Məhkəmə qərarları › İş №2-1(3-8)-1226/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1226/2026

28.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1226/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. ##.##.2008-ci il tarixli ** nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına torpağın dəyərini 1200 manat pul vəsaitini ödəmişdir. ##.##.2011-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli **** nömrəli rəydən görünür ki, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı 800,0 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsinin ##.##.2026-cı il tarixli *** nömrəli məktubundan görünür ki, “Milli Arxiv Fondu Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Milli arxiv fondunun formalaşdırılması mənbələrindən birini yerli özünüidarəetmə orqanlarının arxiv sənədləri təşkil edir. Həmin qanunun 10-cu maddəsinə əsasən Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti yerli özünüidarəetmə orqanlarının sənədləri üçün 5 il müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, bələdiyyənin 2000-2015-ci illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Abşeron rayon filialına təhvil verilmişdir. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubu ilə Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin İddiaçı topaq sahəsinin ayrılmasına dair ##.##.2007-cı il tarixli ** saylı qərarın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən iddiaçıya məxsus torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşmə halı aşkarlanmamışdır. Abşeron rayonu Qobu qəsəbəsi ərazisində torpaq sahəsinə dair tərtib edilmiş ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,084 hektardır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Bir ədəd fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi daş hasarın daxilində yerləşdir. Torpaq sahəsnin faktiki koordinatları əlavə olunmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi mənzil tikintisi məqsədi ilə iddiaçı İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Ilk öncə bildirir ki, torpaq sahəsi uzun illərdir ki, mübahisəsiz olaraq onun faktiki mülkiyyətində və istifadəsindədir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hal iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas deyildir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş, Qobu Bələdiyyəsinin 0,08 ha torpaq sahəsinin ayrılmasına dair ##.##.2007-ci il tarixli ** nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinə istinad edildiyi, elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı əsasında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0,08 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsi faktiki 0,084 hektardır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Bir ədəd fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi daş hasarın daxilində yerləşdir. Torpaq sahəsnin faktiki koordinatları əlavə olunmuşdur. Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktuba əsasən, elektron baza məlumatlarına əsasən hal hazırda sözügedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Cavabdeh iddiaçının müraciətindən imtinasında, həmçinin etirazında aşağıdakılara istinad etmişdir: 1) Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş, Qobu Bələdiyyəsinin 0,08 ha torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinə istinad edilməsi, 2) elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşməsi. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin İddiaçı adına olan ##.##.2007-cı il tarixli ** saylı qərarın təsdiq edilmiş surəti göndərilmişdir. Məhkəmə cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, həmin hal iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Məhkəmə cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edir ki, sözügedən torpaq sahəsinin mübahisəli inzibati ərazi vahidliyində yerləşməsinə istinad etsə də, Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid olması barədə sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini, imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;.......... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 5-ci bənd. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdehn nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən iddiaçıya fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin dəyəri olan 1200 manat bələdiyyənin hesabına ödənilmiş, ##.##.2011-ci il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ##.##.2011-ci il tarixli **** nömrəli rəyi ilə həmin torpaq sahəsinin iddiaçıya satılmasının qanunamüvafiq olduğu bildirilmişdir. Həmçinin iş materiallarında həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış mövcuddur. Bununla yanaşı, Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktuba əsasən elektron baza məlumatlarına əsasən hal hazırda sözügedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtina Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinin 2009-cu ildən mövcud olmasına baxmayaraq, X2 ##.##.2007-ci il tarixli ** nömrəli qərarında həmin idarəyə istinad edilməsinə, habelə torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşməsi ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyə imkan vermir. Ilk növbədə, bələdiyyə qərarının qəbul edildiyi 2007-ci ildə mövcud olmayan inzibati orqana istinad edilməsinə dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu hal bilavasitə iddiaçının hərəkəti və ya təqsiri ilə bağlı deyildir. Həmin qərarın tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Belə olan halda, yol verilmiş mümkün texniki və ya tərtibat xarakterli uyğunsuzluğun mövcudluğu bələdiyyə qərarının hüquqi qüvvəsini özözlüyündə aradan qaldırmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun məqsədi daşınmaz əmlak üzərində artıq yaranmış hüquqların dövlət tərəfindən tanınması və qeydiyyata alınmasını təmin etməkdir. Reyestr orqanı hüquqmüəyyənedici sənədlərin mövcudluğu şəraitində həmin hüquqların qeydiyyatını həyata keçirən qeydiyyat orqanıdır. Reyestr orqanının səlahiyyətlərinə qüvvədə olan bələdiyyə aktlarının qanuniliyini formal əsaslarla yenidən qiymətləndirmək və yalnız texniki xarakterli uyğunsuzluqlara istinad etməklə qeydiyyatdan imtina etmək aid deyildir. Bundan başqa, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən şəxslərin üzərinə öhdəliklər qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə isə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşməsi barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin halın konkret olaraq torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını istisna edən hüquqi nəticə yaratdığı müəyyən edilmir. Birinci instansiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi, torpaq sahəsinin Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid olmasını təsdiq edən və bu səbəbdən iddiaçının hüququnun qeydiyyata alınmasını istisna edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Əksinə, iş materiallarında iddiaçının torpaq sahəsini əldə etməsini təsdiq edən bir sıra hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, Qobu Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı, torpağın dəyərinin ödənilməsini təsdiq edən ##.##.2008-ci il tarixli qəbz, ##.##.2011-ci il tarixli torpaqların alqı-satqısına dair akt, ##.##.2011-ci il tarixli **** nömrəli rəy və yerquruluşu planından çıxarış birlikdə qiymətləndirildikdə iddiaçının mübahisəli torpaq sahəsini bələdiyyədən əldə etməsini təsdiq edir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə uyğun olaraq, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də, hazırda qüvvədə olan bələdiyyə qərarına əsaslanan hüququn dövlət qeydiyyatından imtina edilməsi qanunauyğun hesab oluna bilməz. Iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayonu X2 ##.##.2007-ci il tarixli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, bələdiyyənin qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar