Məhkəmə qərarları › İş №2-1(3-8)-122/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-122/2026

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-122/2026 27.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 119 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində cavabdeh tərəfindən çəkilmiş 150 mm diametrlik su borusunun cavabdehin öz hesabına iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2370/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus ünvan 1 ünvanda olan fərdi yaşayış evinin həyətindən keçən diametri 150 mm diametrlik su borusunun fərdi yaşayış evinin ərazisinə giriş və çıxış hissələrindən tıxaclanaraq ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı idia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilərək, “Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 119 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində cavabdeh tərəfindən çəkilmiş 150 mm diametrlik su borusunun cavabdehin öz hesabına iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 1992-ci ildən həmin fərdi yaşayış evində yaşayır. 2007-ci ildə iddiaçının evinin yerləşdiyi məhəllədən yuxarı məhəlləni içməli su ilə təchiz edən su xəttində qəza baş verdiyindən və uzun müddət su təchizatında problemlər yaşandığından həmin məhəllənin sakinlərinin şəxsi vəsaitləri hesabına müəyyən həcmdə d 150 mm-lik su boruları alınmış və həmin borular əvvəlki xəttin trassası üzrə yeni su xəttinin çəkilməsi üçün kifayət etmədiyindən müvəqqəti olaraq iddiaçının həyətindən çəkilərək "xxxx" ASC-nin əsas su təchizatı şəbəkəsinə qoşulmuşdur. Həmin su xəttinin iddiaçının həyətindən çəkilməsindən xeyli müddət keçməsinə baxmayarq cavabdeh qurum tərəfindən ərazinin su təchizatı şəbəkəsinin bərpa olunmadığı və həyətindən keçən sözügedən su borularının korroziyaya uğradığını, orada hər hansı qəza baş verərsə yüksək təziqli suyun iddiaçının evi üçün təhlükə yaradacağını, həmçinin həmin su xəttinin iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə imkanlarını məhdudlaşdırdığını nəzərərə alaraq 2015-ci ildən başlayaraq Sumqayıt şəhər Su Kanal İdarəsinə dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamağa başlamışdır. Lakin cavabdeh qurum tərəfindən müraciətlərinin bir çoxuna ümumiyyətlə cavab verilməmiş, bir hissəsinə isə yazılı cavab verərək müxtəlif bəhanələrlə problemin həllindən yayınılmışdır.

4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2370/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 119 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində çəkilmiş 150 mm diametrlik su borusunun cavabdehin öz hesabına iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva)

5. Qərardan cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs içməli su təchizatı və tullantı sularının axıdılması sahəsində Respublika ərazisində yeganə operator olmaqla əsas funksiyası respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Bu məqsədlə səhmdar cəmiyyət: o cümlədən tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət etmək; yaşayış məntəqələrində su və kanalizasiya təsərrüfatının inkişafı məqsədi ilə müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə tədbirlər planı hazırlamaq funksiyalarına malikdir. Qeyd edirik ki, iddiaçıya məxsus torpaq sahəsindən 2007-ci il tarixində Sumqayıt Sukanal İdarəsi tərəfindən d-160mm-lik su xətti çəkilmişdir. Həmin xəttin çəkilmə məqsədi digər küçənin su təchizatının yaxşılaşdırılması səbəbi ilə fərdi yaşayış evinin sahibinin razılığı ilə inşa olunmuşdur. Torpaq sahəsindən keçən su xəttinin tıxaclanması hal-hazırda həmin ərazinin digər küçələrinin su təchizatında poblemlər yarana bilər. Belə ki, xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçıya məxsus həyətyanı sahəsindən istismarda olan D-160 mm su xəttinin keçdiyini və qeyd olunan kommunikasiya xəttinin sifarişçinin vəsaiti hesabına hazırlanacaq layihə sənədləri əsasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ilə razılaşdırılaraq köçürülməsi məsələsinə baxılmasının mümkünlüyü bildirilmişdir. Bu hal isə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş maddi və prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərmişdir ki, belə olan halda qərarın ləğvi üçün əsas hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahatlar verərək şikayətin təmin edilməməsini xahiş etdi.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

9. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarı:

10. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.

14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

13. İddiaçının tələbi onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən çəkilmiş 150 mm diametrlik su borusunun cavabdehin öz hesabına çıxarılmasından ibarətdir.

14. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir.

16. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

17. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması və məhz inzibati orqanın hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ona xas fəaliyyətin həyata keçirilməsi ilə bağlı olmasına dair şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

18. İndiki halda iddiaçının hüquqi marağı xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən çəkilmiş 150 mm diametrlik su borusunun cavabdehin öz hesabına çıxarılması təşkil edir.

19. Kollegiya hesab edir ki, iddianın mümkünlük şərti baxımından iş üzrə araşdırılmalı olan hal məhz tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin inzibati xarakterli münasibət olub-olmaması, cavabdeh qurumun inzibati orqan qismində çıxış edib-etməməsi, həyata keçirdiyi fəaliyyətin hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ortaya çıxması ilə bağlı olan haldır.

20. Göründüyü kimi iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisədir.

21. Odur ki, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz.

22. Bu baxımından kollegiya hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri mülki hüquq münasibətləri ilə bağlı çərçivədə araşdırılmalı olan məsələ olduğundan, həmin münasibətlər inzibati məhkəmə icraatının predmetini təşkil etmədiyindən, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddia mümkün sayılmamalıdır.

23. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlüyü baxımından mübahisənin xarakteri düzgün qiymətləndirilməmiş, iddianın mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümükün sayılmaması üçün əsaslar olduğu halda, işə mahiyyəti üzrə baxmış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

24. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti üzrə iddiaçının tələbi birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi ilə bağlı olduğundan, indiki halda isə birinci instansiya məhkəmə qərarı ləğv edilməklə, iddia mümkün sayılmadığından, iddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir.

25. Həmçinin, məhkəmə kolegiyası iddiaçının diqqətinə onu çatdırır ki, hazırki iş üzrə mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə qismində çıxış etdiyindən, iddiaçının hazırki iddia tələbi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2370/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar