Məhkəmə qərarları › İş №2-1(3-8)-149/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-149/2026

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-149/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4297/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, 6 saylı evin 26 kv.m-lik, 2 otaqlı, 11 saylı mənzilin icarə müqaviləsinin X4 adına bağlanmaqla mənzilin şəxsi hesabının onun adına dəyişdirilməsinə dair cavabdehin 23 avqust 2011-ci il tarixli, 1799 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 1799 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamından Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, 6 saylı evin 26.0 kvadrat metrlik 2 otaqlı 11 saylı mənzilin icarə müqaviləsi X4 adına bağlanması qərara alınmışdır. Saray üzümçülük sovxozuna yay aylarında (may, iyun, iyul, avqust, sentyabr) tərəvəz-pomidor podrat götürüb sovxoza 4-5 ton pomidor istehsal edib-becərib əvəzində hər ay 40 - 60 manat pul alırdı. Bir müəllim bu müqaviləni yerinə yetirərək sovxoz evlərindən mənzil üçün 13 il çalışmışdır. Sovxoz direktorunun nəzarətini yerinə yetirən briqadirlər, həmişə, işgüzar, əmək qabiliyyətindən daşınaraq səhər saat 07:00-dan qaranlıq düşənə qədər işləmişdir. Bu qeyd etdiyi Aktlar Saray üzümçülük sovxozunun Aqrar İslahat Komissiyası tərəfindən verilən arayışda da öz əksini tapmışdır. Abşeron Rayon Saray qəsəbəsində olan Saray qəsəbəsi Üzümçülük sovxozu tərəfindən orada işləyən vətəndaşlara ayrılan evlər heç vaxt icra hakimiyyətinin balansında olmayıb. Həmin evlər yalnız sovxozda işləyən şəxslərə verilir. Bu evlər Cavabdeh balansında olmadığı halda İcra Hakimiyyəti X2 ərizəində qeyd edilən xahişi yerinə yetirməklə Cavabdeh başçısının 1799 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamında Çıxarışa əsasən qərara alınmışdır ki, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, 6 saylı evin 26.0 kv.metrlik 2 (iki) otaqlı, 11 saylı mənzilinin icarə müqaviləsi X1 Məzahir Mahir oğlunun adına bağlanmaqla mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Abşeron Rayon Dövlət Arxivinə və Azərbaycan Respublikası Milli Arxivinə ərizə ilə rəsmi şəkildə müraciət edərək Cavabdeh başçısının 1799 saylı xx.xx.2011-ci il tarixli Sərəncamından Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, 6 saylı evin 26.0 kvadrat metrlik 2 otaqlı 11 saylı mənzilin icarə müqaviləsi X4 adına bağlanması qərara alındığını və qeyd etdiklərimə əsasən Cavabdeh başçısının 1799 saylı xx.xx.2011-ci il tarixli Sərəncam hansı sənədlər əsasında verilməsi barədə rəsmi məlumat verilməsini xahiş etdi. Lakin ərizəsinə heç bir cavab verilməmişdir. Abşeron rayon Dövlət Arxiv İdarəsi onunla mobil telefon vasitəsi ilə əlaqə saxladı və söz ilə Südabə Şühralı qızının adı Sovxozda olan vətəndaşların adının siyahısında çıxmır. Bu cavabı ona rəsmi vermədilər. O yenə də həm Abşeron rayon Dövlət Arxivinə, həm də ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ərizə ünvanlamış ki, X2 Saray qəsəbəsi Üzümçülüx Sovxozunda işləməsi barədə ona rəsmi məlumat verilsin. Hələ ki, cavab verilməyib, cavab verildiyi halda məhkəməyə təqdim edəcəcək. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4297/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardıma dair məktub göndərilərək, mübahisələndirilən sərəncamın alınması barədə məlumatın, əgər yoxdursa, prosessual müddət bərpası barədə ərizə, bu halı təsdiq edən sübutlarla birlikdə məhkəməyə təqdim edilməsi hüququ izah edilmişdir. Lakin iddiaçı göndərilmiş məktuba münasibət bildirməmiş, iddia tələbinin qaldırılması üçün müddətin ötürüb-ötürmədiyini hər hansı formada əsaslandırmamış, həmçinin müvafiq hüquqi yardımın göstərilməsi üçün təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı 7 iyun 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı müraciət etmiş, mübahisə çıxarış və texniki pasportun verilməsini tələb etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli, 2-1(118)- 4814/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

33. Göründüyü kimi, iddiaçı qeyd edilən məhkəmə icraatı vaxtından cavabdehin mübahisələndirilən sərəncamından məlumatlı olmuş, lakin hazırkı iddia tələbi ilə məhkəməyə 5 fevral 2025-ci il tarixdə müraciət etmişdir. İddiaçının mübahisə predmeti olan mənzilin hüquqi rejimi ilə 13 il müddətində maraqlanmadığı ağlabatan deyildir. Bu səbəbdən də prosessual müddətin ötürülməsi səbəbi üzrlü hesab edilməyərək, iddia mümkün hesab olunmamalıdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 23 avqust 2011-ci il tarixli, 1799 nömrəli sərəncam inzbati akt deyil. Belə ki, Cavabdeh belə bir səlahiyyəti olmadığı halda belə bir akt qəbul etmişdir. Qanunsuz Akt ləğv edilməlidir. Məhkəmənin bu araşdırması yarımçıqdır və Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi ilə tam uzlaşmır. Çünki həmin normaya görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1-ci maddə). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2-ci maddə). «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü maddəsində yerli icra hakimiyyəti başçısının fəaliyyətinin vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi prinsipi, 4- cü maddəsində müəyyən olunmuş fəaliyyətini həyata keçirərkən vətəndaşların hüquq və azadlıqların yerli mənafelərlə uzlaşdırılmalı olması, 35-ci maddəsində qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması səlahiyyətləri əksini tapmışdır. Lakin bu prinsip və səlahiyyətlər, məcmu halda götürüldükdə, habelə «İnzibati icraat haqqında» Qanunda əksini tapmış prinsip və təminatlar əsasında təhlil olundunda o nəticəyə gəlmək olar ki, icra hakimiyyətləri üçün səlahiyyət kimi müəyyən olunmuş hərəkətlər də əslində icra hakimiyyətlərinin vəzifəsi kimi çıxış edir. Bundan başqa, Azərbaycan Respublikası İPM-nin 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməlidirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Mülki Prosessual Məcəllə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının,sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Maddə 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfidən başqa şəxsin adına qəbul edilmiş 23 avqust 2011-ci il tarixli, 1799 nömrəli sərəncamın ləğv edilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti şərtinə əməl edilmədiyindən, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya onu qeyd edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbinin mümkünlüyü məsələsinə iddia müddətinin ötürülməsi əsası ilə bağlı dəyərləndirilməsi ilə razılaşır və həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verərək, hüquqi dəyərləndirməsin əsasları ətraflı şəkildə qeyd edildiyindən, təkrarən həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan sərəncam əsasında mənzilə dair icarə müqaviləsinin üçüncü şəxsin adına bağlanılmaqla, mənzilin şəxsi hesabının onun adına dəyişdirilməsi qərara alınmışdır. İndiki halda iddiaçı məhz üçüncü şəxs barəsində qəbul edilmiş həmin Sərəncamı mübahisələndirir, tələbin əsası kimi mənzilin verildiyi şəxsin sovxozda işləməməsi, onun sovxozda işləməsi, evlərin sovxozda işləyən şəxslərə verilməsi, arxiv məlumatlarda onların adının olmaması, özü barəsində isə arayışın olması, həmin evin ona verilməli olması, əsassız olaraq müvafiq Sərəncamın qəbul edilməsi kimi hallara istinad etmişdir. Kollegiya iddianın mümkünlüyünün digər əsasları baxımından qeyd edir ki, iddiaçının başqa şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədi mübahisələndirmək üçün subyektiv hüquqa malik olmalıdır. Başqa sözlə desək, iddiaçı o halda hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik ola bilər ki, iddiaçının mübahisə predmeti olan əmlakla hüquqi bağlılığı olmalı (qanuni sahibliyində və ya istifadəsində olmalı və ya həmin mənzilin ona verilməsinə dair hüquqmüəyyənedici sənədi mövcud olmalı) və ya sözügedən Sərəncam ilə onun qanunla qorunan hüquq və maraqlarının pozulmasına (və ya pozulması ehtimalına) səbəb olması halı müəyyən edilmiş olsun. İndiki halda isə məhkəmə araşdırması zamanı sözügedən Sərəncam ilə iddiaçının hansı əmlak hüquq və ya qanunla qorunan digər maraqıarının pozulması halı, habelə əmlakla hüquqi bağlılığının olması halı müəyyən edilməmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçı sovxozda işləməsi və bu əsasla ona ayrılması halını qeyd etsə də, mənzilin onun adına ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, istinad etdiyi arayış isə məzmun etibarilə mənzil sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd qismində çıxış etməmişdir. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil üçüncü şəxsin sahibliyində və istifadəsində olmuşdur. Bu baxımından kollegiya hesab edir ki,işin müəyyən edilmiş həmin halları özlüyündə iddiaçının tələbin və şikayətin əsası kimi istinad etdiyi halları təkzib edir. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4297/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar