Məhkəmə qərarları › İş №2-1(3-8)-15/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-15/2026

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-15/2026 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə ("xxxx" ASC iş üzrə üşüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: əldə edilmiş yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin geri qaytarılmasından imtina olunması barədə qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayənəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ƏDV-nin geri qaytarılmasından imtina olunmasına dair xx.xx.2024-cü il tarixli, **********573600 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2107/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2024-cü tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" ASC İddiaçı Bakı səhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində inşa olunan 13 saylı bina, 2-ci blok, 10-cu mərtəbə, 152 nömrəli 3 otaqlı mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********573600 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli, **********573600 saylı qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Acıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********51458 saylı alqı-satqı müqaviləsinə əsasən səhmdar cəmiyyəti Bakı səhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yasayış kompleksində inşa olunan 13 saylı bina, 2-ci blok, 10-cu mərtəbə, 152 nömrəli 3 otaqlı mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiymətini təşkil edən 200708 manat Azərbaycan Beynəlxalq bankının Binəqədi filialında açılmış hesabından tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən tərəfindən ödənilmiş məbləğə daxil olan əlavə dəyər vergisinin vergi qanunvericiliyinə əsasən ona qaytarılmalı olan hissəsinin ona ödənilməsi barədə ərizə ilə vergi orqanına müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli **********573600 saylı qərarı ilə ərizəsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindənAzərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aıınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Cavabdeh orqan ərizəmin təmin edilməməsini isbat edəcək sübutlar təqdim etməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra Qayda) təsdiq edilmişdir. Qaydanın 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.Belə ki, vətəndaş tərəfindən Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi müəyyən edilmişdir. Qaydaların 5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2107/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsi səbəbindən ƏDV-nin bir hissəsini geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır.Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüququnun pozulması müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi, iddia tələbini təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, mənzilin dəyəri onun tərəfimdən tam ödənilməmişdir. Bunula bağlı, birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə istinad edərək göstərmişdir ki, normaya əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Məhkəmənin bu mövqeyi əsassızdır və iddia təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında mənzil alqı-satqısı həyata keçirilərkən, ASC-nin mühasibat uçotu metodu hesablama metodu olmuşdur. Onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında mənzil alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən, mənzilin dəyərivergi ödəyicisinə ("xxxx" ASC-nə) qeyd-şərtsiz ödənilməli, həmin müqavilənin bağlandığı vaxt, vergi ödəyicisinin gəlir almaq hüququnun əldə edildiyi vaxt hesab edilir. Bundan başqa, birinci instansiya məhkəməsi, hətta mənzilin dəyərinin tam ödənilmədiyinə dair hala istinad etsə belə, mənzilin əldə edilməsi zamanı əşyanın dəyərinin yarısından çoxunun artıq ödənildiyi və işə məhkəmədə baxıldığı müddətdə tərəfindən aylar üzrə ödənişlər etdiyi də nəzərə alınmamışdır. Müqavilə üzrə vergi ödəyicisinin ƏDV öhdəliyi yaranmışdır və buna müvafiq olaraq ƏDV-nin qanunla müəyyən edilmiş hissəsini geri almaq hüququ yaranmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda ƏDV “Alıcı” ya qaytarılır. İddiaçı mənzilin dəyərini bankın təqdim etdiyi cədvəl üzrə hissə-hissə banka ödəyir. Yaşayış sahəsi ilə bağlı hissə-hissə banka ödəniş edildiyi halda ƏDV həmin yaşayış sahəsinin tam dəyəri ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. İddiaçı tərəfindən Qaydanın 1.4-cü bəndinə əsasən alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməmişdir. Qeyd edirik ki, satıcı tərəfindən hər hansı bir qanunazidd hərəkətə yol verilməmiş və iddiaçının hüquqlarının pozulması baş verməmişdir. Bu baxımdan iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, İddiaçı ƏDV-ni tələb etməsi əsassızdır. Apellyasiya şikayəti təmin edilməməlidir. Alıcı yaşayış sahəsinin dəyərini satıcıya tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. ƏDV məbləği yalnız alıcı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənildikdən sonra qaytarılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin: 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı yaşayış sahəsinin əldə edilməsinə görə ödənilmiş ƏDV məbləğinin qanunla müəyyən edilmiş faiz hissəsində ona geri qaytarılmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq Qaydaların 1.4-cü bəndinə əsasən yaşayış sahəsinin dəyərinin nağdsiz qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılması, hiss-hissə ödəniş edildiyi halda, ƏDV-nin tam dəyəri nağdsiz qaydada tam ödənildikdən sonar alıcının bank hesabına köçürülməsi halının ehtiva edildiyi, iddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin nağdsiz qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının deposit hesabına ödənilmədiyi müəyyən edildiyindən, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, idiaçı ilə üçüncü şəxs ASC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı müqavilənin predmeti olan yaşayış sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə üzrə mənzilin dəyırinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 200708 (ƏDV daxil) manat müəyyən edilmiş, alıcı müqavilənin dəyərinin ilkin ödənişi 89008 (ƏDV daxil) təşkil edir, alıcı müqvailənin imzalanmasından 5 iş günü ərzində ilkin ödənişi satıcının bank hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin dəyərinin qalan 111700 (ƏDV daxil) manat məbləğində hissəsi alıcı ilə müvafiq bank arasında bağlanılacaq kredit müqaviləsinə əsasən alıcıya veriləcək kreditin hesabına hissəvi şəkildə ödənilməsi ilə həyata keçiriləcəkdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə müvafiq bank arasında xx.xx.2024cü il tarixlikredit müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən borcverən qsimində bank 111700 manat məbləğində pul vəsiatini 120 ay müddətinə kredit verməyi, borcalan qismində çıxış edən iddiaçı həmin krediti müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə qaytarmağı, təyinatı üzrə (yaşayış sahəsinin alınması üçün) istifadə etməyi öhdəsinə götürür. Müqaviləyə ödəniş cədvəli əlavə edilmiş, həmin cədvəldə hansı aylar üzrə hansı məbləğdə ödəniş edilməsi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 89038 manat pul vəsaitinin ilkin ödəniş qismində müvafiq ASC-yə ödənilməsinə dair ödəniş tapşırığına aid qəbz, mənzilin ipoteka ilə alınması üçün iddiaçıya bank tərəfindən kreditin ödənilməsi barədə qəbz mövcuddur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən mənzilin satıcısı olan üçüncü şəxs ASC-yə ərizə ünvanlayaraq, ərizənin məzmununda “yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyata alındıqdan ipotak ilə yüklü edildikdən, dəyəri tam ödənildikdən sonra ƏDVnin qaytarılması prosesi qanunauyğun qaydada icra ediləcəyindən tam xəbərdaram bununla bağlı heç bir tələbim, şikayətim olmayacaqdır” qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanına müraciət edərək, sözügedən yaşayış sahəsinə görə 9184,94 manat ƏDV məbləğində ödənilmiş pul vəsaitinin ona geri qaytarılmasıni istəmiş, cavabdeh inzibati orqan isə imtina barədə 16 iyul 2024-cü il tarixli qərar qəbul edilmişdir. Hazırki inzibati iş üzrə iddiaçı məhz həmin qərarı mübahisələndirərək, iddia tələbinin əsası kimi yaşayış sahəsinin dəyərinin ilkin ödəniş və bankdan götürülmüş kredit hesabına tam ödənilməsi halına istinad edərək, ƏDV məbləğinin ona geri qaytarılmasını istəyir. Kollegiya qeyd edir ki, yaşayıış sahəsinə görə ödənilmiş ƏDV məbləğinin hansı hallarda və hansı qaydada alıcıya qaytarılmasının əsasları və şərtləri yuxraıda istinad edilən qanunvericilik normasında dəqiq, aydın və imperativ norma şəklində müəyyən edilmişdir. Belə ki, həmin normanın dispoztiv şərtinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir, bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən normada nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunması təsbit edilmişdir. Həmin qaydaların tələbinə əsasən yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin 30 faiz məbləğinin geri qaytarılması üçün bir sıra şərtin birlikdə olması zəruridir: yaşayış sahəsinin dəyərinin tam şəkildə ödənilməsi və nağdsiz qaydada ödənilməsi, müəyyən edilmiş müddətdə müraciət edilməsi və s. Kollegiya hesab edir ki, indiki halda iddianın əsaslılığının müəyyən edilməsi üçün məhz iddiaçıya münasibətdə qanunla tələb olunan dispozitiv şərtlərin mövcud olub-olmaması halının aydınlaşdırılması zəruridir. Kollegiya qeyd edir ki, indiki halda iddiaçı tərəfindən müvafiq yaşayış sahəsi bank tərəfindən verilmiş kreditin vəsaiti hesabına satın alınmış, iddiaçı həmin məbləği 120 ay müddətində müqavilə şərtləşdirilmiş qaydada banka ödəməyi öhdəsinə götürmüş, habelə həmin öhdəliyin icrasının təminatı qismində sözügedən yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən öz vəsaiti hesabına deyil, bankı vəsaiti hesabına hissə-hissə ödəniş cədvəli əsasında aylıq ödəniş etməklə, mənzilin dəyərini ödədiyindən, bank tərəfindən yaşayış sahəsinə görə həmin ödənişlər tam ödənildikdən sonra satıcının ƏDV depozit hesabına ödənilməklə, alıcının bank hesabına köçürülür. İndiki halda iddiaçının əldə etdiyi yaşayış sahəsinə görə iddiaçının özü tərəfindən dəyərinin tam ödənilməsi təmin edilmədiyindən, borc öhdəlikləri mövcud olduğundan, həmin mənzilə görə ƏDV məbləği satıcının deposit hesabında mövcud olmamışdır, yalnız həmin borc öhdəliklərin tam şəkildə icrasının nəticəsində ƏDV məbləğinin satıcının depozit hesabına ödənilməsi və alıcın bank hesabına köçürülməsi əsasları ortaya çıxa bilər. Kollegiya hesab edir ki, vergi qanunvericiliyinin tələbinə əsasən cavabdeh inzibati orqanın məhz satıcının ƏDV depozit hesabına ödənilmiş ƏDV məbləğinin qanunla müəyyən edilmiş qaydada və şərtlərdə alıcıya qaytarmaq öhdəliyi vardır. İndiki halda isə depozit hesabda ödənilmiş ƏDV məbləği olmadığı halda (buna səbəb isə iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməməsi ilə bağlı borc öhdəliyinin mövcud olmasıdır), cavabdeh tərəfindən mövcud olmayan ƏDV məbləğini alıcıya qaytarmaq imkanı və öhdəliyi yaranmamışdır. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının tələbi qanunun normasının dispoztiv şərtləri ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın əsaslılığını və apellyasiya şikayətinin dəlillərini təkzib etdiyindən, iddiaçının apellyasiya şikayəti əsasız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2107/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar