Məhkəmə qərarları › İş №2-1(3-8)-154/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-154/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-154/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2-1(118)- 5951/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Qusar RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kəllə beyin travması almışdır. xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Tərtər RMX-da müalicə olunmuşdur. 2009-cu ildən Qusar RMX-da psixiatrik kabinetin müşahidəsindədir. Dəfələrlə Qusar RMX-da stasionar müalicələrdə olmuş, yaralanmışdır. 1995-ci ildə N saylı hərbi hissə komandirinin əmrilə təxris olunmuşdur. 2010-cu ildən ona 2-ci qrup əlillik təyin edilmişdir. 2010-cu ildən 2016-cı ilə qədər hər dəfə bir illik müddətinə əlillik təyin edilirdi. 2016-cı il tarixdə ona 5 il müddətinə 2-ci qrup əlillik verilmişdir, lakin 2021-ci ildən bu günə qədər əlillik təyin edilmir. Onun diaqnozu: Birinci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində üzvi şəxsiyyət pozuntusu, depressiv epizodla, kognitiv funksiyaların enməsi ilə (F07.0). Diaqnoza uyğun meyar dərəcəsi - ağır. Azərbaycan Respubikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə müraciətlər etsə də, imtina verilmişdir. İmtinada diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. 23 aprel 2025-ci il tarixdə iddiaçıya SMS vasitəsilə imtina göndərilmişdir. Cavabdehin imtinası ilə razı deyil. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********4). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-17571/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 492 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kontuziya. Beyin silkələnməsi. Qapalı kəlləbeyin travması. Travmatik şok” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qolunda tremordan, başında olan ağrılardan şikayətlənmiş, qəbul etdiyi medikamentoz preparatlardan Finlepsin qəbul etdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı nevroloji statusunda ocaqlı patologiya, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı başında səs olması, əsəbilik, başağrıları, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında ətrafındakılara xəsarət yetirməkdən qorxduğu üçün daha çox təklikdə qalmağa üstünlük verdiyini bildirmiş, medikamentoz preparatlardan “Phenazepam”, “Depakine” qəbul etdiyini qeyd etmişdir. Psixi statusunda heç bir şikayət ifadə edə bilməmiş, təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən ciddi patologiya aşkarlanmamışdır. Verilən heç bir spesifik suala cavab verməmiş, “Phenazepam”, “Depakine” qəbul etdiyini söyləmişdir. Affektiv pozuntu əlamətləri izlənilməmiş, bildirdiyi şikayətlərlə uyğunsuz müəyyənləşdirilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, beynində səs, ətraflarda yaranan qıcolmadan şikayətlənmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi 180/100 mm cv st kimi müəyyənləşdirilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusu: vətəndaş qıcolma hallarını əllərdə və ayaqlarda yığılma olması kimi təsvir etmiş, heç bir dərman qəbul etmədiyini bildirmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, epitutmalar inkar olunmuşdur. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, müayinə prosesində simulyativ davranış sərgiləmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, verilən suallara qısa məzmunlu, yayındırıcı cavablar vermiş, emosional labil, intellektual mnestik funksiyaları yaşam tərzinə, sosial-məişət şəraitinə uyğun olmuşdur. Təqdim olunmuş baş- beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. X2 Mərkəzinin xx.xx.2024xx.xx.2024-cü il tarixli 12699587 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 482 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2025-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. OKİ Hospitalın xx.xx.2025-ci il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Serebral önəmli patologiya izlənmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin diffuz pozulmaları üzərində beyin neyronlarının labil vəziyyəti qeyd olunur. Orta strukturlarının disfunksiyası əlamətləri qeyd olunur” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cü il tarixli, 492 nömrəli qərarından görünür ki, Qusar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ilə kimi Tərtər rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Kontuziya. Beyin silkələnməsi. Qapalı kəllə-beyin travması. Travmatik şok” (Qusar RHK-nın xx.xx.2010-cu il tarixli, 43 nömrəli arayışı, MN MHHK-nın həkim-müətəxəssisi nevropatoloqun xx.xx.2010-cu il tarixli rəyi, Tərtər rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, 2104 nömrəli stasionar xəstənin tibb kartasından çıxarış ilə təsdi edilir), “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2-1(118)-5951/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2011-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı növbəti dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixində əlillik müddəti bir il müddətinə uzadılmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixində əlillik müddəti beş il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Eləcə də xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə göndərişin natamam doldurulması səbəbi ilə, xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə yenidən əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün X2 Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, H00251351VJB nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodla, koqnitiv funksiyaların enməsi”, ağırlaşması: F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra yaranmış davamlı şəxsiyyət pozuntusu”, yanaşı xəstəlikləri: F07.2 “Postkontuzion sindrom, keçirilmiş kəllə-beyin travmasından sonrakı postkontuzion sindrom” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cü il tarixli, 492 nömrəli qərarından görünür ki, Qusar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ilə kimi Tərtər rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Kontuziya. Beyin silkələnməsi. Qapalı kəllə-beyin travması. Travmatik şok” (Qusar RHK-nın xx.xx.2010-cu il tarixli, 43 nömrəli arayışı, MN MHHK-nın həkim-müətəxəssisi nevropatoloqun xx.xx.2010-cu il tarixli rəyi, Tərtər rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, 2104 nömrəli stasionar xəstənin tibb kartasından çıxarış ilə təsdi edilir), “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Həkim Psixiatr Komissiyasının 09 sentyabr 2024-cü il tarixli, 24 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0”. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-5951/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli 3066 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliyin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2025-ci il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – əsas diaqnozu – F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodla, koqnitiv funksiyaların enməsi”, ağırlaşması: F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra yaranmış davamlı şəxsiyyət pozuntusu”, yanaşı xəstəlikləri: F07.2 “Postkontuzion sindrom, keçirilmiş kəllə-beyin travmasından sonrakı postkontuzion sindrom” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli 3066 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodla, koqnitiv funksiyaların enməsi” diaqnozlu xəstəlik hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəlik ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliyin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2025-ci il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2-1(118)-5951/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar