Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1227/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin imtinasını qanunsuz hesab edilməklə, Abşeron rayon X1 ## ###### 2007-ci il tarixli, ** saylı qərarına əsasən Qobu Bələdiyyəsi ərazisində yerləşən 800 kv.m təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Cavabdehn üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X1 ## ###### 2007-ci il tarixli, ** saylı qərarına əsasən Abşeron rayonu, Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya 800 kv.m təşkil edən fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi satılmışdır. Qeyd edilən qərara əsasən, Qobu bələdiyyəsi ilə torpaq sahəsinin alqı-satqısına dair akt imzalanmış və həmin akta əsasən iddiaçı tərəfindən torpaq müqabilində Qobu Bələdiyyəsinin hesabına müvafiq dəyər haqlar ödənilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi hasarlanaraq iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Həmin vaxtı mövcud olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən rəy verilərək torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verməsinə etiraz etməmişlər. Torpaq sahəsinə dair qərarı hansısa Dövət orqanı və ya fiziki şəxs tərəfindən mübahisələndirilməmişdir. Hazırda qüvvədədir. Müvafiq sənədləri toplayaraq toıpaq sahəsinə çıxarış alınması üçün Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir, lakin cavabdeh İdarə tərəfindən çıxarış verilməsindən imtina edilərək əsas gətirmişlər ki, müraciətinə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerququluşu planından çıxarışında döngə nöqtələrinin kordinatlarının göstərildiyi hissəsnin qanunamüvafıq qaydada təsdiq olunmadığı aşkar edilmişdir. Eyni zamanda, torpaq sahəsinin qərar üzrə 0,08 ha, faktiki olaraq torpaq sahısinin 0,0768 ha hissəsində istifadəsində olduğu aşkar edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. İddia olunan torpaq sahələri Abşeron rayon ərazisində yerləşir. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən bələdiyyə torpaqlarına aid ərazidə yerləşir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Hazırda iddiaçının məhkəmə müdafiəsindən istifadə etməsi zərurəti yaranmışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş arxiv arayışında hüquq sahibinin adının aşkar edilmədiyi, əlavə edilmiş yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyi, torpaq sahəsi sənəd üzrə 0,08 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,0768 ha hissəsinin istifadədə olduğu, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı əsasında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0,0768 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb edir və hüququnun əsası kimi Abşeron rayon X1 ## ###### 2007-ci il tarixli, ** saylı qərarına istinad edir. Həmin qərarda iddiaçı İddiaçı fərdi yaşayış evi tikilməsi məqsədilə 800 kv.m torpaq sahəsinin satılmasının qərara alındığı göstərilmişdir. İddiaçı həmçinin # ###### 2013-cü il tarixli ödəniş qəbzinə, ## ###### 2014-cü il tarixli torpaqların alqı-satqısına dair akta, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ###### 2014-cü il tarixli, **** nömrəli rəyinə və yerquruluşu planından çıxarışa istinad etmiş, məhkəmə icraatında tələbini dəqiqləşdirərək faktiki istifadəsində olan 0,0768 ha torpaq sahəsi üzrə qeydiyyatın aparılmasını istəmişdir. İddiaçının ## ###### 2025-ci il tarixli müraciətinin təmin edilməməsindən sonra hazırkı iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk növbədə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması yalnız həmin hüququn yaranmasına əsas verən hüquqmüəyyənedici sənədin mövcudluğu və iddiaçıya aidiyyəti mötəbər sübutlarla təsdiqləndiyi, təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən edildiyi və qeydiyyatdan imtinanın qanuna zidd olduğu qənaətinə gəlindiyi halda mümkündür. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilibedilməməsini də nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə həlledici məsələ üzərində “## ###### 2007-ci il tarixli, ** saylı qərar” rekvizitləri olan sənədin kağız daşıyıcısında təqdim edilməsi deyil, həmin sənədin məhz X1 tərəfindən qəbul edilmiş, iddiaçı İddiaçı konkret torpaq sahəsinin özgəninkiləşdirilməsinə yönəlmiş və hüquqi nəticə doğuran bələdiyyə aktı kimi mövcudluğunun mötəbər şəkildə təsdiq olunub-olunmamasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş aktları dövlət qeydiyyatı üçün əsas hesab edir. Buna görə də qeydiyyat üçün təqdim olunan sənədin yalnız forma baxımından mövcud olan əlamətləri, o cümlədən tarix, nömrə, imza və möhür kimi göstəriciləri deyil, həmçinin həmin sənədin aidiyyəti bələdiyyənin rəsmi sənəd dövriyyəsində faktiki mövcudluğu, məzmunu və konkret hüquq sahibinə aidiyyəti də qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Bu baxımdan, iş üzrə Abşeron Rayon Dövlət Arxivindən əldə edilmiş rəsmi məlumatlar xüsusi əhəmiyyət daşıyır. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli məktubunda arxiv fondunda mövcud olan Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarında İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. Apellyasiya baxışı zamanı həmin məsələ yenidən yoxlanılmış və Abşeron Rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli cavabında da arxiv fondunda saxlanılan Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarlarında İddiaçı adının aşkar edilmədiyi bir daha təsdiq edilmişdir. Həmin cavabda, eyni zamanda, sözügedən qərarın saxlandığı kitabların 3 hissədən ibarət olması səbəbindən onların surətlərinin məhkəməyə təqdim edilməsinin mümkün olmadığı, bundan əlavə, həmin qərara torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısının əlavə edilmədiyi göstərilmişdir. Beləliklə, arxivdə saxlanılan sənədlərin bütövlükdə surətlərinin məhkəməyə təqdim edilməməsi onların həcmi və 3 hissədən ibarət olması ilə izah edilsə də, Arxivin apardığı yoxlamanın nəticəsinə görə iddiaçının adı həmin qərarlarda aşkar edilməmiş, habelə qərara torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısının əlavə olunmadığı müəyyən edilmişdir. Bu isə iddiaçının hüququnun əsasını təşkil etdiyi bildirilən ## ###### 2007-ci il tarixli, ** saylı qərarın məhz İddiaçı torpaq sahəsi ayrılmasına dair hissəsinin rəsmi arxiv sənədləri ilə təsdiqini tapmadığını göstərir. Kollegiya onu da nəzərə alır ki, Qobu bələdiyyəsinin ## ###### 2026-cı il tarixli məktubunda bələdiyyənin 2000-2015-ci illərə aid sənədlərinin mühafizə müddəti başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Dövlət Arxivinə təhvil verildiyi bildirilmişdir. Bu səbəbdən arxivdə iddiaçının adının aşkar edilməməsi, sənədlərin hələ də bələdiyyənin özündə saxlanılması ilə izah oluna bilən hal deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin ## ##### 2026-cı il tarixli məktubunda Qobu bələdiyyəsinin ## ###### 2007ci il tarixli, ** saylı qərarının həmin İdarədə qeydiyyata alınmadığı göstərilmişdir. Məhkəmə kollegiyası bu sonuncu halı ayrılıqda qərarın etibarsızlığı nəticəsini doğuran müstəqil əsas kimi qiymətləndirməsə də, rəsmi arxiv məlumatları ilə birlikdə götürüldükdə təqdim olunmuş sənədin mənşəyi və iddiaçıya aidiyyəti barədə yaranmış ziddiyyəti daha da gücləndirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin ziddiyyətləri sənədlərin tərtibatında və inzibati orqanların fəaliyyətində yol verilmiş sırf formal çatışmazlıqlar kimi qiymətləndirməsi ilə razılaşmır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe, mövcudluğu və aidiyyəti müəyyən edilmiş bələdiyyə aktının qəbul edilməsi zamanı müvafiq rəylərin alınmaması, razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktının sonradan bağlanması kimi prosessual qüsurların həmin aktın hüquqi qüvvəsinə təsiri ilə bağlıdır. Hazırkı işdə isə əsas mübahisə belə bir aktın iddiaçıya münasibətdə rəsmi bələdiyyə sənədi kimi mövcudluğunun özünün rəsmi arxiv mənbələri ilə təsdiqlənməməsindən irəli gəlir. Buna görə də sözügedən hüquqi mövqe arxivdə iddiaçının adına dair məlumatın olmamasını aradan qaldıran əsas kimi tətbiq edilə bilməz. Kollegiya iddiaçının təqdim etdiyi sonrakı tarixli sənədləri də bu ziddiyyəti aradan qaldıran müstəqil hüquqi əsas hesab etmir. # ###### 2013-cü il tarixli qəbz Qobu bələdiyyəsinin hesabına 800 manat məbləğində ödəniş edildiyini, ## ###### 2014-cü il tarixli torpaqların alqı-satqısına dair akt isə həmin tarixdə tərəflər arasında torpaq sahəsinə dair sənəd rəsmiləşdirildiyini göstərir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ###### 2014-cü il tarixli, **** nömrəli rəyi də Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarına istinad etməklə torpaq sahəsinə hüquqi sənəd verilməsinə etiraz edilmədiyini bildirir. Lakin bu sənədlərin hər biri hüququn ilkin yaranma əsası kimi məhz ## ###### 2007-ci il tarixli qərara söykəndiyindən, həmin qərarın iddiaçıya aid hissəsinin rəsmi arxiv sənədləri ilə təsdiqlənməməsi şəraitində onlar bu ilkin ziddiyyəti özlüyündə aradan qaldırmır. Bundan əlavə, məhkəmə kollegiyası torpaq sahəsinin ölçüsü və sərhədləri ilə bağlı iş materiallarında olan məlumatları da nəzərə alır. X1 təqdim edilmiş qərarında 800 kv.m torpaq sahəsindən bəhs edildiyi halda, yerquruluşu planında və məhkəmə araşdırması zamanı tərtib edilmiş müayinə aktında faktiki sahənin 0,0768 ha olduğu göstərilmiş, iddiaçı da tələbini həmin ölçüyə uyğun dəqiqləşdirmişdir. Müayinə aktında faktiki sahənin yerquruluşu planında göstərilən koordinatlarla uyğun olduğu qeyd edilmişdir. Kollegiya hesab edir ki, bu məlumatlar torpaq sahəsinin naturada fərdiləşdirilməsinə xidmət etsə də, onun üzərində mülkiyyət hüququnun hansı hüquqi akt əsasında yarandığı məsələsini həll etmir. Torpaq sahəsinin ölçü və sərhədlərinin müəyyən edilməsi hüququn yaranma əsasının mötəbərliyini əvəz edə bilməz. Məhkəmə kollegiyası həmçinin * saylı Abşeron Ərazi İdarəsinin ## ##### 2026-cı il tarixli məktubunda faktiki torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsinin aşkar edilmədiyini, Cavabdehn ## ##### 2026-cı il tarixli məktubunda isə torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşdiyinin bildirildiyini nəzərə alır. Kollegiya həmin halları torpaq sahəsinin yerləşməsi və faktiki vəziyyəti baxımından əhəmiyyətli hesab etsə də, onları mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici əsas kimi qiymətləndirmir. Başqa şəxslərin hüquqları ilə üst-üstə düşmənin olmaması və torpaq sahəsinin Abşeron rayonunda yerləşməsi, Qobu bələdiyyəsinin həmin sahəni məhz iddiaçıya özgəninkiləşdirməsi faktının ayrıca mötəbər sübutlarla təsdiq edilməsi zərurətini aradan qaldırmır. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin də hazırkı işdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırmaq üçün yetərli olmadığını hesab edir. Həmin norma təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda onların mötəbər hesab edilməsini nəzərdə tutur. Lakin bu qayda sənədin hüquqi nəticə doğurmaq qabiliyyətinin və hüquqmüəyyənedici əsas kimi qanunda nəzərdə tutulmuş şərtlərə cavab verib-verməməsinin yoxlanılmasını istisna etmir. Hazırkı işdə iddiaçının istinad etdiyi qərarın məzmunu ilə rəsmi arxiv məlumatları arasında birbaşa ziddiyyət mövcuddur. Belə ziddiyyət olduğu halda məhkəmə yalnız təqdim edilmiş kağız sənədin mövcudluğu ilə kifayətlənməməli, onun mənşəyini və hüquqi əsas yaratmaq qabiliyyətini iş üzrə digər rəsmi sübutlarla birlikdə qiymətləndirməlidir. Kollegiya qeyd edir ki, hazırkı yanaşma Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarının etibarsız elan edilməsi kimi başa düşülməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.4-cü maddəsi mövcudluğu müəyyən edilmiş bələdiyyə aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu hallara aiddir. Hazırkı işdə isə ilkin olaraq müəyyən edilməli olan məsələ dövlət qeydiyyatı üçün əsas kimi təqdim olunan sənədin məhz iddiaçıya torpaq sahəsinin satılması barədə X1 rəsmi aktı kimi mötəbərliyinin təsdiq olunub-olunmamasıdır. Rəsmi arxiv fondunda iddiaçının adının aşkar edilmədiyi və qərara vətəndaşların adlı siyahısının əlavə olunmadığı müəyyən edilirsə, məhkəmə qeydiyyat orqanının üzərinə yalnız təqdim edilmiş sənədin zahiri mövcudluğuna əsaslanmaqla hüququ dövlət reyestrində tanımaq öhdəliyi qoya bilməz. Məhkəmə kollegiyası etimadın qorunması və qanuni gözlənti prinsiplərinin də işin nəticəsini dəyişdirmədiyi qənaətindədir. Həmin prinsiplər şəxsin səlahiyyətli inzibati orqanın davranışına və hüquqi aktına əsaslı şəkildə etibar etməsini qoruyur. Lakin qanuni gözləntinin müdafiəsi üçün həmin gözləntinin söykəndiyi hüquqi aktın mövcudluğu və şəxsə aidiyyəti kifayət qədər müəyyən olmalıdır. İddiaçının hüququnun əsasını təşkil etdiyi bildirilən bələdiyyə qərarının rəsmi arxiv nüsxəsində və arxiv məlumatlarında onun adının aşkar edilmədiyi halda, etimadın qorunması prinsipi həmin çatışmayan hüquqi əsası əvəz edən ayrıca mülkiyyət hüququ mənbəyi kimi çıxış edə bilməz. Apellyasiya instansiyası məhkəməsi İPM-in 58.7, 68.2 və 82-ci maddələrinin tələblərinə uyğun olaraq işdə olan, habelə apellyasiya baxışı zamanı əldə edilmiş sübutları məcmu halında qiymətləndirməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin “təqdim edilmiş qərarın və əlavə sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilmir” qənaəti iş materialları ilə uzlaşmır. Belə ki, artıq birinci instansiya icraatında Abşeron Rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli məktubu ilə iddiaçının adının ## ###### 2007-ci il tarixli, ** saylı qərarda aşkar edilmədiyi bildirilmiş, apellyasiya icraatında isə ## ###### 2026-cı il tarixli arxiv cavabı həmin məlumatı təkrar təsdiq etmiş və qərara torpaq sahəsi ayrılan şəxslərin adlı siyahısının əlavə edilmədiyini göstərmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda, dövlət qeydiyyatının məqsədi və hüquqi mahiyyəti də nəzərə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat dövlət tərəfindən konkret əşya hüququnun tanınması və təsdiqi olduğundan, qeydiyyat institutu hüququn yaranma əsasına dair mövcud mühüm ziddiyyəti aradan qaldıran vasitə kimi istifadə edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına yol verilməməsi nə qədər vacibdirsə, rəsmi arxiv və digər dövlət sənədləri ilə təsdiqlənməyən hüquqi əsas üzrə dövlət reyestrində yeni mülkiyyət qeydinin aparılmaması da hüquqi müəyyənlik və reyestr məlumatlarının etibarlılığının qorunması baxımından eyni dərəcədə əhəmiyyətlidir. Yuxarıda qeyd olunan halların məcmusu əsasında məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli 0,0768 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi üçün zəruri olan hüquqmüəyyənedici əsasın mötəbərliyi iş materialları ilə kifayət qədər təsdiq edilmir. İddiaçının istinad etdiyi X1 ## ###### 2007-ci il tarixli, ** saylı qərarında onun adının rəsmi arxiv fondu üzrə aşkar edilməməsi, həmin qərara torpaq sahəsi ayrılan vətəndaşların adlı siyahısının əlavə edilməməsi, qərarın Bələdiyyələrlə İş Baş İdarəsində qeydiyyata alınmaması, sonrakı tarixli ödəniş qəbzi, alqı-satqı aktı və rəyin isə ilkin hüquqi əsas kimi həmin qərara istinad etməsi birlikdə qiymətləndirildikdə, cavabdehin üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması üçün yetərli hüquqi və faktiki əsas mövcud deyildir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1227/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1227/2026
10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver