Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1336/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim X5, hakimlər X ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı Iddiaçı, Iddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin ona tanıdılması, həmin ərazinin bölgü sxeminin tərtib olunmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Işin halları Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0001, KOD 30508038 ilə X1, X3, X4, X6, X7, X8, üçüncü şəxs1, X9 aid olan 87.59 ha torpaq sahəsindən Siyəzən rayon Dövlət Notariat Kontorunda ##.##.2003- cü il tarixdə, 4-Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə aldığı 50 ha torpaq sahəsinin ona tanıdılması və həmin ərazinin bölgü sxeminin tərtib olunmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında iddiaçı,iddiaçının nümayəndəsi vəkili izahat verərək, öz izahatında qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədiyindən, apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizənin dəlillərini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, hesab edir ki, məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şikayətin mümkülüyü məsələsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ##.##.2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, daha sonra məhkəmə aktı ##.##.2024-cü il tarixdə poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Iş materiallarında olan sifarişli poçt məktubuna dair xəbərnamənin məzmunundan görünür ki, iddiaçının vəkili həmin məhkəmə aktını ##.##.2024-cü il tarixdə imza etməklə təhvil almışdır. Göründüyü kimi iddiaçı tərəf ##.##.2024-cü il tarixdən müvafiq məhkəmə qərarı barədə məlumatlı olmuşdur. Iddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçının müvafiq məhkəmə qərarını rəsmi qaydada təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 30 gün müddətində (##.##.2024-cü il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, yəni iki ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçıya qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü halda, bu hala dair sübutlar təqdim etməklə, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən şikayətvermə müddətinin ötürülməməsi ilə bağlı yazılı mülahizə təqdim edilmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş yazılı mülahizədə hazırki iş üzrə onun tərəfindən qanunla müəyyən edilmiş şikayət vermə müddətinin ötürülməməsi halı onunla əsaslandırılmışdır ki, təsadüfən ona məlum olmuşdur ki, Rşad Ildırımzadə adlı şəxs onun adından Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi rədd olunmuşdur.Xatırlayır ki, vaxtilə vəkil1 adlı şəxsə o Siyəzən Rayon Məhkəməsində onu təmsil etmək üçün etibarnamə vermişdir. Sonradan bəlli olur ki, vəkil1 həmin etibarnamədən qanunsuz istifadə edərək, müvafiq vəkil orderi vəmüqavilə bağlamadan onun adından Sumqayıt inzibati Məhkəmədə vəkillik etməyə cəhd etmişdir.Sumqayıt Inzibati Məhkəməsində aparılan iş üzrə onun telefonuna və ünvanına heç bir bildiriş,məlumat gəlməmişdir. Həmin vaxtı “Elektron məhkəmə” portalında şəxsi kabineti olmadığına görə sonradan öyrənib ki, Sumqyaıt Inzibati Məhkəməsində vəkil1 iddia ərizəsi rədd olunmuşdur. Məsələni aydınlaşdırmaq üçün o ## #### 2026-cı il tarixində Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, məhkəmə işinin sənədləri ilə tanış olmaq üçün ərizə yazmışdır. Həmin ərizəyə dərhal reaksiya verilməmiş, ancaq ## #### 2026-cı il tarixində ona məhkəmə işinin sənədləri ilə tanış olmaq üçün şərait yaradılmışdır. Sənədlərlə tanış olan zaman görmüşdür ki, iş üzrə yekun qərar çıxarılmışdır. Elə həmin gün ## #### 2026-cı il tarixdə yeni bir ərizə yazmışdır ki, yekun məhkəmə aktı ona təhvil verilsin, növbəti 4-5 gün sonra məhkəmənin yekun qərarı ona verilmişdir.Qərarı aldıqdan sonra apellyasiya şikayəti vermişdir Xahiş edir ki, apellyasiya şikayəti məhkəmə əlçatımlığı, çəkişmə, aşkarlıq və ədalət mühakiməsinin obyektivliyi prinsipləri baxımından qiymətləndirilsin, apellyasiya şikayətinin mümkünsüz hesab edilməsi onun ədalət mühakiməsinə çıxış hüququnu, hüquqlarının məhkəmə müdafiəsi hüququnu pozacaqdır. Yuxarıda qeyd edilənləri nəzərəö alaraq, apellysiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində verilmiş olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsi iddiaçının özü tərəfindən imza edilmiş, habelə iddiaçının özü tərəfindən onun məhkəmədə təmsil etmək, sənədləri təhvil almaqla bağlı səlahiyyətləri etibarnamə əsasında vəkilə verilmişdir. Nəticə etibarilə iddiaçı hazırki inzibati işlə bağlı məlumatlı olmaqla, inzibati mübahisənin mövcudluğu (inzibati məhkəmə icraatı qaydasında hüquqlarının müdafiəsi ilə bağlı) onun iradə ifadəsi nəticəsində ortaya çıxmışdır. Indiki halda iddiaçı iddia ərizəsinin onun tərəfindən verilməməsi, inzibati iş barədə məlumatlı olmaması halını qeyd etsə də, bu hala dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Iddiaçı bu halı yalnız “ümumi söz şəklində” iddia ərizəsində ünvan və əlaqə məlumatları hissəsində əks olunan məlumatların ona aid olmaması, məhz vəkilə aid məlumatların qeyd edilməsi, etibarnamənin mülki işlə bağlı verilməsi halı ilə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddia ərizəsinin məzmununda yalnız vəkilə aid məlumatların qeyd edilməsi özlüyündə həmin ərizənin iddiaçı tərəfindən imzalanması halını təkzib edən sübut kimi çıxış etməmiş, habelə iddiaçı ərizəni imza etməklə öz iradə ifadəsini bildirmişdir, etibarnamənin məzmununda isə mülki işlə bağlı olmasına dair məlumat əks olunmamışdır. Bu baxımından kollegiya hesab edir ki, bu hissədə iddiaçının istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı özü mülki məhkəmə icraatı qaydasında baxılan mübahisə, ona dair yekun məhkəmə aktı ilə bağlı məlumatlı olmuş (məhkəmə araşdırmasında iştirak etmişdir), hansı ki, həmin məhkəmə qətnaməsinin məzmununda da inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürməklə hüquqi müdafiə vasitəsindən istifadə edilməsi iddiaçının diqqətinə çatdırılmış, daha sonra iddiaçı hazırki inzibati iş üzrə iddia tələbini inzibati məhkəmə icraatı qaydasında irəli sürmüşdür. Bu hallar da özlüyündə iddiaçının hazırki inzibati iş üzrə iddia tələbinin onun iradəsinə zidd olaraq irəli sürülüməsini təkzib edən hal dəyərləndirilməlidir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçı verdiyi apellyasiya şikayətinin məzmununa məhz iddia tələbinin predmeti, işin faktiki halları ilə bağlı hallara istinad etməklə, şikayətini həmin hallarla əsaslandırmış, iddianın əsaslı olması ilə bağlı mövqeyini ifadə etmişdir. Bu hallar da özlüyündə hazırki inzibati məhkəmə icraatı ilə bağlı mübahisənin məhz iddiaçının öz iradəsinin ifadəsi olaraq ortaya çıxması (özünün hüquqi marağına uyğun olması) kimi dəyərləndirilməsinə imkan verir. Bundan əlavə, kollegiya qeyd edir ki, hazırki inzibati iş üzrə yekun məhkəmə aktı ##.##.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə iki ildən artıq müddət keçdikdən sonra inzibati işin mövcud olması və iş üzrə qəbul edilmiş məhkəmə aktı barədə təsadüf nəticəsində məlumat əldə etdiyini qeyd etsə də, həmin məlumatı necə, hansı qaydada, hansı vasitə ilə əldə etməsini ətraflı izah etməmiş, bu halı əsaslandırmamış, ümumi söz şəklində “təsdüfən məlumatlı olması” fikri ilə əsaslandırmışdır. Bu hal da özlüyündə bu qədər uzun bir müddət çərçivəsində iddiaçının inzibati işin nəticəsi ilə maraqlanmamasının ağlabata olmaması kimi dəyərləndirilməsinə əsas verir, habelə həmin hal nəticə etibarilə iddiaçının bu barədə məlumatlı olmaması halını müəyyən etməyə imkan vermir. Göründüyü kimi işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının “inzibati iş barədə məlumatlı olmaması, təsadüfən iş barədə məlumat əldə etməsi kimi” istinad etdiyi hallar təkzib edilmişdir, iddiaçı tərəfindən isə istinad etdiyi halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəmə aktını mübahisələndirmək imkanının mövcudluğu “ağlabatan müddət” anlayışı çərçivəsində də dəyərələndrilməlidir Kollegiya bununla bağlı dəyərləndirmə apararaq, qeyd edir ki, iddiçının iki ildən artıq müddət keçdidkən sonra iş üzrə qəbul edilmiş yekun məhkəmə aktını mübahisələndirməsi və uzun müddət keçməsinin üzrlü səbəbinə (onun iradəsinə zidd halların, obyektiv səbblərin, şikayət vermə imkanının məhdudlaşdıran digər səbəblərin real olaraq mövcudluğuna) aid hər hansı mötəbər sübut təqdim etmədən, yekun məhkəmə aktını mübahisələndirməsi halı özülyündə “hüququn ağlabatan müddət çərçivəsində realizə edilməsinin mümkünlüyü” prinsipinin tələblərinə də ziddir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, həmin müddətin üzrlü səbəbdən ötürülməsi halı müəyyən edilmədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən, qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1336/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1336/2026
15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver