Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1168/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov Ramin Adilxan oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iddiaçıya məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən * saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adlı şəxs iddiaçının doğma bacısı qızıdır və həmin ünvanda yaşamır, faktiki olaraq iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 3. mənzil 9 da qeydiyyatda qalmışdır. Onun iddiaçıya məxsus mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır və əsassız müdaxilə təşkil edir. Bu da mənzil ilə bağlı hüquqlarının realizə edilməsində mənə mane olur. İddiaçı dəfələrlə cavadehə bu barədə xəbərdarlıq etsə də, o. buna məhəl qoymamışdır. Bu səbəbdən cavadeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ünvan 3 ünvanında yerləşən * saylı mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim: Qəşəm Məmmədli). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus fərdi yaşayış evində qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qeydiyyatda olduğu ünvanda yaşamış, onu nənəsi, babası saxlamışdır. Yaxın zamanlara kimi gedib-gəlmişdir. Bakıda işlədiyi üçün gedib-gələ bilmir. Nəticədə onun pasport qeydiyyatı ləğv edildiyindən ona məxsus şəxsiyyət vəsiqəsi etibarsız hesab edilmişdir. Hal-hazırda onun pasport qeydiyyatına düşmək üçün yeri yoxdur. Məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsinin tələbini pozmuşdur. Belə ki, onun istifadə hüququnun həyata keçirilməsinə iddiaçı maneçilik törədir. Nəzərə almaq lazımdır ki, o, ##.##.2000-ci ildən sözügedən ünvanda babası və nənəsilə yaşamışdır. ##.##.2009-cu ilə qədər qüvvədə olmuş AR-nın Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə mən həmin mənzilə köçürülmüşəm. Məhkəmə hesab edir ki, anam 1997- ci ildə ailə həyatı qurmuş və yaşayış sahəsini tərk edərək getmişdir. Məhkəmə qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamış, sözügedən * saylı mənzilin hüququ rejiminə aydınlıq gətirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir; mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri həmin maddənin təsir dairəsinə düşmürlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarında yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün istifadə hüququ ilə bağlı məsələlər üzrə # ####### 2009-cu ilədək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli Qərarında yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasının həmin sahədə yaşayan şəxslərlə mülkiyyətçi arasında hüquq və vəzifələrin həcminə təsir etdiyi, belə yaşayış sahəsində digər ailə üzvlərinin yaşayış hüququnun Mülki Məcəllənin 228-ci və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilən əsaslara uyğun həll olunmalı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014cü il tarixli Qərarına görə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsindəki “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Şəxsin ailə qanunvericiliyi əsasında mülkiyyətçi ilə birlikdə yaşamaq və ondan saxlanılmasını tələb etmək hüququ yoxdursa, həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli qərarı: Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən hazırkı iş üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan ## #### 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçının xüsusi mülkiyyətində olduğu təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından, habelə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ### 2014-cü il tarixdən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. “xxxx” X1 * saylı Sumqayıt Ərazi İdarəsinin ## ##### 2026-cı il tarixli məktubuna əsasən üçüncü şəxsin sözügedən mənzil üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarından müəyyən olunur ki, üçüncü şəxs hazırda mübahisəli mənzildə faktiki yaşamır. Apellyasiya şikayətində də üçüncü şəxsi Bakıda işlədiyinə görə həmin ünvana gedibgələ bilmədiyini, yalnız əvvəlki dövrlərdə orada yaşadığını və yaxın zamanlaradək həmin ünvana gedib-gəldiyini bildirmişdir. Həmin halı üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasındakı ifadəsi ilə də təsdiq etmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ## ##### 2026-cı il tarixli məktubunda üçüncü şəxsin qeydiyyata alınmasına əsas verən sənədlərin saxlama müddəti başa çatdığına görə məhv edildiyi və həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Buna görə də üçüncü şəxsin həmin ünvanda qeydiyyatda olması faktının özündən onun yaşayış sahəsi üzərində ayrıca istifadə və ya digər əmlak hüququnun mövcudluğu nəticəsi çıxarıla bilməz. Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə yaşayış yeri üzrə qeydiyyat şəxsin yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və özü-özlüyündə yaşayış sahəsindən istifadə hüququ yaratmır. Mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilib-verilməsinin deyil, həmin hüququn ümumiyyətlə yaranıb-yaranmamasının müəyyən edilməsi zəruridir. Belə ki, istifadə hüququnun yarandığı müəyyən edilmədiyi halda həmin hüququn saxlanılması, həyata keçirilməsinə maneçilik törədilməsi və ya ona xitam verilməsi məsələləri də hüquqi əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də istifadə hüququna xitam verilməsi məsələsinin həllindən əvvəl həmin hüququn mövcudluğunun hüquqi əsaslarının müəyyən edilməsi tələb olunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələri mülkiyyətin toxunulmazlığına və dövlət tərəfindən qorunmasına təminat verir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; həmin Məcəllənin 157.4-cü maddəsi isə əmlakdan məhrum etmə ilə müşayiət olunmayan qanunsuz maneələrin də aradan qaldırılmasını tələb etmək imkanını mülkiyyətçiyə verir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ yalnız əmlaka faktiki sahiblik, ondan istifadə və onun hüquqi müqəddəratını müəyyən etmək səlahiyyətlərinin məcmusu deyil, həm də qanuni əsası olmayan üçüncü şəxs müdaxilələrinin aradan qaldırılmasını tələb etmək səlahiyyətidir. Buna görə yaşayış sahəsində qeydiyyatın mülkiyyətçinin iradəsinə zidd saxlanılması yalnız həmin şəxsin qanunla qorunan müstəqil hüququ mövcud olduqda əsaslandırıla bilər. Belə hüquq yoxdursa, mülkiyyətçinin üzərinə həmin məhdudiyyətin davam etdirilməsi yükünün qoyulması qanuni əsasdan məhrum olar. Apellyasiya şikayətində mübahisəli mənzilin hüquqi rejiminə aydınlıq gətirilmədiyi göstərilsə də, iş materiallarında olan ## #### 2007-ci il tarixli dövlət reyestrindən çıxarış mənzilin iddiaçının xüsusi mülkiyyətində olduğunu təsdiq edir, üçüncü şəxsin isə həmin ünvanda ## ### 2014-cü il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Beləliklə, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı tarixdə mənzilin xüsusi mülkiyyət rejimində olması iş materialları ilə təsdiq olunur. Üçüncü şəxsin ## #### 2000-ci ildən mübahisəli ünvanda babası və nənəsi ilə yaşaması və 0# ####### 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən mənzilə köçürülməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin norma Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadəni tənzimləyən fəslində yer almış və məhz kirayəçinin başqa şəxsləri ailə üzvü kimi kirayə sahəsinə köçürməsi münasibətlərinə aid olmuşdur. Buna görə də 54-cü maddəyə istinad sonradan xüsusi mülkiyyət rejiminə keçmiş mənzil üzərində üçüncü şəxsin mülkiyyətçiyə qarşı müstəqil və davamlı əmlak hüququnun mövcudluğunu öz-özlüyündə təsdiq etmir. Kollegiya bir daha qeyd edir ki, iş materialları ilə mənzilin ## #### 2007-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətində olduğu təsdiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli Qərarında göstərildiyi kimi, yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması həmin sahədə yaşayan şəxslərlə mülkiyyətçi arasında hüquq və vəzifələrin həcminə təsir edən hüquqi faktdır. Bu baxımdan, üçüncü şəxsin əvvəlki faktiki yaşayışı qəbul edilsə belə, 2007-ci ildən etibarən onun iddiaçının xüsusi mülkiyyətinə qarşı irəli sürə biləcəyi istifadə səlahiyyətinin ayrıca hüquqi əsası olmalı idi. Münasibətin 2007-ci ildə xüsusi mülkiyyət rejiminin yaranması baxımından Mülki Məcəllənin 228-ci maddəsi üzrə qiymətləndirilməsi halında da üçüncü şəxsin istifadə hüququ müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri üzrə digər şəxsin məhdud əşya hüququnun yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma və hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tələb olunurdu. İşdə belə razılaşma mövcud deyil, ## ##### 2026-cı il tarixli reyestr məlumatı ilə də üçüncü şəxsin istifadə hüququnun dövlət qeydiyyatına alınmadığı təsdiq edilir. Həmin dövrdə qüvvədə olmuş 228.5-ci maddənin müqaviləsiz yaranan ailə üzvü hüququ isə mülkiyyətçinin onunla birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarına aid idi. Nəvə bu şəxslər dairəsinə daxil deyildi. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranması məsələsinə həm onun iddia etdiyi əvvəlki dövrün qanunvericiliyi, həm də hazırkı qeydiyyatının aparıldığı tarixdə qüvvədə olan qanunvericilik baxımından qiymət verildikdə belə hüququn yaranmasına əsas verən hallar müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək hüququ nəzərdə tutulmuşdur. Lakin həmin normanın məzmunundan da göründüyü kimi, yetkinlik yaşına çatmayan uşağın yaşayış sahəsindən istifadə imkanının valideyninin hüququndan törəməsi üçün ilk növbədə həmin valideynin özü mülkiyyətçinin ailə üzvü qismində onunla birlikdə həmin yaşayış sahəsində yaşamalı və yaşayış sahəsindən istifadə hüququna malik olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe də bu normanın mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvünə münasibətdə tətbiq edilməsini nəzərdə tutur. Hazırkı işin materiallarından isə üçüncü şəxsin anasının 1997-ci ildə ailə həyatı quraraq mübahisəli yaşayış sahəsini tərk etdiyi və özünə başqa yaşayış yeri seçdiyi müəyyən olunur. Deməli, üçüncü şəxsin sonradan həmin mənzildə yaşaması anasının Mülki Məcəllənin 228.5ci maddəsindən irəli gələn səlahiyyətinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, üçüncü şəxsin anasının mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvü kimi davam edən istifadə hüququ mövcud olmadığı halda, üçüncü şəxsin də anasının belə bir hüququndan törəmə qaydada yaşayış sahəsindən istifadə hüququ əldə etməsi mümkün deyildir. İş materiallarında üçüncü şəxsin məhz mülkiyyətçinin iradəsi ilə, ayrıca olaraq onun ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyünü təsdiq edən hər hansı razılaşma və ya digər hüquqi fakt da müəyyən edilməmişdir. Digər tərəfdən, üçüncü şəxsin mübahisəli mənzil üzrə hazırkı yaşayış yeri qeydiyyatı ## ### 2014-cü ildə, yəni Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tətbiq edildiyi dövrdə aparılmışdır. Buna görə də üçüncü şəxsin həmin tarixdən etibarən yaşayış sahəsindən istifadə hüququ əldə edib-etməməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri nəzərə alınmaqla da qiymətləndirilməlidir. Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri onun ailə üzvləri hesab edilir. Üçüncü şəxs isə mülkiyyətçinin nəvəsi olmaqla qanunda birbaşa göstərilən həmin şəxslər dairəsinə daxil deyildir. Bu səbəbdən yalnız qohumluq əlaqəsinin, konkret halda nəvə olmasının mövcudluğu üçüncü şəxsin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü hesab olunması və bunun əsasında istifadə hüququ əldə etməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin nəvəsi olması şəxsin öz-özlüyündə həmin yaşayış sahəsi üzrə ailə üzvü statusu və istifadə hüququ əldə etməsi üçün kifayət etmir. Nəvə yalnız Mənzil Məcəlləsinin 30.1-ci maddəsində “digər qohumlar” üçün müəyyən edilmiş şərtlər mövcud olduqda mülkiyyətçinin ailə üzvü hesab edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında verilmiş hüquqi şərhə görə, “digər qohumlar” anlayışının tətbiqi zamanı şəxsin Ailə Məcəlləsinin XV fəslində nəzərdə tutulmuş qaydada mülkiyyətçidən saxlanılmasını tələb etmək hüququnun olub-olmaması nəzərə alınmalıdır. Bununla yanaşı, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin özünün məzmununa görə belə şəxsin mülkiyyətçi tərəfindən məhz ailə üzvü kimi yaşayış sahəsinə köçürülməsi də müəyyən edilməlidir. Deməli, digər qohumun ailə üzvü statusunun yaranması üçün sadəcə mənzildə müəyyən müddət yaşaması və ya həmin ünvanda qeydiyyatda olması kifayət etmir,onun mülkiyyətçi ilə münasibətlərinin mahiyyəti və yaşayış sahəsinə hansı hüquqi əsasla köçürüldüyü də müəyyən edilməlidir. Beləliklə, üçüncü şəxsin istifadə hüququnun yaranması nə əvvəlki dövr üçün Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında anasının hüququndan törəmə qaydada, nə də 2014cü ildən etibarən Mənzil Məcəlləsinin 30.1-ci maddəsi əsasında mülkiyyətçinin ailə üzvü kimi müəyyən edilir. Onun mənzildə müəyyən dövrdə yaşaması və sonradan həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınması isə mövcud olmayan istifadə hüququnu yaradan hüquqi fakt kimi qəbul edilə bilməz. Buna görə də hazırkı halda söhbət üçüncü şəxsin əvvəllər yaranmış istifadə hüququnun sonradan itirilməsindən deyil, belə hüququn yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasların ümumiyyətlə mövcud olmamasından gedir. Bu səbəbdən də, kollegiya hesab edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən ##.##.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2003-cü il tarixli, **s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmə kollegiyası əlavə olaraq nəzərə alır ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsi üzərində hüququn yaranma üsulu deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədi şəxsin yaşayış yerinin inzibati qaydada rəsmən qeydə alınmasıdır. Qeydiyyatın özü nə Mülki Məcəllənin 228-ci maddəsi üzrə məhdud əşya hüququnu, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsi üzrə ailə üzvü hüququnu yaradır. Buna görə 2014-cü ildə qeydiyyata alınma faktı əvvəl mövcud olmayan istifadə hüququnu sonradan yaratmır və ya əvvəlki faktiki yaşayışı belə hüquqa çevirmir. İstifadə hüququnun mövcudluğunu irəli sürən şəxs həmin hüququ yaradan qanunda nəzərdə tutulmuş hüquqi faktı göstərməli və iş materialları ilə onun mövcudluğu müəyyən edilməlidir. Eyni zamanda hazırki iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020ci il tarixli Qərarında “faktiki yaşamayan və ya istifadə hüququ olmayan” ifadələrinin alternativ əsaslar kimi göstərilməsi də nəzərə alınmalıdır. Deməli, qeydiyyata xitam verilməsi üçün bu halların hər ikisinin eyni vaxtda mövcudluğu tələb edilmir. Hazırkı işdə isə hər iki hal birlikdə mövcuddur: üçüncü şəxs mübahisəli mənzildə faktiki yaşamır və onun həmin yaşayış sahəsinə münasibətdə qanundan, müqavilədən və ya ailə münasibətlərindən irəli gələn müstəqil istifadə hüququ müəyyən edilmir. Bu səbəbdən iddiaçının üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatına xitam verilməsi tələbi mülkiyyət hüququnun qanuni müdafiəsinə xidmət edir və birinci instansiya məhkəməsi iddianı təmin etməklə nəticə etibarilə düzgün hüquqi qənaətə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1168/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1168/2026
27.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver