Məhkəmə qərarları › İş №2-1(3-8)-1214/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1214/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1214/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraicət edərək “mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ikinci qrup vətən müharibəsi əlili kimi mənzil növbəsinə götürülməyi barədə köməklik göstərilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən müraciətinin icrasında imtina olunmuşdur. İddiaçı imtina cavabı ilə razı deyildir, belə ki, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məhəmməd Əsədov küçəsi ünvanında 1998-ci il tarixdən yaşayır, lakin yaşadığı evin sənədi olmadığından, 2025-ci ilin oktyabr ayından kürəkəninin evinə rəsmi qeydiyyata düşmüş və faktiki olaraq həmin ünvanda 27 ildir yaşayır. İddiaçı hesab edir ki, bu halda XDS İcraiyyə Komitəsinin 1983-cü il ## ###### tarixli qərarı iddiaçının mənzil növbəsinə götürülməsinə əsas yaradır. Lakin bu hallar cavabdeh tərəfindən nəzərə alınmamış və nəticədə onun əlilliyi olan şəxs kimi hüquqları pozulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 2009-cu il ## #### tarixli ***-IIIQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 1983-cü il ## ###### tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon İcra hakimiyyətində o halda mənzil uçotuna götürülürlər. ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. İstər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 2026-cı il ## ###### tarixli, **/*-**** nömrəli məktubundan görünür ki, İddiaçı Xəlil oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.Əsədov küçəsində qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin 2026-cı il ## ###### tarixli, *-**-*-**/*****/**** nömrəli məktubundan görünür ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında İddiaçı (arxiv əsaslarında təvəllüdü aşkar olunmamışdır) və ailə üzvlərinin (1 nəfər subyekt) ümumi birgə mülkiyyətində Qazax rayonu, Aslanbəyli kəndi ərazisində yerləşən JN:*** nömrəli, 1997-ci il ## ###### tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Könül Həbibova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 1983-cü il Qaydalarının 8-ci bəndini Mənzil Məcəlləsinin 51 və 53-cü maddələrinə zidd olduğu halda tətbiq etmiş, pasport qeydiyyatını faktiki yaşayışın yeganə sübutu kimi qəbul etmiş və onun 1998-ci ildən Abşeron rayonunda yaşaması barədə halları, o cümlədən qızının Xırdalan şəhərində məktəbdə təhsil almasına dair sübutu tam araşdırmamışdır. Həmçinin Mənzil Məcəlləsinin 52-ci maddəsinə aid məhkəmə təcrübəsinin işə aidiyyəti olmadan tətbiq edildiyini, cavabdehin irəli sürmədiyi hüquqi əsasların məhkəmə tərəfindən formalaşdırıldığını, işin faktiki hallarının tam və hərtərəfli müəyyən edilmədiyini bildirərək qərarın ləğvini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. (-) Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.[1] Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ikinci qrup Vətən müharibəsi əlili olmaqla, mənzil növbəsinin rəsmi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçının hüquqi marağı Abşeron rayonunda mənzil uçotuna götürülməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizə əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin normanın məzmunundan görünür ki, mənzil uçotu yaşayış yeri üzrə aparılır və şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə səlahiyyətli orqanda uçotun aparılması üçün həmin ərazi üzrə müəyyən edilmiş hüquqi şərtlərin mövcudluğu ayrıca qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2026-cı il tarixli, **/*-**** nömrəli məktubundan görünür ki, İddiaçı Xəlil oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.Əsədov küçəsində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Bununla yanaşı, elektron məhkəmə informasiya sistemində şəxsiyyət vəsiqəsinin verilmə tarixi ##.##.2025-ci il kimi göstərilmiş, bu hal iş materiallarına olan iddiaçının şəxsiyyət vəsiqəqsinin surətində olan məlumatlarla da təsdiq edilmiş, eyni zamanda iddiaçı həm birinci instansiya məhkəməsində, həmçinin apellyasiya baxış iclasında verdiyi izahatda həmin tarixdən etibarən Abşeron rayonunda qeydiyyatda olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhər V.Y.Musibov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, iddiaçının qızı X1 həmin məktəbin VIII sinfində təhsil alır. Məhkəmə kollegiyası qeyd edir ki, bu sənəd iddiaçının ailəsinin Abşeron rayonu ilə faktiki əlaqəsini göstərsə də, arayışda şagirdin həmin məktəbdə hansı tarixdən təhsil alması və iddiaçının Abşeron rayonunda hansı müddətdən yaşaması barədə məlumat olmadığından, həmin sənəd təkbaşına azı beş illik yaşayış müddətini təsdiq etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat” sənədindən görünür ki, İddiaçı Xəlil oğlu müddətsiz ikinci dərəcə əlilliyi olan şəxsdir və əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, gözdən əlil” kimi göstərilmişdir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon İcra Hakimiyyətində o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar; yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin Qaydaların Mənzil Məcəlləsinə zidd olması barədə dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının ## #### 2009-cu il tarixli, ***-IIIQ nömrəli Qanununun 5-ci maddəsi əvvəl qəbul edilmiş normativ hüquqi aktların Mənzil Məcəlləsinə zidd olmayan hissədə tətbiqini istisna etmir. Mənzil Məcəlləsinin 51.7-ci maddəsi də vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının ayrıca müəyyən edilməsini nəzərdə tutur. Kollegiya hesab edir ki, Qaydaların 8-ci bəndində nəzərdə tutulan azı beş il Abşeron rayonunda yaşama şərti Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əlavə, müstəqil imtina əsası kimi deyil, şəxsin mənzil uçotuna alınması hüququnun mövcudluğunun qiymətləndirilməsi zamanı nəzərə alınan şərt kimi tətbiq edilir. Bu baxımdan, həmin şərtin ödənildiyini təsdiq edən sənədlərin olmaması Mənzil Məcəlləsinin 51.4 və 53.1.2-ci maddələri ilə birlikdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarına istinad etməsi ilə bağlı dəlilə də münasibət bildirərək qeyd edir ki, həmin qərarda Bakı şəhəri üzrə qaydalar şərh olunsa da, birinci instansiya məhkəməsi onu hazırkı işdə Bakı şəhəri üzrə normativ aktın birbaşa tətbiqi məqsədilə deyil, mənzil uçotunda müvafiq yaşayış məntəqəsində müəyyən müddət daimi yaşama meyarının hüquqi əhəmiyyətinə dair mövqe kimi nəzərə almışdır. Abşeron rayonu üzrə isə analoji yaşayış müddəti tələbi ayrıca olaraq 1983-cü il Qaydalarının 8-ci bəndində nəzərdə tutulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin birinci abzasında deyilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Eyni zamanda Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq normaları yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsinin əsaslarını tənzimləmişdir. İddiaçı apellyasiya şikayətində 1998-ci ildən ünvan 1 ünvanında faktiki yaşadığını, yaşadığı evin mülkiyyət sənədlərinin olmaması səbəbindən uzun müddət həmin ünvan üzrə qeydiyyata düşə bilmədiyini və yalnız 2025-ci ilin oktyabr ayında kürəkəninin yaşayış sahəsi üzrə rəsmi qeydiyyata alındığını bildirmişdir. Kollegiya qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat faktiki yaşayışın yeganə və mütləq sübutu kimi qəbul edilə bilməz. Bununla belə, iddiaçının yaşadığı evə dair mülkiyyət sənədlərinin olmaması onun əvvəlki dövrdə qeydiyyata alınmamasının səbəbini izah etsə də, bu hal özlüyündə 1998-ci ildən etibarən Abşeron rayonunda fasiləsiz və daimi yaşama faktını təsdiq edən sübut hesab edilə bilməz. İddiaçının bu barədə izahatı işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Beləliklə, işdə olan sübutların məcmusu qiymətləndirildikdə, Daxili İşlər Nazirliyinin məktubu iddiaçının göstərdiyi ünvanda qeydiyyat məlumatının aşkar edilmədiyini, iddiaçının öz izahatı isə Abşeron rayonu üzrə rəsmi qeydiyyatının 2025-ci ilin oktyabrından yarandığını göstərir. Məktəb arayışı yalnız ##.##.2025-ci il tarixinə iddiaçının qızının Xırdalan şəhərində təhsil aldığını təsdiq edir və əvvəlki beşillik dövr üzrə yaşayış müddətini müəyyən etməyə imkan vermir. Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə uçota almaqdan imtinaya yol verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə isə uçota alınmaqdan imtina haqqında qərar 53.1-ci maddədə nəzərdə tutulmuş hallara istinad edilməklə əsaslandırılmalıdır. Apellyasiya şikayətində Mənzil Məcəlləsinin 52-ci maddəsinin işə aidiyyəti olmadan tətbiq edildiyi də göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin maddəyə dair Ali Məhkəmə qərarından sitat gətirsə də, iddianın rədd edilməsi barədə nəticəni iddiaçının yaşayış şəraitini qəsdən pisləşdirməsi faktı ilə əsaslandırmamışdır. Buna görə də 52-ci maddəyə dair istinad hazırkı mübahisənin həlli üçün həlledici əsas olmayıb və həmin istinadın qərarın nəticəsinə təsir edən pozuntu yaratdığı qəbul edilmir. Apellyasiya şikayətinin işin faktiki hallarının tam araşdırılmaması barədə dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeydiyyat və daşınmaz əmlak barədə müvafiq dövlət orqanlarına sorğular göndərmiş, iddiaçının təqdim etdiyi məktəb arayışını və onun izahatlarını iş materiallarına daxil edərək tədqiq etmişdir. Apellyasiya baxışı zamanı həmin sübutlar yenidən məcmu halda qiymətləndirilmişdir. Bu sübutlar iddiaçının Abşeron rayonunda müraciətdən əvvəl azı beş il daimi yaşadığını təsdiq edən qəti və yetərli nəticəyə gəlməyə imkan vermir. İddiaçının faktiki yaşayışın əlavə vasitələrlə araşdırılmasının mümkün olması barədə mülahizəsi isə işdə mövcud sübutların hüquqi nəticəsini dəyişdirən konkret yeni sübutla müşayiət olunmamışdır. Bu səbəbdən də Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətsiz ikinci dərəcə əlilliyi, qızının Xırdalan şəhərində ümumtəhsil məktəbində təhsil alması və hazırda Abşeron rayonunda qeydiyyatda olması onun sosial vəziyyətini və Abşeron rayonu ilə faktiki əlaqəsini təsdiq edən hallar olsa da, iş materialları onun mübahisəli müraciət tarixindən əvvəl azı beş il Abşeron rayonunda daimi yaşadığını və bu əsasla mənzil uçotuna götürülmək hüququnun yarandığını kifayət qədər təsdiq etmir. Buna görə cavabdehin imtinasının qanunsuz olması və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən edilmir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar