Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-134/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (Açar sözlər: örüş torpaqları üzərində hüquqların qeydə alınması, icarə müddəti) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-394/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı ilə sahibkarlığı inkişaf etdirmək məqsədi ilə Xızı rayonunun “Qızıldərə” adlandırılan asudə dövlət torpaq fondunun ərazisindən 25 hektar kənd təsərrüfatında istifadə edilməyən örüş torpaq sahəsi müvəqqəti istifadə üçün iddiaçının icarəsinə verimişdir. 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsindən görünür ki, Xızı Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə müqavilə bağlanılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 21 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-2044/2023 saylı imtina bilirişindən görünür ki, tərəfinizdən sözügedən torpaq sahəsinin yerləşdiyi yeri idarənin mütəxəssislərinə göstərmək mümkün olmadığı üçün kadastr planında qeyd edilən koordinatlara əsasən torpaq sahəsinə müayinə baxış keçirilmiş və torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin müayinə baxışı keçirilərkən əldə olunmuş məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edilmişdir. Bundan əlavə, müayinə baxışı keçirilərkən torpaq sahəsinin sərhədindən 8.7 metr aralı məsafədən 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin, 31.40 metr aralı məsafədən isə dəmiryolu xəttinin keçdiyi müəyyən olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 905/20255 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “Xızı rayon İcra Hakimiyyəti başçısının Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisindən dövlət torpaq fondunun 25 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamının ləğv edilməsi və həmin sərəncamla təsdiq olunmuş 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsinə xitam verilməsi haqqında 17 iyun 2016-cı il tarixli, 55 nömrəli sərəncamı ləğv edilməsi” qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı və iddiaçı ilə Xızı Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə bağlanılmış 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi əsasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə icarəsinə verimiş və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli,JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə“yə əsasən üzərində icarə hüququ yaranmış Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı ilə sahibkarlığı inkişaf etdirmək məqsədi ilə Xızı rayonunun “Qızıldərə” adlandırılan asudə dövlət torpaq fondunun ərazisindən 25 hektar kənd təsərrüfatında istifadə edilməyən örüş torpaq sahəsi müvəqqəti istifadə üçün onun icarəsinə verimişdir. Qeyd edilən sərəncam əsasında onun ilə Xızı rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sadalanan hüquq müəyyənedici sənədlər əsasında Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi 2005-ci ilin dekabr ayında müvəqqəti istifadə hüququ ilə onun adına dövlət qeydiyyatından keçirilmiş və bununla bağlı Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli, JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” verilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №018281 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək X5 kitabında 23 oktyabr 2007-ci il tarixdə 148 nömrə ilə qeydiyyata alınmışdır. Bir müddət əvvəl qeyd edilən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi və bununla bağlı müvafiq reyestr çıxarışının və torpağın planı və ölçüsünün verilməsi üçün aidiyyəti üzrə cavabdehə müraciət etdikdə qarşı tərəfin süni maneələri ilə qarşılaşmışdır. Belə ki, torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatı ilə əlaqədar etdiyi müraciətə cavabdeh tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-2044/2023 saylı cavab məktubunda torpaq sahəsindən başqa şəxsin istifadə etdiyi, eləcə də torpağın elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edildiyi, həmçinin torpaq sahəsinin sərhədindən 8,7 metr aralı məsafədə 10 kv-luq vüksək gərginlikli elektrik xəttinin, 31- 40 metr aralıdan isə dəmiryolu xəttinin keçdiyinin müəyyən olunduğu bildirilərək müraciətinin icrasından imtina olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, tərəfinizdən sözügedən torpaq sahəsinin yerləşdiyi yeri idarənin mütəxəssislərinə göstərmək mümkün olmadığı üçün kadastr planında qeyd edilən koordinatlara əsasən torpaq sahəsinə müayinə baxış keçirilmiş və torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Bundan əlavə müayinə baxışı keçirilərkən əldə olunmuş məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edilmişdir. Əlavə olaraq, müayinə baxışı keçirilərkən torpaq sahəsinin sərhədindən 8.7 metr aralı məsafədən 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin, 31.40 metr aralı məsafədən isə dəmiryolu xəttinin keçdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-394/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı və iddiaçı ilə Xızı Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə bağlanılmış 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi əsasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə icarəsinə verimiş və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli,JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə“yə əsasən üzərində icarə hüququ yaranmış Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Xızı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 170 saylı sərəncamına əsasən İddiaçı ayrılmışdır. Buna dair tərəflər arasında 45 saylı, xx.xx.2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” də bağlanmışdır. Beləliklə, torpaq sahəsi Xızı Rayon İcra Hakimiyyəti Başçısının tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçının icarəsinə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 905/20255 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “Xızı rayon İcra Hakimiyyəti başçısının Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisindən dövlət torpaq fondunun 25 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamının ləğv edilməsi və həmin sərəncamla təsdiq olunmuş 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsinə xitam verilməsi haqqında 17 iyun 2016-cı il tarixli, 55 nömrəli sərəncamı ləğv edilməsi” qərara alınmışdır. Beləliklə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçını icarəsinə verilməsinə dair sərəncamın ləğv edilməsi barədə Xızı rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2016-cı il tarixli, 55 nömrəli sərəncamı məhkəmə qərarı əsasında ləğv edildiyindən, həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş son məlumatlarda torpaq sahəsinə dair mübahisə halı və üst-üstə düşmə halı qeydə alınmadığından sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydə alınmasından cavabdeh tərəfindən imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsası iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müvafiq məhkəmə qərarı daxil olduqdan sonra ərazinin təkrar araşdılrılması zaman müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Xızı rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-50/2-341/2025 saylı müraciətinə əsasən yeni neft emalı zavodunun tikintisi üçün Xızı rayonun inzibati ərazisində yerləşən və Dövlət Neft Şirkətinin (SOCAR) adına hazırlanmış yerqurluşu planında göstərilən dövlət mülkiyyətində olan 882.84 ha torpaq sahəsinin daxilində yerləşir. Göründüyü kimi iş üzrə iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli, JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ilə ona verilmiş 25 ha torpaq sahəsinin harada yerləşdiyini bilmir və faktiki olaraq həmin torpaq sahəsindən istifadə etmir. Habelə müvafiq torpaq sahəsi də daxil olmaqla 842 ha torpaq sahəsinin həmin yerin balans daşıyıcısı olan Xızı rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) adına rəsmləşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları və müvafiq torpaq sahəsinin faktiki istifadəçisinin şəxsiyyəti müəyyən edilməklə üçüncü şəxs qismində məhkəmə tərəfindən işə cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Xızı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq torpaq sahəsinin faktiki istifadəçisi məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyrimötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri ...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (28 oktyabr 2008-ci il tarixli 709- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir). (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” qərardadı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 25 hektar torpaq sahəsi üzərində icarə hüququnun onun adına dövlət qeydiyyatına alınmağa nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən olunması, torpaq sahəsi elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edilməsi, torpaq sahəsinin sərhədindən 8.7 metr aralı məsafədən 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin, 31.40 metr aralı məsafədən isə dəmiryolu xəttinin keçdiyi müəyyən olunması halına istinad edərək, müraciətdən imtina etmişdir Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının xx.xx.2005-ci il tarixli sərəncamı və eyni tarixli icarə müqaviləsinə əsasən iddiaçının 25 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi qərara alınmış, onun əsasında JN-8250 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə, plan və ölçü sənədi tərtib edilmiş, həmin sənədlərin arxiv nüsxələri mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,25 ha, naturada 0,25 ha olduğu, kənd təsərrüfatı təyinatlı örüş torpaqlar olduğu, iddiaçının torpaq sahsinin yerini bilmədiyi, elektrik xətti və dəmiryol xəttinin müəyyən hissədə mühafizə zonasında yerləşdiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının 17 iyun 2016-cı il tarixli sərəncamı ilə 23 dekabr 2005-ci il tarixli sərəncam və icarə müqaviləsinin ləğv edilməsi qərara alınmış, əsas kimi iddiaçının sözügedən torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, müqavilə şərtlərinə əməl etməməsi, müvafiq vergi orqanında qeydiyyata alınmaması, icarə haqqının ödənilməməsi, təsərrüfatında iri və xırda buynuzlu heyvanların olmaması kimi hallara istinad edilmiş, iddiaçı tərəfindən həmin sərəncam məhkəmə qaydasında mübahisələndirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həmin sərəncamın ləğv edilməsi qərara alınmış, məhkəmə qərarının icrası nəticəsində sözügedən sərəncam ləğv edilmişdir. Kollegiya hesab edir ki, iddianın əsaslılığı baxımından məhz əmlak üzərində iddiaçının icarə hüququnun yaranması əsasının mövcud olub-olmaması ilə bağlı halın araşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahəsinin icarəyə verildiyi vaxtda qüvvədə olan torpaq haqqında qanunvericiliyin tələbinə əsasən örüş torpaq sahələri məhz 10 ildən 15 ilədək icarəyə verilə bilər. Həmçinin, hazırda qüvvədə olan torpaq haqqında qanunvericiliyin tələbinə əsasən örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməsi əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların İİ və İİİ bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, İİİ bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Başqa sözlə desək, örüş sahələri hazırkı qanunvericiliyə görə də bir qayda olaraq 10 ildən 15 ilədək icarəyə verilə bilər. Buna baxmayaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçı ilə bağlanan icarə müqaviləsi, o cümlədən müvafiq Sərəncamın məzmununda sözügedən torpaq sahəsinin 99 il müddətinə iddiaçının icarəsinə verilməsi müəyyən edildiyindən, həmin müqavilə və Sərəncam qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, sözügedən müqavilə 15 il müddətinə bağlana bilərdi, eləcə də 15 il müddət tamam olduqdan sonra isə yeni müqavilə bağlanmaqla icarə müddəti uzadıla bilərdi. İndiki halda müvafiq icra hakimiyyəti orqanı ilə iddiaçı arasında xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanılmış, qanunla müəyyən edilmiş 15 il müddət bitdikdən sonra isə yeni icarə müqaviləsinin bağlanması halı müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı müvafiq icraə müqaviləsi və onun əsasında tərtib edilmiş sənədlərə istinad etməklə, hazırki iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının sözügedən əmlak üzərində icarə hüququnun yaranması əsası müəyyən edilmədiyindən (icarə müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət 2020-ci ildə bitdiyindən, yeni icarə müqaviləsi isə bağlanmadığından), mövcud olmayan hüququn dövlət qeydiyyatına alınması əsası da aşkar edilmədiyindən, işin müəyyən edilmiş həmin halları iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış etmişdir. Bunda əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatın məzmununda sözügedən torpaq sahəsinin yeni neft emalı zavodunun tikintisi üçün Dövlət Neft Şirkətinin adına hazırlanmış yerquruluşu planında göstərilən dövlət mülkiyyətində olan 882,84 ha torpaq sahəsinin daxilində yerləşdiyi qeyd edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsi istifadə olunmur, başqa şəxslər tərəfindən istifadə olunur. Bu hallar da özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2020-ci ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi. İndiki halda isə həmin əsaslar müəyyən edilmədiyindən, iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsaslar mövcud olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, hazırki işin halları ilə oxşar xüsusiyyətlərə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-49/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “...nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan qanunvericilikdə (həmçinin, indiki qanunvericiliyin tələbinə də uyğun olaraq) örüş torpaq sahəsinin 15 il müddətinədək icarəyə verilməsinin mümkünlüyü təsbit edilmişdi, həmin müddət başa çatdıqda (2019-cu ildə) qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilərdi...” Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın əsaslılığını təkzib etdiyindən iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina və şikayətinin dəlilləri əsaslı omuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından qiymətləndirilməmiş, iddiaçının hüquqi marağına uyğun tələbinin əsaslılığı qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab dir ki, işin müəyyən edilmiş halları hazırki mərhələdə iddianın əsaslılığını təkzib etdiyindən, imtina və şikayətin dgər dəlilləri üzrə hüquqi dəyərləndimrə aparılması zərurəti mövcud olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-394/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.