Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1229/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı , Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *- *(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, ##.##.2011-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** saylı ## #### 2026-cı il tarixli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. ****** №-li ##.##.2012-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən ikinci qrup əlilliyi olan şəxsdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin * saylı Mərkəzi Tibbi- Sosial Ekspert Komissiyasının ##.##.2026-cı il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilir ki, mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmə nəticəsində iddiaçının xəstəliyinin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. ##.##.2026-cı il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ##.##.2012-ci il tarixdən “postravmatik serebral araxnoidit, kəllə-daxili təzyiq, Qabarıq ANS.OU-angiopatiya” diaqnozu ilə təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin dayandırıldığı ##.##.2026-cı il tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və ona ##.##.2026-cı il tarixdən ikinci dərəcəli ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsi prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1970-ci ildə Naxçıvan MR, Ordubad rayonu Gənzə kəndində anadan olmuşdur. Ona ##.##.2012-ci ildə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin olunmuş, diaqnoz olaraq postravmatik serebral araxnoidit, kəllə-daxili təzyiq, Qabarıq ANS.OU-angiopatiya qoyulmuşdur. Iddiaçıya təyin olunmuş əlillik dərəcəsinə uyğun olaraq uzun illər pensiya almışdır. Iddiaçıya heç bir xəbərdarlıq edilmədən əlilliyi ləğv olunmuşdur. Əlilliyinin ləğv olunması barədə məlumatı pensiya ödənişinin kəsilməsinin səbəbi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən zaman əldə etmişdir. Iddiaçı 2012-ci ildən etibarən 14 il əlillik üzrə pensiya almış, lakin hazırda ona təyin olunmuş əlillik qanunsuz olaraq ləğv olunmuşdur. Iddiaçının xəstəlikləri xroniki xarakter daşıyır və ona görə də, müalicə olunmaqla bərpası mümkün deyildir. Buna görə də, müddətsiz əllilik təyin olunmuşdur. Hazırda iddiaçı həmin xəstəliklərə görə müalicə olunur, xəstəlik sənədləri vardır. Buna baxmayaraq, inzibati orqan qanuni araşdırma aparmır, əllilik vəziyyətini düzgün yoxlamır. Halbuki, inzibati orqan tam və hərtərəfli araşdırma aparmalı, “Əlilliyin müəyən olunması meyarlarına” əsasən iddiaçıya təyin olunmuş diaqnozun həmin meyarlara uyğun olub-olmaması araşdırılmalıdır. Həmin meyarlarda mənə təyin olunmuş diaqnoza əsasən mənə əlillik dərəcəsi mütləq təyin olunmalıdır. Odur ki, pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət emtişdir. Bununla belə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən mənim ünvanıma əlilliyimin ləğv edilməsi barədə nə məktub, nə də qərar gəlməmişdir. Ərizəmə əlavə etdiyim ##.##.2026-cı il tarixli *-**- */*M-*****/**** saylı məktubu öz təşəbbüsümlə cavabdeh inzibati orqana müraciət edərək əldə etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərin ünvanına ##.##.2026-cı il tarixə əyani müayinəyə çağırılmaları haqqında sifarişli xəbərnaməli məktublar göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasıhəmin vətəndaşlardan 21 nəfərinin əyani müayinəsini həyata keçirmiş, tibbiekspert sənədlərini araşdırmış, 6 nəfər əyani müayinəyə gəlmədiyindən tibbi ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış, daha öncəki tarixdə komissiyaya dəvət olunmuş, lakin ##.##.2026-cı il tarixdə iştirak etmiş və müayinə olunmuş 1 (bir) nəfər vətəndaş da daxil olmaqla, ümumilikdə 28 nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: Soyad, Ad, Ata adı: İddiaçı FIN: İddiaçı Dəvət tarixi: ##.##.2026 Bildirişin nömrəsi: 3- 17-4/2-M-4576/2026 Iştirak tarixi: iştirak etmədi Əlillik səbəbi: ümumi xəstəlik Müayinə tarixi (Təyinat tarixi): ##.##.2011 Əlillik dərəcəsi (OFP faizi) və müddəti: ikinci dərəcə müddətsiz Göndərişdə qeyd edilən diaqnoz: Postravmatik serebral araxnoidit, kəllə-daxili təzyiq. Qabarıq Astenonevrotik sindrom. OU-angiopatiya. - Şikayətləri: - Sənəd sayı: - Həkim mütəxəssisin müayinəsi: - DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adları (nəticələr əlavədə): - Əlavə müayinə üçün göndəriş: - Əlavə müayinə nəticələrinin təqdim edilmə tarixi: - Əlavə müayinə diaqnozu: - Qərarın əsaslandırılması: Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmə nəticəsində xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. ##.##.2026-cı il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar ləğv edilmiş və iddiaçı İddiaçı dayandırıldığı tarixdən ikinci dərəcəli ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2011-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra, Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 2011-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, iddiaçını əyani müayinəyə cəlb etmədən 2011-ci ildə əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyəti ##.##.2011-ci ildə qiymətləndirilmiş və ona ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmişdir. Cavabdeh 2011-ci il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə, həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Işin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırki mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Iş üzrə ekspertiza təyin edilmədən məhkəmə iddianı əsassız olaraq təmin etmişdir.Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmamıs, həmçinin zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl goymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müayinə sənədləri tədqiq edilən zaman Agentliyin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. ##.##.2022-ci il tarixli *** saylı qərarla təsdiq edilmiş patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Məhkəmə ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Bu səbəbdən Sumqayıt Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. .. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2011-ci ildə aparılmış tibbisosial ekspertiza müayinəsinin nəticələrinə əsasən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, sonradan isə Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçının diaqnozunun əlillik əlaməti təyin etməməsi əsas gətirilərək əlilliyi ləğv edilmişdir. Birinci instansiya məhkəməsi həmin qərarın qəbul edilməsi zamanı cavabdeh tərəfindən inzibati icraatın və əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunubolunmadığını araşdırmış və əsaslı olaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən bu istiqamətdə zəruri və qanunla nəzərdə tutulmuş prosedur həyata keçirilməmişdir. Əsaslı şübhələrin nədən ibarət olmasını təsdiq edən sübutlar inzibati icraat materiallarında yoxdur və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əlilliyin təyin edilməsi bardə qərar barədə müvafiq hərəkətlər aparılması imkanını tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Bununla yanaşı, “Inzibati icraat haqqında” Qanunun 24.1, 24.3 və 24.4-cü maddələrindən irəli gəldiyi kimi, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanı xidməti vəzifəsindən irəli gələn öhdəlik kimi həyata keçirməli və təqdim olunmuş sübutlar kifayət etmədikdə öz təşəbbüsü ilə əlavə sübutlar toplamalıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən iddiaçıya ##.##.2011-ci ildə müddətsiz əlilliyin təyin edilməsinin düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu və həmin sübutların məhz qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılması barədə kifayət qədər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli qərarın qəbul edilməsinə əsas kimi yalnız diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmiş, lakin əvvəllər müddətsiz müəyyən edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsini əsaslandıran hallar hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya digər əsasla qüvvədən düşmüş hesab edilənədək hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, iddiaçıya ##.##.2011-ci ildə təyin edilmiş müddətsiz əlilliklə bağlı inzibati akt qüvvədə olduğu müddətdə onun hüquqi nəticələrinin aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosedura əməl olunması zəruri olmuşdur. Inzibati orqanın qüvvədə olan inzibati aktın qanunsuzluğu barədə əsaslı məlumat əldə etməsi həmin aktın heç bir prosedur aparılmadan faktiki olaraq aradan qaldırılmasına əsas vermir. Belə halda inzibati orqan əvvəlki inzibati icraatı qanunvericiliyin tələblərinə uyğun qaydada təzələməli, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq inzibati qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsinin də əsaslı olaraq qeyd etdiyi kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən belə inzibati icraatın aparılması sübuta yetirilməmişdir. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Göründüyü kimi, inzibati orqan şəxsə əlillik təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. Iddiaçının əlillik işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, iddiaçının əlilliyi təyin olunduğu ##.##.2011-ci il tarixdən 15 il sonra cavabdehin ##.##.2026-cı il tarixdə iddiaçının diaqnozunun əlillik əlamətləri təyin etməməsini bildirməsi və onun əlilliyinin ləğv edilməsi barədə gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Beləliklə, cavabdehin ##.##.2026-cı il tarixli qərarının qəbul edilməsindən əvvəl iddiaçının ##.##.2011-ci ildən mövcud olan müddətsiz əlillik statusunun dəyişdirilməsini və ya ləğv edilməsini əsaslandıran hallar qanunvericiliyin tələb etdiyi qaydada tam, hərtərəfli və obyektiv araşdırılmamış, əvvəlki inzibati aktın hüquqi qüvvəsinin aradan qaldırılması üçün nəzərdə tutulmuş prosedur həyata keçirilməmişdir. Bu səbəbdən həmin qərarın qanuni və əsaslı hesab edilməsi mümkün deyildir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, cavabdehin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iddiaçının dayandırıldığı tarixdən ikinci dərəcəli ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1229/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1229/2026
28.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver