Məhkəmə qərarları › İş №2-1(3-8)-141/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-141/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-141/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 28 noyabr 2024-cü il tarixli “diaqnoz öz təsdiqini tapmaması” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 28 noyabr 2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1984/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya ilk dəfə 2015-ci ildə 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.2021-ci ildə aparılmış qiymətləndirmə nəticəsində göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.2024-cü ildə aparılmış qiymətləndirmə nəticəsində göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 T623/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə görə “Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Quba rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, A00200877YQİ saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: İ83.2-aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətraf venalarının varikoz xəstəliyi, sol tərəfli flebektomiyadan sonrakı təkrar varikoz xəstəliyi (xx.xx.2015), sağ böyük dərialtı venanın yüksək bağlanması və çıxarılması cərrahi əməliyyatından sonrakı vəziyyət, ağırlaşmalar: İ87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətrafın damar-venoz çatmamazlığı İV dərəcəli, İ87.0-postrombotik sindrom, postromboflebetik sindrom, İ83.0aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafların trofiki xoraları. Yanaşı xəstəliklər: İ15.9-dəqiqləşdirilməmiş ikincili hipertenziya, arterial hipertenziya İİİ dərəcəli” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçıya pensiyanın təyin edilməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina qərarının əsassız olduğundan ləğv edilməsi, Qusar rayon Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş göndəriş əsasında ona İİ dərəcəli əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın 28 noyabr 2024-cü il tarixli “diaqnoz öz təsdiqini tapmaması” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 28 noyabr 2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə hər iki aşağı ətraf venalarının varikoz xəstəliyi, Sol tərəfli flebektomiyadan sonrakı təkrar varikoz və s. xəstəliklərə görə iddiaçı İİ dərəcəli əlillik əvvəl bir il, sonradan isə beş il müddətinə müəyyən edilərək pensiya təyin edilmişdir. 2021-ci ildə pensiyanın verilməsi dayandırılmışdır. Bu il xəstəliyinin kəskinləşməsi səbəbindən Sağ ayağının böyük dərialtı venanın yüksək bağlanması və çıxarılması əməliyyatı icra olunmuşdur. Lakin bu əməliyyatdan sonra da iddiaçının səhhəti bərpa olunmamış, tam əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Uzun müayinələr və müalicələrdən sonra Qusar Mərkəzi Rayon Xəstəxanası tərəfindən ona göndəriş (forma 88) verilmişdir. Bundan sonra iddiaçının sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir və iddiaçı orada yenə də müayinə olunmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əsassız olaraq iddiaçıya əlilliyin verilməsinə imtina qərarı vermişdir. Qərarın nəticəsi xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir. İmtinada qeyd olunmuşdur ki, Forma 88 yanlış və ya natamam doldurulduğundan geri qaytarılır. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassızdır, imtina iddiaçını süründürmək, iddiaçıya əziyyət vermək və pensiya almaq fikrindən döndərmək üçün bezdirmək məqsədini daşıyır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, qiymətləndirmənin nəticələrinin iddiaçıda olub-olmamasını müəyyən etmək üçün əyani müayinə qarardadı və уа məhkəmə-tibb ekspertizasının keçirilməsi xahiş olunur. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1984/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 28 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixindən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən -(xroniki) (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətrafın damar-venoz çatmamazlığı İV dərəcəli; postrombotik sindrom, postromboflebetik sindrom; aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafların trofiki xoraları (İ80- İ89); dəqiqləşdirilməmiş ikincili hipertenziya, arterial hipertenziya İİİ dərəcəli (İ10-15) müşahidə olunan şəxsə əlillik təyin edilir. Ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda A00200877YQİ nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazlarının şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin "Diaqnozun təsdiqini tapmaması"barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz "Diaqnozun təsdiqini tapmaması" halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); https://e-qanun.az/framework/44218 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Bənd 2. Qan dövranı sisteminin xəstəlikləri Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (XBT kodu İ10-İ15) -2.1.2 arterial hipertenziya l-lll dərəcə, hipertoniya xəstəliyi lll mərhələ, hədəf orqanları funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; 2.7 Digər rubrikalarda təsnif olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa damarlarının və limfa düyünlərinin xəstəlikləri (XBT kodu İ80-İ89); -2.7.2 xoralı qüsurlu, ifraz olunan möhtəviyyatın əhəmiyyətli dərəcədə sekresiyası, hər iki aşağı ətrafda trofik pozuntuları və statodinamik funksiyaların ciddi şəkildə pozulmaları ilə, xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-6-cı sinif klinik təzahürlərinə uyğun gələn xroniki venoz xəstəliklər;

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanlmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi cavabdeh orqanın 28 noyabr 2024-cü il tarixli “diaqnoz öz təsdiqini tapmaması” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 28 noyabr 2024-cü il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Hər iki aşağı ətraf venalarının varikoz xəstəliyi, sol tərəfli flebektomiyadan sonrakı təkrar varikoz xəstəliyi, sağ böyük dərialtı venanın yüksək bağlanması və çıxarılması cərrahi əməliyyatdan sonrakıl vəziyyət” (XBT kodu İ83.2), ağırlaşmaları “Hər iki aşağı ətrafın damar venoz çatmamazlığı İV dərəcəli (İ87.2), posttromboflebetik sindrom (İ87.0), hər iki aşağı ətrafların trofiki xoraları (İ83.0), yanaşı xəstəliyi arterial hipertenziya lll dərəcəli (İ15.9) kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1984/2025 saylı qərardadı əsasında inizbati iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən tərtib edilmiş T623/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: “Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Quba rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, A00200877YQİ saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: İ83.2-aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətraf venalarının varikoz xəstəliyi, sol tərəfli flebektomiyadan sonrakı təkrar varikoz xəstəliyi (xx.xx.2015), sağ böyük dərialtı venanın yüksək bağlanması və çıxarılması cərrahi əməliyyatından sonrakı vəziyyət. Ağırlaşmalar: İ87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətrafın damar-venoz çatmamazlığı İV dərəcəli, İ87.0-postrombotik sindrom, postromboflebetik sindrom, İ83.0- aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafların trofiki xoraları. Yanaşı xəstəliklər: İ15.9dəqiqləşdirilməmiş ikincili hipertenziya, arterial hipertenziya İİİ dərəcəli” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən (müvafiq rəylərin əksinə dair halları müəyyən edən) heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu F07) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun öz təsdiqini tapmaması qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnoz öz təsdiqini tapmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun öz təsdiqini tapmaması) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1984/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar