Məhkəmə qərarları › İş №2-1(3-8)-135/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-135/2026

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-135/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul məbləğinin cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-8701/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq ilkin müraciət əsasında 6 aylıq müddətinə, aylıq olaraq 440 manat pul məbləğində təyin olunmuş işsizlikdən sığorta ödənişindən 6 aylıq müddət üçün ümumilikdə qalıq qalan 840 manat pul məbləğinin və təkrar müraciət əsasında təyin olunmuş aylıq olaraq 400 manat pul məbləğində işsizlikdən sığorta ödənişinin 3 aylıq üzrə cəmi olan 1200 manat pul məbləğinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, işlədiyi təşkilat olan "X9" PHŞ-dən 17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b-bəndinə əsasən ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra 25 dekabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumuna müraciət edərək iddiaçı işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. 01 yanvar 2025-ci il tarixindən iddiaçıya işsiz vətəndaş statusunda 6 aylıq olmaqla aylıq 440 manat pul məbləğində işsizlik sığortası təyin edilmişdir. Həmin məbləğin olduqca az olduğunu və təyin olumuş işsizlik sığortasının mövcud qanunvericiliyin tələblərinə uyğun hesablanmadığını və təyin olunmuş işsizlik sığortasının artırılması barədə iddiaçının müraciətlərinə bu günə qədər baxılmamışdır. Onun 6 aylıq müddətinə təyin olunmuş işsizlik sığortasının müddəti bitdikdən sonra 2025-ci ilin iyul ayında işsizlik sığortasının təkrar verilməsi üçün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. İşsizlik sığortasının təkrar alınması barədə müraciətinə baxılaraq 01 avqust 2025-ci il tarixində təkrarən 3 aylıq müddətinə, aylıq olaraq 400 manat pul məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Təkrar müraciət əsasında işsizlikdən sığorta ödənişi təyin olunmasına baxmayaraq bü günə qədər həmin müavinat ödənilməmişdir. Bundan əlavə ilkin müraciət əsasında əslində aylıq olaraq 580 manat pul məbləğində təyin olunmalı olan işsizlikdən sığorta ödənişi aylıq olaraq 440 manat pul məbləğində təyin olunmuş və aylıq olaraq qalıq qalan 140 manat pul məbləğidə bu günə qədər ödənilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-8701/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Qəşəm Məmmədli ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə müvafiq inzibati cavabdehə müraciət edilməmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələblə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. Eyni zamanda qeyd olunan tələblə bağlı cavabdehliyi hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daşımır. İddiaçının hazırkı tələblə bağlı müraciəti olmadığından iddiaçıya cavabdehin əsl olan cavabdehlə əvəz edilməsi ilə bağlı hüquqi yardım edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına 22 oktyabr 2025-ci il tarixində daxil olsa da, məhkəmə tərəfindən ərizənin icraata götürülüb götürülməməsi barədə mümkünlük iclası 42 gün sonraya yəni 02 dekabr 2025-ci il tarixinə təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra– inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinə əsasən Məhkəmə iddiaərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddiaərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtinaetməyibsə, o, qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 166.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə tərəfindən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən mümkünlük iclası keçirilən günə qədər prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, mümkünlük iclası ərizə məhkəməyə daxil olduğu gündən 5 gün ərzində keçirilməli olduğu halda 42 gün sonra keçirilmiş və bundan əlavə məhkəmə hazırlıq iclası, ərizə məhkəməyə daxil olduğu gündən 40 gündən gec olmayaraq keçirilməli olduğu halda ümumiyyətlə hazırlıq iclası keçirilməmişdir. Məhkəmə tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması barədə və məhkəmə hazırlıq iclasının təyin olunması barədə məhkəməyə 20 noyabr 2025-ci il tarixli müraciətində ümumiyyətlə nəzərə alınmamışdır. Odur ki, məhkəmə tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulduğundan həmin qərardad ləğv olunmalıdır. Cavabdeh təşkilatın adından da görünür ki, Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 və buradan da görünür ki, iddia tələbi üzrə cavabdeh təşkilatın tabe olduğu müvafiq nazirliydir. Yəni buradan da görünür ki, iddia tələbi üzrə cavabdehi düzgün təyin etsə də, məhkəmə prosessual hüquq normalarına əməl etməyərək guya cavabdehin düzgün seçilməməsini əsas gətirərək iddia ərizəni mümkünsüz hesab edərək iddia ərizəmin icraata götürülməsindən imtina etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı işsizlik sığorta ödənişinin məbləğinin ödənilməyən hissəsinin ödənilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı dəyərləndirmə üzrə qeyd edir ki, “Sığorta ödənişinin verilməsi” Qaydasının 1.1ci bəndinə əsasən bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qaydaların 7.1-ci bəndinə əsasən sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir,7.2-ci bəndinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər. Göründüyü kimi işsizlik sığortasının hesbalanması və ödənilməsi üzrə səlahiyyətli qurum qismində məhz X6 çıxış edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tələb üzrə cavab verməli orqana qarşı iddia tələbi irəli sürməmiş, habelə cavab verməli olan quruma isə müraciət etməsi və həmin müraciət üzrə inzibati icraatın aparılması (və ya hərəkətssizlik nümayiş etdirməsi) halı aşkar olunmamışdır. Qeyd edilən hal isə prosessual qanunvericiliyin tələbi baxımından iddianın mümkün sayılmaması üçün əsas kimi çıxış edir. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia tələbində hüquqi marağına uyğun olaraq tələbə cavab verməli orqan düzgün qeyd edilməsə də, tələbə cavab verməli orqana ünvanlanmış ilkin müraciətin olması halı müəyyən edilmədiyindən, cavabdehin dəyişdirilməsi ilə bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməsinin əsasları mövcud olmamışdır. Kollegiya hesab edir ki, İPM-in 13-cü maddəsinin tələbi baxımından həmin halın hazırki iş üzrə nəzərə alınması zəruridir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, işin müəyyən edilmiş həmin halları iddiaçının şikayətinin dəlillərini təkzib etdiyindən, şikayət əsassız olmuşdur Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı işsizlik sığorta ödənişin hesablanması və ödənilməsi ilə bağlı hüquqlarının pozulmasını ehtimal etdiyi halda, həmin tələblə bağlı X5 müraciət etməli, müraciətinə dair imtina cavabı aldıqda, prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərdə (30 gün müddətində) yaranmış mübahisənin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitəsindən istifadə etmək (müvafiq inzibati məhkəmədə qeyd edilən tələblə bağlı iddia qaldırmaq) hüququna malikdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-8701/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar