Məhkəmə qərarları › İş №2-1(3-8)-1153/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1153/2026

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1153/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı İmaməli qızının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı İmaməli qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə Qobu bələdiyyəsi ərazisində ona ayrılmış 0.08 ha olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı İmaməli qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə Qobu bələdiyyəsi ərazisində ona ayrılmış 0.08 ha olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsində fərdi mənzil tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. Bundan sonra ididiaçı dəyərini ödədikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində onun istifadəsinə və sahibliyin verilmiş torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ##.##.2026-cı il tarixli ərizə ilə müraciət etmiş, lakin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edilir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və iddia tələbi üzrə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş X4 torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi; 2. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planınından çıxarışında döngə nöqtələrinin koordinatlarının göstərildiyi hissənin qanunamüvafiq qaydada təsdiq edilmədiyi; 3. Sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi; 4. Qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı; 5. Sözügedən torpaq sahəsinə dair başqa şəxsin (X3) müraciətinin olduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə Qobu bələdiyyəsi ərazisində ona ayrılmış 0.08 ha olan torpaq sahəsi üzərində İddiaçı İmaməli qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilməsi qərara alınmışdır. (hakim Rahim Həsənov) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarı APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayon Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı İmaməli qızına fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından, bu barədə çıxarışın, habelə plan və ölçü sənədinin verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində bələdiyyə qərarından irəli gələn hüququnun dövlət tərəfindən tanınmasına və reyestrdə rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, belə mübahisələrin həlli zamanı təqdim olunmuş sənədlərin yalnız formal mövcudluğu deyil, həmin sənədlərin hüquqi mənbəyi, səlahiyyətli orqanlar tərəfindən tərtib edilməsi, bir-birini tamamlayıb-tamamlamaması, hüquqi dövriyyəyə daxil olması və iş üzrə digər obyektiv məlumatlarla uzlaşıb-uzlaşmaması məcmu şəkildə qiymətləndirilməlidir. Ayrı-ayrı sənədlərdə mövcud olan texniki və ya arxiv xarakterli uyğunsuzluq, digər sübutların məzmunu nəzərə alınmadan, öz-özlüyündə hüququn mövcud olmadığını göstərən nəticə kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını bu meyarlar əsasında qiymətləndirərək müəyyən edir ki, iddiaçının hüququnun yaranmasına əsas kimi Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı, torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi (i.v 10), Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, habelə torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsini təsdiq edən sənəd təqdim edilmişdir. Bu sənədlər eyni torpaqayırma münasibətinin ayrı-ayrı mərhələlərini əks etdirir və məcmu halda qiymətləndirilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı İmaməli qızına bələdiyyənin ehtiyat fondundan fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin 800 manat məbləğində müəyyən edilmiş dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. İş materiallarında olan digər sənədlərin məzmunundan da həmin torpaq sahəsinin məhz sözügedən ** nömrəli qərar əsasında iddiaçıya ayrıldığı və torpaqayırma ilə bağlı sonrakı sənədləşmənin İddiaçı İmaməli qızına münasibətdə aparıldığı müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş materiallarındakı müayinə (baxış) aktında sənəd üzrə torpaq sahəsinin 0,08 ha, faktiki ölçüsünün də 0,08 ha olduğu, sahənin yol ilə sərhədləndiyi, sərhədlərinə özül-bünövrə atıldığı və torpaq sahəsinin sənəd üzrə - Qobu Bələdiyyəsinin yerquruluşu materiallarında göstərilən koordinatlarla uyğun olduğu müəyyən edilmişdir. Bu texniki məlumatlar mübahisə predmeti olan daşınmaz əmlakın fərdiləşdirilməsi və yerləşmə mövqeyi baxımından qeyri-müəyyənliyin olmadığını göstərir. Cavabdehin birinci dəlili Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edilməsinə, halbuki həmin ərazi idarəsinin 2009-cu ildən mövcud olmasına əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, sənədin mətnindəki bu rekvizit uyğunsuzluğu onun mənşəyinin və hüquqi qüvvəsinin araşdırılmasını tələb edən hal olsa da, özü-özlüyündə bələdiyyə qərarının saxta, ləğv edilmiş və ya qanunla müəyyən edilmiş qaydada etibarsız sayılmış olması nəticəsini doğurmur. Bu baxımdan iş üzrə əldə edilmiş arxiv materialı xüsusi əhəmiyyət daşıyır. Abşeron Rayon Dövlət Arxivinin ## #### 2026-cı il tarixli cavabı ilə məhkəmənin sorğusuna əsasən Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının təsdiq edilmiş surəti və ona aid arxiv materialları məhkəməyə göndərilmişdir. Deməli, cavabdehin iddiaçının ilkin müraciətinə qərarın arxiv arayışının əlavə edilməməsi barədə dəlili məhkəmə araşdırması zamanı aradan qalxmış, eyni zamanda qərarın arxiv mənbəyinin mövcudluğu rəsmi qaydada təsdiqlənmişdir. Kollegiya vurğulayır ki, arxiv arayışının və ya digər əldə edilə bilən məlumatın ilkin müraciətə əlavə edilməməsi, həmin məlumatın inzibati orqanın öz təşəbbüsü ilə araşdırılması mümkün olduğu halda, hüququn mahiyyəti üzrə qiymətləndirilməsindən yayınmaq üçün formal əsas kimi istifadə edilə bilməz. Cavabdeh inzibati orqan işin faktiki hallarını tam və obyektiv araşdırmalı, sənədin həqiqiliyinə əsaslı şübhəsi olduğu halda həmin şübhəni aradan qaldırmaq üçün zəruri sorğuları özü verməli idi. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin göstərilən hüquqi mövqeyini hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının qanunla müəyyən edilmiş qaydada geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab olunması barədə hər hansı inzibati və ya məhkəmə aktı iş materiallarında yoxdur. Buna görə də qərarın mətnindəki ayrı-ayrı formal uyğunsuzluqlar onun hüquqi qüvvəsini qeydiyyat orqanı tərəfindən faktiki olaraq yox saymağa əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə torpaq sahəsinin ayrılması üzrə icraatın yekununda qəbul edilən qərar şəxsə münasibətdə hüquqi nəticə yaradan konstitutiv və hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Belə qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi baxımından qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin hüquqi mövqedən çıxış etdikdə, ** nömrəli qərar hüquqi qüvvədə olduğu müddətdə cavabdeh qeydiyyatdan imtinanı yalnız konkret qanuni maneə ilə əsaslandıra bilər. Qərarın rekvizitindəki uyğunsuzluğun hüququn yaranmasına hansı formada təsir göstərdiyi və bunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hansı imtina əsasını yaratdığı cavabdeh tərəfindən konkret sübutlarla göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədə - Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarına əsaslanır. Həmin norma qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdehin yerquruluşu planından çıxarışın döngə nöqtələrinin koordinatları göstərilən hissəsinin qanunamüvafiq qaydada təsdiq edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan plan üzrə torpaq sahəsinin koordinatları göstərilmiş və müvafiq hissə Qobu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş, eyni zamanda həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, cavabdehin öz struktur bölməsi tərəfindən tərtib edilmiş müayinə aktında torpaq sahəsinin sənəd üzrə yerquruluşu koordinatlarına uyğun olduğu ayrıca təsbit edilmişdir. Beləliklə, cavabdehin sənədlərin təsdiqi ilə bağlı iradı mübahisəli torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə maneə yaradan əsas hesab oluna bilməz. Bu yanaşma “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan formal tələblərdən sui-istifadənin qadağan olunması və həmin Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası ilə də uzlaşır. İnzibati icraat zamanı təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə onlar mötəbər hesab olunur, sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda isə həmin şübhənin aradan qaldırılması üçün zəruri araşdırmanın aparılması inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, yerquruluşu sənədinin təsdiqi ilə bağlı qeyd olunan nöqsan, torpaq sahəsinin ölçüsünün və yerləşmə yerinin iş materiallarında olan digər rəsmi sənədlərlə müəyyən edildiyi nəzərə alındıqda, qeydiyyatdan imtinanı əsaslandıran hal kimi qəbul edilə bilməz. Cavabdehin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası iş üzrə aparılmış araşdırmanın nəticələrini və eyni ərazidə formalaşmış qeydiyyat praktikasını birlikdə nəzərə alır. Birinci instansiya məhkəməsinin sorğuları əsasında mübahisəli torpaq sahəsinin 100-150 metr yaxınlığında yerləşən və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahələrinə dair çıxarışlar, habelə həmin çıxarışların verilməsinə əsas olmuş sənədlər cavabdeh tərəfindən təqdim edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının torpaq sahəsinin bilavasitə yaxınlığında yerləşən ayrı-ayrı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış, həmin sahələrin bir qismində torpağın kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilmişdir. Apellyasiya baxışı zamanı təqdim olunmuş müqayisəli ortofoto materiallarında da iddiaçının torpaq sahəsi ilə onun ətrafında dövlət qeydiyyatına alınmış torpaq sahələrinin eyni ərazi daxilində yerləşdiyi ayrıca konturlarla müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Həmin konstitusion prinsipin inzibati icraat sahəsində konkret ifadəsi olan “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hüquqi tənzimləmələr inzibati orqanın yalnız konkret iş üzrə qanuna uyğun qərar qəbul etməsini deyil, həm də oxşar faktiki və hüquqi hallara malik işlər üzrə ardıcıl və bərabər hüquq tətbiqi praktikasına riayət etməsini tələb edir. İnzibati orqan eyni və ya mühüm cəhətlərinə görə oxşar vəziyyətdə olan şəxslərdən birinə münasibətdə fərqli qərar qəbul etdikdə, belə fərqli yanaşmanı zəruri edən obyektiv və hüquqi cəhətdən əsaslandırılmış səbəbləri ortaya qoymalıdır. Bu baxımdan, eyni ərazidə yerləşən digər torpaq sahələri üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı halda, iddiaçının torpaq sahəsinə münasibətdə fərqli nəticəyə gəlinməsi yalnız həmin torpaq sahəsinin baza məlumatlarında kənd təsərrüfatı təyinatlı göstərilməsinə istinad edilməklə əsaslandırıla bilməz. Cavabdeh bu fərqli münasibəti zəruri edən konkret və mühüm faktiki, yaxud hüquqi halları göstərməli və həmin halların məhz iddiaçının torpaq sahəsinə münasibətdə qeydiyyatdan imtinanı şərtləndirdiyini əsaslandırmalı idi. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, inzibati orqan bir tərəfdən eyni faktiki və hüquqi hallara malik işlər üzrə özü tərəfindən formalaşdırılmış inzibati praktikaya, digər tərəfdən isə şəxslərin həmin praktikanın analoji hallarda onlara da tətbiq olunacağına dair əsaslı gözləntilərinə bağlıdır. İnzibati orqanların davranışının müəyyən dərəcədə proqnozlaşdırıla bilməsi hüquqi müəyyənliyin və etimadın qorunmasının mühüm şərtidir. Maraqlı şəxs öz müraciətinin eyni və ya oxşar hallarda əvvəllər həll edilmiş işlərə uyğun qaydada qiymətləndiriləcəyini əsaslı şəkildə gözləmək imkanına malik olmalıdır. Bu xüsusda “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də nəzərə alınmalıdır. Həmin prinsip inzibati orqanların əvvəlki davranışına, qəbul etdikləri qərarlara və yaratdıqları hüquqi vəziyyətə şəxslərin əsaslı etimadının qorunmasını tələb edir və inzibati orqanın öz əvvəlki hüquq tətbiqi praktikasından əsaslandırılmamış şəkildə kənara çıxmasına yol vermir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun bələdiyyə qərarı ilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alındığı zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi həmin torpaq sahəsinin vətəndaşlara alqı-satqı yolu ilə satılmasına qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən razılıq verilmişdir. Nəzərə almaq lazımdır ki, həmin rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, hazırkı iş üzrə mübahisələndirilən imtinanı vermiş cavabdeh inzibati orqan torpaq münasibətləri, dövlət torpaq kadastrı, yerquruluşu və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahəsində əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi funksiyaların sonrakı institusional dəyişikliklər nəticəsində həvalə olunduğu dövlət idarəçiliyi sisteminin tərkib hissəsidir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra onun müvafiq funksiyaları əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinə, sonrakı struktur dəyişiklikləri nəticəsində isə Əmlak Məsələləri Dövlət Xidmətinə və onun tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilmişdir. Bu baxımdan, cavabdeh əvvəlki səlahiyyətli dövlət orqanının mübahisəli torpaq münasibətləri sahəsində həyata keçirdiyi funksiyaların institusional və funksional davamçısı kimi çıxış edir. Bu xüsusat hazırkı iş üçün ona görə əhəmiyyətlidir ki, mübahisəli torpaq sahəsinin vətəndaşlara verilməsinin mümkünlüyü barədə razılıq hər hansı kənar qurum tərəfindən deyil, məhz həmin dövrdə qanunvericiliklə bu məsələ üzrə rəy vermək səlahiyyəti həvalə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq yerli qurumu tərəfindən verilmişdir. Deməli, torpaq sahəsinin ayrılması mərhələsində onun hüquqi rejimi, təyinatı və həmin məqsədlə verilməsinin mümkünlüyü səlahiyyətli dövlət orqanının qiymətləndirmə predmetini təşkil etmiş və həmin orqan torpaq sahəsinin verilməsinə etiraz etməmişdir. Sonradan dövlət idarəetmə strukturunun dəyişdirilməsi və həmin funksiyaların digər inzibati orqanlara həvalə edilməsi isə əvvəlki səlahiyyətli orqanın qanunla müəyyən olunmuş səlahiyyəti çərçivəsində verdiyi rəyin hüquqi əhəmiyyətini öz-özlüyündə aradan qaldıra bilməz. Əks yanaşma dövlət idarəçiliyində institusional davamlılıq, hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri ilə uzlaşmazdı. Dövlət əvvəlcə səlahiyyətli orqanı vasitəsilə konkret torpaq sahəsinin verilməsinə razılıq bildirdiyi halda, sonradan həmin funksiyaları davam etdirən inzibati sistem daxilində başqa bir qurumun əvvəlki rəsmi mövqeyi nəzərə almadan hüququn rəsmiləşdirilməsindən imtina etməsi ardıcıl inzibati davranış kimi qəbul edilə bilməz. İnzibati orqanların sonrakı struktur dəyişikliklərinin, habelə həmin orqanlar arasında sənəd və məlumat mübadiləsinin lazımi qaydada aparılmamasının mənfi nəticələri də dövlətin əvvəlki rəsmi davranışına etimad göstərmiş şəxsin üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası, eyni zamanda, nəzərə alır ki, mübahisəli torpaq sahəsinin bilavasitə yaxınlığında yerləşən digər torpaq sahələri üzrə xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, bir tərəfdən eyni ərazidə formalaşmış qeydiyyat praktikası, digər tərəfdən isə mübahisəli torpaq sahəsinin verilməsinə vaxtilə səlahiyyətli dövlət orqanı tərəfindən müsbət rəy bildirilməsi mövcud olduğu halda, cavabdehin yalnız torpağın baza məlumatlarında kənd təsərrüfatı təyinatlı göstərilməsinə istinad etməklə iddiaçının müraciətindən imtina etməsi bərabər yanaşma, inzibati fəaliyyətin ardıcıllığı və etimadın qorunması prinsipləri baxımından kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının torpaq sahəsinə münasibətdə eyni ərazidə formalaşmış qeydiyyat praktikasından fərqli yanaşmanı, habelə əvvəlki səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş müsbət rəyin hüquqi əhəmiyyətinin nəzərə alınmamasını əsaslandıran konkret və inandırıcı hallar ortaya qoymamışdır. Buna görə də torpaq sahəsinin yalnız baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilməsi iddiaçının müraciətindən imtina üçün özlüyündə yetərli hüquqi əsas kimi qəbul edilə bilməz. Cavabdehin digər dəlili sözügedən torpaq sahəsi ilə bağlı başqa şəxsin, yəni X3 müraciətinin mövcud olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, başqa şəxsin müraciətinin mövcudluğu yalnız həmin şəxsin iddiaçı ilə eyni torpaq sahəsinə hüquq iddia etməsi və bunun nəticəsində torpaq sahəsi üzərində hüquqların üst-üstə düşməsi müəyyən edildiyi halda qeydiyyata maneə yaradan hal kimi qiymətləndirilə bilər. Təkcə başqa şəxsin müraciət etmiş olması isə belə halın mövcudluğunu təsdiq etmir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə görə X3 ## ###### 2016-cı ildə vəfat etmişdir. Onun vərəsələri - həyat yoldaşı X5, oğlu X1 və qızı X2 məhkəməyə ünvanladıqları ərizələrdə X3 ayrılmış torpaq sahəsinin İddiaçı İmaməli qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyini və iddiaçının istifadəsində olan torpaq sahəsinin onun adına qeydə alınmasına etiraz etmədiklərini bildirmişlər. Buna görə də cavabdehin sadəcə başqa müraciətin mövcudluğuna istinadı faktiki hüquq mübahisəsinin mövcudluğunu sübut etmir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, inzibati orqan özünün və ya digər publik qurumların sənədləşmə, arxivləşdirmə və informasiya sistemlərinin aparılması sahəsində yol verdiyi təşkilati çatışmazlıqlardan şəxsin ziyanına hüquqi nəticə çıxara bilməz. Belə çatışmazlıqlar yalnız təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı və ya hüququn yaranmasına dair aktın qanunla nəzərdə tutulmuş qaydada qüvvədən salındığı mötəbər şəkildə müəyyən edildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi baxımından da fərqli nəticəyə gəlmək üçün əsas görmür. Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması müəyyən edilmədiyindən həmin Qanunun 15.1.4-cü maddəsində nəzərdə tutulan hal mövcud deyildir. Digər imtina dəlilləri də iş üzrə sübutların məcmusu ilə təsdiqlənən konkret hüquqi maneə səviyyəsinə çatmır. Kollegiya ayrıca vurğulayır ki, qeydiyyat orqanının sənədləri yoxlamaq səlahiyyəti ona qüvvədə olan hüquqmüəyyənedici inzibati aktı ləğv edilmiş və ya hüquqi nəticəsiz akt kimi qiymətləndirmək səlahiyyəti vermir. Əgər cavabdeh ** nömrəli qərarın qanunsuz olduğunu hesab edirdisə, bunun hüquqi nəticələrini qanunvericilikdə nəzərdə tutulmuş prosedurla aradan qaldırmalı idi. Belə prosedurun həyata keçirildiyi iş materialları ilə müəyyən olunmur. Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən, torpaq sahəsinin alqısatqısının akt və ya müqavilə formasında rəsmiləşdirilməsi, eləcə də həmin rəsmiləşdirmənin sonrakı tarixdə aparılması torpaq sahəsinin ayrılması barədə qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Belə hallarda forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir və inzibati orqanın rəsmiləşdirmə zamanı yol verdiyi qüsurlar əsaslı səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməlidir. Hazırkı işdə torpaq sahəsinin ayrılması barədə qərarın mövcudluğu, torpaq sahəsinin dəyərinin ödənilməsi, alqı-satqı və yerquruluşu sənədlərinin tərtib edilməsi, arxiv tərəfindən qərarın təsdiq edilmiş surətinin təqdim olunması, eləcə də cavabdehin öz müayinə aktında sahənin ölçüsünün və koordinatlarının sənədlərlə uyğunluğunun müəyyən edilməsi bir-birini tamamlayan sübutlar sistemini yaradır. Cavabdehin irəli sürdüyü formal və texniki iradlar bu sübutlar məcmusunu təkzib etmir. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati aktın qüvvədə olduğu müddətdə hüquqi nəticələr doğurması, formal və təşkilati qüsurların əsaslı hüquqi səbəb olmadan hüquq sahibinin ziyanına təfsir edilməməsi, habelə qeydiyyat orqanının imtinanı qanunda nəzərdə tutulan konkret əsasla əlaqələndirməli olması barədə formalaşdırdığı hüquqi mövqelər hazırkı mübahisənin həlli üçün də rəhbər tutulmalıdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yaratmır. İş materialları ilə Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının arxivdə mövcudluğu, mübahisəli torpaq sahəsinin ölçüsü və yerləşdiyi yer, habelə həmin sahənin başqa şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Buna görə cavabdehin qərarın rekvizitləri, yerquruluşu sənədinin təsdiqi, torpaq sahəsinin kateqoriyası, arxiv arayışının ilkin müraciətə əlavə edilməməsi və başqa şəxsin müraciətinin mövcudluğu ilə bağlı iradları dövlət qeydiyyatından imtinanı əsaslandıran hallar kimi qəbul edilə bilməz. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, ibirinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar