Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-123/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (Açar sözlər: valideyn himayəsindən məhrum olmuş şəxs kimi birdəfəlik müavinətin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İ-ЖГ seriyalı, 388033 nömrəli “Atalığı müəyyən etmək haqqında şəhadətnamə”dən görünür ki, X4 xx xxxxx 2000-ci il təvəllüdlü İddiaçı atası hesab edilmişdir. İ-AZ seriyalı, 124296 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxxx 2000-ci il təvəllüdlü İddiaçı atası X4, X2dır. AZ-İ seriyalı, 009412 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X12 23 mart 2002-ci il tarixdə ölmüşdür. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 15 saylı Mənzil-Kommunal Sahəsinin təsdiq etdiyi 24 yanvar 2004-cü il tarixli aktdan görünür ki, xx xxxxx 2000-ci il təvəllüdlü İddiaçı anadan olan tarixdən hazıradək 13-cü mikrorayon, ev 39, mənzil 25 ünvanda, əvvəlcə X2nın, 2002-ci il 23 mart tarixdə o vəfat etdikdən sonra isə nənəsi, X3 himayəsindədir. Uşağın atası Sabirabad rayonunda yaşayır, uşağa baş çəkmir və heç bir maddi yardım göstərmir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 26 fevral 2004-cü il tarixli, 86 nömrəli sərəncamından görünür ki, X10 müraciət edərək hər iki valideyn himayəsindən məhrum olmuş nəvəsinə qəyyum təyin edilməsini xahiş etmiş, xx xxxxx 2000-ci il tarixdə anadan olmuş İddiaçı qəyyumu təyin edilmişdir. 4 dekabr 2023-cü il tarixli, C seriyalı, 100428 nömrəli “Bakalavr diplomu”ndan görünür ki, İddiaçı 25 iyun 2021-ci il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elektrik mühəndisliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. “MyGov” elektron sistemindən çıxarışdan görünür ki, İddiaçı 2021-2022-ci tədris ilində Azərbaycan Texniki Universitetinin “avtomatlaşdırılmış elektrotexnoloji qurğular və sistemlər” ixtisasına qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 noyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-279552/2024 nömrəli “Birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsinin mümkün olmaması haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, atası X1 valideynlik hüququndan məhrum edilməsi haqqında məhkəmənin qərarının surətini və ya cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı təqdim etdikdən sonra təkrar müraciəti əsasında sözügedən birdəfəlik müavinət və kompensasiya hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsinin 27 avqust 2025-ci il tarixli, JU-X/0-001/068-1097Ü nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Texniki Universitetinin 29 sentyabr 2021-ci il tarixli, 392-T(s) nömrəli əmrinə əsasən Yüksək Təhsil İnstitutunun “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmuş, 23 oktyabr 2021-ci il tarixli, 482-T(s) nömrəli əmri ilə mövcud qanunvericiliyə əsasən valideynini itirmiş şəxs kimi təhsil haqqının ödənilməsindən azad olmuş və ona 1 oktyabr 2021-ci il tarixdən 1 fevral 2022-ci il tarixədək adi təqaüdün iki misli miqdarında təqaüd verilmişdir. İddiaçı universitetlə əlaqə saxlamadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq Azərbaycan Texniki Universitetinin 14 fevral 2024-cü il tarixli, TM-27 nömrəli əmrinə əsasən tələbələr sırasından xaric edilmişdir 3 mart 2021-ci il tarixli, ******* nömrəli “Əmək kitabçasının surəti”ndən görünür ki, İddiaçı 1 mart 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək "xxxx" MMC-də təmizlik işçisi, 12 dekabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək “X19” MMC-nin “Aldo Shoes” mağazasında satıcı-konsultant vəzifəsində fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona 6000 manat məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməyə əsəsən atası X4, anası isə X11r. X2 23 mart 2002-ci il tarixdə vəfat etmişdir. Bundan sonra atası onun nənəsi X10 ilə qoymuş Sabirabad rayonuna getmişdir. Nənəsi Həqiqət xanım sənədləri toplayaraq müvafiq icra hakimiyyətinə müraciət etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 86 nömrəli sərəncamına əsasən hər iki valideyn himayəsindən məhrum olmuş onun nənəsi X10 qəyyum təyin edilmişdir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı sübut etməlidir ki, o müvafiq dövrdə valideyn himayəsindən məhrum olmuşdur, bu isə atanın valideyn hüquqlarından məhrum edilməsinə dair qətnamə və ya atanın həmin müddət ərzində cəzaçəkmə müəssisəsində olduğuna dair arayışla mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın valideyn himayəsindən məhrum olmuş hesab edilməsi üçün hər iki valideyni müəyyən olunmuş kateqoriyaların hər hansı birinə aid olmalıdır: məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən. iddiaçı tərəf iddiaçının atasının uşağın tərbiyə edilməsindən imtina etdiyini, onunla maraqlanmadığını, həmçinin nənəsinin qəyyum qismində təyin edildiyi üçün onun valideyn himayəsindən məhrum olmuş hesab edildiyini iddia etsə də, atasının yuxarıda qeyd edilən kateqoriyaların hər hansı birinə aid olunduğu sübuta yetirilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 26 fevral 2004-cü il tarixli, 86 nömrəli sərəncamında iddiaçının hər iki valideyn himayəsindən məhrum olunmuş şəxs qismində qeyd edilməsinə dair nənəsi X3 müraciətindən başqa hər hansı əsaslı hal müəyyən edilməmiş, bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmənin elektron sistemində mövcud olan məlumatlarda iddiaçının atası X1 fərdi məlumatlarında onun hazırda Sabirabad rayonu, Qasımbəyli ərazi dairəsi, Qasımbəyli kəndində qeydiyyatda olması, “Üzeyir-2” kiçik müəssisəsində (VÖEN **********) çalışır, o cümlədən barəsində hər hansı bir məhkəmə işinin olması müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə, “Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi tərəfindən iddiaçının təhsili ilə əlaqədar verilmiş məlumata əsasən onun valideynini itirmiş şəxs kimi təhsil haqqının ödənilməsindən azad edilməsini də mövcud olan qanunvericiliyə əsaslanaraq iddiaçının valideyn himayəsindən məhrum olmuş hesab edilməsi üçün əsas hesab etmir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü– onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslərdə valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan uşaqla və uşaqlarının tərbiyə edilməsindən və yaonların hüquqvə mənafelərinin müdafiəsindən imtinaedən uşağı ayrı ayrı göstərmişdir. Atasının onun tərbiyəsi ilə məşğul olmadığını onun uşaq yaşlarında (yəni 18 yaşına kimi) hüquq və mənafelərinin müdafisəsindən imtina etdiyini bildirmiş və buna dair sübutları məhkəməyə təqdim etmişdir. Yəni yerli icra hakimiyyəti orqanı uşağın tərbiyəsi, hüquq və mənafelərini qorumaq üçün ona qəyyum təyin etmişdir. Həmin Qanunun 2-ci maddəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarət olduğu yazılmışdır. Bu isə ona əsas verir ki, digər normativ hüquqi-aktları bu qanundan üstün sayaraq qanunun analogiyasını tətbiq etməməliyik. Çünki anlayışlardan göründüyü kimi hər şey açıq-aydın qeyd edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqların açılışı qanunda açıq aydın qeyd edilsədə cavabdeh və məhkəmə Ailə Məcəlləsində göstərilmiş qeydləri əsas götürərək iddianı təmin etməmişdir. Əgər atası barədə hər hansı bir sübut təqdim etməli idisə heç vaxt övladı ilə maraqlanmayan ata barəsində hansı sübutları təqdim edə bilərdi. Uşaqlıq dövründə və bu günə kimi ata himayəsindən kənarda qalmış və dövlət də bu kimi halları nəzərə alaraq həmin uşaqların ilk iş həyatına başladığı anda öz dəstəyini göstərərək “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul etmişdir. Lakin inzibati orqan qanunla müavinət almalı olan şəxsin hüquqlarını təmin edilməsindən əsassız şəkildə imtina edir və öz vəzifələrini icra etməməkdən ötrü yuxarıda göstərilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AzərbaycanRespublikasının Qanunun1ci maddəsinin bir neçə bəndini əsas götürərək qətnamə və ya arayış tələb edir. Məhkəmə də öz növbəsində imtinanı əsaslı sayaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 2000-ci ildə qüvvəyə minmişdir və preambulada Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədəvəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən etməsi göstərilmişdir. Yəni ailə münasibətlərinin iştirakçısı olan uşaqların hüquq və vəzifələrini və dövlət orqanlarının bu sahədə vəzifələrini müəyyən etmişdir. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136-cı və 137-ci maddələrini rəhbər tutaraq 114.1-ci maddəsində göstərilmiş halları (uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda) aşkar etmiş və onun hüquq və mənafələrini müdafiə edərək nənəsi X5 qəyyum təyin edilməsi barədə sərəncam vermişdir. İnzibati orqanın müvafiq təsdiq edici sənəd tələb etməsi göründüyü kimi yetim uşağa birdəfəlik müavinətin verməməsi üçün bir vasitədir. İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin dördüncü vəonuncu abzasları arasındayerləşən aşağıdagöstərilən halları müvafiq icra hakimiyyəti orqanın qəyyum təyin etməsi barədə sərəncamı ilə təsdiq olunur ki, ata uşağın tərbiyəsindən yayınmış və valideyn himayəsi göstərməmişdir. Əlavə olaraq Ailə Məcəlləsi 2000-ci ildə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunu isə 1999-cu ildə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. valideyn himayəsindən məhrum olmuş uşaqlar – bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan və ya hər iki valideyni aşağıda qeyd edilən kateqoriyaların hər hansı birinə aid olan 18 yaşınadək şəxslər:1.1.1.1. vəfat etmiş;1.1.1.2. məlum olmayan;1.1.1.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;1.1.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilən;1.1.1.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən;1.1.1.6. cəzaçəkmə müəssisələrində cəzasını çəkən;1.1.1.7. uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;1.1.1.8. uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;1.1.2. valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər – valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər; “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli, 179 nömrəli Qərarı:
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6000 (altı min) manat məbləğində birdəfəlik müavinətlə təmin olunsunlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində valideyn himayəsindən məhrum olmuş şəxs kimi qanunla müəyyən edilmiş əsaslara birdəfəlik müavinətin təyin edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının atasının valideynlik hüququndan məhrum edilməsi haqqında məhkəmənin qərarının surətini və ya cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı təqdim etdikdən sonra təkrar müraciəti əsasında sözügedən birdəfəlik müavinət və kompensasiya hüququna qanunvericiliyə uyğun olaraq baxılacağı halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2000-ci il təvəllüdlü olmaqla, 2021-ci ildə bakalavr pilləsi üzrə ali təhsilini bitirmiş, 2021/2022 tədir ili üzrə ödənişli əsaslarla magistratura pilləsinə qəbul olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçı barəsində valideyn himayəsindən məhrum olmuş şəxs kimi nənəsi onun üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Həmin Sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin məzmunundan görünür ki, iddiaçının anası vəfat etdiyindən (2002-ci ildə), atası uşağı atıb getdiyindən, onun tərbiyəsi ilə nənəsi məşğul olduğundan və saxladığından nənəsinin onun üzərində qəyyum təyin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçının atası və anası rəsmi nikah münasibətlərində olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bakalavr pilləsi üzrə təhsil aldığı dövrdə xx.xx.2003-cü ildə ilk dəfə işə qəbul olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmr əsasən universitetə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmrə əsasən valideynini itirmiş şəxs kimi təhsil haqqının ödənilməsindən azad olunmuş, habelə ona adi təqaüdün iki misli miqdarında təqaüd verilmişdir. Kollegiya qeyd edir ki, indiki halda iddiaçının tələbinin əsası məhz valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxs kimi qanunla müəyyən edilmiş birdəfəlik müavinətin alınmasından ibarətdir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən sözügedən birdəfəlik müavinətin təyin edilməsi üçün şəxs valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və ya onların arasından olan şəxs statusuna malik olmalı və ilk dəfə işə düzəlməsi halı mövcud olmalıdır. İndiki halda iddiaçıya münasibətdə ikinci şərtin (ilk dəfə işə düzəlməsi) ödənilməsi ilə bağlı hal işin mübahisəsiz halı kimi çıxış etməklə yanaşı, işin yuxarıda müəyyən edilmiş halları əsasında öz təsdiqini tapmışdır. Hazırki mərhələdə işin mübahisəli halı qismində məhz iddiaçının valideynini itirmiş və himayəsindən məhrum olmuş və ya onların arasından olan şəxs statusunda olub-olmaması ilə bağlı haldır. Kollegiya işin mübahisəli halı ilə bağlı qeyd edir ki, iddiaçının valideynlərindən biri (anası) 2002-ci ildə vəfat etmişdir, həmin vaxtda iddiaçı azyaşlı olmaqla, iki yaşı olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yetkinlik yaşına çatanadək olan dövrdə onun üzərində nənəsi qəyyum təyin edilmiş, onun saxlanması və təlim-tərbiyəsi ilə məhz qəyyumu qismində nənəsi məşğul olmuşdur (bu hal işin mübahisəsiz halı kimi çıxış edir). Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, uşağın üzərində nənəsinin qəyyum təyin edilməsinə əsas olan hal məhz onun valideynin birinin vəfat etməsi, digər valideynin isə uşağı saxlamaqdan imtina etməsi ilə bağlı hallar çıxış etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 33-cü maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir, yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının valideynlərindən biri vəfat etdiyindən, digər valideyninə münasibətdə isə uşağın tərbiyəsindən, hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi halı işin yuxarıda müəyyən edilmiş faktiki halları əsasında öz təsdiqini tapdığından, habelə ilk dəfə işə düzələn vaxtda 23 yaşınadək ali təhsil müəssisəsində təhsil alan şəxs statusunda olduğunda, qanunun normasının dispoztiv şərtinə əsasən iddiaçı valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxs statusuna malik olan şəxs olmuşdur (“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1.1 və 1.1.1.7-ci maddələri). Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçıya münaisbətdə sözügedən müavinətin ödənilməsi üçün tələb olunan digər şərtin (valideyn himayəsindən məhrum olmuş şəxs statusuna malik olması) də ödənilməsi halı müəyyən edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının tələbi qanunun normasının dispozitiv şərti ilə uzlaşdırğından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdeh inzibati orqan isə inzibati icraat çərçivəsində işin faktiki fərdi xarakterik hallarını araşdırmaq imkanına malik olduğu halda, formal yanaşma tətbiq etmiş, nəticə etibarilə iddiaçı barəsində hərəkətləri qanunauyğun olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, işin faktiki fərdi xarakterik halları və qanunvericilik normasının tələbləri müqayisəli şəkildə təhlil edilməmiş, cavabdehin hərəkətlərinin əsaslılığı qanunun normasının və işin halları baxımından düzgün dəyərləndirməsini aparmamış, formal yanaşma tətbiq etmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı məhz sözügedən müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya hesab edir ki, İPM-in 52-ci maddəsinin tələblərinə əsasən indiki haıda iddiaçının hüquqi marağı məhz sözügedən müavinətin ona ödənilməsinə nail olmağa yöndəldiyindən, iddia tələbində müavinətin təyin edilməsi özlüyündə müavinətin ödənilməsi halını da ehtiva etdiyindən, qərarın nəticə hissəsində “müavinətin təyin edilməsi və ödənilməsi” şəklində ifadə edilməsi məqsədəmüvafiqdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı valideyn himayəsindən məhrum olan şəxs kimi 6000 (altı min) manat məbləğində birdəfəlik müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.