Məhkəmə qərarları › İş №2-1(3-8)-139/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-139/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-139/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(118)-3354/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2016-cı il tarixli, 209 nömrəli qərara əsasən onun “Başın tüklü hissəsinin təpə nahiyyəsinin postravmatik əzilməsi, çapılmış yarası. Qapalı kəllə beyin travması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. TSEK-nin elektron informasiya sistemindən çıxarışlara əsasən iddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə TSEK-də müayinədən keçmiş və ona “baş-beynin diffuz travması. Keçirilmiş ağır qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, daimi baş ağrıları ilə Postkontuzion sindrom, Postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə, qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə, Xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar beş il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra TSEK-ə göndərilməsi üçün iddiaçı barəsində Sumqayıt Tibb Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, E00196930BFR nömrəli göndəriş tərtib edilmişdir.

4. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 T90.5 “kəllədaxili travmaların nəticələri, keçirilmiş (2002-ci ildə) qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin təpə nahiyəsinin posttravmatik zədələnməsindən sonrakı vəziyyət”, ağırlaşmaları – G44.3 “xroniki postravmatik başağrısı, postravmatik kranialgiya”, F07.0 “üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə”, yanaşı xəstəliklər – E11.9 “insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız, şəkərli diabet tip 2”, İ11.9 “(Durğunluq), ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya 2-ci dərəcə, yüksək risk” göstərilmişdir.

5. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, nəticədə, iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbilə imtina cavabı verilmişdir.

6. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 07 oktyabr 2024-cü il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” 18 oktyabr 2024-cü il tarixli, 3-17-4/3-3- 7410/2024 nömrəli qərar qəbul edilmişdir.

7. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.2024cü il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi hazırkı qərarın 1-5-ci bəndində qeyd olunanlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina əsassızdır. Belə ki, cavabdeh iddiaçının diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamışdır. Halbuki, tibb müəssisəsi tərəfindən ona qoyulmuş çoxsaylı diaqnozlar ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi üçün kifayət qədər əsas verir. Belə ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrdə Sumqayıt şəhər 2 nömrəli xəstəxanada müalicə almış və ona S068 kodlu ”keçirilmiş qapalı-beyin travmasmın dayanaqlı qalıq əlamətləri, davamlı sefalgiyapostkontiziyon sindrom”, H47.2 kodlu “OU-görmə sinirinin diskfünksiyası atrofiyası”, Q23.2 “kəllə daxili hipertenziya və s.” qoyulmuşdur. Daha sonra isə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrdə də həmin xəstəxanada müalicə olunmuş və ona G93 kodlu “keçirilmiş qapalı-beyin travmasından zədələnmələri, dayanaqlı qalıq əlamətləri, sefalgiya”, G93.4 kodlu ”postravmatik ensefalopatiya”, R45 kodlu, G93.2 kodlu “asteno-nevrotik sindrom” E11.9 kodlu, R73 kodlu “hipertenziya ikinci mərhələ qanda qlikozanın artması, postkontuzion sindrom”, H47.2 kodlu “OU-görmə sinirinin diskfunksiyası atrofiyası”, Q23.2 “kəllə daxili hipertenziya və s.” qoyulmuşdur. Respublika Psixiatriya Xəstəxanasında da xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı dövrdə müalicə almış, müalicə nəticəsində ona F07.0 kodlu “Qarabağ müharibəsi zamanı xidməti vəzifələri yerinə yetirərkən alınmış travma, şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi” diaqnozu qoyulmuşdur.

9. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı hazırkı qərarın 1-5-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının 07 oktyabr 2024-cü il tarixdə cavabdeh orqanda keçirilmiş əyani müayinəsi əsəbilik, həyəcanlandığı zaman nitqində kəkələmə yaranması, ailə üzvləri ilə yola gedə bilməməsi, tez-tez təhqiramiz ifadələr işlətməsi, 1-2 ildir insulindən asılı olmayan şərəkli diabet xəstəliyi, yüksək arterial təzyiq, ağızda quruluq və ürək çatışmazlığından şikayətlənmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı arterial təzyiqi 160/90 mm cv. st. müəyyənləşdirilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ tonus tam, reflekslər canlı alınmış D=S, patoloji reflekslər alınmamış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, Romberq vəziyyətində dayanıqlı olması müəyyənləşdirilmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə daxil olmuş, suallara dolğun adekvat cavablar vermiş, emosional labil, intellektual-mnestik funksiyası təhsilinə, sosial məişət şəraitinə uyğun olmuşdur. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələrinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, bu da psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təkzib etmişdir.

10. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli, 4766/2024 nömrəli çıxarışında diaqnoz “üzvi şəxsiyyət pozuntusu və konqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim etdiyi xx.xx.2024-cü il tarixli beyin MR müayinəsinin nəticəsi “norma daxilində baş beyin MRT müayinəsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Endokrinioloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2690004ABP0X nömrəli tibbi rəyində diaqnoz “şəkərli diabet tip 2” kimi qeyd olunsa da, klinikada şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 6196 nömrəli ambulator xəstənin tibbi vərəqində diaqnoz “keçirilmiş 2002-ci ildə qapalı kəllə beyin travması, başın tüklü hissədə təpə nahiyəsində, postravmatik zədələnməsindən sonrakı vəziyyət, postravmatik kranalgiya. Pozision başgicəllənmə” kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli beyin KT müayinəsinin nəticəsi “beyin parenximasında ocaqlı və həcmli dəyişiklik izlənilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(118)-3354/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 30 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçıya 30 iyun 2024-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Qəşəm Məmmədli).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 3134 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində belə nəticəyə gəlinmişdir ki, iddiaçıda hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, baş ağrılarından əziyyət çəkməsi, qıcolma tutmalarının qeyd edilməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 "üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyalann enməsi və depressiv daxilolmalarla” (F07.0) müəyyən olunur. Onda müəyyən edilən pozuntu döyüş tapşırıqlarını yerinə yetirən zaman aldığı xəsarətlərlə əlaqədar olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən F07.0 kodlu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na Əlavənin 7.6.2 və 7.6.2.1-ci bəndlərinə əsasən əlilliyin təyin edilməsinə əsas verir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 ekspert rəyində əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmaların iddiaçıda aşkar edildiyi öz əksini tapmamışdır. O cümlədən, işə baxan məhkəmə travmanın səbəbli əlaqəsi tam təsdiqini tapmadan iddianı təmin etmişdir. Belə ki, iddiaçıya 2016-2021-ci illər üzrə S06 kodlu xəstəliklə əlillik təyin edilmişdir. Hazırda isə işə baxan məhkəmə iddiaçıya F07 kodlu xəstəliklə əlillik təyin edilməli olduğu qənaətinə gələrək iddianı təmin etmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5-ci bənd. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ... 1.8-ci bənd. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. 1.9-cu bənd. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10-cu bənd. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. ... 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

3. Orqanizmin funksiyalarının pozulması faizləri

3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmişdir. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı alınmış məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizasının rəyləri, eləcə də, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəylərlə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

28. Hazırkı qərarın 4-cü bəndində qeyd edilən Sumqayıt Tibb Mərkəzi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, E00196930BFR nömrəli göndərişdən göründüyü kimi onda əsas diaqnoz XBT 10 T90.5 kodlu “kəllədaxili travmaların nəticələri, keçirilmiş (2002-ci ildə) qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin təpə nahiyəsinin posttravmatik zədələnməsindən sonrakı vəziyyət” və onun ağırlaşmaları olan F07.0 kodlu “F07.0 “üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə”, G40.3 kodlu xəstəlik və yanaşı xəstəliklər olaraq E11.9 və İ11.9 kodlu xəstəliklər mövcuddur.

29. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə əvvəlcə məhkəmə-tibbi ekspertizası, daha sonra məhkəmə-psixiatriya ekspertizası təyin edilərək, müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7n ekspert rəyləri alınmışdır.

30. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli, T122/2025 nömrəli ekspert rəyində iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, E00196930BFR nömrəli göndərişdə qeyd olunan T90.5, F07.0, G44.3, E11.9 və İ11.9 kodlu xəstəliklərin onun stasionarda kliniki, anamnestik, laboratorinstrumental müayinələri əsasında müəyyən edildiyi göstərilmişdir.

31. Həmin göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşması (F07.0 kodlu xəstəlik) “X2 XBT-10”–nin “Psixi pozğunluqlar və davranış pozğunluqları (F00–F99)” bölməsinə aid xəstəlik olduğundan daha sonra birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.

32. Bu ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-psixiatriya ekpertizasının 16 sentyabr 2025-ci il tarixli, 3134 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı iddiaçı baş ağrılarından, əsəbilikdən, xarici qıcıqlara qarşı həssas olmasından, qıcolma tutmalarından, yuxusuzluqdan, intihar fikirlərinin olmasından şikayət edir. Nevroloji statusunda mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi dəyişiklik əlamətləri qeyd edilir. Müayinənin nəticəsində müəyyən edimişdir ki, iddiaçıda hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, baş ağrılarından əziyyət çəkməsi, qıcolma tutmalarının qeyd edilməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 "üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) müəyyən olunur.

33. Həmçinin, işdən görünür ki, iddiaçı “Respublika Psixiatriya Xəstəxanası” X7 də əyani müayinədə olmuş, 18 mart 2024-cü il tarixdə keçirilmiş müayinə zamanı ona “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qoyulmuş və bununla bağlı 18 mart 2024-cü il tarixli, 4085 nömrəli rəy verilmişdir.

34. İddiaçı 07 oktyabr 2024-cü il tarixdə cavabdeh orqanda keçirilmiş əlavə əyani müayinəsi zamanı da əsəbi olması, ailə üzvləri ilə yola gedə bilməməsi, tez-tez təhqiramiz ifadələr işlətməsi kimi hallardan şikayətləndiyini bildirmişdir.

35. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş E00196930BFR nömrəli göndəriş, məhkəmə-psixiatriya ekspertizasının, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəylərin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən əsas diaqnozun ağırlaşması olan F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəlik aşkar edilir.

36. Həmin xəstəlik isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.

37. “Əlilliyin müəyyən olunması meyarları” nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.

38. Hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu xəstəliyin emosional dayanıqsızlıq, xarici qıcıqlara qarşı həssaslıq, ətrafdakılarla tez-tez problemlər yaranması, torpidlik əlamətləri və intihar fikirləri ilə müşahidə edildiyi məhkəmə-psixiatriya ekpertizasının rəyi ilə təsdiq edilmişdir.

39. Qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.1-ci bəndində qeyd olunduğu kimi - ətrafdakılarla tez-tez problemlər yaranması, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi və bu baxımdan, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verdiyi müəyyən edilir.

40. İddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya, ilk növbədə, qeyd edir ki, MN MHHK-nin iddiaçı barəsində qərarında “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar yaranmışdır” səbəb əlaqəsi ilə göstərilən travması “başın tüklü hissəsinin təpə nahiyyəsinin postravmatik əzilməsi, çapılmış yarası. Qapalı kəllə beyin travması” diaqnozudur. İddiaçı barəsində Sumqayıt Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, E00196930BFR nömrəli göndərişdə də həmin diaqnoz T90.5 kodlu “keçirilmiş (2002-ci ildə) qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin təpə nahiyəsinin posttravmatik zədələnməsindən sonrakı vəziyyət” diaqnozu olaraq göstərilmiş, məhkəmə araşdırması nəticəsində alınmış məhkəməpsixiatriya ekspertizasının rəyi ilə əsas diaqnozun F07.0 kodlu ağırlaşmasının hazırda iddiaçıda aşkar edildiyi müəyyən edilmişdir.

41. Lakin, həmin göndərişdə texniki yanlışlığa yol verilərək, F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun İ Qarabağ müharibəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən alınmış travma olduğu göstərilmişdir. Qeyd olunan yanlışlığa “Respublika Psixiatriya Xəstəxanası” p.h.ş-nin rəyində, eləcə də psixiatrik ekspertizanın rəyində də yol verilmişdir.

42. Lakin, MN MHHK-nin qərarından göründüyü kimi hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu diaqnoz İ Qarabağ müharibəsi zamanı deyil, 2002-ci ildə hərbi xidmət xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır.

43. Odur ki, hazırda iddiaçıda aşkar edilən diaqnozla MN MHHK-nin qərarında göstərilən diaqnoz arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilir.

44. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

45. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

46. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

48. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

49. Beləliklə, işin yuxarıda qeyd olunan hallarından müəyyən edildiyi kimi hazırda iddiaçıda aşkar olunan F07.0 kodlu xəstəlik ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(118)-3354/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar