Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-118/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Cavabdehsinə qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-6653/2025 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların xx.xx.2025-ci il tarixdə Ejla adlı bir qızları doğulmuşdur. AZ-V №114134 seriyalı 02 aprel 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü uşağın soyadı valideynlərinin soyadına uyöun olaraq “Qarayeva” kimi qeyd edilmişdir. İddiaçı1 uşağının soyadının “Qarayeva”dan “Rəhimli”yə dəyişdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Cavabdehsinə müraciət etmişdir. Lakin həmin orqan tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsiniun 53.3, 54-cü və 189-cu maddələrinə istinad olunaraq imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək iddiaçıların birgə nikahından olan 12 mart 2025-ci il təvəllüdlü X1 dəyişdirilərək “Rəhimli” kimi qeydə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 02 mart 2022-ci il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin mart ayının 02 günündə 667№ ilə qeyd edilmişdir. Birgə nikahdan 1 övladları var: 12 mart 2025-ci il təvəllüdlü X5. Övladının soyadının dəyişdirilməsi ilə bağlı müraciət etməkdə məqsədi, ailəsi üçün dərin mənəvi dəyərə malik olan babasının adının yaşadılması və davam etdirilməsidir. Babaya olan böyük hörmət, ailə köklərinin qorunması və mənəvi bağlılıq səbəbilə övladının soyadının "Rəhimli" olaraq dəyişdirilməsini xahiş etmişdirlər. Bu dəyişiklik, ailə birliyinin və ənənələrinin davamı baxımından olduqca vacibdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-6653/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaq hazırda valideynlərinin “Qarayeva” soyadını daşıyır ki, qeyd edilən soyad uşağın mənafeyinə xələl gətirə biləcək və ya gülünc səslənən soyad olmamaqla, emosional və mənəvi baxımdan heç bir mənfi təsir yaratmır. İddiaçılar tərəfindən uşaqlarının soyadını dəyişdirməyə sövq edən tutarlı səbəblər barədə hər hansı hallar qeyd edilməmiş və uşaq üçün real məhrumiyyətlər yaratması halına istinad edilməmişdir Qərardan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra – konsulluq idarəsi) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. 1.2. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan Respublikası vətəndaşlarının, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.
4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.
6. Adın, ata adının və v soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi uşağın soyadının dəyişdirilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. İddiaçılar qızlarının soyadının dəyişməsi səbəbini ailəsi üçün dərin mənəvi dəyərə malik olan babasının adının yaşadılması və davam etdirilməsi ilə əsaslandırırlar. Göründüyü kimi, iddiaçıların təqdim etdiyi səbəblər simvolik və emosional motivasiyalara əsalanır. Onun hər hansı real, ciddi və əsaslandırılmış məhrumiyyətlər və çətinliklər ilə qarşılaşdığı görünmür. Soyadın bu şəkildə dəyişdirilməsi üsulu, yəni hər kəsin soyadını ehtiram göstərdiyi yaxın qohumuna dəyişdirməsi imkanı ailə mənsubiyyətinin müəyyənləşdirilməsində qeyri-müəyyənlik yaradır, ictimai maraqlarla uyğunlaşmır və dövlət qurumları üçün əlavə çətinlik və yükdür. Əhalinin qeydiyyat sisteminə xələl gətirən üsulla soyadın dəyişdirilməsinin sadəcə emosional bağlılıqla əsaslandırılması ciddi səbəb sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2025ci il tarixli 2-1(102)1414/2025 saylı qərarına əsasən: “(...) Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir. Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır. Həmçinin, adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır. (...) Belə ki, soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyri-müəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır. Məhkəmə Kollegiyası bir daha təkrarlayır ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir soyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.” Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuş, apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli 2-1(118)-6653/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.