Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1182/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin cavabdeh Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:
1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X2 Idarəsi Qeydiyyat-Imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “X1” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdən cavabdeh Cavabdeh MMC-nin adına qeydiyyatdadır.
2. Iddiaçı Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ## ###### 2024cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə cavabdeh cəmiyyətə 29.316,32 manat əlavə dəyər vergisi, ## ######## 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarı ilə isə 2023-cü il üzrə 14.182,67 manat mənfəət vergisi hesablanmışdır.
3. Vergi orqanının məlumatlarına əsasən cəmiyyətin dövlət büdcəsinə vergi borcunun ödənilməsi məqsədilə ## ### 2025-ci il tarixdə borc bildirişi göndərilmiş, həmin bildiriş ## ### 2025-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur.
4. Vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə iddiaçı * saylı Ərazi Vergilər Baş Idarəsinin ## #### 2025-ci il tarixli, *********** nömrəli qərarı ilə cavabdeh cəmiyyətin əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərar əsasında qəbul edilmiş ## #### 2025-ci il tarixli protokola əsasən cavabdeh cəmiyyətin ## #### 2025-ci il tarixə 51.876,66 manat borcuna görə 46.000 manat dəyərində bir ədəd “X1” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili siyahıya alınmışdır.
5. Cavabdeh MMC ## ###### 2024-cü il və ## ######## 2024-cü il tarixli vergi hesablanması barədə qərarları ayrıca inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə həmin iddia təmin edilmiş, hər iki hesablama qərarının ləğv edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə * saylı Ərazi Vergilər Baş Idarəsinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi olduğundan mümkün sayılmamışdır.
6. Iddiaçı * saylı Ərazi Vergilər Baş Idarəsi cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin dövlət büdcəsinə ödənilməmiş 15.274,76 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 46.000 manat dəyərində siyahıya alınmış bir ədəd “X1” markalı avtomobilin Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
7. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyindən dövlət büdcəsinə borc yaranmış, borcun ödənilməsi barədə bildirişə baxmayaraq ödəniş edilməmiş, bu səbəbdən, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cavabdehin əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra qanunda nəzərdə tutulan müddətdə borc tam ödənilmədiyindən, onun satılması üçün məhkəməyə müraciət olunmuşdur.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, borcun yaranmasına əsas olmuş ## ###### 2024-cü il və ## ######## 2024-cü il tarixli hesablama qərarları Sumqayıt Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Cavabdeh, həmçinin, 46.000 manat dəyərində avtomobilin 15.274,76 manat qalıq borca münasibətdə qeyri-mütənasib olduğunu, əmlakın dəyərinin hansı qiymətləndirmə meyarı ilə müəyyən edilməsinin sübut olunmadığını və məhkəmə tərəfindən qərar qəbul edilən anda mövcud olan dəqiq borc məbləğinin müəyyənləşdirilməli olduğunu göstərmişdir.
9. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 15.274,76 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 46.000 manat dəyərində siyahıya alınmış bir ədəd “X1” markalı avtomobilin Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borc çıxıldıqdan sonra qalan vəsaitin Cəmiyyətə qaytarılması qərara alınmışdır (hakim Leyla Mirzəyeva).
10. Birinci instansiya məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixə qeyd olunan dövlət büdcəsinə borc ödənilmədiyi üçün ## #### 2025-ci il tarixli protokol əsasında siyahıya alınmış ona məxsus əmlakın satılması ilə əlaqədar verilmiş iddia tələbi həmin əmlakın satılması hissəsində əsaslıdır. Vergi qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh cəmiyyətin vergi borcu tam olaraq silinməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qərarı əsasında cəmiyyətə məxsus əmlakların satılmasına dair iddia təmin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək hazırda cavabdeh MMC-nin vergi orqanına borcunun olmadığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. IPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1-ci bəndinə əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1-ci və 6.2-ci bəndlərinə görə iddianın mümkünlüyü baxımından iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.8-ci bəndinə görə dövlət və bələdiyyə orqanları yalnız qanunla onlara səlahiyyət verildiyi hallarda inzibati işlərdə iddiaçı qismində çıxış edə bilərlər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
18. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
20. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslılığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
21. Hazırkı iddianın məzmunu cavabdehin dövlət büdcəsinə ödənilməmiş 15.274,76 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 46.000 manat dəyərində siyahıya alınmış avtomobilin satışına dair qərar qəbul edilməsidir.
22. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan 90.1-ci maddəsinin məzmununa görə siyahıya alınmış əmlakın satılması özlüyündə müstəqil məqsəd deyil, mövcud vergi borcunun icrasına xidmət edən təminat və məcburi icra xarakterli vasitədir. Həmin norma vergi orqanının bu kateqoriya iddianı qaldırmaq səlahiyyətinin xüsusi normativ əsasını təşkil edir. Lakin belə səlahiyyətin mövcudluğu konkret işdə aktual hüquqi müdafiə marağının ayrıca yoxlanılmasını istisna etmir. Vergi borcunun mövcudluğu satış tələbinin maddi-hüquqi şərtidir. Bununla yanaşı, icraatın gedişində satışın yönəldilə biləcəyi vergi borcu tam aradan qalxdıqda, tələb təmin edilsə belə, məhkəmə qərarı iddiaçını Vergi Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulan nəticəyə çatdıra bilmir. Bu halda konkret satış tələbi üzrə aktual hüquqi müdafiə ehtiyacı da aradan qalxır.
23. Iş materiallarından görünür ki, hazırkı iddiada satış yolu ilə ödənilməsi tələb edilən borcun əsasını cavabdeh MMC barəsində qəbul edilmiş ## ###### 2024-cü il və ## ######## 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları təşkil etmişdir. Həmin qərarlar isə Sumqayıt Inzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir.
24. Xüsusilə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin öz sorğusuna cavab olaraq iddiaçı * saylı Ərazi Vergilər Baş Idarəsi ## ### 2026-cı il tarixli məktubunda cavabdehin şəxsi hesab vərəqəsində 62.999,51 manat borc göründüyünü bildirməklə yanaşı, həmin borcun tətbiq edilmiş faizlərlə birlikdə məhz məhkəmə qaydasında ləğv edilmiş ## ###### 2024-cü il və ## ######## 2024-cü il tarixli qərarlarla əlaqəli olduğunu qeyd etmişdir.
25. Belə bir məlumat mövcud olduğu halda, birinci instansiya məhkəməsi sadəcə şəxsi hesabda müəyyən məbləğin əks olunmasını vergi borcunun hüquqi baxımdan mövcudluğu ilə eyniləşdirməməli, ləğv edilmiş hesablama qərarlarının hüquqi nəticələrini və qərar qəbul etdiyi ## #### 2026-cı il tarixə hüquqi baxımdan mövcud və icra edilə bilən konkret borcun olubolmadığını ayrıca müəyyən etməli idi.
26. Belə ki, qeyd olunan yanaşma vergi orqanlarının iddiaçı qismində çıxış etdiyi siyahıya alınmış əmlakın satılması tələbinə dair işlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının bu kateqoriya işlər üzrə müvafiq qərarlarında (2-1(102)-2442/2024, 2- 1(102)-1028/2025 və *-*(***)-****/**** nömrəli və s.) formalaşdırılmış məhkəmə təcrübəsindən irəli gəlir. Bu hüquqi mövqeyə görə məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da qəbul edə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə, maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. Ilk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə, onun vicdanlı hesab edilməsinin mümkünlüyü; satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.
27. Işə baxan birinci instansiya məhkəməsi isə məhz məhkəmə qərarının qəbul edildiyi tarixdə cavabdehin mövcud olan dəqiq borc məbləğini müəyyən etməmiş, borcun mövcud olubolmaması ilə bağlı ziddiyyətləri aradan qaldırmadan ## ### 2026-cı il tarixli məlumatda əks olunan borca əsaslanaraq iddianı təmin etmişdir.
28. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərarında cavabdehin iddia tələbinə münasibət bildirmədiyi qeyd edilmişdir. Halbuki iş materiallarında cavabdehin ## ####### 2025-ci il tarixli elektron imzalı geniş yazılı etirazı mövcuddur. Həmin etirazda məhz borcun əsasını təşkil edən qərarların ləğv edilməsi, qərar qəbul edilən anda real borcun dəqiq müəyyən olunmasının zəruriliyi və siyahıya alınmış əmlakın satılmasına maddi-hüquqi əsasın olmaması barədə konkret dəlillər irəli sürülmüşdür. Bu dəlillərin qərarda qiymətləndirilməməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmadığını göstərir.
29. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdehin hazırkı vergi borcunun mövcud olub-olmaması ilə bağlı araşdırma aparılmış, bununla bağlı vergi orqanına əlavə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq iddiaçı vergi orqanı ## ###### 2026-cı il tarixli müvafiq məktubunda cavabdeh MMC-nin vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən borcunun olmadığını, həmçinin, onun barəsində qəbul edilmiş Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının icrasının təmin edildiyini bildirmişdir.
30. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında cəmiyyət tərəfindən vergi orqanına ödənilməli olan vergi borclarının olmadığını bildirmişdir.
31. Göründüyü kimi apellyasiya məhkəməsinin hazırkı qərardadı qəbul etdiyi anda cavabdeh MMC-nin hər hansı vergi borcu mövcud deyildir. Bu halda iddia təmin olunsa belə, siyahıya alınmış əmlakın satışından əldə ediləcək vəsaitin yönəldilə biləcəyi mövcud vergi borcu olmadığından iddiaçının çatmaq istədiyi qanuni məqsədə həmin iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil.
32. Kollegiya vurğulayır ki, bu nəticə iddianın verildiyi tarixdə və ya əmlakın siyahıya alındığı tarixdə vergi borcunun heç vaxt mövcud olmaması barədə mahiyyəti üzrə yeni nəticə kimi başa düşülməməlidir. Vergi borcunun iddianın verildiyi vaxtda mövcud olub-olmaması Vergi Məcəlləsinin 90.1-ci maddəsi üzrə tələbin maddi-hüquqi əsaslılığına aid məsələdir. Hazırkı mərhələdə isə fərqli olaraq, apellyasiya baxışı zamanı müəyyən edilmiş sonrakı hüquqi və faktiki vəziyyət - borcun tam aradan qalxması - iddianın təmin edilməsinin artıq iddiaçı üçün həmin normada nəzərdə tutulan hüquqi nəticəni yarada bilməməsinə səbəb olmuşdur.
33. Odur ki, hazırkı qiymətləndirmə iddianın mümkünlük şərtlərinin məhkəmə icraatının bütün mərhələlərində və məhkəmə aktı qəbul edilən anda mövcud olmasının zəruriliyindən irəli gəlir. Apellyasiya baxışı zamanı müəyyən edilmiş mövcud hüquqi və faktiki vəziyyətə görə satış tələbi artıq aktual hüquqi müdafiə ehtiyacına cavab vermir. Hüquqi müdafiə marağının funksional məzmunu da məhz bunu tələb edir: məhkəmə qərarı iddiaçının konkret hüquqi məqsədinə real təsir göstərə bilməlidir.
34. Bu baxımdan, borcun hazırda olmaması hazırkı mərhələdə ilk növbədə iddiaçının konkret tələblə məhkəmə müdafiəsinə aktual ehtiyacının qalıb-qalmaması məsələsini doğurur. Bu mümkünlük şərti ödənilmədiyindən tələbin digər maddi-hüquqi şərtlərinə mahiyyəti üzrə ayrıca qiymət verilməsinə keçilməsi yolverilən deyildir.
35. Ali Məhkəmə Plenumunun * nömrəli qərarının 6.1, 6.2, 8.5 və 8.6-cı bəndlərində ifadə olunmuş hüquqi mövqelərə görə belə halda iddia rədd edilməməli, mümkün sayılmamalıdır.
36. Həmçinin, cavabdeh apellyasiya şikayətində 46.000 manat dəyərində avtomobilin 15.274,76 manat qalıq borca münasibətdə qeyri-mütənasib olması və əmlakın qiymətinin sübut olunmaması barədə dəlillər irəli sürmüşdür. Lakin hazırkı mərhələdə iddia üzrə aktual hüquqi müdafiə marağının aradan qalxdığı müəyyən edildiyindən, iddianın maddi-hüquqi əsaslılığına aid həmin dəlillərin ayrıca mahiyyəti üzrə həll edilməsinə ehtiyac yoxdur.
37. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddiaçının aktual hüquqi müdafiə marağının davam edib-etmədiyini tam yoxlamadan işə mahiyyəti üzrə baxmış və iddianı təmin etmişdir. Apellyasiya instansiyasında əldə edilmiş əlavə sübut əsasında isə hazırda cavabdehin vergi borcunun olmadığı müəyyən edildiyindən iddiaçının siyahıya alınmış əmlakın satılması barədə tələb üzrə aktual hüquqi marağı mövcud deyil.
38. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.