Məhkəmə qərarları › İş №2-1(3-8)-1181/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1181/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1181/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Quba rayon Vəlvələ Bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə ona satılmış 0.20 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Quba rayon Vəlvələ Bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə ona satılmış 0.20 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu Vəl-vələ Bələdiyyəsinin ##.##.2002-ci tarixli ** saylı qərarı ilə Quba rayon Vəl-vələ kəndi ərazisindən 0.20 ha kənd təsərrüfatına az yararlı torpaq sahəsi satılması qərara almış və ##.##.2002-ci il tarixli alqısatqı müqaviləsinə əsasən torpağın pulunu ödəyərək satın almış və torpaq sahəsi həmin vaxtdan onun sahibliyindədir. İddiaçı qeyd olunan torpaq sahəsinə mülkiyyəti təsdiq edən çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat ##.##.2024-cü il tarixli məktubu ilə çıxarışın verilməsinə imtina etmişdir, ona görə də pozulmuş hüquqlarımı bərpa etmək üçün hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vəlvələ kənd Bələdiyyəsinin ##.##.2002-ci il tarixli Qərarından aşkar olur ki, həmin qərarla iddiaçıya Quba rayon Vəlvələ kənd ərazisindən 0.20 ha torpaq sahəsi satılmışdır. İddia ərizəsinə əlavə edilmiş JN:123 KOD ******** nömrəli Dövlət Aktından aşkar olur ki, Quba rayon Vəlvələ kəndi ərazisindən 0.20 ha torpaq sahəsi satılmışdır. İddia ərizəsinə əlavə edilmiş cavabdeh təşkilatın ##.##.2024-cü il tarixli məktubundan aşkar olur ki, çıxarışın verilməsinə etiraz etmirlər. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, İddiaçı Quba rayonu, Vəlvələ kəndində yerləşən JN:*** saylı “Torpağa mülkiyyət verilməsinə dair” Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.20 ha sahibkarlıq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı Quba “ASAN Xidmət” Mərkəzindən daxil olmuş ********** qeydiyyat nömrəli ərizə ilə Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, həmçinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda həyata keçirilir. Sənədlərin araşdırılması zamanı mülkiyyətinizə verilmiş 0,20 ha sahibkarlıq məqsədli torpaq sahəsinə dair JN: *** saylı “Torpağa mülkiyyət verilməsinə dair” Dövlət aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş Şəhadətnamələrin və Dövlət Aktlarının qeydiyyat kitablarından qeydiyyatdan keçmədiyi, arxiv nüsxəsinin və elektron kadastr baza məlumatlarının mövcud olmadığı, X3 uçotu informasiya sistemində isə kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aid olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin Quba rayonu Vəlvələ Bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə ona satıldığını, torpağın satış qiymətini ##.##.2002-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə Bələdiyyənin ABB-nin Quba rayon filialındakı ****** saylı hesabına ödədiyini, həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdiri, Bələdiyyənin nümayəndəsi-sədri və iddiaçının iştirakı ilə ##.##.2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktın tərtib edildiyini və həmin aktın Quba rayon Torpaq Şöbəsində qeydiyyata alındığını bildirmişdir. Şikayətə görə, iddiaçı qanunvericiliyin tələb etdiyi prosedurlara əməl etmiş və torpağın dəyərini ödəmişdir; dövlət və ya yerli özünüidarəetmə orqanlarının sənədləşmə zamanı yol verdikləri çatışmazlıqlar onun əldə etdiyi mülkiyyət hüququnu aradan qaldırmamalıdır. İddiaçı bu mövqeyini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 139.1 və 139.3-cü, Torpaq Məcəlləsinin 66, 67 və 84-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 8.0.1-ci, “İnzibati icraat haqqında” Qanunun 11 və 19.1-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişlər (İddiaçının birinci instnsiya məhkəməsində təmsil etmiş vəkili məhkəmə iclasının təxirə salınması ilə bağlı elektron ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya məhkəməsi üçün order təqdim etməmişdir.). Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı İddiaçı Quba rayonu Vəlvələ Bələdiyyəsinin guya ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə ona satılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və reyestrdən çıxarışın verilməsini tələb edir. İddiaçı tələbini əsaslandırarkən JN-123 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na, torpaq sahəsinin satış qiymətinin ödənilməsinə dair qəbzə, habelə ##.##.2004-cü il tarixli torpaqların alqı-satqısına dair akta istinad edir. Cavabdeh inzibati orqan isə qeydiyyatdan imtina edərkən JN-123 KOD ******** nömrəli Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş şəhadətnamə və dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığını, həmin sənədin arxiv nüsxəsinin və onun verilməsinə dair elektron kadastr baza məlumatlarının mövcud olmadığını, eyni zamanda mübahisəli sahənin X3 Uçotu İnformasiya Sistemində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mahiyyət etibarilə belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi qeydiyyatın aparılması üçün mülkiyyət hüququnun qanuni əsasla yarandığını təsdiq edən mötəbər hüquqmüəyyənedici sənədlər mövcud deyildir, təqdim olunmuş sənədlərlə rəsmi kadastr və qeydiyyat məlumatları arasında ziddiyyət vardır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən əldə edilmiş əlavə sübutlar həmin nəticənin əsaslı olduğunu daha aydın şəkildə təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilibedilməməsini də nəzərə almalıdır. Kollegiya xüsusilə vurğulayır ki, 2006-cı il ####un #-dək verilmiş dövlət aktının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi baxımından qeydiyyat üçün əsas kimi qəbul edilməsi üçün həmin aktın səlahiyyətli orqan tərəfindən həqiqətən verildiyi, hüququn ilkin yaranmasına dair qanuni əsasa söykəndiyi və onun hüquqi mənşəyinin rəsmi arxiv və qeydiyyat məlumatları ilə təsdiqləndiyi müəyyən edilməlidir. Dövlət aktının kağız daşıyıcıda təqdim olunması, onun verilmə əsası və hüquqi mənşəyi rəsmi məlumatlarla təsdiqlənmədiyi halda, özlüyündə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət hesab edilə bilməz. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Cavabdeh tabeliyində “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində İddiaçı adına verilmiş JN-123 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi, habelə həmin Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlər, o cümlədən Quba rayonu Vəlvələ Bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** saylı qərarı aşkar edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası X2 filialının ##.##.2026-cı il tarixli cavabından müəyyən edilir ki, Vəlvələ Bələdiyyəsinin 2002-ci il üzrə ** saylı iclas protokolu ##.##.2002-ci il tarixində tərtib edilmiş, arxivdə ##.##.2002-ci il tarixli iclas protokolu isə aşkar edilməmişdir. Arxiv tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2002-ci il tarixli ** saylı protokolun məzmununda da İddiaçı 0,20 ha torpaq sahəsinin satılması barədə hər hansı qərar mövcud deyildir. Beləliklə, iddiaçının hüququnun yaranmasının əsasını təşkil etdiyi bildirilən ##.##.2002-ci il tarixli, ** saylı bələdiyyə qərarı rəsmi arxiv sənədləri ilə təsdiqlənmir. Daha mühüm hal ondan ibarətdir ki, qərarın qəbul edildiyi iddia olunan Quba rayonu Vəlvələ Bələdiyyəsinin özü ##.##.2026-cı il tarixli cavabında birmənalı şəkildə bildirmişdir ki, Bələdiyyənin ##.##.2002-ci il tarixli, ** saylı qərarı ilə Vəlvələ kəndi ərazisindən 0,20 ha kənd təsərrüfatına az yararlı torpaq sahəsi İddiaçı satılmamış və bununla bağlı X2 filialına hər hansı sənəd təqdim edilməmişdir. Kollegiya hesab edir ki, bu məlumat sadəcə sənədin arxivdə tapılmaması halı deyil, hüququ yaradan aktın mövcudluğunun həmin aktı qəbul etdiyi iddia olunan orqan tərəfindən birbaşa təkzib edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, xxxxnin arxiv məlumatı, X2 filialının cavabı və Vəlvələ Bələdiyyəsinin rəsmi məlumatı birlikdə qiymətləndirildikdə eyni hüquqi nəticəyə, yəni iddiaçının 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin yaranmasını təsdiq edən, səlahiyyətli orqandan qaynaqlanan və rəsmi arxiv materialları ilə təsdiqlənən hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamasına gətirib çıxarır. Hazırkı halda əsas mübahisəli məqam hüququn yaranmasına əsas olduğu göstərilən ilkin inzibati aktın özünün mövcudluğunun təsdiq edilməməsindən gedir. Bu baxımdan, iddiaçının təqdim etdiyi JN-123 KOD ******** nömrəli Dövlət Aktı ayrıca və müstəqil şəkildə mülkiyyət hüququ yaradan sənəd kimi qəbul edilə bilməz. Dövlət Aktı hüququn ilkin yaranma əsasını əvəz etmir. Bir sözlə, həmin akt mövcud və qanuni əsasla yaranmış hüququ rəsmiləşdirən sənəd xarakteri daşıyır. Həmin aktın verilməsinə əsas olmuş bələdiyyə qərarı mövcud deyilsə, arxiv nüsxəsi və tərtibinə əsas olmuş sənədlər aşkar edilmirsə, belə sənədə istinad etməklə dövlət qeydiyyatının aparılması faktiki olaraq əvvəlcədən yaranması sübuta yetirilməmiş bir hüququn qeydiyyat yolu ilə yaradılması nəticəsinə gətirərdi ki, bu da dövlət qeydiyyatının hüquqi mahiyyətinə uyğun deyildir. İddiaçının torpağın satış qiymətini ödədiyini göstərən qəbzə və ##.##.2004-cü il tarixli torpaqların alqı-satqısına dair akta istinadı da nəticəni dəyişmir. Pul vəsaitinin ödənilməsini təsdiq edən qəbz konkret torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanuni qaydada yarandığını təsdiq edən müstəqil hüquqmüəyyənedici sənəd deyildir. Eyni qaydada, sonradan tərtib edilmiş akt da mövcud olmayan və ya qəbul edilməsi rəsmi mənbələrlə təsdiqlənməyən ilkin bələdiyyə qərarını əvəz edə bilməz. Hüququn yaranmasının ilkin hüquqi əsası mövcud olmadıqda, sonrakı rəsmiləşdirmə xarakterli sənədlər həmin çatışmazlığı aradan qaldırmır. Apellyasiya şikayətində dövlət və ya yerli özünüidarəetmə orqanlarının prosedur qaydalarına əməl etməməsinin alıcıya mənfi nəticə yaratmamalı olduğu göstərilsə də, məhkəmə kollegiyası bu dəlili hazırkı işə tətbiq edilə bilən hesab etmir. Belə yanaşma yalnız şəxsin əmlak hüququnu qanuni əsasla əldə etməsi müəyyən edildikdən sonra, həmin hüququn rəsmiləşdirilməsi zamanı yol verilmiş formal və ya texniki qüsurlara münasibətdə əhəmiyyət kəsb edə bilər. Hazırkı işdə isə mübahisə formal çatışmazlıqla deyil, hüququn yaranmasını təmin edən ilkin hüquqmüəyyənedici aktın ümumiyyətlə mövcud olmaması ilə bağlıdır. İddiaçının “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan mötəbərlik prezumpsiyasına istinadı da fərqli nəticəyə əsas vermir. Həmin prezumpsiya təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığının əks sübutlarla müəyyən edilmədiyi hallara aiddir. Hazırkı işdə isə rəsmi arxiv məlumatları, həmin qərarı qəbul etdiyi iddia olunan bələdiyyənin cavabı və dövlət aktının verilməsinə əsas olmuş sənədlərin arxivdə aşkar edilməməsi təqdim edilən sənədlərin hüquqi mənşəyi və məzmunu barədə ciddi və konkret ziddiyyətləri ortaya qoymuşdur. Buna görə də qeydiyyat orqanının və məhkəmənin rəsmi mənbələri yoxlaması əlavə formal sənəd tələb edilməsi deyil, hüququn həqiqətən yaranıbyaranmadığının müəyyən edilməsinə yönəlmiş zəruri araşdırmadır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı və mülkiyyət hüququnun müdafiəsi prinsipləri şəxsin qanuni əsasla əldə etdiyi mövcud mülkiyyət hüququnun qorunmasına xidmət edir. Həmin normalar özlüyündə konkret daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranma əsası deyildir. Buna görə də konstitusion təminatlara istinad edilməzdən əvvəl iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanunla nəzərdə tutulmuş qaydada əldə etdiyi müəyyən edilməlidir ki, hazırkı işdə belə hal sübuta yetirilməmişdir. Bununla yanaşı, * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli 0,20 ha torpaq sahəsi TEKUİS məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Rəydə uqodiyanın “tikinti”, mülkiyyət növünün isə “xüsusi” kimi göstərilməsi torpaq sahəsinin qanunla müəyyən edilən kateqoriyasının kənd təsərrüfatı təyinatlı olması faktını aradan qaldırmır. İş materiallarında həmin torpaq sahəsinin kateqoriyasının və ya məqsədli təyinatının qanunla müəyyən edilmiş qaydada dəyişdirilməsinə dair hər hansı səlahiyyətli orqan aktı da mövcud deyildir. Kollegiya bu xüsusatı ona görə əhəmiyyətli hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərdə torpaq sahəsinin “sahibkarlıq” məqsədli və ya tikinti ilə əlaqəli istifadə üçün rəsmiləşdirildiyi təəssüratı yarandığı halda, rəsmi kadastr məlumatlarında sahə kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilir. Kadastr məlumatında uqodiyanın “tikinti” kimi qeyd olunması torpaq sahəsinin hüquqi kateqoriyasının dəyişdirilməsi barədə səlahiyyətli orqanın qərarını əvəz etmir. Bu ziddiyyət də iddiaçının istinad etdiyi sənədlərin hüquqi əsaslarının rəsmi məlumatlarla uzlaşmadığını göstərən əlavə haldır. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, mübahisəli sahənin faktiki ölçüsünün 0,20 ha olması, onun yerinin naturada müəyyənləşdirilməsi və ya başqa şəxslərin torpaq sahələri ilə tam və ya qismən üst-üstə düşməməsi özlüyündə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu yaratmır. Daşınmaz əmlakın faktiki mövcudluğu ilə həmin əmlak üzərində subyektiv əşya hüququnun qanuni əsasla yaranması ayrı-ayrı hüquqi məsələlərdir. Hazırkı mübahisədə həlledici olan məhz ikinci məsələ - iddiaçının mülkiyyət hüququnun hansı hüquqmüəyyənedici sənəd əsasında yarandığının sübuta yetirilibyetirilməməsidir. Beləliklə, iş materiallarında iddiaçıya 0,20 ha torpaq sahəsinin satılmasını təsdiq edən ##.##.2002-ci il tarixli, ** saylı bələdiyyə qərarı yoxdur. Həmin tarixli və nömrəli protokol Dövlət Arxivində aşkar edilməmişdir. Arxivdə olan ** saylı protokol ##.##.2002-ci il tarixlidir və onun məzmununda iddiaçıya belə torpaq sahəsinin satılması barədə qərar mövcud deyildi. Vəlvələ Bələdiyyəsinin özü belə satışın həyata keçirilmədiyini bildirir. JN-*** nömrəli Dövlət Aktının arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər də aşkar edilməmişdir. Bu sübutlar məcmusu göstərir ki, hazırkı işdə mülkiyyət hüququnun ilkin yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd ümumiyyətlə mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin və başqasına keçməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Deməli, qeydiyyat mövcud olan və qanuni əsasla yaranmış hüququ tanıyır və təsdiq edir, hüquqi əsası olmayan mülkiyyət hüququnu ilkin olaraq yaratmır. Həmin Qanunun 8.0.1-ci maddəsi də bələdiyyə əmlakının özgəninkiləşdirilməsinə dair yalnız qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş aktı qeydiyyat əsası kimi nəzərdə tutur. Hazırkı işdə isə belə aktın mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin üzərinə qeydiyyat aparmaq öhdəliyinin qoyulması üçün hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən ödənişin edilməsi, sonradan aktın tərtib olunması, mülkiyyət hüququnun konstitusion müdafiəsi və təqdim edilmiş sənədlərin mötəbərliyi barədə dəlillər apellyasiya baxışı zamanı əldə edilmiş rəsmi sübutların məcmusunu təkzib etmir. Əksinə, həmin sübutlar iddiaçının istinad etdiyi sənədlərin hüquqi mənşəyinin təsdiqlənmədiyini, mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu və onun üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına dair etibarlı hüquqmüəyyənedici əsasın olmadığını göstərir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxıanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar