Məhkəmə qərarları › İş №2-1(3-8)-132/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-132/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-132/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(118)-2276/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X6, X2, X5, X7, X1 təsərrüfatı məhsullarının istehsalı üçün 1,75 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair onların adına Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 28 oktyabr 1998-ci il tarixli, JN-053, KOD 30213028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

2. X16 əsasında adları qeyd olunan birgə mülkiyyətçilərin payları müəyyən edilməklə, reyestr orqanı tərəfindən bölgü sxemi də tərtib edilmişdir.

3. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli, 8İ-12426 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən X8 və X2 paylı mülkiyyətlərində olan Xaçmaz rayonu, Palçıqoba kəndində yerləşən 0,35 ha və 0,35 ha olmaqla, ümumilikdə 0,70 ha torpaq sahəsini hazırkı iş üzrə iddiaçıya satmışdırlar.

4. Daha sonra iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən 0,70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir.

5. Cavabdeh 11 mart 2024-cü il tarixli, 3-21-3-34/2-2483/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0,70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil, fərqlidir. Torpaq sahəsi ilə bağlı uyğunsuzluqlar AzKAD və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) aradan qaldırıldıqdan sonra ərizənizin icrasına Ərazi İdarəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacadır.

6. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli, 8İ-12426 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən aldığı 0,70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsini ilkin mülkiyyətçilərdən satın alarkən cavabdehin mütəxəssisi F.Vəliyev tərəfindən torpaq sahəsinin bölgü planı tərtib edilərək notarial qaydada xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş və bölgü planına uyğun olaraq torpaq sahəsi ayrılmışdır. Başqa sözlə, bölgü planı hazırlanarkən cavabdehin əməkdaşı F.Vəliyev ərazidə ölçmə işləri aparmış, ərazidəki mülkiyyətçilərin yerləşdiyi ərazilər üzrə müvafiq bölgü sxemi hazırlamış və həmin sxem notarial qaydada təsdiqlənmişdir. Torpaq sahəsinin bölgü sxemindən görünür ki, satın aldığı torpaq sahəsi həyat yoldaşı Gəncəliyeva (Hacımuradova) Aygün Mehman qızına məxsus 0,35 ha torpaq sahəsi ilə yanaşıdır. Əks tərəfdə isə A.Hacımuradovanın əmisi X4 torpaq sahəsi yerləşir. O, müvafiq aktı imzalamaqdan imtina etdiyinə görə TEKUİS məlumat bazasında düzəlişlərin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, cavabdeh həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, qonşu torpaq sahəsinin aktı imzalaması iddiaçının hüququnun qeydiyyata alınaraq mülkiyyət sənədinin verilməsindən imtina üçün əsas ola bilməz. Əgər həqiqətən də, torpaq sahəsinin faktiki istifadə vəziyyəti TEKUİS-ə uyğun deyilsə də, iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməlidir ki, çıxarışa uyğun olaraq torpaq sahəsinin koordinatlarına müvafiq olaraq torpaq sahəsini başqa şəxslərin qanunsuz sahibliyindən geri tələb edə bilsin.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(118)-2276/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı 0,70 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Aynur Axundova).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli 0,70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Belə ki, iddiaçıya satılmış 0,70 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluq mövcud deyildir. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən olunmur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə torpaqların kadastr uçotu informasiya sisteminə (TEKUİS) arasında olan uyğunsuzluqların AzKAD və TEKUİS-də aradan qaldırılması ilə bağlı ərizə ilə müraciət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

13. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı

20. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 2.3-cü bənd. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ...

21. İnzibati Prosessual Məcəllə: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. ...

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı mübahisənin predmetini iddiaçının xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli, 8İ-12426 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satın aldığı 0,70 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçıların hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.

26. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin yeganə dəlili isə həmin 0,70 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun olmamasıdır.

27. Birinci instansiya məhkəməsi qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin vəzifəsi olduğunu əsas gətirərək, iddianı təmin etmişdir.

28. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, iddia olunan torpaq sahəsinə dair ilkin mülkiyyətçilərin adlarına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyi ilə bağlı məsələyə aydınlıq gətirilməsini zəruri hesab edir.

29. Belə ki, hazırkı qərarın 1-3-cü bəndində qeyd olunan hallardan göründüyü kimi torpaqayırma qərarı olaraq Xaçmaz Rayon AİK-nin 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı göstərilməklə, 1,75 ha torpaq sahəsinə dair ilkin mülkiyyətçilər X6 və onun ailə üzvlərinin adına 1998-ci ildə JN-053 nömrəli Dövlət Aktı tərtib edilmiş, Dövlət Aktının verilməsinə əsas olmuş aqrar islahat sənədləri birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş, bununla da, Dövlət Aktının mötəbərliyi təsdiqlənmişdir.

30. Daha sonra ilkin mülkiyyətçilər tərəfindən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında həmin 1,75 ha torpaq sahəsinin 0,70 ha hissəsi iddiaçıya satılmışdır.

31. Cavabdehin imtina məktubunun qeyd olunan dəlili ilə bağlı məsələ də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. Belə ki, məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən verilən müayinə aktından görünür ki, alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış 0,70 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluq mövcud deyil, lakin elektron kadastr uçotu informasiya sistemində olan məlumat faktiki istifadə vəziyyəti ilə fərqlidir. İddiaçının faktiki istifadəsində olan 0,70 ha torpaq sahəsinin koordinatları JN-053, KOD 30213028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına, bölgü sxeminə uyğundur.

32. Göründüyü kimi iddia olunan 0,70 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə sənəd üzrə koordinatları tam uyğundur, uyğunsuzluq torpaq sahəsinin TEKUİS-dəki vəziyyəti ilə bağlıdır.

33. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin faktiki istifadə vəziyyətinin sənəd üzrə yerləşmə mövqeyinə uyğun olması torpaq sahəsinin ayrılması və istifadəsinin qanunauyğun həyata keçirildiyini göstərir.

34. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) əks olunan məlumatların faktiki istifadə vəziyyəti ilə fərqlənməsi isə torpaq sahəsinin real hüquqi və faktiki vəziyyətindən deyil, məhz elektron sistemdə olan texniki məlumatların qeyridəqiqliyindən və ya natamamlığından irəli gəlir.

35. Məhkəmə kollegiyası TEKUİS-in məqsədi və mahiyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı və bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının yuxarıda istinad olunan normalarında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması zamanı fiziki şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki həyətyanı sahələrin, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılmalı olması vurğulanmışdır.

36. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir.

37. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin faktiki və sənəd üzrə vəziyyəti arasında belə uyğunsuzluq yoxdur, uyğunsuzluq torpaq sahəsinin faktiki vəziyyəti ilə TEKUİS-dəki vəziyyətinin fərqli olması nəticəsində yaranmışdır.

38. Bununla bağlı kollegiya qeyd edir ki, TEKUİS-də əks olunan məlumatların faktiki istifadə vəziyyəti ilə fərqlənməsi torpaq sahəsinin real hüquqi və faktiki vəziyyətindən deyil, məhz elektron sistemdə olan texniki məlumatların qeyri-dəqiqliyindən və ya natamamlığından irəli gəlir. Elektron kadastr sistemi torpaq sahələri haqqında məlumatların rəqəmsal mühitdə toplanması, saxlanılması və idarə olunması məqsədilə yaradılmış informasiya bazasıdır və bu sistemdə yerləşdirilən məlumatlar ilkin hüquqmüəyyənedici sənədlərin rəqəmsallaşdırılması yolu ilə formalaşdırılır. Texniki xarakterli elektron məlumat bazaları qüvvədə olan, qanuniliyi mübahisələndirilməyən inzibati aktları (hazırkı halda 1998-ci il tarixli Dövlət Aktını) və notarial qaydada təsdiq edilmiş hüquqmüəyyənedici sənədləri hüquqi qüvvəsinə görə üstələyə bilməz. Sistemdə olan məlumatlar mahiyyət etibarilə törəmə xarakter daşıyır və onların əsasını təşkil edən sənədlərdən fərqli olaraq texniki emal prosesində müxtəlif xətaların yaranması ehtimalı həmişə mövcuddur.

39. Belə hallarda “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının tələblərindən göründüyü kimi hüquqi baxımdan üstünlük hüquqmüəyyənedici sənədlərə və faktiki istifadə vəziyyətinə verilməli, elektron sistemdə olan məlumat isə həmin sənədlərə uyğunlaşdırılmaqla aradan qaldırılmalıdır.

40. Odur ki, torpaq sahələrinin faktiki istifadə vəziyyətlərinə uyğun olaraq TEKUİS-də müvafiq düzəlişlərin edilməsi birbaşa inzibati orqanın vəzifəsinə aid məsələdir. Dövlət orqanının öz daxili texniki sistemlərindəki uyğunsuzluğu aradan qaldırmaq vəzifəsini icra etmək əvəzinə, bunu vətəndaşın hüququnun qeydiyyatından imtina üçün əsas kimi istifadə etməsi müasir idarəetmə hüququnun mühüm elementi olan "idarəetmə xətasına (və ya ləngiməsinə) görə vətəndaşın zərər çəkməməsi" prinsipinə ziddir. İnzibati orqan öz üzərinə düşən pozitiv öhdəliyi icra etməməsinin mənfi nəticələrini vətəndaşın üzərinə yükləyərək onu mülkiyyət hüququndan məhrum edə bilməz.

41. Kollegiya qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində və Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsaslanır. Qanunvericilik notariat qaydasında təsdiq edilmiş müqavilələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün şərtsiz əsas qismində tanıyır.

42. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından sırf texniki səbəblərlə (elektron bazadakı fərqlərlə) imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququna qeyri-mütənasib müdaxilədir. Qeydiyyatın aparılmaması vətəndaşın mülkiyyətindən sərbəst istifadə etmək və ona dair sərəncam vermək hüququnu faktiki olaraq mümkünsüz edir.

43. Eyni zamanda, bu cür inzibati təcrübə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından da qüsurludur. Vətəndaşın dövlət adından verilmiş Dövlət Aktına və notarius tərəfindən təsdiqlənmiş müqaviləyə olan inamı qorunmalıdır. Reyestr orqanının bu sənədlərin icrasından imtina etməsi inzibati orqanların fəaliyyətinin qanunauyğunluğuna vətəndaşların etimadına ciddi zərbə vurur və yolverilməzdir.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(118)-2276/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar