Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1275/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “II qrup əlilliyinin müddətsizləşdirilməsi barədə qərarın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “II qrup əlilliyinin müddətsizləşdirilməsi barədə qərarın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı inzibati iş üzrə cavabdeh qismində iştirak edən “xxxx” publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində Cavabdeh publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) hüquqi varis olan Cavabdeh publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla, ona sonuncu dəfə 2021-ci ildə beş il müddətinə, ##.##.2026-cı ilədək II dərəcə əlillik müəyyən edilmişdir. İddiaçı həmin əlillik müddəti qüvvədə olduğu dövrdə, ##.##.2024-cü ildə 65 yaşa çatdığını, bu səbəbdən əlilliyinin müddətsiz müəyyən edilməli olduğunu bildirmişdir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/** nömrəli qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə verilmiş hüquqi şərhə istinad edərək, pensiya yaşına əlillik dövründə çatmış şəxsə münasibətdə əlavə yenidən qiymətləndirmənin və əlavə müraciətin hüququn yaranması üçün ayrıca şərt kimi müəyyən edilmədiyini qeyd etmişdir. İddiaçı ##.##.2026-cı il tarixdə əlilliyinin müddətsiz müəyyən edilməsi üçün müraciət etmiş, cavabdehin ##.##.2026cı il tarixli cavab məktubu ilə ona mövcud əlillik müddəti bitdikdən sonra yeni müraciət daxil olarsa əlilliyin müddətsiz müəyyən edilə biləcəyi bildirilmişdir. İddiaçı bu yanaşmanın onun 65 yaşa əlillik statusu qüvvədə olduğu dövrdə çatması faktını nəzərə almadığını hesab edərək II qrup əlilliyinin müddətsizləşdirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi sonuncu dəfə 2021ci ilin oktyabr ayında qiymətləndirilərək, cavabdeh orqan tərəfindən ona 5 il müddətinə “Ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı ona təyin edilmiş əlillik dərəcəsinin müddəti bitməmiş məhkəmədə iddia qaldırmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş (yazılı qaydada), ona təyin edilmiş əlillik dərəcəsinin qüvvədə olduğu, belə olan halda isə inzibati orqan tərəfindən onun hər hansı hüququnun pozulması halının aşkar edilmədiyi izah edilmişdir. Məhkəmə həmçinin bildirir ki, iddia ərizəsi məhkəmə icraatında olduğu dövrdə iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin müddəti bitsə də, sağlamlıq vəziyyətində dəyişikliklərin baş verməsi ehtimalı nəzərə alınmaqla, onun hazırkı sağlamlıq vəziyyəti ayrıca qiymətləndirilməlidir. Beləliklə, iş materiallarından iddiaçının 2021-ci ildən sonra sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün yeni göndəriş əsasında tibbi-sosial ekspertizadan keçirilməsi müəyyən edilmir. Belə olduğu təqdirdə, iddiaçıya izah edilməlidir ki, əlilliyinin müəyyən edilməsi məsələsinə yenidən baxılması üçün əvvəlcə müvafiq qaydada yeni Forma 88 göndərişi əsasında tibbi-sosial ekspertizadan keçirilməli, həmin qiymətləndirmənin nəticəsi üzrə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla onun hüquq və qanunla qorunan maraqlarının pozulduğu qənaətinə gəldiyi halda, həmin inzibati aktı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və müddətdə, o cümlədən mübahisələndirmə iddiası qaldırmaqla məhkəmədə mübahisələndirmək hüququ vardır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən birinci instansiya məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin onun hüquqi marağının olmadığı barədə nəticəsinin səhv olduğunu, 65 yaşa qüvvədə olan əlillik müddəti daxilində çatdığı üçün əlilliyinin müddətsiz müəyyən edilməsini tələb etmək hüququnun yarandığını, cavabdehin ##.##.2026-cı il tarixli məktubunda mövcud əlillik müddətinin ##.##.2026-cı ilədək müəyyən edildiyi göstərildiyi halda, ondan həmin müddət bitdikdən sonra yeni müraciət və yeni Forma 88 tələb edilməsinin qanuna uyğun olmadığını bildirmişdir. Həmçinin ##.##.2026-cı ildən sonra yeni Forma 88 alınması üçün müraciətlər etsə də, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsindən imtina olunduğunu qeyd edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Cavabdeh apellyasiya şikayətinə etirazında qeyd etmişdir ki, iddiaçının əlilliyinin sonuncu dəfə 2021-ci ildə beş il müddətinə müəyyən edildiyini, iddia qaldırılan vaxt həmin əlillik müddətinin qüvvədə olduğunu və buna görə iddiaçının hüququnun pozulması halının mövcud olmadığını göstərmişdir. Cavabdehin mövqeyinə görə, əlillik müddəti başa çatdıqdan sonra iddiaçının hazırkı sağlamlıq vəziyyəti yeni Forma 88 göndərişi əsasında yenidən qiymətləndirilməli, yalnız həmin qiymətləndirmənin nəticəsi üzrə qəbul ediləcək inzibati aktla hüquqlarının pozulduğunu hesab etdiyi halda iddiaçı həmin aktı məhkəmədə mübahisələndirə bilər. Bu əsaslarla apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinn dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinn təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı ## #### 1959-cu il təvəllüdlüdür. Ona sonuncu dəfə 2021-ci ildə beş il müddətinə II dərəcə əlillik müəyyən edilmiş və həmin əlillik ## #### 2026-cı ilədək qüvvədə olmuşdur. Beləliklə, iddiaçı ## #### 2024-cü ildə 65 yaşa çatdığı vaxt onun əlillik statusu qüvvədə olmuşdur. İş materiallarından həmçinin görünür ki, iddiaçı ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əlilliyinin müddətsiz müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın ## ### 2026-cı il tarixli, *-**-*/*-Q-*****/**** nömrəli məktubu ilə iddiaçıya sonuncu dəfə II dərəcə əlilliyin beş il müddətinə, ##.##.2026-cı il tarixinədək müəyyən edildiyi, həmin müddət başa çatdıqdan sonra yeni müraciət daxil olarsa əlilliyin müddətsiz müəyyən edilə biləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı mümkün saymamış, qərardadını əsasən onunla əsaslandırmışdır ki, iddia qaldırılan vaxt iddiaçının beş illik əlillik müddəti hələ qüvvədə olmuş, bu səbəbdən inzibati orqan tərəfindən onun hər hansı hüququnun pozulması və hüquqi müdafiəyə ehtiyac yaradan hüquqi marağı müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, əlillik müddəti başa çatdıqdan sonra iddiaçının sağlamlıq vəziyyəti yeni Forma 88 göndərişi əsasında yenidən qiymətləndirilməli və yalnız bundan sonra qəbul ediləcək inzibati akt məhkəmədə mübahisələndirilə bilər. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın mümkünlüyü onun mahiyyəti üzrə əsaslı olub-olmamasından əvvəl yoxlanılan ilkin prosessual şərtdir. İPM-in 35.1-ci maddəsinin məzmununa görə, iddiaçının inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu mərhələdə məhkəmənin vəzifəsi iddianın faktiki və hüquqi əsaslarının mahiyyəti üzrə sübuta yetirilib-yetirilmədiyini həll etmək deyil, iddiaçının müdafiə olunmağa layiq subyektiv hüququnun və hüquqi marağının mövcudluğunu, eləcə də müvafiq inzibati orqana əvvəlcədən müraciət edilməsini qiymətləndirməkdən ibarətdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyac yaradan hüquqi marağının mövcud olmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və mübahisənin hüquqi mahiyyətinə uyğun deyildir. Belə ki, iddiaçının hüquqi marağı gələcəkdə əlillik müddəti bitdikdən sonra yeni qiymətləndirmə aparılmasında deyil, məhz beş il müddətinə müəyyən edilmiş əlillik statusu qüvvədə olduğu dövrdə 65 yaşa çatmasının doğurduğu hüquqi nəticənin tanınmasında, yəni əlilliyinin müddətsiz müəyyən edilməsində ifadə olunur. İddiaçı ##.##.2024-cü ildə 65 yaşa çatdığı vaxt II dərəcə əlilliyi qüvvədə olmuşdur. Buna görə də onun hazırkı tələbi artıq baş vermiş hüquqi fakta əsaslanır və yalnız ##.##.2026-cı ildən sonra yarana biləcək gələcək hüquqa aid deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeni də nəzərə alır. Həmin qərarda “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsi şərh edilərək göstərilmişdir ki, pensiya yaşına çatmış və həmin anda əlillik statusu mövcud olan şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün əlilliyin yenidən qiymətləndirilməsi ayrıca şərt kimi nəzərdə tutulmamışdır. Şəxs pensiya yaşına əlillik müddəti daxilində çatdıqda bu hüquqi nəticənin yaranması üçün əlavə müraciət tələb olunmur və məsələ inzibati orqan tərəfindən xidməti vəzifənin icrası qaydasında həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hüquqi yanaşma hazırkı iş üzrə də nəzərə alınmalıdır. İddiaçının 65 yaşa çatdığı tarixdə onun əlillik statusu qüvvədə olduğu halda, məhz həmin faktın doğurduğu hüquqi nəticənin reallaşdırılması üçün əlillik müddətinin bitməsini gözləmək və bundan sonra yeni Forma 88 əsasında yenidən qiymətləndirmədən keçmək tələbini irəli sürmək qanunda nəzərdə tutulmayan əlavə şərt yaratmaqla, 65 yaşa çatdığı anda mövcud olan əlillik statusunun hüquqi əhəmiyyətini aradan qaldırır. Buna görə də yeni Forma 88-in olmaması hazırkı iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilə bilməz. Kollegiyanın bu mövqeyi Ali Məhkəmənin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Bundan əlavə, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, habelə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu norma məhkəmənin hüquqi yardım vəzifəsini təsbit edir və onun məqsədi şəxsin məhkəmə müdafiəsi hüququnun yalnız tələbin düzgün ifadə edilməməsi və ya prosessual formanın dəqiq seçilməməsi səbəbindən məhdudlaşdırılmasının qarşısını almaqdır. Hazırkı işdə birinci instansiya məhkəməsi iddiaçının tələbini vaxtından əvvəl verilmiş hesab edirdisə və ya tələbin hüquqi formasında qeyri-dəqiqlik görürdüsə, İPM-in 13-cü maddəsi çərçivəsində iddiaçı ilə bu məsələni müzakirə etməli, tələbin hüquqi mahiyyətini dəqiqləşdirməli, həmçinin iddiaçının ##.##.2024-cü ildə 65 yaşa çatdığı anda əlillik statusunun qüvvədə olub-olmamasını, həmin statusun müddətini, ##.##.2026-cı il tarixli müraciətin və ##.##.2026-cı il tarixli cavab məktubunun hüquqi nəticələrini araşdırmalı idi. Zərurət olduqda cavabdehdən əlilliyin qiymətləndirilməsinə dair inzibati icraat materialları və Əlillik Altsistemindəki məlumatlar tələb olunmaqla mübahisənin həlli üçün əhəmiyyətli hallar İPM-in 12-ci maddəsində nəzərdə tutulmuş araşdırma prinsipi əsasında müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi bu halları mahiyyəti üzrə araşdırmadan, iddiaçının hüquqi marağını onun mövcud əlillik müddətində 65 yaşa çatması faktı ilə əlaqəli şəkildə qiymətləndirmədən və Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə almadan, gələcəkdə yeni Forma 88 təqdim edilməsini zəruri saymaqla iddianı mümkün saymamışdır. Belə yanaşma iddianın mümkünlüyü institutunun məqsədinə, məhkəmənin hüquqi yardım vəzifəsinə və məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi tələbinə uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış və mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilməmişdir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “II qrup əlilliyinin müddətsizləşdirilməsi barədə qərarın verilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1275/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1275/2026
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver