Məhkəmə qərarları › İş №2-1(3-8)-1162/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1162/2026

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1162/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “Quba rayonu, Rustov kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “Quba rayonu, Rustov kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Quba rayonu, Rustov kəndinin ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN 410F (KOD ********) nömrəli şəhadətnamə mövcuddur. Həmin şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə təqdim edilmişdir. İddiaçıya məxsus olan torpağın sənədinin yenilənməsi yəni, çıxarışın alınması üçün ##.##.2025-ci il tarixli ********** nömrəli ərizə ilə müraciət etmişdir. Lakin, həmin qurum ##.##.2025-ci il tarixli məktubla ona cavab verərək aşağıdakıları bildirmişdir: Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, "JN-410 F nömrəli (KOD 30321018) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin qeydiyyat kitabları idarədə mövcud deyil, bundan əlavə həmin şəhadətnamənin elektron məlumat bazasında öz əksini tapmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2- ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların Mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlarn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şəhadətnamədə də həmin torpağın Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı iltarixli *- -*** saylı alqısatqı müqaviləsinə əsasən iddiaçıya satıldığı öz əksini tapmışdır. Bundan əlavə, şəhadətnamənin 2 nüsxədə tərtib edildiyi və 977 nömrə ilə kitabda qeyd ediIdiyi barədə məlumatlar da öz əksini tapmışdır. Lakin, müvafiq qurum "JN410 F nömrəli (KOD 30321018) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin qeydiyyat kitablarının idarədə mövcud olmadığını, bundan əlavə həmin şəhadətnamənin elektron məlumat bazasında öz əksini tapmadığını bildirmişdir. Qeydiyyat kitabının mövcud olmaması, mövcud olduğu halda olmadığı məlumatının təqdim edilməsi, bilərəkdən və bilməyərəkdən itirilməsi və ya yoxa çıxarılması, elektron məlumat bazasına məlumatların məsul şəxslər tərəfindən daxil edilməməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına necə səbəb ola bilər? Kitabın mövcud olmaması və elektron məlumat bazasına məlumatarın daxil edilməməsi birbaşa bu işə məsul qurumun (idarənin) vəzifə səlahiyyətlərini düzgün və vaxtında yerinə yetirməməsi deməkdir ki, bu da onun kimi bir çox vətəndaşın hüquqlarının pozulması deməkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin, iddiaçıya təqdim edilmiş imtina məktubunda bildirmişdir ki, “sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 0.09 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-410 F nömrəli (KOD 30321018) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin qeydiyyat kitabları Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsində mövcud deyil. Bundan əlavə, JN-410 F nömrəli (KOD 30321018) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" elektron məlumat bazasında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina olunur”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, Rustov kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır. (hakim Rahim Həsənov) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 0.09 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-410 F nömrəli (KOD 30321018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qeydiyyat kitabları Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsində mövcud deyil. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Bundan əlavə, JN-410 F nömrəli (KOD 30321018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında öz əksini tapmamışdır. Qeyd edildiyi kimi, JN-410 F nömrəli (KOD 30321018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Bundan əlavə torpaq sahəsinin daxilindən 10kv-liq elektrik xətti və həmin torpaq sahəsi xəttin mühafizə zolağına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli *** nömrəli qərarı ilə Elektrik xətlərinin mühafizə zonaları təsdiq edilməsi göstərilmişdir. Həmin qərarda 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağı 10 metr ara məsafəsi kimi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı teleqram ünvanlayaraq səhhətində olan problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və təxirə salınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı Quba rayonu, Rustov kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb edir və hüququnun əsası kimi ## ### 2006-cı il tarixli JN-410F (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə istinad edir. Həmin şəhadətnamədə torpaq sahəsinin Quba Rayon Dövlət Notariat Kontorunda ## ##### 2006-cı il tarixdə 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən iddiaçıya keçdiyi göstərilmişdir. İddiaçı bu sənədə əsasən hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, müraciətin təmin edilməsindən imtina edildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilibedilməməsini də nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə həlledici məsələ JN-410F (KOD ********) nömrəli şəhadətnamənin kağız daşıyıcısında formal olaraq mövcud olması deyil, həmin sənədin iddiaçının məhz mübahisəli 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını və qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlki qeydiyyat sistemində rəsmiləşdirilməsini mötəbər şəkildə təsdiq edib-etməməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi 2006-cı il ####un #-dək ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının hüquqi qüvvəsini qoruyur. Bu normanın tətbiqi üçün isə sənədin sadəcə həmin tarixdən əvvəl tərtib edilməsi deyil, hüququn həqiqətən aidiyyəti qeydiyyat orqanında dövlət qeydiyyatına alınmış olması müəyyən edilməlidir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Bu baxımdan, apellyasiya baxışı zamanı əldə edilmiş Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2026-cı il tarixli məlumatı xüsusi əhəmiyyət daşıyır. Həmin rəsmi məlumatla mübahisəli 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmasına dair hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Deməli, birinci instansiya məhkəməsinin Qanunun 4.1-ci maddəsinə əsaslanaraq iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun əvvəlki dövlət qeydiyyatının mövcudluğunu qəbul etməsi iş materialları ilə təsdiqlənən faktiki vəziyyətə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququnun əvvəlki dövlət qeydiyyatı müəyyən edilmədiyindən, həmin torpaq sahəsi barəsində sərəncam vermək, o cümlədən onu alqı-satqı yolu ilə özgəninkiləşdirmək hüququnun mövcudluğu da hüquqi baxımdan mümkün deyil. Məhkəmə kollegiyası şəhadətnamədə hüququn yaranma əsası kimi göstərilmiş notariat müqaviləsinə dair arxiv məlumatlarını da mühüm hesab edir. Belə ki, Dövlət Notariat Arxivinin ## ###### 2026-cı il tarixli məktubunda Quba Rayon Dövlət Notariat Ofisində ## ##### 2006-cı il tarixdə 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin mübahisəli 0,09 ha torpaq sahəsinə dair rəsmiləşdirilmədiyi açıq şəkildə göstərilmişdir. Məktuba əlavə olunmuş müqavilənin surətindən də görünür ki, həmin reyestr nömrəli əqd iddiaçı ilə bağlı olmayıb, başqa şəxslər (satıcı X1 və alıcı X2) arasında və başqa daşınmaz əmlak (Quba şəhəri, Sülh prospektində yerləşən, “Bağban” çayxanası) barəsində bağlanmışdır. Kollegiya hesab edir ki, bu uyğunsuzluq sadə texniki və ya yazı səhvi kimi qiymətləndirilə bilməz. Çünki şəhadətnamədə mülkiyyət hüququnun yaranmasına birbaşa hüquqi əsas kimi göstərilmiş əqdin reyestr nömrəsi, tərəfləri və predmeti arxivdə olan sənədlə uyğun gəlmir. Hüququn yaranma əsasını təşkil edən alqı-satqı müqaviləsinin faktiki olaraq başqa şəxslərə və başqa əmlaka aid olması, təqdim edilmiş şəhadətnamənin iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Bundan əlavə, iş materiallarında JN-***F nömrəli şəhadətnamənin tərtibinə və iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas verə biləcək ayrıca dövlət aktı, ilkin torpaqayırma sənədi və ya digər mötəbər hüquqmüəyyənedici sənəd müəyyən edilmir. Həmin dövrdə torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsini tənzimləyən qaydalara görə dövlət aktı və şəhadətnamələrin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilməli, onların tərtibinə əsas olmuş ilkin torpaqayırma sənədləri isə aidiyyəti arxivdə saxlanılmalı idi. Hazırkı işdə şəhadətnamənin qeydiyyat kitabı aidiyyəti orqanda mövcud deyil, sənəddə göstərilən *** nömrəli qeydiyyatın faktiki aparıldığını təsdiq edən ilkin uçot sənədi təqdim edilməyib, eyni zamanda hüququn yaranmasına əsas kimi göstərilən notariat əqdi də arxiv məlumatları ilə təsdiqlənmir. Bu səbəbdən burada söhbət yalnız məlumatın elektron bazaya köçürülməməsindən və ya arxiv sənədinin sonradan itirilməsindən getmir. Hüququn yaranması ilə əvvəlki dövlət qeydiyyatını təsdiq edən sənədlər bir-birini təsdiq etmir. Belə vəziyyətdə əvvəlki dövlət qeydiyyatının mövcudluğu yalnız şəhadətnamənin üzərindəki qeyd əsasında qəbul edilə bilməz. Apellyasiya baxışı zamanı # ######## 2026-cı il tarixdə tərtib edilmiş müayinə aktından isə görünür ki, iddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsi 0,106 ha təşkil edir. JN-410F (KOD ********) nömrəli şəhadətnamə X4 Uçotu İnformasiya Sistemində (TEKUİS) öz əksini tapsa da, torpaq sahəsi DWG elektron baza xəritələrində və DBF siyahısında əks olunmamış, baza xəritə materiallarına əsasən hər hansı mülkiyyət sənədi ilə üst-üstə düşmə müəyyən edilməmişdir. Həmin aktda torpaq sahəsi üzrə hər hansı şəxsə mülkiyyət hüququnun tanınmadığı da ayrıca qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, TEKUİS-də torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, tikinti altında olan torpaq kimi və xüsusi mülkiyyət göstəricisi ilə, istifadəçi qismində isə İddiaçı adı ilə əks olunması özlüyündə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatını və ya hüququn yaranmasına əsas verən etibarlı hüquqmüəyyənedici sənədin mövcudluğunu əvəz etmir. Kadastr və informasiya sistemindəki uçot məlumatı hüququn dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş maddi-hüquqi əsaslardan ayrılıqda qiymətləndirilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının sənəddə göstərilən 0,09 ha sahədən fərqli olaraq naturada 0,106 ha torpaq sahəsindən istifadə etməsi torpaq sahəsinin sərhədlərinin və hüququn predmetinin dəqiq fərdiləşdirilməsi baxımından əlavə uyğunsuzluq yaradır. Müayinə zamanı torpaq sahəsinin şimal sərhədindən 12 metr daxildə 10 kV-luq elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu halı mülkiyyət hüququnun qeydiyyatını təkbaşına istisna edən müstəqil əsas kimi qiymətləndirməsə də, elektrik xəttinin mövcudluğuna dair mübahisənin həlli şəhadətnamənin hüquqi əsasındakı və ilkin qeydiyyata dair yuxarıda göstərilən fundamental çatışmazlıqları aradan qaldırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 13.11-ci maddələrinə verdiyi hüquqi qiymətlə də razılaşmır. Qanunun 4.1-ci maddəsi mövcudluğu müəyyən edilmiş əvvəlki dövlət qeydiyyatının qüvvəsini saxlayır, mövcudluğu sübuta yetirilməyən qeydiyyatı yaratmır. Qanunun 13.11-ci maddəsində kağız və elektron reyestr məlumatları arasında uyğunsuzluq olduqda kağız məlumatına, reyestr yazısı ilə qeydiyyat üçün əsas olan sənəd arasında uyğunsuzluq olduqda isə sənədə üstünlük verilməsi nəzərdə tutulur. Hazırkı işdə isə məsələ eyni hüquqa dair iki mövcud qeyd arasındakı texniki uyğunsuzluqdan ibarət deyil. Bir sözlə, ilkin dövlət qeydiyyatı müəyyən edilməmiş, şəhadətnamədə hüququn yaranma əsası kimi göstərilən notariat əqdi isə arxiv sənədləri ilə təkzib olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təqdim edilmiş sənədlərin, həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunması nəzərdə tutulsa da, hazırkı işdə həmin prezumpsiyanın tətbiqi üçün şərtlər mövcud deyildir. Belə ki, Dövlət Notariat Arxivinin rəsmi məlumatı və müqavilənin arxiv surəti şəhadətnamədə göstərilən 4Ə- *** reyestr nömrəli əqdin mübahisəli torpaq sahəsinə və iddiaçıya aid olmadığını təsdiq edir. Buna görə də söhbət inzibati orqanın və ya məhkəmənin vətəndaşdan sənədin mötəbərliyini təsdiq edən əlavə sübut tələb etməsindən deyil, sənədin özündə göstərilən hüquqi əsasın rəsmi arxiv məlumatları ilə uyğun gəlməməsindən gedir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda, birinci instansiya məhkəməsinin qeydiyyat kitablarının və elektron məlumatların olmamasını qeydiyyat orqanının fəaliyyətindəki nöqsan kimi qiymətləndirərək bundan iddiaçının əvvəlki qeydiyyatının mövcudluğu nəticəsini çıxarması əsaslı sayıla bilməz. İnzibati orqanın arxiv və uçot sənədlərinin natamamlığı vətəndaşın ziyanına nəticə doğurmamalı olsa da, bu prinsip hüququn yaranmasına əsas kimi göstərilən konkret notariat əqdinin başqa şəxslərə və başqa əmlaka aid olduğunun müəyyən edildiyi, ilkin dövlət qeydiyyatının isə rəsmi məlumatla təsdiqlənmədiyi şəraitdə mövcud olmayan hüquqi əsası əvəz edə bilməz. Qeyd olunan halların məcmusu əsasında məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi üçün zəruri olan mötəbər və bir-birini tamamlayan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş materialları ilə təsdiq edilmir. JN-***F nömrəli şəhadətnamənin hüquqi əsası kimi göstərilmiş alqı-satqı müqaviləsinin həmin torpaq sahəsinə aid olmaması, ilkin dövlət qeydiyyatının müəyyən edilməməsi, ayrıca dövlət aktının və ilkin hüquqmüəyyənedici sənədlərin aşkar edilməməsi, eləcə də kadastr və xəritə məlumatlarındakı uyğunsuzluqlar nəzərə alındıqda cavabdehin üzərinə mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarış vermək öhdəliyi qoyula bilməz. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “Quba rayonu, Rustov kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar