Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1325/2026 22.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əvvəlki əmək pensiyasının bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(*-*)- ****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ##.##.2025-cı il tarixli *-**-*/*-*-*****/**** saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərar əsasında əmək pensiya məbləği 1562,21 manat məbləğdən azaldılaraq, 899,30 manat müəyyən edilmiş, 21749,72 manat artıqödəmə müəyyən edilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2015-cı il tarixli qərarın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin ## ###### 2026-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyasının düzgün olmadığı müəyyən edilmişdir, araşdrıma zamanı sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı ## ###### 2010-cu il tarixdən pensiya kapitalına əsasən təyin edilməli olduğu halda qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı ## ###### 2008ci il tarixindənəmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub, daha sonra Qanunun 37.3.1 və 45-ci maddəsinə əsasən yenidən hesbalanma aparılaraq, ##.##.2025-ci il tarixə 899,30 manata artırılıb, qeyd edilənlərə əsasən son üç il üzrə sizə 21749,72 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib, həmin pul vəsaitinin büdcəyə bərpa eidlməsi üçün yazılı razılığınızın qısa müddətə təqdim edilməsi xahiş olunur, əmək pensiyasının qanunvericiliyin tələblərinə əsasən hazırda 899,30 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qərarının ləğv edilməsi və iddiaçının 1560 manat məbləğində pensiyasının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.1958-ci ildə doğulmuşdur. O, ##.##.1974-cü il tarixdən ##.##.1978-ci il tarixədək Texniki məktəbdə təhsil almış, eyni zamanda ##.##.1977-ci tarixdən ##.##.1978-ci ilədək Sumqayıt Boru-Prokat zavodunda metal yayma ustası kimi staj keçmiş, ##.##.1978-ci il tarixdən ##.##.1978-ci ilədək həmin zavodda soyuq boru kəsimi ustası vəzifəsində çalışmış, 1978- 1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra ##.##.1980-##.##.1993-cü illər aralığında Sumqayıt Boru-Prokat zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. ##.##.1993-##.##.1994-cü il dövründə Sumqayıt Məişət Kimyası İstehsalat Birliyində 4-cü dərəcəli aparatçı vəzifəsində çalışmışdır. ##.##.1994-##.##.1997-ci illərdə Bakı Avianəqliyyat Şirkətində, ##.##.1997-##.##.1997-ci illərdə Bakı Aeroportunda, ##.##.2004-cü il tarixdən ##.##.2020-ci ilədək X1 şirkətində yayma sexində trio operatoru vəzifəsində işləmişdir. Həmin əmək fəaliyyətinə əsasən iddiaçıya 2008-ci il tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müvafiq artımlarla birlikdə 1560 manat məbləğində pensiyasını 2025-ci ilin dekabr ayına qədər almağa davametmişdir. Daha sonra cavabdeh orqan tərəfindən qəbul edilmiç ##.##.2025-ci il tarixli qərarla iddiaçıya təyin edilmiş pensiya işi üzrə inzibati icraatın açılması barədə iddiaçıya məlumat göndərilmədən, inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləği yarıyadək azaldılaraq 899 mamant hesablanmışdır. Bununla bağlı iddiaçı ##.##.2026-cı il tarixində pensiya məbləğinin yenidən hesablanmasına dair müraciət etmişdir. ##.##.2026-cı il tarixində cavabdeh müraciətə cavab vermədən və hesablanma ilə bağlı hər hansı hüquqi əsas göstərilmədən SMS bildirişlə pensiya məbləğinin yenidən hesablanaraq 922,85 manatməbləğində müəyyən edilməsi barədə cavab almışdır. Cavabdan narazı qalan iddiaçı yenidən cavabdehə müraciət etdikdə isə pensiya məbləği yenidən hesablanaraq 1008,66 manat məbləğində müəyyən edilməsi barədə bildiriş almışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınının tamamlandığı ## ###### 2010-cu il tarixdən pensiya kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınının tamamlandığı ## ###### 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının ümumi iş stajı # ###### 2006-cı il tarixədək 24 il 1 ay 25 gün təşkil edir. Bununla əlaqədar, # ###### 2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanının sığorta hissəsi 28,51 manat hesablanaraq ## ###### 2010-cu il tarixinə indeksləşdirilib 44,18 manat müəyyən edilməklə, üzərinə ##.##.2006-##.##.2010-cu il tarixləri arasında iddiaçının işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3432,96 manat pensiya kapitalına uyğun 23,84 manat və 75 manat baza hissəsi əlavə edilərək ## ###### 2010-cu il tarixə əmək pensiyasının 143,03 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğudövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18338,38 manat pensiya kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 118 aya bölünməklə 155,41 manat qanuni əmək pensiyanın üzərinə əlavə edilərək pensiya məbləğinin # ####### 2017-ci il tarixdən yenidən hesablanaraq 360,61 manata artırılıb. Bundan başqa, iddiaçının ## ####### 2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini nəzərə alaraq işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9401,00 manat pensiya kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 100 aya bölünməklə 94,01 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləğinin həmin tarixdən yenidən hesablanaraq 551,78 manata və daha sonra indeksləşdirilərək ##.##.2025-ci il tarixdən 899,30 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İddiaçı cavabehdin hərəkətlərinin qanunsuz hesab edilməklə, # ###### 2026-cı il tarixindən iddiaçının əmək pensiyasından əsassız tutulmuş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi və iddiaçının 1560 manat məbləğində pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə araşdırması nəticəsində mövcud sənədlərlə müəyyən edildi ki, iddiaçıya məxsus ИТ-İ ****** nömrəli əmək kitabçasında qeyd olunduğu üzrə o, ##.##.1974-cü il tarixdən ##.##.1978-ci il tarixədək Texniki məktəbdə təhsil almış, eyni zamanda ##.##.1977-ci tarixdən ##.##.1978-ci ilədək Sumqayıt Boru-Prokat zavodunda metal yayma ustası kimi staj keçmiş, ##.##.1978-ci il tarixdən ##.##.1978-ci ilədək həmin zavodda soyuq boru kəsimi ustası vəzifəsində çalışmış, 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra ##.##.1980-##.##.1993-cü illər aralığında Sumqayıt Boru-Prokat zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. ##.##.1993-##.##.1994-cü il dövründə Sumqayıt Məişət Kimyası İstehsalat Birliyində 4-cü dərəcəli aparatçı vəzifəsində çalışmışdır. ##.##.1994- ##.##.1997-ci illərdə Bakı Avianəqliyyat Şirkətində, ##.##.1997-##.##.1997-ci illərdə Bakı Aeroportunda, ##.##.2004-cü il tarixdən ##.##.2020-ci ilədək X1 şirkətində yayma sexində trio operatoru vəzifəsində işləmişdir. Cavabdehin iddia tələbinə münasibətdə təqdim etdiyi etirazda da iddiaçının ümumi iş stajı, habelə güzəştli iş stajı mübahisələndirilməmiş, iddiaçıya ödənilən əmək pensiyasının məbləği inzibati mübahisənin əsası kimi çıxış etmişdir. Bu mübahisə isə, ilk növbədə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınının tamamlandığı ## ###### 2010-cu il tarixdən pensiya kapitalına əsasən təyin edilməli olduğu halda, 50 yaşınının tamamlandığı ## ###### 2008-ci il tarixdən təyin edilməklə formalaşmış və nəticə etibarilə iddiaçının əmək pensiyası azaldılaraq əvvəla 899,30 AZN məbləğində, daha sonra yenidən hesablanaraq 922,85 AZN məbləğində müəyyən edilmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edənşərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə məhkəmə kollegiyasına təqdim edərək, əmək pensiyasının yenidən hesablanması barədə ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi,əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı izahat verərəl, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə vaxtilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının yenidən hesablanması zamanı pensiya yaş həddinin yanlış müəyyən edildiyi aşkar olunması halına istinad edərək, pensiya məbləğinin azaltmış, artıq ödəmə halının müəyyən etmiş, bu barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla, ona 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan # ###### 1997-ci il tarixə iddiaçının 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olduğunu qəbul etməklə, həmin halı mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız pensiya yaş həddi ilə bağlı şərtə aid olan hal olmuşdur. Cavabdeh inzibati orqan həmi hala istinad edərək, iddiaçı barəsində ##.##.2008-ci ildə aparılmış pensiya təyinatı üzrə inzibati icraatı təzələyərək, yendən araşdırma aparmış, aparılmış inzibati icraatın nəticəsində əmək pensiyasının yenidən hesablanmasına dair ##.##.2025-ci il tarixli qərar qəbul edilmiş, həmin Qərar əsasında iddiaçı barəsində əvvəlki tarixdə təyin edilmiş pensiya məbləği azaldılmış (1562,21 manat məbləğdən 899,30 manat məbləğə azaldılmışdır), habelə 21749,72 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmiş,tutulma aparılmamışdır. İndiki halda iddiaçının hüquqi marağı məhz həmin qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpasına nail olmaqdır. Kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, indiki halda iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndi çıxış etmişdir. İndiki halda iddiaçıya münasibətdə 50 yaşının tamam olduğu vaxtda qanunvericilik normasının dispozitiv şərtinə əsasən pensiya hüququnun yaranması əsası müəyyən edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçının yaşa görə pensiya hüququnun 50 yaşda deyil, 52 yaşının tamam olduğu vaxtda yaranması halına istinad edərək, əmək pensiyasını yenidən hesablamaqla, əmək pensiyasının məbləğinin azaltması, artıq ödəmə məbləğini müəyyən etməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Bununla yanaşı, kollegiya hesab edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bununla yanaşı, kollegiya iddianın əsaslılığının formalaşdırılmış vahid məhkəmə təcrbüəsinə uyğun olaraq dəyərləndirilməsinin və həmin əsasların qeyd edilməsini zəruri hesab edir. Belə ki, kollegiya hesab edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyrimüəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda cavabdehin istinad etdiyi hal (pensiya yaş həddinə dair) iddiaçı barəsində əmək pensiyasının təyin edildiyi vaxtda ona məlum olması aşkardır. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən həmin halın ona müvafiq qərarın qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də əməl etməmişdir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. İndiki halda isə cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münaisbətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanuna zidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağı aydınlaşdırılmış, onun hüquqi marağına uyğun olaraq iddia tələbi dəqqiləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən bu barədə yazılı ərizə təqdim edilmiş, kollegiya tərəfindən ərizə icraata götürülmüşdür. Bu halda kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin əsaslılığı müəyyən edildiyindən, həmin ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş pellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Cavabdeh inzibati orqanın iddiaçı İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” ## ###### 2025-ci il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərarı ləğv edilsin və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1325/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1325/2026
22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver