Məhkəmə qərarları › İş №2-1(3-8)-1157/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1157/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1157/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “medallarla təltif olunmasına görə təqdimatın verilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmağı barədə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Cavabdeh N nömrəli Hərbi Hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən xüsusi döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin döyüşlər zamanı 40 nəfərə yaxın yaralı hərbi qulluqçunun döyüş meydanından təxliyə olunmasında, düşmənin canlı qüvvəsini və hərbi texnikasının sıradan çıxarılmasında fəal iştirak etmişdir. Həmin döyüşlərdə fərqləndiyinə görə, Cavabdeh N nömrəli Hərbi Hissəsinin komandiri R Rauf Qasımov tərəfindən fəxri fərmanla təltif olunmuşdur. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunsa da, lakin “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medallarını ala bilmir. Bununla bağlı Cavabdeh N nömrəli hərbi hissənin komandirinə müraciət ünvanlamışdır. Müraciəti ilə əlaqədar Cavabdeh N nömrəli hərbi hissənin komandirinin birinci müavini-qərargah rəisinin vəzifəsini müvəqqəti icra edən İntiqam Məmmədov tərəfindən göndərilmiş cavab məktubda göstərilmişdir ki, xidmət etdiyi N nömrəli Hərbi Hissə ləğv olunduğu üçün nizami hissə üzrə əmr kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyinə görə həmin ünvana müraciət etməyi məqsədəuyğundur. Bundan sonra, iddiaçı Cavabdeh Mərkəzi Arxivinə müraciət edərək, Cavabdeh N nömrəli Hərbi Hissəsində hərbi xidmətdə olmağı barədə arayış verilməsini xahiş etmişdir. Cavabdeh Mərkəzi Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən çağırılmış, ##.##.1989-cu il təvəllüdlü, əsgər İddiaçı Gürsət oğlu N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrilə (əsas: §-l, səh-5, sıra-7, əmrdə adı “Gürsət” yazılmışdır) N №-li hərbi hissədən gəlmiş hesab edilərək ##.##.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı vəzifəsinə təyin olunmuşdur. Tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı, əsgər X1 hərbi təlim toplanışını başa vurduğuna görə, N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmrilə (əsas: §-4, səh-143, sıra-22, əmrdə soyadı “Sofiyev” yazılmışdır). ##.##.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılaraq çağırıldığı Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdrəsinə göndərilmişdir. Bundan sonra, iddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh N nömrəli Hərbi Hissə komandirinin ##.##.2020-ci il tarixli, *** №-li və ##.##.2020-ci il tarixli *** №-li əmrindəki məlumatların İddiaçı məxsus olması faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Cavabdeh N nömrəli Hərbi Hissə komandirinin ##.##.2020-ci il tarixli, *** №-li və ##.##.2020-ci il tarixli *** №-li əmrindəki məlumatların İddiaçı məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Bundan sonra, iddiaçı Cavabdeh müracət edərək “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmağı barədə təqdimat verilməsini xahiş etmişdir. Bununla bağlı, Cavabdeh göndərilən cavab məktubunda göstərilmidir ki, “Müdafiə Nazrliyinin təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafayların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq yalnız onlarln xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. Əlavə olaraq qeyd edirik ki, xidmət etdiyiniz hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşunuz. Sizin əlavə olaraq hər hansı bir medallla təltif olunmağınız barədə Şəxsi Heyət Baş İdarəsinə təqdimat daxil olmamışdır. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Komissiyanın rəyini, imtinasını almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. İddiaçının Komissiyanın hansı inzibati aktı ilə razılaşmaması qeyri-müəyyən olur, çünki ona imtina olunmayıb, müraciətinə cavab olaraq bildirilib ki, xidmət etdiyi hərbi hissədən təqdimat daxil olmayıb. Belə ki, Şəxsi Heyət Baş İdarəsinin ##.##.2026-cı il tarixli *-**-**/*-Ş-***/**/**** nömrəli məktubundan görmək olar ki, onun hərbi hissə tərəfindən medalla təltif olunması barədə təqdimat göndərilməmişdir. Hərbi qulluqçunun təltif sənədləri hərbi hissə komandirinin təqdimatı əsasında Kadrlar İdarəsinə, təltif komissiyasına təqdim edilir ki, onlara baxılaraq müvafiq qərar qəbul olunsun. Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2004-cü il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimatın: 7-ci maddəsinə əsasən: “Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. 22-ci maddəsinə əsasən, “Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə daxil olmuş təltif sənədləri müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası müdafiə nazirinə məruzə olunur. İddiçıya aid təqdimat olmadığından və beləliklə də təltif komissiyasına göndərilmədiyindən, iddiaçı isə bu halı mübahisəndirmədiyindən, əsassız olaraq Müdafiə Nazirliyini cavabdeh qismində cəlb edərək, medallarla təltif olunmağı barədə iddiasının təmin edilməsini tələb etmişdir. Həmçinin onu da bildirmək lazımdır ki, iddiaçı həm ümumi, həm xüsusi iddia müddətini ötürmüşdür. Belə ki, o, 2020-ci ilə aid olan münasibətləri 2026-cı ildə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi vəziyyətinə birbaşa təsir göstərən və onun razılaşmadığı yekun inzibati akt mövcud olmadığından, cavabdehin məktubu yalnız inzibati icraatın davam etdirilməsi üçün zəruri şərtin mövcud olmamasını bildirən aralıq xarakterli prosessual məlumatlandırma hesab edilir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI : a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya onunla əsaslandırmışdır ki, o, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun tərkibində Hadrut, Füzuli, Cəbrayıl və xüsusilə Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə onun xidməti və əməyi olmuşdur. Döyüş tapşırıqlarını yerinə yetirmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda şərəflə xidmət etmişdir. Onun "Xocavəndin azad Olunmasına görə" medalı ilə təltif edilməməsinin səbəbi döyüşlərdə iştirak etməməyi deyil, Müdafiə Nazirliyinin sənədlərində yaranmış texniki uyğunsuzluq olmuşdur. Bu məsələ ilə bağlı əvvəllər məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işi tam araşdırmış, Müdafiə Nazirliyinin ##.##.2020-ci il tarixli *** nömrəli və ##.##.2020-ci il tarixli *** nömrəli əmrlərində göstərilən məlumatların ona məxsus olduğunu müəyyən etmiş və onun xeyrinə qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə onun medal ala bilməməsinin səbəbinin texniki uyğunsuzluq olduğunu müəyyən etmişdir. O, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini dəfələrlə Cavabdeh təqdim etməsinə baxmayaraq, bu günə qədər Müdafiə Nazirliyi həmin məsələni həll etməmiş, onun hüquqlarının bərpası üçün heç bir tədbir görməmişdir. Buna baxmayaraq, Sumqayıt İnzibati Məhkəməsi də iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə əvvəlki qanuni qüvvəyə minmiş qətnaməyə və təqdim etdiyi sübutlara tam hüquqi qiymət verməmişdir. Hesab edir ki, texniki uyğunsuzluq məhkəmə tərəfindən aradan qaldırıldıqdan sonra Müdafiə Nazirliyi onun "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunması məsələsinə qanunvericiliyin tələblərinə uyğun yenidən baxmalı idi. Lakin bu günə qədər həmin məsələ həll edilməmişdir. b) Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Kollegiya hazırkı iddia tələbinə münasibətdə, ilk növbədə qeyd edir ki, iddiaçının tələbi onun “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunması barədə təqdimat verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasına yönəlmişdir. Dövlət təltifinə təqdim edilmə və dövlət təltifi ilə təltif olunma qanunvericiliklə müəyyən edilmiş ardıcıl prosedur, səlahiyyət bölgüsü və aidiyyəti vəzifəli şəxslərin qiymətləndirməsi əsasında həyata keçirilir. Bu səbəbdən hərbi qulluqçunun müvafiq medala təqdim edilməsi cavabdeh inzibati orqanın yalnız formal şərtlərin mövcudluğu ilə birbaşa və məcburi qaydada həyata keçirməli olduğu texniki xarakterli öhdəlik kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası müdafiə nazirinin ## ### 2004-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın 7-ci və 22-ci maddələrinin məzmunundan görünür ki, hərbi qulluqçunun dövlət təltifinə təqdim edilməsi onun xidmət etdiyi hərbi hissədə müvafiq təltif sənədlərinin hazırlanması, həmin sənədlərə birbaşa rəislər və yuxarı komandanlıq səviyyəsində münasibət bildirilməsi, daha sonra isə onların aidiyyəti qaydada təltif komissiyasında baxılması və qiymətləndirilməsi ilə şərtlənir. Yalnız bu mərhələlər üzrə müsbət qiymətləndirilmiş təltif sənədləri sonrakı qərarın qəbul edilməsi üçün səlahiyyətli vəzifəli şəxsə təqdim olunur. Deməli, təltifə dair təqdimatın hazırlanması özü ayrıca qiymətləndirmə və seçim mərhələsi olmaqla, şəxsin mütləq qaydada müvafiq medalla təltif ediləcəyi barədə hüquqi təminat yaratmır. Məhkəmə kollegiyası, həmçinin, nəzərə alır ki, ## ###### 2020-ci il tarixli, ***-VIQD nömrəli Qanunla təsdiq edilmiş “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalları haqqında Əsasnamələrin hər birində təltif edilən şəxslərin dairəsi və müvafiq təltif meyarları müəyyən edilmiş, həmin medallarla təltif etmənin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq həyata keçirildiyi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən dövlət təltifləri ilə təltif etmək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Buna görə də dövlət medalı ilə təltif edilmə barədə yekun qərar Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyəti çərçivəsində qəbul edilir. Hazırkı mübahisə baxımından Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin hüquqi məzmununa da düzgün qiymət verilməlidir. Həmin qətnamə ilə yalnız Cavabdeh N nömrəli Hərbi Hissə komandirinin ## ####### 2020-ci il tarixli, *** nömrəli və ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrlərindəki məlumatların İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Qətnamənin nəticə hissəsində iddiaçının “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və ya “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilməli olması, onun təltif üçün mütləq qaydada təqdimata daxil edilməsi, yaxud Müdafiə Nazirliyinin bu məzmunda müsbət təqdimat verməyə borclu olması barədə hər hansı hüquqi nəticə müəyyən edilməmişdir. Bu baxımdan iddiaçının apellyasiya şikayətində istinad etdiyi həmin qətnamə hərbi hissənin əmrlərində onun şəxsiyyətinə dair mövcud olmuş ad və soyad uyğunsuzluğunun aradan qaldırılması və həmin məlumatların ona məxsusluğunun təsdiqi baxımından hüquqi əhəmiyyət daşıyır. Lakin həmin faktın müəyyən edilməsi öz-özlüyündə iddiaçının yuxarıda göstərilən hər üç medalın Əsasnaməsində nəzərdə tutulan fərqli təltif meyarlarına cavab verdiyinin, təltif üzrə müsbət təqdimata daxil edilməli olduğunun və ya medallarla təltif olunmasının artıq məhkəmə aktı ilə həll edildiyi anlamına gəlmir. Başqa sözlə, əvvəlki qətnamənin müəyyən etdiyi fakt ilə hazırkı iddia üzrə tələb edilən müsbət təltif təqdimatı və yekun dövlət təltifi eyni hüquqi nəticə deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçunun xidmət və döyüş fəaliyyəti barədə sənədlərin mövcudluğu onun təltifə namizədliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı hallardandır. Bununla belə, həmin sənədlərin qiymətləndirilməsi, konkret medal üzrə müəyyən edilmiş meyarların ödənilib-ödənilmədiyinin müəyyən olunması, müsbət təqdimatın hazırlanması və onun yuxarı komandanlığa göndərilməsi qanunvericiliklə bu sahədə səlahiyyət verilmiş hərbi komandanlığın və təltif üzrə aidiyyəti qurumların həyata keçirdiyi mərhələli prosedurun tərkib hissəsidir. Məhkəmə həmin orqanların yerinə keçərək şəxsin mükafatlandırılmalı şəxslərin siyahısına daxil edilməli olduğunu özü müəyyən edə və ya qiymətləndirmə səlahiyyətinin nəticəsini əvvəlcədən müəyyən edən məzmunda cavabdehin üzərinə müsbət təqdimat vermək öhdəliyi qoya bilməz. Məhkəmə nəzarəti inzibati orqanın qanunla üzərinə qoyulmuş prosedur vəzifələrə riayət edib-etmədiyinin yoxlanılmasını əhatə edə bilər, lakin diskresion qiymətləndirmənin məzmununun məhkəmə tərəfindən əvəz edilməsinə çevrilə bilməz. Kollegiya, həmçinin, subyektiv hüququn müəyyən edilməsi zamanı “qanunun qoruyuculuq məqsədi” yanaşmasının nəzərə alınmalı olduğunu qeyd edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, şəxsin inzibati məhkəmə qaydasında konkret tələb irəli sürə bilməsi üçün istinad etdiyi maddi hüquq norması yalnız dövlət orqanının səlahiyyətini və həmin səlahiyyətin həyata keçirilməsi qaydasını müəyyən etməməli, eyni zamanda həmin şəxsə fərdi qaydada qorunan hüquqi mövqe tanımalıdır. Başqa sözlə, normanın məqsədi konkret şəxsə hüquq vermək və onun fərdi maraqlarının qorunmasına xidmət etməkdirsə, həmin şəxs həmin normaya istinad etməklə subyektiv hüququnun müdafiəsini tələb edə bilər. Əgər norma yalnız dövlət orqanının hansı səlahiyyətə malik olduğunu və həmin səlahiyyətin hansı qaydada həyata keçirildiyini müəyyən edirsə, bu normadan şəxsin xeyrinə məhkəmə qaydasında tələb edilə bilən ayrıca subyektiv hüquq yaranmır. Hazırkı iş üzrə tətbiq edilən hüquqi tənzimləmənin məzmunundan görünür ki, sözügedən medallar haqqında Əsasnamələr bir tərəfdən hər bir medal üzrə təltif oluna biləcək şəxslərin dairəsini və maddi meyarları, digər tərəfdən isə təltif etməyə səlahiyyətli subyekti müəyyən edir. Bu normalar müvafiq meyarlara dair qiymətləndirmə aparılmadan və qanunvericilikdə nəzərdə tutulmuş təltif proseduru keçilmədən hər bir hərbi qulluqçu üçün məhkəmə qaydasında tələb edilə bilən birbaşa “müsbət təqdimata daxil edilmə” hüququ yaratmır. Təltifə təqdim edilmə barədə müsbət qərar prosedur çərçivəsində səlahiyyətli komandanlığın qiymətləndirməsini tələb etdiyindən, iddiaçı həmin qiymətləndirmənin nəticəsini əvvəlcədən müəyyən edən məzmunda cavabdehdən təqdimat verilməsini subyektiv hüquq kimi tələb edə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının N nömrəli Hərbi Hissənin şəxsi heyətində xidmət etməsi, tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı vəzifəsinə təyin olunması, onun barəsində fəxri fərmanın verilməsi, habelə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması onun hərbi xidmətinin və Vətən müharibəsində iştirakının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. Lakin bu hallar özlüyündə “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medallarının hər biri üzrə qanunvericilikdə ayrıca müəyyən edilmiş meyarların mütləq ödənildiyini və iddiaçının həmin medallar üzrə müsbət təqdimata daxil edilməli olduğunu məhkəmənin özü tərəfindən qət etməsi üçün hüquqi əsas yaratmır. Hər bir təltif üzrə ayrıca meyarların və xidmət göstəricilərinin aidiyyəti prosedur çərçivəsində qiymətləndirilməsi zəruridir. Beləliklə, hazırkı tələb üzrə iddiaçının məhkəmə qaydasında müdafiəyə yararlı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. İddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etmək, təqdim etdiyi sənədlərin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını və müəyyən edilmiş prosedura riayət olunmasını tələb etmək hüququ istisna edilmir. Lakin bu hüquq onun təltif üzrə müsbət təqdimata daxil edilməsini və son nəticədə dövlət medalı ilə təltif olunmasını cavabdehdən məcburi qaydada tələb etmək hüququ ilə eyniləşdirilə bilməz. Dövlət medalı ilə təltif edilmə barədə yekun qərar Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyəti çərçivəsində qəbul edildiyindən, məhkəmə komandanlığın və təltif üzrə səlahiyyətli orqanların yerinə keçərək iddiaçının mükafatlandırılmalı şəxslərin siyahısına daxil edilməsi və ya medalla təltif olunması nəticəsini təmin edən məcburi öhdəlik müəyyən edə bilməz. Buna görə də cavabdehə qarşı hazırkı məzmunda irəli sürülmüş tələb iddianın mümkünlük şərtlərinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi cavabdeh inzibati orqanın qanunsuz imtinasının aradan qaldırılmasına deyil, qanunvericiliklə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət dairəsinə aid edilmiş nəticənin məhkəmə aktı vasitəsilə təmin edilməsinə yönəlmişdir. Belə tələb inzibati məhkəmə icraatında subyektiv hüququn müdafiəsi predmeti kimi qəbul edilə bilməz. Buna görə də iddia tələbinin mahiyyəti üzrə araşdırılmasına keçilmədən onun mümkünlük şərtləri baxımından qiymətləndirilməsi zəruridir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan iddia tələbi üzrə iddianın mümkünlük şərtləri mövcud olmadığından, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar