Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1249/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı İddiaçı ##.##.1958-ci il təvəllüdlüdür.
2. ##.##.1989-cu il tarixli, ****** nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1976–cı il tarixdən ##.##.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
3. ##.##.1987-ci il tarixli, PB seriyalı, ****** nömrəli diploma əsasən iddiaçı ##.##.1982–##.##.1987-ci illərdə CM.Kirov adına X2 ordenli Azərbaycan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə əyani təhsil almışdır.
4. Azərbaycan SSR Vəkillər X3nin ##.##.1987-ci il tarixli, ** nömrəli protokoluna əsasən iddiaçı stajor kimi işə qəbul olunaraq staj keçmək üçün Füzuli rayon Hüquq Məsləhətxanasına göndərilmiş, RH-nin ##.##.1992-ci il tarixli, ** nömrəli protokol qərarı ilə isə başqa işə keçməsi ilə əlaqədar ##.##.1992-ci il tarixdən Kollegiyanın üzvlüyündən çıxarılmışdır.
5. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *-*/*-P-**/*-*/**** nömrəli məktubda iddiaçının ##.##.1992-ci ildən 1995-ci ilin sonunadək Qubadlı və Tərtər qarnizonu hərbi prokurorluqlarında prokuror köməkçisi vəzifəsində işlədiyi, ##.##.2023-cü il tarixli arayışlarla ona ##.##.1993–##.##.1995-ci illərdə ödənilmiş əməkhaqqı və digər ödənişlər barədə məlumat verildiyi göstərilmişdir.
6. Azərbaycan Respublikası Vəkillər X3 tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli arayışa əsasən iddiaçı ##.##.2005-ci il tarixdən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş və fəaliyyət göstərməsi üçün Sumqayıt şəhər hüquq məsləhətxanasına göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmünə əsasən həmin tarixdən kollegiya üzvlüyündən xaric edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ##.##.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, ilkin ödəniş məbləği 280 manat müəyyən olunmuşdur. Pensiya təyin edilərkən iddiaçının ##.##.2006-cı ilədək olan sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 25 il hesablanmışdır.
8. Iddiaçı ona prokurorluq orqanlarının sabiq işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, həmin orqan ## ###### 2024-cü il tarixli, *-**-*/*-P-*****/**** nömrəli məktubu ilə müraciət icrasından imtina edərək həmin müraciətlə bağlı müvafiq sənədlərlə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsini tövsiyə etmişdir.
9. Bundan sonra iddiaçı pensiya hesablanarkən əvvəlki əmək fəaliyyəti dövrlərinin sığorta stajında tam nəzərə alınmadığını bildirərək həmin dövrlərin stajına daxil edilərək pensiyasının yenidən hesablanması üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdir.
10. X4 daxil olmuş ##.##.2025-ci il tarixli və Milli Məclisdən daxil olmuş ##.##.2025-ci il tarixli müraciətlərinə cavabdeh inzibati orqanda baxılmışdır.
11. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-P-******/**/**** nömrəli məktubunda iddiaçının ##.##.2006-cı ilədək sığorta stajının 25 il olaraq nəzərə alındığını, fərdi hesabında ##.##.2006-cı il tarixdən ##.##.2020-ci il tarixədək qeydə alınmış 2023-cü il tarixinə indeksləşdirilmiş 13.489,65 manat pensiya kapitalı əsasında aparılmış hesablamanın ödənilən pensiyanın məbləğini dəyişdirmədiyini və ödənişin 336,58 manat olmaqla davam etdirildiyini bildirmişdir. Həmçinin, əmək kitabçasının, diplomun və hərbi biletin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri təqdim ediləcəyi halda pensiyanın yenidən hesablanması məsələsinə baxılacağı göstərilmişdir.
12. Verilən cavabla razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1976–1978-ci illərdə hərbi xidmət, 1982–1987-ci illərdə əyani təhsil, 1987–1992-ci illərdə vəkillik fəaliyyəti, 1982-1996-cı illərdə döyüş bölgələrində AR hərbi prokurorluğun əməkdaşı kimi işlədiyi dövr və 1997–2005-ci illərdə “xxxx” beynəlxalq hüquq firmasının direktoru kimi işlədiyi dövrlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977-1981-ci illərdə ayrı-ayrı zavod və müəssələrdə fəhlə işləmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1987-ci ildə həmin fakültəni bitirmişdir. 1987-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasında işə qəbul olmuşdur, vəkil kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1992-ci il tarixli, ** nömrəli və ##.##.1992-ci il tarixli, *** nömrəli əmrləri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun həmin əmrlərində qeyd olunmuş döyüş şəraitində yerləşən Qubadlı, Füzuli, Qarabağ,Tərtər hərbi prokurorluqlarında prokuror köməkçisi vəzifəsində işləmiş və vətən qarşısında borcunu yerinə yetirmişdir. ## ###### 1995-ci ildə səhhətində yaranan ciddi xəstəliklərlə əlaqədar prokurorluq orqanlarından xaric edilmişdir. Döyüş şəraitində hərbi xidmətdə olduğu dövrdə iddiaçıya ikiqat maaş verilmiş, həmin əmək haqqından sosial ödənişlər edilmişdir. 1997-ci ildən 2005-ci ilədək Bakı şəhərində yerləşən xxxx Beynəlxalq firmasının direktoru vəzifəsində işləmiş, həmin şirkət rəsmi dövlət qeydiyyatından keçmişdir. Aldığı əmək haqqından da sosial ödənişlər həmişə edilmişdir. ##.##.2005-ci ildən ##.##.2019-cu ilədək AR Vəkillər Kollegiyasının üzvü olmuşdur. Əmək haqqından da sosial ödənişlər edilmişdir. 2023-cü ildə 65 yaşı tamam olduqdan sonra iddiaçıya 280 manat pensiya hesablanmışdır. Həmin vaxtdan hal-hazıra kimi dəfələrlə qanunlara əməl edilməklə pensiya məbləğinin düzgün hesablanması ilə bağlı aidiyyəti şəxslərə etdiyi müraciətlər nəticəsiz qalmışdır.
14. Cavabdeh iddiaya yazılı etirazında müraciətə verilmiş imtina cavabının məzmununu təkrarlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya ##.##.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 336,58 manat məbləğində olmaqla davam etdirilir. ##.##.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 13.489,65 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (336,58 manat) dəyişiklik olmamışdır. Iddiaçının sığorta stajını təsdiq edən zəruri sənədlərin (əmək kitabçası, əyani təhsil haqqında diplom və hərbi bilet) əslini və ya notariat qaydada təsdiq olunmuş surətlərini Fondun müvafiq struktur bölməsinə təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanmasına qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
15. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının ##.##.1976–##.##.1978-ci illərdə həqiqi hərbi xidmətdə olduğu, ##.##.1982–##.##.1987-ci illərdə Bakı Dövlət Universitetində əyani təhsil aldığı və ##.##.1992–##.##.1995-ci illərdə Hərbi Prokurorluq orqanlarında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia 1987–1992-ci illər üzrə vəkillik fəaliyyəti dövrünün (həmin dövrün cavabdeh tərəfindən artıq sosial sığorta stajına daxil edilməsi səbəbindən) və 1997–2002-ci illərdə “xxxx” beynəlxalq hüquq firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi hissəsində əsassız olduğundan təmin edilməmişdir (hakim Leyla Mirzəyeva).
16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ##.##.1992-ci ildən 1995-ci ilin sonunadək prokurorluq orqanında işləməsi Hərbi Prokurorluğun ##.##.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərlə, 1987-1992-ci illərdə vəkillik fəaliyyəti isə Vəkillər Kollegiyasının ##.##.2026-cı il tarixli cavab məktubu ilə təsdiq olunur. Bununla yanaşı, cavabdeh orqan tərəfindən ##.##.2026-cı il tarixli qərarla 1987-1992-ci illər iddiaçının sığorta stajına daxil edilmişdir. Iddiaçının hərbi bileti və diplomundan ##.##.1976- ##.##.1978-ci illərdə hərbi xidmətdə olduğu, ##.##.1982-##.##.1987-ci illərdə isə təhsil aldığı müəyyən edilmiş, 1982-1992-ci illər artıq staj kimi nəzərə alındığından həmin dövr üzrə təkrar hesablamanın mümkün olmadığı qeyd edilmişdir. 1997-2005-ci illərdə “xxxx” beynəlxalq hüquq firmasındakı fəaliyyətdən yalnız 2002-2005-ci illər təsdiq olunmuş, 1997- 2002-ci illərdə işləməsini təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh yalnız müəyyən sənədlərin təqdim edilməməsinə istinad etməməli, inzibati icraatın obyektiv araşdırılması prinsipinə uyğun olaraq aidiyyəti dövlət orqanlarından məlumat və sənədləri əldə etməklə iddiaçının sığorta stajını tam müəyyən etməli idi. Hərbi Prokurorluq və Vəkillər Kollegiyasından daxil olmuş rəsmi sənədlərlə mübahisəli dövrlərin bir hissəsinin təsdiqlənməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin sübutlara tam və hərtərəfli hüquqi qiymət verilməməsi qərarın işin faktiki halları tam araşdırılmadan qəbul edildiyini göstərir.
17. Iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmişdir.
18. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri:
19. Iddiaçının ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək əməkhaqqı aldığı dövrlər sığorta stajına daxil edilmişdir. Bundan başqa, iddiaçının ## ######## 1982-ci il–## #### 1987-ci il tarixlərində Bakı Dövlət Universitetində əyani təhsil aldığı dövrlər iddiaçının sığorta stajına daxil edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sığorta stajı cədvəlində əyani təhsil dövrü ayrıca göstərilmiş və sığorta stajına daxil edildiyi açıq şəkildə öz əksini tapmışdır. Belə olan halda, iddiaçının əyani təhsil dövrünün sığorta stajına daxil edilməməsi və ya bu dövrün nəzərə alınmaması barədə iddiası iş üzrə mövcud sənədlə təkzib edilir və faktiki hallara uyğun gəlmir. Məhkəməyə təqdim olunmuş sığorta stajı cədvəli həmin dövrün nəzərə alındığını təsdiq etdiyindən, bu hissədə iddiaçının arqumentləri əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq onun sığorta stajı 25 il nəzərə alınmışdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçının faktiki sığorta stajı 13 il 1 ay 19 gündür. Iddiaçı tərəfindən sığorta stajına daxil edilməsi tələb olunan mübahisəli dövrlər nəzərə alınsa belə, onun faktiki sığorta stajı 25 il müddəti keçmir. Nəticə etibarilə, iddiaçının mübahisələndirdiyi dövrlərin staja daxil edilib-edilməməsindən asılı olmayaraq, ona ödənilən əmək pensiyasının məbləğində hər hansı bir dəyişiklik baş vermir. Iddiaçının ümumi sığorta stajı 25 ili keçmədiyindən qeyd olunan qanunvericiliyin tətbiqi üçün zəruri hüquqi şərtlər mövcud deyildir. Buna görə də faktiki sığorta stajının əsas götürülməsi və bunun nəticəsində pensiya məbləğinin dəyişdirilməsi hüquqi cəhətdən mümkün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazını iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, tərəfindən sığorta stajını təsdiq edən sənədlər - əmək fəaliyyəti, hərbi xidmət və digər müvafiq dövrləri təsdiq edən sənədlər təqdim edilmişdir. Cavabdeh həmin dövrlərin bir qisminin sığorta stajına daxil edilməsini qəbul etməmiş və bunun nəticəsində pensiyanın yenidən hesablanmasına dair tələbi tam şəkildə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma, yardımetmə və sübutların qiymətləndirilməsi vəzifəsini yerinə yetirmiş, təqdim edilmiş sənədləri və tərəflərin mövqelərini araşdıraraq, qanuni və əsaslandırılmış nəticəyə gəlmişdir.
21. Iddiaçı apellyasiya məhkəməsinə təqdim etdiyi əlavə müraciətində universitetin hərbi kafedrasında hazırlıq keçərək R rütbəsi aldığını, Hərbi Prokurorluqda xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş bölgəsində xidmətin qanunvericiliyin tələbinə əsasən ikiqat xidmət hesab olunduğunu bildirmiş və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının 1976-1978-ci illər üzrə hərbi xidmətdə olduğu dövr hərbi xidmətini təsdiq edən biletin surəti tam təqdim edilmədiyindən tərəflərindən sığorta stajı kimi nəzərə alınmamışdır. Tərəflərindən nəzərə alınmayan dövrləri daxil etdikdə belə iddiaçının sığorta stajı 25 il təşkil etmir. Lakin iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələbinə əsasən ##.##.2006-cı il tarixədək 25 il sığorta stajı müəyyən edilmişdir. Tələb olunan dövrlərin staja daxil edilməsi pensiya məbləğinə təsir etmir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında əlavə olaraq bildirmişdir ki, hərbi prokurorluqda işlədiyi 1993-1997-ci illərdə 4 il ərzində hərbi qulluqçu kimi ona üçqat əmək haqqı verilmişdir, bu baxımdan, həmin dövrdəki stajı 4 il deyil, 8 il olaraq nəzərə alınmalıdır, bununla da, cəmi stajı 33 il təşkil edir. Iddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (pensiyanın ilkin təyinatı zamanı (##.##.2023-cü il) qüvvədə olmuş redaksiya): Maddə 6-1. Əmək pensiyasının minimum məbləği Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il ######ın #-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Maddə 10. Yaşa görə əmək pensiyasının məbləği 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.2. 2019-cu il ######ın #-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il ######ın #-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; … Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il # #### tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin # #### 2006-cı il tarixli, *** nömrəli Fərmanı: 2.11-ci bəndə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.
25. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
26. Vətəndaşların pensiya təminatı haqqında Qanun (##.##.2005-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 68. Iş stajının hesablanmasında güzəştlər
27. Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə; …
28. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin və ona qarşı etirazların dəlillərini araşdıraraq hesab edir ki, şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü iddiaçının hüquqi müdafiə marağı baxımından düzgün qiymətləndirmədən mübahisəyə mahiyyəti üzrə baxmışdır. Bu baxımdan, qərar ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı dəqiqləşdirilmiş tələbi 1976–1978-ci illərdə hərbi xidmət, 1982–1987-ci illərdə əyani təhsil, 1987–1992-ci illərdə vəkillik fəaliyyəti, 1992–1995-ci illərdə Hərbi Prokurorluq orqanlarında xidmət və 1997–2005ci illərdə “xxxx” beynəlxalq hüquq firmasının direktoru kimi fəaliyyəti dövrlərinin nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur.
31. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçının ##.##.1976–##.##.1978-ci illərdə həqiqi hərbi xidmətdə olduğu, ##.##.1982–##.##.1987-ci illərdə əyani təhsil aldığı və ##.##.1992–##.##.1995-ci illərdə Hərbi Prokurorluq orqanlarında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına qərar vermiş, 1987–1992-ci illərdə vəkillik fəaliyyəti dövrünün artıq sığorta stajına daxil edilməsi, 1997–2002-ci illərdə “xxxx” beynəlxalq hüquq firmasındakı fəaliyyətin isə sübut edilməməsi səbəbindən həmin hissələrdə iddianı təmin etməmişdir.
32. Iddiaçı həmin məhkəmə qərarından apellyasiya şikayəti verməmiş, beləliklə, iddianın təmin edilməyən hissəsinə dair birinci instansiya məhkəməsinin nəticəsini mübahisələndirməmişdir. Cavabdeh isə yalnız iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verərək həmin hissədə qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
33. Iddiaçının qərarın təmin edilməmiş hissəsindən apellyasiya şikayəti verməməsi həmin hissənin əsaslılığının onun xeyrinə yenidən qiymətləndirilməsinə yol vermir. Bununla belə, hazırkı işdə irəli sürülmüş tələbin vahid xarakteri nəzərə alındıqda, məhkəmənin həmin iddianın mümkünlük şərtlərini xidməti vəzifəsinə görə yoxlamaq vəzifəsi saxlanılır.
34. Belə ki, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğu tərəflərin bu barədə dəlil irəli sürüb-sürməməsindən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifə qaydasında yoxlanılmalıdır. Həmin qərarın 1.4-cü bəndində isə iddianın mümkünlüyünün onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmə olduğu vurğulanmışdır.
35. Buna görə hazırkı halda mümkünlük yoxlaması apellyasiya şikayətinin ayrı-ayrı dəlilləri ilə məhdudlaşmır. Eyni zamanda, bu yoxlama şikayət verilməmiş hissənin mahiyyəti üzrə iddiaçının xeyrinə yenidən qiymətləndirilməsi anlamına gəlmir; həmin hissədəki dövrlər yalnız vahid yenidən hesablanma tələbinin iddiaçı üçün hər hansı hüquqi nəticə doğurubdoğurmadığının müəyyən edilməsi məqsədilə nəzərə alınır.
36. Odur ki, hazırkı işdə cavabdehin apellyasiya şikayəti yalnız iddianın təmin edilmiş hissəsinə yönəlsə də, məhkəmə kollegiyası ilk növbədə iddiaçının irəli sürdüyü vahid iddia tələbinin bütövlükdə mümkün olub-olmadığını müəyyən etməlidir. Çünki, iddia tələbinin bir hissəsinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi həmin tələbin digər hissələrindən təcrid olunmuş şəkildə mümkünlük baxımından qiymətləndirilməsinə əsas vermir.
37. Hazırkı iş üzrə iddiaçının məhkəməyə müraciət etməklə güddüyü hüquqi məqsəd ayrı-ayrı əmək və digər fəaliyyət dövrlərinin pensiyanın yenidən hesablanmasından asılı olmadan formal olaraq sığorta stajına daxil edilməsi deyil, həmin dövrlər nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının məhz məbləğinin artırılmasıdır.
38. Belə ki, iddiaçı apellyasiya məhkəməsində icraat zamanı məhkəmə iclasında izahatında xüsusilə hərbi prokurorluq orqanlarında işlədiyi, eləcə də, vəkillik fəaliyyəti dövləri nəzərə alınmaqla hazırkı 367,88 manat əmək pensiyasının məbləğinin ağlabatan olmadığını, bu məbləğlə razılaşmadığını bildirmişdir.
39. Dəqiqləşdirilmiş iddia tələbində sadalanan fəaliyyət dövrləri də məhz pensiyanın yenidən hesablanması barədə tələbin faktiki əsaslarını təşkil edir. Bu dövrlərin sığorta stajına daxil edilməsinin pensiyanın məbləğinə təsiri ayrı-ayrılıqda deyil, 2006-cı il ######ın #-dək nəzərə alınmalı sığorta stajının ümumi müddəti və həmin müddətə qanunvericiliklə verilmiş hüquqi qiymət nəzərə alınmaqla müəyyən edilir.
40. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı iddia ayrı-ayrı fəaliyyət dövrlərinin sığorta stajı kimi tanınmasına dair müstəqil tələblərin məcmusu deyil, həmin dövrlərin nəzərə alınması yolu ilə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına yönəlmiş vahid iddia tələbi kimi qiymətləndirilməlidir.
41. Bu nəticə, həmçinin, ona görə əhəmiyyətlidir ki, iddiaçının mübahisələndirdiyi ayrı-ayrı fəaliyyət dövrlərinin sığorta stajına daxil edilməsi məsələsi həmin dövrlərin pensiya hüququna faktiki təsirinin olub-olmamasından ayrı qiymətləndirilə bilməz. Başqa sözlə, müəyyən dövrün sığorta stajına daxil edilməsi özlüyündə iddiaçının arzuladığı hüquqi nəticəni – pensiyanın məbləğinin artırılmasını – yaratmır. Bu nəticəyə həmin dövrün qanunvericilikdə müəyyən edilmiş qaydada pensiya hesablamasında nəzərə alınmasının mümkün olması şərtilə nail olmaq mümkündür.
42. Kollegiya qeyd edir ki, iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından, ilk növbədə, “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq imkanına qiymət verilməlidir.
43. Işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası ##.##.2023-cü il tarixində avtomatlaşdırılmış qaydada təyin edilmiş, bu zaman onun 2006-cı il ######ın #-dək sığorta stajı Qanunun 22-1.2.1-ci maddəsinə uyğun olaraq 25 il nəzərə alınmışdır.
44. Qanunun 22-1.3-cü maddəsi isə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı 25 ildən çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajının nəzərə alınmasını göstərir.
45. Bu isə o deməkdir ki, iddiaçının faktiki sığorta stajının müəyyən edilməsi və həmin stajın 25 illik şərti stajı keçib-keçməməsinin araşdırılması hazırkı iddia üzrə həlledici hüquqi əhəmiyyət daşıyır. Bu qayda faktiki sığorta stajı dövrlərinin avtomatlaşdırılmış qaydada hesablanan 25 illik dövrün üzərinə əlavə olunmasını deyil, daha çox olan faktiki stajın nəzərə alınmasını ifadə edir.
46. Bu baxımdan, iddiaçının faktiki stajı qanunla avtomatik nəzərə alınmış 25 illik stajdan artıq olmadığı halda, mübahisəli dövrlərin əlavə olaraq staja daxil edilməsi pensiyanın yenidən hesablanması üçün hüquqi nəticə yaratmayaraq, başqa sözlə, mövcud pensiya məbləğində dəyişiklik etməyəcəkdir.
47. Kollegiya, ilk növbədə, qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin məzmunundan və iş materiallarından göründüyü kimi, iddiaçının ##.##.1982–##.##.1987-ci illər üzrə təhsil, ##.##.1987–##.##.1992-ci illər üzrə vəkillik fəaliyyəti və ##.##.1993–##.##.1995-ci illər üzrə Hərbi Prokurorluqda fəaliyyət dövrləri inzibati orqan tərəfindən artıq sığorta stajına daxil edilmiş və onun ##.##.2006-cı ilədək faktiki sığorta stajı 13 il 1 ay 19 gün müəyyən olunmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi təhsil dövrünü və Hərbi Prokurorluqda 1993–1995-ci illər üzrə fəaliyyəti təkrarən staja daxil etməklə pensiyanın yenidən hesablanması öhdəliyi müəyyən etmişdir.
48. Bununla yanaşı, iddiaçının tələbində göstərdiyi bütün dövrlərin onun xeyrinə sığorta stajına daxil edildiyi qəbul olunsa belə, ##.##.2006-cı ilədək faktiki sığorta stajı 25 ili keçmir. Belə ki, ##.##.1976–##.##.1978-ci illər üzrə hərbi xidmət 2 il 13 gün, ##.##.1982–##.##.1987-ci illər üzrə təhsil 4 il 10 ay, ##.##.1987–##.##.1992-ci illər üzrə vəkillik fəaliyyəti 5 il 3 ay 18 gün, ##.##.1992–##.##.1995-ci illər üzrə Hərbi Prokurorluqda fəaliyyət 3 il 1 ay təşkil edir. “xxxx” beynəlxalq firmasında 1997–2005-ci illər üzrə iddia edilən fəaliyyət dövrü də iddiaçının xeyrinə bütövlükdə 8 il qəbul edildikdə, göstərilən dövrlərin ümumi müddəti 23 il 3 ay 1 gün təşkil edir.
49. Göründüyü kimi iddiaçının tələbində stajına daxil edilməsini tələb etdiyi bütün dövrlərin hamısının adi təqvim qaydasında staja daxil edilməsi qəbul olunsa belə, pensiyanın hesablanmasında artıq nəzərə alınmış 25 illik göstərici dəyişmir.
50. Bu müqayisə zamanı cavabdeh tərəfindən artıq nəzərə alınmış təhsil, vəkillik və Hərbi Prokurorluqdakı fəaliyyət dövrləri ikinci dəfə toplanmır. Birinci instansiya məhkəməsinin təmin etmədiyi 1997–2002-ci illər üzrə “xxxx”də fəaliyyət dövrünün də yalnız mümkünlük şərtinin yoxlanılması məqsədilə iddiaçının xeyrinə qəbul edilməsi həmin hissəyə mahiyyəti üzrə yenidən baxılması anlamına gəlmir.
51. Buna görə tələb edilən dövrlərin adi qaydada tanınması Qanunun 22-1.3-cü maddəsinin tətbiqinə əsas yaratmır və bu əsasla pensiyanın yenidən hesablanması iddiaçının pensiya məbləğinin artırılmasına və hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olmur.
52. Bu nəticəni iş materiallarında olan sonrakı inzibati icraat da təsdiq edir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh ##.##.1987–##.##.1992-ci illər üzrə vəkillik fəaliyyəti dövrünü iddiaçının sığorta stajına daxil etməklə ##.##.2026-cı il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul etmiş, lakin həmin dövrün əlavə edilməsi pensiyanın məbləğində dəyişiklik yaratmamış və pensiya əvvəlki kimi 367,88 manat təşkil etmişdir.
53. Kollegiyanın Qanunun 22-1.3-cü maddəsinin tətbiqi və hüquqi müdafiə marağının mövcudluğu ilə bağlı bu nəticəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqe ilə də uzlaşır. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən ##.##.2006-cı ilədək olan dövr üçün “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən artıq 25 il sığorta stajı nəzərə alındığı halda, mübahisəli fəaliyyət dövrləri faktiki staja əlavə edildikdən sonra da ümumi faktiki staj 25 ildən artıq olmursa, həmin dövrlərin sığorta stajına daxil edilməsi pensiyanın məbləğinin artırılmasına və hər hansı fərq məbləğinin yaranmasına səbəb olmur. Ali Məhkəmə belə vəziyyətdə seçilmiş müdafiə vasitəsinin şəxsin hüquqi vəziyyətində dəyişiklik yaratmadığını və buna görə hüquqi müdafiə marağının mövcud olmadığını qəbul etmiş və pensiyanın yenidən hesablanmasına dair iddianı mümkün saymamışdır.
54. Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərində hüquqi müdafiəyə ehtiyac iddianın mümkünlük şərti kimi müəyyən edilmişdir. Həmin mövqeyə görə iddiaçının hüquqi marağı yalnız qaldırılmış iddianın uğurlu olması ilə onun çatmaq istədiyi hüquqi məqsədə nail olmaq mümkün olduqda mövcuddur.
55. Buna görə mübahisəli dövrlərin təsdiqi barədə sübut qiymətləndirilməsi aparılmazdan əvvəl tələb olunan məhkəmə müdafiəsinin belə nəticə yaratmağa yararlı olubolmadığı yoxlanılmalıdır.
56. Mübahisəli faktların müəyyən edilməsindən asılı olaraq pensiyanın artırılması mümkün olsaydı, həmin faktların sübuta yetirilib-yetirilməməsi iddianın əsaslılığı mərhələsində qiymətləndirilməli idi.
57. Hazırkı işdə isə tələbdə göstərilən bütün dövrlər iddiaçının xeyrinə qəbul edildikdə belə, onların adi qaydada nəzərə alınması artıq hesablanmış 25 illik stajı dəyişdirmir. Deməli, məsələ əmək fəaliyyətinin sübuta yetirilməməsində deyil, seçilmiş müdafiə vasitəsinin iddiaçının güddüyü məqsəd baxımından obyektiv hüquqi fayda yaratmamasındadır.
58. Iddiaçı həmin fəaliyyət dövrlərinin ayrıca müəyyən edilməsində pensiyasının artırılmasından asılı olmayan başqa konkret və aktual hüquqi marağın mövcudluğunu da əsaslandırmamışdır. Inzibati orqanın sənədləri tam araşdırmalı olması barədə dəlil isə tələb olunan müdafiənin hüquqi nəticə yaratmadığı bu halda iddianın mümkünlüyünü təmin etmir.
59. Iddiaçı məhkəməyə ünvanladığı əlavə etirazında və məhkəmə iclasında izahatında Hərbi Prokurorluqda döyüş bölgəsində xidmət etdiyini və həmin xidmət müddətinin güzəştli qaydada hesablanmalı olduğunu bildirmişdir.
60. Kollegiya iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, hazırkı inzibati icraat və dəqiqləşdirilmiş iddia ayrı-ayrı fəaliyyət dövrlərinin staja daxil edilməsi əsasında formalaşmışdır. Təqdim olunmuş müraciətlərdə konkret döyüş xidməti müddətinin ikiqat və ya üçqat ölçüdə hesablanması barədə tələblə bağlı inzibati orqana müraciət edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən bu məsələ araşdırma predmeti olmamış, məhkəmə qərarda həmin illərin ikiqat və yaxud üçqat hesablanmasına dair qərar qəbul etməmiş və belə hesablama ilə bağlı inzibati orqanın hər hansı öhdəliyini müəyyən etməmişdir. Iddiaçı isə qərarla razılaşmış və şikayətə etiraz ərizələrində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
61. Bu halda, kollegiya hesab edir ki, etirazda göstərilən hallara əsasən ilk dəfə ayrıca ikiqat və ya üçqat hesablama öhdəliyi qoyulması hazırkı apellyasiya tələbinin hədlərindən kənara çıxılmasına səbəb olardı.
62. IPM-in 52-ci maddəsinə əsasən məhkəmə ərizənin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxa bilməz. Buna görə iddiaçının hərbi xidmətin güzəştli hesablanması barədə əlavə dəlilləri onun hazırkı tələbi üzrə verilmiş qərarın yoxlanılması ilə həmin məsələ barədə ilk dəfə ayrıca öhdəliyin müəyyən edilməsi arasındakı fərq nəzərə alınmaqla qiymətləndirilməlidir. Kollegiya bu qərardadla üçqat hesablanma hüququnun mövcud olub-olmamasını mahiyyəti üzrə həll etmir.
63. Iddiaçıya izah olunur ki, Hərbi Prokurorluqda işlədiyi konkret müddətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan “döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və ya muzdla iş” şərtinə uyğun fəaliyyət göstərdiyini təsdiq edən sənədlər mövcud olduğu halda, həmin dövrün güzəştli qaydada hesablanması barədə cavabdeh orqana müraciət edə bilər. Belə hesablamanın hüquqi və faktiki əsasları, habelə onun nəticəsində ##.##.2006-cı ilədək faktiki stajın 25 ildən artıq olması təsdiq edildikdə, pensiyanın həmin əsasla yenidən hesablanması məsələsinə baxıla bilər. Müraciət təmin edilmədikdə iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
64. Hazırkı qərardad bu imkanı istisna etmir və Hərbi Prokurorluqda xidmət dövrünün üçqat hesablanması üçün qanunla nəzərdə tutulan şərtlərin artıq sübuta yetirildiyi barədə nəticə yaratmır.
65. Bu baxımdan, hazırkı iddia üzrə qiymətləndirilməli məsələ iddiaçının ayrıca güzəştli staj hüququnun mövcudluğu deyil, məhz bu işdə tələb etdiyi fəaliyyət dövrlərinin adi qaydada nəzərə alınmasının onun pensiya hüququna və pensiyanın məbləğinə hüquqi təsir göstərib-göstərməməsidir.
66. Birinci instansiya məhkəməsi isə staja daxil edilməsi tələb olunan fəaliyyət dövrlərinin sənədlərlə təsdiqini müəyyən etdikdən sonra birbaşa iddianın qismən əsaslı olması nəticəsinə gəlmiş, həmin dövrlərin pensiya məbləğinə hüquqi təsirini və buna bağlı olaraq iddiaçının hüquqi müdafiə marağını yoxlamamışdır.
67. Bundan əlavə, birinci instansiya məhkəməsinin Qanunun 37.3.1-ci maddəsinə istinadı da hazırkı mübahisənin həlledici məsələsini həll etmir. Həmin norma pensiya təyin edildikdən sonra işləyən pensiyaçının sonrakı dövrdə topladığı pensiya kapitalının yenidən hesablanmasını tənzimlədiyi halda, hazırkı mübahisə ##.##.2006-cı ilədək fəaliyyət dövrlərinin Qanunun 22-1.2.1 və 22-1.3-cü maddələri baxımından artıq nəzərə alınmış 25 illik staja təsiri ilə bağlıdır.
68. Hazırkı halda hüquqi müdafiə marağının mövcudluğu barədə məsələ həmin vahid tələbin bütövlüyünə aiddir. Iddiaçının nəzərə alınmasını tələb etdiyi bütün dövrlər yalnız mümkünlüyün yoxlanılması məqsədilə onun xeyrinə qəbul edildikdə belə, yuxarıda göstərilən hesablamaya əsasən tələb olunan hüquqi nəticə yaranmır. Kollegiya tələbin göstərilən vahid məzmununu və ona bütövlükdə aid olan mümkünlük şərtinin mövcud olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin həmin tələb üzrə mahiyyəti həll edən qərarının tam ləğv edilməli və iddianın mümkün sayılmamalı olduğu qənaətinə gəlir. Bu nəticə ayrı-ayrı fəaliyyət dövrlərinin sübuta yetirilməsi və ya onların güzəştli qaydada hesablanması barədə mahiyyəti üzrə hüquqi qiymətləndirməni ehtiva etmir.
69. Iddianın mümkünlüyü məhkəmənin xidməti vəzifəsinə görə yoxlamalı olduğu ilkin şərt olduğundan, həmin şərt mövcud olmadıqda mübahisəyə mahiyyəti üzrə baxılması yolverilməzdir. Buna görə cavabdehin apellyasiya şikayəti qərarın ləğv edilməsi hissəsində təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
70. Bu nəticə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü iddianın mahiyyəti üzrə rədd edilməsi tələbinin təmin olunması anlamına gəlmir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş nöqsan iddianın maddi-hüquqi baxımdan əsassız olmasından deyil, hazırkı formada hüquqi müdafiə marağının mövcud olmamasından irəli gəlir. Odur ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.