Məhkəmə qərarları › İş №2-1(3-8)-1198/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1198/2026

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1198/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraicət edərək “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1987-ci il tarixdə anadan olmuşdur. Üçüncü dərəcəli əlildir və əlillik səbəbi olaraq Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi əlaqədar göstərilmişdir. Qeyd edilir ki, mənzil növbəsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş, III qrup vətən müharibəsi əlili kimi Abşeron Rayon İcra hakimiyyətinə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq Abşeron rayonunda mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürüldüyü bildirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Üçüncü dərəcə əlilliyi vardır. Əlillik səbəbi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları nəticəsində aldığı zədələnmələr ilə bağlı olmuşdur. Hesab edilir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddiaçının tələbi onun Abşeron rayonunda 5 (beş) il daimi pasport qeydiyyatı olmadığından təmin olunmamışdır. "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının ## #### 2009-cu il tarixli ***-IIIQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon İcra hakimiyyətində o halda mənzil uçotuna götürülürlər. ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. İstər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2023-cü il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**/*-Q-***/*-***/*/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, XDS İcraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən "yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon İcra hakimiyyətində o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Rgional Təhsil Sektoru Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçının övladları-X2 Ləman Namik qızı və X1 qəsəbə tam orta ümumtəhsil məktəbində təhsil alırlar. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Şəfəq Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin ##.##.2026-cı il tarixli, *** nömrəli ailə tərkibi haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı ailəsi -X7, X1, X3 və X2 ilə birlikdə ##.##.2024-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış19.03.2026-cı il tarixli məktuba Tovuz rayon İcra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilir ki, ##.##.1987-ci il təvəllüdlü İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixədək Tovuz rayonu, Düz Qırıqlı kəndində, ##.##.2025-ci il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Qəşəm Məmmədli). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, hərbi xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş, üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. Vaxtilə Tovuz rayonunda yaşayış yeri üzrə qeydiyyatda olduğuna görə Tovuz Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2024-cü il tarixli sərəncamı ilə mənzil uçotuna götürülmüşdür. Sonradan ailə vəziyyəti və səhhəti ilə əlaqədar daha yaxşı müalicə imkanlarından istifadə etmək məqsədilə yaşayış yerini Abşeron rayonuna dəyişmiş və həmin rayonda daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq Tovuz Rayon İcra Hakimiyyətində mövcud olan mənzil uçotunun Abşeron Rayon İcra Hakimiyyətində davam etdirilməsi, başqa sözlə, mənzil uçotunun Tovuz rayonundan Abşeron rayonuna köçürülməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciətinə Abşeron rayonu ərazisində beş il müddətində qeydiyyatda olmaması əsası ilə imtina cavabı verilmişdir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdirBirinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Belə ki, onun artıq Tovuz Rayon İcra Hakimiyyətində mənzil uçotunda olması faktına lazımi hüquqi qiymət verilməmişdir. Halbuki iddiaçının tələbi Abşeron rayonunda ilk dəfə mənzil uçotuna götürülməsi deyil, Tovuz Rayon İcra Hakimiyyətində mövcud olan mənzil uçotunun Abşeron Rayon İcra Hakimiyyətinə köçürülərək həmin orqanda davam etdirilməsi olmuşdur. İddiaçı həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, həmin normaya əsasən sədrlik edən hakim formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, natamam faktiki məlumatların tamamlanmasına, habelə işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən izahatların təqdim edilməsinə yardım etməlidir. Lakin birinci instansiya məhkəməsi bu prosessual vəzifəni yerinə yetirməmiş, iddia tələbinin mahiyyətinin dəqiqləşdirilməsinə yardım göstərmədən iş üzrə qərar qəbul etmişdir. İddiaçının fikrincə, məhkəmə ona müvafiq izah verməli və tələbinin “mənzil uçotuna götürülmə” deyil, “Tovuz Rayon İcra Hakimiyyətində mövcud olan mənzil uçotunun Abşeron Rayon İcra Hakimiyyətinə köçürülməsi və həmin orqanda davam etdirilməsi” kimi dəqiqləşdirilməsini təmin etməli idi. Bundan başqa, iddiaçı göstərmişdir ki, onun iki qızı və bir oğlu vardır, uşaqları məktəb yaşındadır və hazırda Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən tam orta ümumtəhsil məktəbində təhsil alırlar. İddiaçı ailəsi ilə birlikdə faktiki olaraq Şəfəq qəsəbəsində yaşayır, özü isə ## ##### 2025-ci il tarixdən ünvan 3 ünvanında daimi yaşayış yeri üzrə qeydiyyatdadır. Buna görə də hazırda onun Tovuz rayonu ilə faktiki yaşayış və ailə-məişət əlaqələrinin qalmadığı, daimi yaşayış yerinin və ailəsinin həyat mərkəzinin Abşeron rayonuna keçdiyi apellyasiya şikayətində vurğulanmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. (-) Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.[1] Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ikinci qrup Vətən müharibəsi əlili olmaqla, mənzil növbəsinin rəsmi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçının hüquqi marağı Abşeron rayonunda mənzil uçotuna götürülməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizə əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin normanın məzmunundan görünür ki, mənzil uçotu yaşayış yeri üzrə aparılır və şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə səlahiyyətli orqanda uçotun aparılması üçün həmin ərazi üzrə müəyyən edilmiş hüquqi şərtlərin mövcudluğu ayrıca qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixədək Tovuz rayonu, Düz Qırıqlı kəndində, ##.##.2025-ci il tarixdən isə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Şəfəq Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında iddiaçının ailəsi ilə birlikdə ##.##.2024-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatsız yaşadığı göstərilmişdir. İş materiallarından həmçinin iddiaçının üç övladının Abşeron rayonu ərazisində yerləşən ümumtəhsil məktəbində təhsil aldığı müəyyən olunur. İş materiallarında olan TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2023-cü il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hazırda qüvvədə olan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin ## ###### 1983cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon İcra Hakimiyyətində o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsun. Hazırkı işdə iddiaçının tələbi Abşeron rayonunda mənzil uçotuna götürülməsi olsa da, niyyəti Tovuz Rayon İcra Hakimiyyətində mövcud olan mənzil uçotunun Abşeron Rayon İcra Hakimiyyətində davam etdirilməsi ilə bağlıdır. Görünsüyü kimi iddiaçının ##.##.2025-ci il tarixdən Abşeron rayonunda daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu, faktiki yaşayışının isə ##.##.2024-cü il tarixdən başladığı nəzərə alındıqda, onun Abşeron rayonu üzrə müəyyən edilmiş azı beş il yaşamaq və daimi pasport qeydiyyatında olmaq şərtinə cavab vermədiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ailəsi ilə birlikdə Abşeron rayonunda faktiki yaşaması və övladlarının həmin ərazidə təhsil alması onun hazırkı yaşayış yerinin Abşeron rayonu ilə bağlılığını təsdiq etsə də, bu hallar özlüyündə Abşeron Rayon XDS İcraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə müəyyən edilmiş beş illik yaşayış və daimi qeydiyyat müddətinin tamamlanması kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin birinci abzasında deyilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Eyni zamanda Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq normaları yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsinin əsaslarını tənzimləmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı əvvəllər Tovuz rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və Tovuz Rayon İcra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı ilə mənzil uçotuna götürülmüşdür. Sonradan yaşayış yerini Abşeron rayonuna dəyişdirməsi ilə əlaqədar olaraq həmin uçotun Abşeron Rayon İcra Hakimiyyətində davam etdirilməsini istəmişdir. Kollegiya hesab edir ki, iddiaçının Tovuz Rayon İcra Hakimiyyətində mənzil uçotunda olması faktı onun yaşayış yerini dəyişdirdikdən sonra Abşeron rayonunda mənzil uçotunun aparılması üçün həmin ərazi üzrə müəyyən edilmiş şərtlərə cavab vermək zərurətini aradan qaldırmır. Başqa inzibati ərazi üzrə əvvəllər uçota alınma faktı Abşeron rayonu üçün müəyyən edilmiş beş illik yaşayış və daimi qeydiyyat şərtinin tamamlanmış hesab edilməsinə əsas vermir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı mənzil uçotuna götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə uçota almaqdan imtinaya yol verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə isə uçota alınmaqdan imtina haqqında qərar 53.1-ci maddədə nəzərdə tutulmuş hallara istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının Tovuz Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınması təsdiq edilmişdir. Bununla belə, hazırkı mübahisənin mövcud uçotun başqa inzibati ərazi vahidində davam etdirilməsi ilə bağlı olması Abşeron rayonu üzrə tətbiq edilən uçot şərtlərinin nəzərə alınmasını istisna etmir. İş materialları isə iddiaçının Abşeron rayonunda azı son beş il ərzində yaşaması və daimi pasport qeydiyyatında olması şərtinin mövcudluğunu təsdiq etmir. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının Tovuz Rayon İcra Hakimiyyətində mənzil uçotunda olması və hazırda ailəsi ilə Abşeron rayonunda yaşaması nəzərə alınmalı hallar olsa da, iş üzrə müəyyən edilmiş faktiki vəziyyətdə Abşeron rayonu üzrə tələb olunan beş illik yaşayış və daimi qeydiyyat şərti tamamlanmamışdır. Buna görə cavabdehin imtinasının qanunsuz olması və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən edilmir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar