Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1219/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Quba rayonu, Püstəqasım kəndi ərazisində yerləşən 0.21 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçıların vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Quba rayonu, Püstəqasım kəndi ərazisində yerləşən 0.21 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Püstəqasım kəndi ərazisindən AİK-nın ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə 0.21 ha həyətyanı torpaq sahəsinə dair JN 098G Kod ******** saylı torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair Çıxarışın alınması üçün şəhadətnaməni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etdikdən sonra Reyestr Xidmətinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** saylı məktubu ilə çıxarışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda qeyd edilir ki, torpaq sahəsinə müayinə işlərinin aparılması üçün şərait yaradılmamış və buna görə də, daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bundan əlavə imtina məktubunda qeyd edilir ki, 0.21 ha torpaq sahəsi üçün tərtib olunmuş şəhadətnamə ləğv edilmiş TD və XK-nın Quba rayon Şöbəsi tərəfindən təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatdan keçməmiş və elektron bazasında öz əksini tapmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin təqdim etdiyi imtina məktubu ilə razılaşmırlar və məktubda qeyd edilən xüsusat heç bir araşdırma aparılmadan formal tərtib olunaraq onlara göndərilmişdir. Belə ki, Reyestr Xidmətinin əməkdaşları torpaq sahəsinə müayinə aparmaq üçün ünvana gəlməmişlər və belə bir hal mövcud deyildir. Reyestr Çıxarışı almaq marağında olan mülkiyyətçilər kimi heç bir vaxt torpaq üzərində müayinə aparılmasının qarşısını almamışlar və bunun marağında deyillər. Şəhadətnamə onlara AİK tərəfindən tam qanuni əsaslarla verilmişdir. Torpaq sahəsi 1970-ci ildən onların istifadəsindədir, torpaq sahəsinə yol, elektrik xətti çəkilib və biz torpaq sahəsində yaşayış evi tikməyə başlamışlar. Hesab edilir ki, İnzibati məhkəmənin qərarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə 0.21 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, JN098 C nömrəli (KOD 30321148) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.21 ha torpaq sahəsinə müayinə işlərinin aparılması üçün ərizəçi tərəfindən şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bundan əlavə, 0.21 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-098 C nömrəli (KOD 30321148) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rahim Həsənov). İddiaçıların vəkili və nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin işin faktiki hallarını və təqdim edilmiş hüquqmüəyyənedici sənədləri düzgün qiymətləndirmədiyini, torpaq sahəsinin 1970-ci ildən ailənin istifadəsində olduğunu və Quba rayonu Püstəqasım kənd Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarı əsasında JN-098G, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verildiyini bildirmişdir. Şikayətdə məhkəmənin təyin etdiyi mütəxəssis rəyində faktiki istifadə olunan 0,3430 ha sahənin 0,2430 ha hissəsinin kənd təsərrüfatı təyinatlı, uqodiyası həyətyanı və mülkiyyət növü xüsusi mülkiyyət kimi göstərilməsinə, DBF məlumatlarında 98 nömrə ilə iddiaçı2 və ailə üzvlərinin adlarının qeyd olunmasına lazımi hüquqi qiymət verilmədiyi vurğulanmışdır. Həmçinin JN- ***G nömrəli şəhadətnamənin DVJ xəritə materiallarında əks olunmamasının dövlət orqanlarının uçot və arxiv fəaliyyətindəki çatışmazlıqdan irəli gəldiyi, bunun iddiaçıların zərərinə yozula bilməyəcəyi, qonşu torpaq sahələri üzrə hüquqların qeydiyyata alınmasının bərabərlik və etimadın qorunması prinsipləri baxımından nəzərə alınmalı olduğu, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən birinin mövcudluğunun qeydiyyat üçün kifayət etdiyi irəli sürülmüşdür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçıların vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, cavabdehin nümayəndəsi gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, öhdəliyin icrası haqqında iddia üzrə cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətin edilməsi öhdəliyi yalnız iddiaçının həmin hərəkətin həyata keçirilməsini tələb etməyə subyektiv publik hüququnun mövcudluğu müəyyən edildikdə qoyula bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edildikdə isə belə hüququn mövcudluğu və qeydiyyatın aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi şərtlər mötəbər hüquqmüəyyənedici sənədlərlə təsdiqlənməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, belə mübahisələrdə təqdim olunmuş sənədin yalnız formal mövcudluğu həlledici deyildir. Sənədin mənşəyi, tərtibinə əsas olmuş hüquqi fakt, onu vermiş orqanın səlahiyyəti və həmin sənəddəki məlumatların iş üzrə digər rəsmi məlumatlarla uyğunluğu da qiymətləndirilməlidir. Xüsusilə sənədin mötəbərliyinə dair əsaslı şübhə yaradan obyektiv hallar mövcud olduqda, həmin hallar araşdırılmadan sənədin dövlət qeydiyyatının aparılması üçün kifayət edən hüquqi əsas kimi qəbul edilməsi mümkün deyildir. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktların, şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulması, təqdim edilən hər hansı kağız sənədin onun mənşəyi və verilmə əsası araşdırılmadan öz-özlüyündə qeydiyyata səbəb olması anlamına gəlmir. Təqdim edilən sənəd konkret daşınmaz əmlak üzərində konkret şəxsin hüququnun qanuni əsasla yarandığını mötəbər şəkildə təsdiq etməlidir. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 19.1 və 19.2-ci maddələrinin qarşılıqlı əlaqəsini də nəzərə alır. Qanunun 19.1-ci maddəsi inzibati icraat zamanı təqdim edilmiş sənəd və dəlillərin, onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə, mötəbər hesab edilməsini nəzərdə tutur. Bununla yanaşı, 19.2-ci maddə təqdim edilmiş sənəd və dəlillərin mötəbərliyinə əsaslı şübhələr yarandıqda inzibati orqanın onların mötəbərliyini müstəqil şəkildə araşdırmasını tələb edir. Buna görə sənədin ilkin mötəbərliyi onun iş üzrə müəyyən edilmiş obyektiv ziddiyyətlərdən asılı olmayaraq təkzibedilməz sübut kimi qəbul edilməsi demək deyildir. Hazırkı işdə mübahisənin predmeti Quba rayonu, Püstəqasım kəndi ərazisində yerləşdiyi göstərilən 0,21 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun JN- 098G, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Buna görə məhkəmə kollegiyası həmin şəhadətnamənin yalnız mövcud olub-olmamasını və ya iddiaçılara verilibverilməsini deyil, eyni zamanda həmin sənədin hüquqi əsasını, onunla rəsmiləşdirildiyi göstərilən torpaq sahəsinin ilkin torpaqayırma sənədləri ilə uyğunluğunu, naturadakı yerini, sərhədlərini, sahəsini və hüquqi rejimini də qarşılıqlı əlaqədə qiymətləndirməyi zəruri hesab edir. İş materiallarında olan * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, *- **-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçıların naturada göstərdikləri və faktiki istifadə etdikləri torpaq sahəsi 0,3430 ha təşkil edir. Həmin sahənin 0,2430 ha hissəsi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası həyətyanı, mülkiyyət növü xüsusi mülkiyyət kimi, 0,10 ha hissəsi isə meşə fondu torpaqları kateqoriyasına aid, uqodiyası meşə və mülkiyyət növü dövlət mülkiyyəti kimi əks olunmuşdur. Məhkəmə kollegiyası bu məlumatları iş üzrə mühüm hesab edir. Belə ki, iddia tələbinin predmeti 0,21 ha torpaq sahəsi olsa da, iddiaçıların naturada göstərdikləri faktiki istifadə sahəsi bundan xeyli artıq olmaqla 0,3430 ha təşkil edir. Bundan əlavə, həmin faktiki kontur vahid hüquqi rejimə malik torpaq sahəsi deyil, onun ayrı-ayrı hissələri müxtəlif torpaq kateqoriyalarına və mülkiyyət növlərinə aiddir. Bu baxımdan iddiaçıların JN-***G nömrəli şəhadətnamə əsasında qeydiyyatını tələb etdikləri konkret 0,21 ha sahənin 0,3430 ha faktiki istifadə sahəsinin məhz hansı hissəsində yerləşdiyi, hansı sərhədlərlə fərdiləşdirildiyi və dövlət mülkiyyətində olan 0,10 ha meşə fondu sahəsi ilə kəsişib-kəsişmədiyi mötəbər şəkildə müəyyən edilməlidir. İş üzrə mövcud materiallar isə bu məsələni birmənalı şəkildə müəyyən etməyə imkan vermir. Həmin mütəxəssis rəyində faktiki istifadə olunan sahənin başqa şəxslərin torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmədiyi və kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi göstərilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu hallar yalnız üçüncü şəxslərin qeydə alınmış hüquqları və kommunikasiya məhdudiyyətləri ilə birbaşa kolliziyanın aşkar olunmadığını göstərir. Həmin məlumatlar özlüyündə iddiaçıların tələb etdiyi konkret 0,21 ha sahənin hansı hüquqmüəyyənedici sənədə əsaslandığını, naturadakı yerini və sərhədlərini müəyyən etmir. Eyni rəydən görünür ki, JN-098G, KOD ******** nömrəli şəhadətnamə elektron baza məlumatlarında olan DVJ xəritə materialları üzərində öz əksini tapmamış, DBF məlumatlarında isə 98 nömrə ilə iddiaçı2 və ailə üzvlərinin adları qeyd olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, DBF məlumatlarında ailə üzvlərinin adlarının mövcudluğu hüquq subyektləri barədə müəyyən məlumat versə də, həmin qeyd konkret daşınmaz əmlak obyektini fərdiləşdirmir, torpaq sahəsinin ölçüsünü, koordinatlarını və sərhədlərini göstərmir. Buna görə həmin qeyd 0,21 ha sahənin hazırda naturada göstərilən 0,3430 ha sahənin hansı hissəsinə uyğun gəldiyini müəyyənləşdirmək üçün yetərli hesab edilə bilməz. Bundan başqa, iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən Püstəqasım kəndi üzrə həyətyanı torpaq sahələrinə dair əlyazma və elektron siyahılar, Quba Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** nömrəli qərarından çıxarışlar, eləcə də “Püstəqasım” kolxozu yerli Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, * saylı protokolunun təsdiq olunmuş surəti təqdim edilmişdir. Həmin sənədlərdən ailəyə 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmasının nəzərdə tutulduğu müəyyən olunur. Bununla belə, sonradan həmin ailənin adına verildiyi göstərilən şəhadətnamələrdə tamamilə başqa ölçülər əks etdirilmişdir. Belə ki, * saylı Xaçmaz Ərazi İdarəsinin ## ######## 2026-cı il tarixli cavabından iddiaçı2 və ailə üzvlərinin adına eyni Aqrar İslahat Komissiyasının qərarına istinad edilməklə JN-98F üzrə 0,30 ha, JN-98A üzrə 0,06 ha, JN-98G üzrə 0,21 ha torpaq sahələrinə dair üç müxtəlif şəhadətnamənin, habelə JN-163, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verildiyi görünür. Həmin cavabda JN-**F nömrəli şəhadətnamə və JN-*** nömrəli Dövlət Aktı əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verildiyi də qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu hal iş üzrə əsas ziddiyyətlərdən birini təşkil edir. Belə ki, iş materiallarında olan Quba Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** nömrəli qərarı, “Püstəqasım” kolxozu yerli Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, * saylı protokolu və onlarla əlaqəli siyahılarda ailəyə 0,12 ha torpaq sahəsinin ayrılmasının nəzərdə tutulduğu halda, sonradan eyni Aqrar İslahat Komissiyasının qərarına istinad edilməklə ailənin adına 0,30 ha, 0,21 ha və 0,06 ha olmaqla müxtəlif ölçülü üç ayrı şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamələrdə göstərilən torpaq sahələrinin heç biri ilkin torpaqayırma sənədlərində nəzərdə tutulan 0,12 ha torpaq sahəsinin ölçüsü ilə uyğun gəlmir. Bu uyğunsuzluğun hansı hüquqi əsasdan yarandığını təsdiq edən əlavə qərar, dəyişiklik barədə inzibati akt və ya digər hüquqmüəyyənedici sənəd isə iş materiallarında müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, müəyyən edilmiş bu uyğunsuzluq yalnız torpaq sahələrinin ölçüləri arasındakı fərqlə məhdudlaşmır. Eyni hüquqi əsasa istinad edilməklə müxtəlif torpaq sahələrinə dair bir neçə hüquqmüəyyənedici sənədin mövcudluğu, həmin sənədlərdən hər birinin konkret hansı torpaq sahəsinə və hansı ilkin torpaqayırma qərarına uyğun tərtib edildiyinin müəyyən edilməsini zəruri edir. İş materiallarında isə şəhadətnamələrdə göstərilən sahələri bir-birindən fərqləndirən, onların ayrıca hüquqi mənşəyini və sərhədlərini təsdiq edən sənədlər mövcud deyildir. Bu səbəbdən həmin şəhadətnamələrin hər birinin müstəqil və mötəbər hüquqmüəyyənedici əsas kimi qəbul edilməsi mümkün olmur. Bu hal şəhadətnamələrin mövcudluğunu deyil, məhz onların hüquqi mənşəyini və mötəbərliyini şübhə altına alan əhəmiyyətli amildir. Çünki hüquqmüəyyənedici sənəd yalnız formal olaraq mövcud olmaqla kifayətlənməməli, onun hansı konkret inzibati qərara əsaslandığı və həmin qərarda nəzərdə tutulmuş daşınmaz əmlak obyektini düzgün əks etdirdiyi də müəyyən edilməlidir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Aqrar İslahat Komissiyasının qərarı ilə ailəyə torpaq ayrılması bir dəfə və konkret ölçü göstərilməklə həyata keçirilmişdirsə, həmin qərarın icrası adı altında bir-birindən fərqli ölçülərə və ehtimal olunan müxtəlif yerləşməyə malik bir neçə torpaq sahəsi üzrə şəhadətnamələrin verilməsi ayrıca hüquqi əsaslarla izah olunmalıdır. İş üzrə isə belə əsaslar müəyyən edilməmişdir. Xüsusilə, JN-**F nömrəli şəhadətnamədə 0,30 ha torpaq sahəsinin göstərilməsi hazırkı iddia tələbinə birbaşa aid deyildir. Çünki hazırkı mübahisə JN-**G nömrəli şəhadətnamədə göstərilən 0,21 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması ilə bağlıdır. Eyni qərara istinad edilməklə müxtəlif ölçülü torpaq sahələri üzrə ayrı-ayrı şəhadətnamələrin verilməsi isə JN-**G nömrəli şəhadətnamədə göstərilən 0,21 ha sahənin konkret olaraq harada yerləşdiyini və digər sahələrdən hansı sərhədlərlə fərqləndiyini müəyyən etməyə imkan vermir. Bundan əlavə, iş üzrə müəyyən edilmiş digər mühüm hal torpaq sahəsinin təyinatı və yerləşməsi ilə bağlıdır. Arxivdən əldə olunmuş aqrar islahat sənədlərində 0,12 ha sahənin fərdi yaşayış evi tikintisi məqsədi üçün ayrılması nəzərdə tutulduğu halda, iddiaçıların hazırda naturada göstərdikləri sahə yaşayış məntəqəsinin hüdudlarında yerləşmir və mövcud kadastr məlumatlarına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Faktiki sahənin 0,10 ha hissəsi isə ümumiyyətlə meşə fondu torpaqları və dövlət mülkiyyəti kimi qeydə alınmışdır. Bu baxımdan ilkin torpaqayırma sənədinin məqsədi ilə hazırda göstərilən torpaq sahəsinin hüquqi rejimi arasında da uyğunluq müəyyən olunmur. Fərdi yaşayış evi tikintisi üçün ayrıldığı göstərilən torpaq sahəsinin yaşayış məntəqəsindən kənarda, kənd təsərrüfatı təyinatlı ərazidə yerləşməsi və bir hissəsinin meşə fondu torpaqlarına düşməsi onun məhz həmin ilkin qərarla ayrılmış torpaq sahəsi olduğunu şübhə altına alır. İş materiallarında olan ortofoto materialları da bu qiymətləndirmə baxımından əhəmiyyətlidir. Həmin materiallardan mübahisəli sahənin yerləşdiyi ərazidə formalaşmış yaşayış məntəqəsinə xas yaşayış tikililərinin və sıx yaşayışın görünmədiyi müşahidə olunur. Bu hal ayrıca götürüldükdə mülkiyyət hüququnu istisna edən əsas olmasa da, digər sübutlarla birlikdə qiymətləndirildikdə ilkin sənəddə “fərdi yaşayış evi tikintisi üçün” ayrıldığı göstərilən 0,12 ha sahə ilə hazırda tələb edilən ərazinin eyniliyinə dair şübhəni daha da artırır. Kollegiya qeyd edir ki, JN-**G nömrəli şəhadətnamənin DVJ xəritə materiallarında əks olunmaması və həmin sənəddə göstərilən 0,21 ha sahəni naturada fərdiləşdirən koordinat və plan məlumatlarının mövcud olmaması iş üzrə digər uyğunsuzluqlarla birlikdə mühüm əhəmiyyət daşıyır. Belə ki, ilkin sənədlərdə göstərilən sahə ölçüsü ilə şəhadətnamədəki sahə ölçüsünün uyğun gəlməməsi, faktiki istifadə sahəsinin 0,3430 ha olması və həmin ərazinin müxtəlif hüquqi rejimlərə aid torpaqları əhatə etməsi şəraitində yalnız şəhadətnamənin mövcudluğuna əsaslanmaqla qeydiyyata alınmalı konkret 0,21 ha torpaq sahəsinin yerini və sərhədlərini müəyyən etmək mümkün deyildir. Beləliklə, hazırkı işdə məsələ sadəcə JN-**G nömrəli şəhadətnamənin verilməsi faktının təsdiq olunub-olunmaması ilə məhdudlaşmır. * saylı Xaçmaz Ərazi İdarəsinin ## ######## 2026-cı il tarixli məktubu həmin şəhadətnamənin mövcudluğunu təsdiq etsə də, onun konkret hansı torpaqayırma qərarına, hansı plan və sərhədlərə əsasən verildiyini, 0,21 ha sahənin ilkin 0,12 ha sahə ilə necə əlaqələndiyini və naturada harada yerləşdiyini müəyyən edən koordinat və plan məlumatlarını təqdim etmir. Kollegiyanın qənaətinə görə, iş üzrə sübutların məcmusu bir-biri ilə uzlaşan vahid hüquqi və texniki zəncir yaratmır. Əksinə, ilkin qərarda 0,12 ha sahənin nəzərdə tutulması, sonradan 0,30 ha, 0,21 ha və 0,06 ha olmaqla üç fərqli şəhadətnamənin yaranması, faktiki istifadə sahəsinin 0,3430 ha təşkil etməsi, həmin sahənin bir hissəsinin kənd təsərrüfatı təyinatlı, digər hissəsinin isə meşə fondu torpağı olması, habelə JN-**G nömrəli şəhadətnamənin DVJ xəritə materiallarında əks olunmaması arasında ciddi uyğunsuzluqlar mövcuddur. Bu uyğunsuzluqlar aradan qaldırılmadan JN-**G nömrəli şəhadətnamədə göstərilən 0,21 ha torpaq sahəsinin məhz aqrar islahat qərarı ilə ailəyə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahənin naturada konkret sərhədlərlə müəyyən edilə bildiyini və onun hüquqi rejiminin qeydiyyata imkan verdiyini mötəbər şəkildə qəbul etmək mümkün deyildir. Məhkəmə kollegiyası bu səbəbdən hesab edir ki, JN-**G nömrəli şəhadətnamənin mövcudluğu və ailənin adının DBF məlumatlarında əks olunması iddiaçıların tələb etdiyi 0,21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət edən hüquqi əsas yaratmır. Dövlət qeydiyyatının aparılması üçün hüquqmüəyyənedici sənədlə yanaşı, həmin sənədin predmeti olan daşınmaz əmlak obyektinin sahəsi, yerləşməsi, sərhədləri və hüquqi rejimi də birmənalı müəyyən olunmalıdır. Hazırkı halda isə həmin şərtlər sübutların məcmusu ilə təsdiqini tapmadığından cavabdehin üzərinə JN-98G, KOD ******** nömrəli şəhadətnamə əsasında konkret 0,21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması üçün kifayət qədər hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ailənin adına verildiyi göstərilən şəhadətnamələrdən yalnız JN-**F nömrəli, 0,30 ha torpaq sahəsinə dair şəhadətnamədə qeydiyyata dair müəyyən məlumatlar əks olunmuş, digər şəhadətnamələrdə isə qeydiyyat kitabına dair məlumatlar göstərilməmişdir. Bununla belə, JN-**F nömrəli şəhadətnamədə, həmçinin digər bütün şəhadətnamələrdə də qeydiyyatın tarixi və digər rekvizitlər tam şəkildə əks etdirilməmişdir. İş materiallarında olan ortofoto məlumatlarının müqayisəsindən isə həmin şəhadətnamələrdə göstərilən torpaq sahələrinin eyni ərazinin hissələri kimi deyil, müxtəlif yerlərdə yerləşən ayrı-ayrı sahələr kimi formalaşdığı görünür. Bu hallar da eyni hüquqi əsasa istinad edilməklə müxtəlif ölçülü və müxtəlif yerləşməyə malik torpaq sahələri üzrə şəhadətnamələrin verilməsinin hüquqi və faktiki əsaslarına dair qeyri-müəyyənliyi artırır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1219/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1219/2026
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver