlaşdırma Bürosunun ## ##### 1995-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasport”u İsmayılov Xeyrullah Nəbi oğlunun adına tərtib edilmiş, həmin sənəddə Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən qarajın texniki göstəriciləri əks olunmuşdur. Həmin texniki pasportda və ona aid inventarlaşdırma məlumatlarında qarajın bünövrəsinin beton, divarlarının kərpic olduğu və sahəsinin 27,00 kv.m təşkil etdiyi göstərilmişdir. Sonradan cavabdeh orqanın iştirakı ilə aparılmış müayinə də mübahisəli qarajın faktiki olaraq mövcudluğunu təsdiq etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin icrasından, əsasən, idarənin arxiv saxlancına təhvil verilmiş materiallarda sözügedən qeyri-yaşayış sahəsi barədə məlumat aşkar edilməməsinə istinad etməklə imtina etmişdir. Birinci instansiya məhkəməsi isə həmin halın iddiaçının üzərinə qoyula bilən öhdəlik və ya məsuliyyətlə bağlı olmadığını nəzərə alaraq imtinanı əsaslı hesab etməmişdir. Apellyasiya şikayətində cavabdeh, bundan əlavə, ## ##### 1995-ci il tarixli texniki pasportun daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün müstəqil əsas olmamasına, iş üzrə araşdırmanın tam aparılmamasına və digər şəxslərin maraqlarının nəzərə alınmamasına istinad etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya baxışında dəqiqləşdirilmiş tələbi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına deyil, mövcud qaraja dair yeni texniki pasportun verilməsinə yönəlmişdir. Buna görə də texniki pasportun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd olub-olmaması barədə apellyasiya şikayətinin dəlili dəqiqləşdirilmiş tələbin həlli baxımından (həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə baxımından) həlledici xarakter daşımır. Başqa sözlə, hazırkı işdə məhkəmə iddiaçı üçün yeni mülkiyyət hüququ yaratmır və daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması barədə nəticəyə gəlmir. Mübahisə cavabdehin səlahiyyət dairəsində olan texniki inventarlaşdırma xarakterli hərəkətin - əvvəllər mövcud olmuş texniki sənəd və faktiki vəziyyət nəzərə alınmaqla yeni texniki pasportun verilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan yalnız öz arxiv saxlancında məlumatın olmaması faktı ilə kifayətlənməməli, təqdim olunmuş ## ##### 1995-ci il tarixli rəsmi sənədin mövcudluğunu, qarajın faktiki vəziyyətini və iş üçün əhəmiyyət daşıyan digər halları birlikdə araşdırmalı idi. “İnzibati icraat haqqında” Qanunun araşdırmanın tamlığı və obyektivliyi ilə bağlı tələbləri də inzibati orqandan məhz belə yanaşmanı tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası işin faktiki hallarının daha dolğun yoxlanılması məqsədilə ## ###### 2026-cı il tarixli sorğu ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından Sumqayıt Şəhər XDS İK-nın ## ####### 1988-ci il tarixli, *** nömrəli protokolunun, o cümlədən **** nömrəli icazə ilə bağlı məlumatların təqdim edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının ## ###### 2026-cı il tarixli, *-**-DA-**F/*-***/**** nömrəli cavabında Sumqayıt Şəhər XDS İK-nın ## ####### 1988-ci il tarixli, *** nömrəli protokolunun arxivdə mövcud olmadığı, həmçinin 1988-ci ilin sentyabr, oktyabr və noyabr aylarına dair iclas protokollarına baxılmasına baxmayaraq İsmayılov Xeyrulla Nəbi oğlu barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Kollegiya həmin arxiv cavabını iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək qeyd edir ki, 1988-ci ilə aid ilkin protokolun arxiv fondunda aşkar edilməməsi ## ##### 1995-ci il tarixdə səlahiyyətli texniki inventarlaşdırma orqanı tərəfindən iddiaçının adına tərtib edilmiş texniki pasportun saxta, etibarsız və ya hüquqi qüvvədən düşmüş sənəd olduğunu özlüyündə təsdiq etmir. İş materiallarında ## ##### 1995-ci il tarixli texniki pasportun qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi, etibarsız hesab olunması, həmin sənədin saxtalaşdırılması və ya onun iddiaçıya aid olmaması barədə hər hansı mötəbər sübut yoxdur. Arxivdə əvvəlki əsas sənədin tapılmaması ilə sonradan rəsmi orqan tərəfindən tərtib edilmiş texniki inventarlaşdırma sənədinin mövcudluğunun inkar edilməsi eyni hüquqi nəticə doğuran hallar deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, arxiv cavabı iş üçün əhəmiyyətli sübut olmaqla nəzərə alınmalı olsa da, yalnız həmin cavaba əsaslanmaqla uzun müddət əvvəl dövlət orqanı tərəfindən verilmiş texniki pasportun və həmin pasportda əks olunmuş texniki inventar məlumatlarının mötəbərliyini tamamilə istisna etmək əsaslı olmazdı. Həmçinin əvvəlki dövrdə dövlət və ya kommunal təsərrüfat orqanları tərəfindən qəbul edilmiş sənədlərin arxivləşdirilməsi, qorunması və sonradan aidiyyəti dövlət qurumlarına təhvil verilməsi iddiaçının nəzarət və səlahiyyət dairəsində olmamışdır. Buna görə də arxiv materiallarının natamamlığı və ya konkret sənədin arxivdə aşkar edilməməsinin mənfi nəticələrinin birbaşa iddiaçının üzərinə qoyulması ədalətli hüquqi tarazlıqla uzlaşmır. “İnzibati icraat haqqında” Qanunun 19.1 və 19.2-ci maddələrinin mahiyyətinə görə təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə onlar mötəbər hesab edilməli, mötəbərliyə əsaslı şübhə yarandıqda isə inzibati orqan həmin şübhələrin aradan qaldırılması üçün müstəqil araşdırma aparmalıdır. Hazırkı işdə isə cavabdeh 1995ci il tarixli texniki pasportun mötəbərliyini istisna edən qəti sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq nəzərə alır ki, cavabdehin ## ###### 2025-ci il tarixli məktubuna əlavə edilmiş müayinə aktında mübahisəli qarajın 0,0027 ha torpaq sahəsində faktiki olaraq yerləşdiyi müəyyən edilmişdir. Bu hal iddiaçının təqdim etdiyi texniki inventar sənədində göstərilən daşınmaz obyektin hazırda da mövcud olduğunu təsdiq edən mühüm faktiki haldır. Beləliklə, iş üzrə mövcud sübutların məcmusu - ## ##### 1995-ci il tarixli texniki pasport, həmin sənəddə əks olunan inventarlaşdırma məlumatları və cavabdeh tərəfindən aparılmış sonrakı müayinənin nəticələri mübahisəli qarajın fərdiləşdirilməsinə və faktiki mövcudluğunun müəyyən edilməsinə imkan verir. Bu halda yalnız cavabdehin arxiv saxlancında əvvəlki məlumatların olmaması və ya 1988-ci il tarixli protokolun Dövlət Arxivinin Sumqayıt filialında aşkar edilməməsi faktı yeni texniki pasportun verilməsindən imtinanın yetərli və mütənasib əsası kimi qiymətləndirilə bilməz. Əks yanaşma inzibati orqanların öz sənəd dövriyyəsi və arxiv sistemində yaranmış qeyri-müəyyənliyin nəticələrinin fərdin üzərinə keçirilməsinə səbəb olardı. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq cavabdehin imtinasının iddiaçının təqsiri ilə bağlı olmayan səbəbə əsaslandığı və belə səbəbin texniki pasportun verilməsinə maneə kimi qəbul edilə bilməyəcəyi nəticəsinə gəlmişdir. İş üzrə sonradan əldə edilmiş arxiv cavabı həmin nəticəni təkzib edən qəti xarakterli sübut yaratmır. İşin prosessual gedişindən həmçinin görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə əvvəlki qərar ləğv edilərək icraat təzələnmiş və İsmayılova Vəsilə Əlövsət qızı iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs İsmayılova Vəsilə Əlövsət qızı sonradan məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə aralarında qarşılıqlı razılıq əldə edildiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla da üçüncü şəxsin hazırkı tələbin təmin olunmasına qarşı mübahisə və ya etiraz irəli sürmədiyi iş materiallarında öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin prosesə cəlb edilməsindən sonra onun mövqeyinin öyrənilməsi və iddiaçı ilə qarşılıqlı razılığa gəldiyini bildirməsi birinci instansiya məhkəməsi tərəfindən digər şəxsin qanunla qorunan maraqlarına mümkün təsirin prosessual baxımdan nəzərə alındığını göstərir. Bu hal da işin həmin şəxsin iştirakı təmin edilmədən həll olunması barədə apellyasiya şikayətinin ehtimal xarakterli dəlillərinin əsaslılığını aradan qaldırır. Cavabdehin Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı yerquruluşu planının hazırlanmasına istinad etməsi də hazırkı dəqiqləşdirilmiş tələb üzrə fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, hazırkı məhkəmə aktı hər hansı torpaq sahəsinə mülkiyyət hüququ yaratmır, həmin torpaq sahəsinin başqa şəxslərə məxsus olub-olmamasını həll etmir və yalnız mövcud qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsi öhdəliyinə münasibət bildirir. Bundan əlavə, cavabdehin özünün apardığı müayinə nəticəsində qarajın faktiki mövcudluğu müəyyən edilmişdir. İş materiallarında həmin qarajın sökülməsi, başqa daşınmaz obyektlə eyniləşdirilməsi və ya ## ##### 1995-ci il tarixli texniki pasportda göstərilən obyektlə faktiki qaraj arasında fərq olması barədə mötəbər sübut müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7 və 87.8-ci maddələrinin tələbləri baxımından işdə olan sübutların məcmu halda qiymətləndirilməsi göstərir ki, birinci instansiya məhkəməsi mübahisənin nəticəsi üçün əhəmiyyətli olan hallara mahiyyət etibarilə düzgün hüquqi qiymət vermişdir. Apellyasiya baxışında aparılmış əlavə araşdırma da birinci instansiya məhkəməsinin nəticəsinin əsassız olduğunu göstərən hal aşkar etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin apellyasiya baxışında dəqiqləşdirilmiş həcmi birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının nəticəvi hissəsinə uyğundur, üçüncü şəxsin mövqeyi ilə bağlı prosessual məsələ aradan qaldırılmış, apellyasiya baxışında əldə edilmiş arxiv məlumatları isə digər sübutlarla birlikdə qiymətləndirildikdə qərarın ləğvini və ya dəyişdirilməsini zəruri edən əsas yaratmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar