Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-164/2026 09.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “iki nəfər şəxsə qulluq etdiyi illərin əmək stajı kimi sayılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2- 1(118)-8426/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 70 yaşdan yuxarı iki nəfər şəxsə qulluq etdiyi illərin əmək stajı kimi sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Rustov kəndində yaşayır. Yaşadığı müddət ərzində bir çox işlərdə çalışmışdır. 2024-cü ilin fevral ayında əmək stajı 25 il tamam olmadığı üçün ona yaşa görə 220 manat müavinət təyin edilmişdir. Bildirir ki, o müxtəlif illərdə iki nəfər 70 yaşdan yuxarı insana qulluq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2-1(118)-8426/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən müraciətlərinə dair elektron çıxarışlardan müəyyən edilir ki, iddiaçı tərəfin müraciətləri yaşa görə əmək pensiyasının təyin edilməsi və bərpası ilə əlaqədar olmuşdur. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçının “70 yaşdan yuxarı iki nəfər şəxsə qulluq etdiyi illərin əmək stajı kimi sayılması” ilə bağlı hər hansı müraciətin olmadığı müəyyən edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” xidmətinə müraciət edərək 70 yaşdan yuxarı iki nəfər şəxsə qulluq etdiyi illərin sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. “DOST” xidmətindən rəsmi olaraq bildirilmişdir ki, NK-nin 175 saylı qərarının 4.1.8.3-cü bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən 70 yaşından yuxarı ahıl insanlara qulluq sığorta stajı kimi nəzərə alınır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi iki nəfər şəxsə qulluq etdiyi illərin əmək stajı kimi sayılmasından barədədir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin mövqeyini birlikdə araşdıraraq hesab edir ki, iddianın mümkünsüz sayılması üçün əsaslar yetərli olmamış, eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi tam və düzgün icra edilməmişdir. Belə ki, işdən görünür ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə yalnız bir dəfə məlumat verilmiş, habelə sübutların təqdim olunması ilə bağlı məktub göndərilmiş, iddiaçı da həmin məktuba uyğun olaraq müəyyən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin bununla məhkəmənin yardım etmək vəzifəsinin tam yerinə yetirildiyini söyləmək mümkün deyildir. Çünki iddianın dəqiqləşdirilməsi, hüquqi marağın düzgün müəyyən olunması, cavabdehin konkretləşdirilərək cəlb edilməsi və iddia növünün hüquqi baxımdan düzgün seçilməsi istiqamətində məhkəmə tərəfindən sistemli və ardıcıl tədbirlər görülməmiş, iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallar iddiaçı ilə geniş və aydın şəkildə müzakirə edilməmiş, həmin çatışmazlıqların aradan qaldırılması üçün ona real prosessual imkan yaradılmamışdır. Halbuki İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Birinci instansiya məhkəməsi isə iddianı mümkün saymamaqla kifayətlənmiş, lakin bu nəticəyə gəlməzdən əvvəl iddiaçıya onun tələbini hansı formada dəqiqləşdirməli olduğu, hansı inzibati orqanın cavabdeh qismində çıxış etməli olduğu və hansı prosessual şərtlərin yerinə yetirilməli olduğu barədə dolğun və aydın izahat verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının “iki nəfər 70 yaşdan yuxarı şəxsə qulluq etdiyi illərin əmək stajı kimi nəzərə alınması” barədə ayrıca inzibati orqana müraciət etmədiyini əsas gətirmişdir, lakin iş materiallarından (i.v. 28–30) açıq şəkildə görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqanına müraciət etmiş, həmin müraciətə baxılmış, lakin ona əmək pensiyası təyin edilməmiş, ümumi qaydada yaşa görə sosial müavinət təyin olunmuşdur. Bu hal göstərir ki, iddiaçının hüquqi marağı məhz əmək pensiyası almaqdan ibarətdir və o, qulluq etdiyi illərin sığorta stajına daxil edilməsini bu məqsədlə tələb edir. İddiaçının ifadə etdiyi tələb formal baxımdan qulluq faktının tanınması kimi görünsə də, mahiyyət etibarilə onun məqsədi həmin müddətin staj kimi nəzərə alınması yolu ilə əmək pensiyası hüququnun yaranmasına nail olmaqdır və məhkəmə bu hüquqi marağı düzgün müəyyən etməli idi. Bundan başqa, iş materiallarından (i.v. 44) görünür ki, iddiaçı sonradan Sosial Müdafiə Nazirliyinə yenidən müraciət etmiş və ona bildirilmişdir ki, Nazirlər Kabinetinin 175 saylı qərarının 4.1.8.3-cü bəndinə əsasən 70 yaşdan yuxarı ahıl şəxslərə qulluq müddəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda sığorta stajı kimi nəzərə alınır. İddiaçının qeyd edilən sonuncu müraciəti məhkəmənin qəbul etdiyi qərardaddan sonra olsa da, onun əvvəlki müraciətləri də nəzərə alınmaqla, həmçinin bu cavabdan da aydın olur ki, inzibati orqan faktiki olaraq iddiaçını məhkəmə qərarı əldə etməyə yönləndirmişdir və belə şəraitdə məhkəmə mübahisəni formal əsasla mümkünsüz saymamalı, işi mahiyyəti üzrə araşdırmalıdır. Nəzərə alınmalıdır ki, əmək pensiyaları haqqında qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşı 70-dən yuxarı ahıl şəxslərə qulluq müddəti sığorta stajına daxil edilir. Bu baxımdan, iddiaçının iki nəfər 70 yaşdan yuxarı şəxsə göstərdiyi qulluq faktı və müddəti məhkəmə tərəfindən faktiki sübutlar əsasında araşdırılmalı, həmin müddətin sığorta stajına daxil edilmə imkanları qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi iddiaçının həqiqətən iki nəfər ahıl şəxsə qulluq edib-etmədiyini, həmin şəxslərin yaşının qanunda nəzərdə tutulan meyara uyğun olubolmadığını, qulluq müddətinin hansı illəri əhatə etdiyini, bu müddətin qanunvericiliyə görə sığorta stajı kimi nəzərə alınıb-alınmayacağını və bunun iddiaçının yaşa görə əmək pensiyası almaq hüququna təsir edib-etmədiyini araşdırmamış, yəni işin məzmununa dair məsələlərə baxmamışdır. Halbuki inzibati məhkəmənin vəzifəsi yalnız formal xətalara görə işə baxmaqdan imtina etmək deyil, mübahisə ilə bağlı bütün faktiki və hüquqi halları aydınlaşdırmaq və buna uyğun qərar qəbul etməkdir. İşin mahiyyəti araşdırılmadan iddianın mümkünsüz sayılması isə iddiaçının məhkəmə vasitəsilə hüquqlarını müdafiə etmək imkanını məhdudlaşdırır. Kollegiya qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması tələbi üzrə iddia tələbini araşdırarkən onun bütün sığorta stajının araşdırılaraq ümumi sığorta stajının müəyyən olunması məhkəmə araşdırmasının predmeti olduğundan, iddiaçının hazırki tələblə ayrıca olaraq cavabdehə və məhkəmyə müraciət etməsinə zərurət yoxdur. Çünki iddiaçının hüquqi marağı bütün sığorta stajının, o cümlədəh yaşı 70-ə çatmış iki şəxsə qulluq etməsi müddətinin də nəzərə alınmaqla sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Odur ki, kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən xüsusatları, o cümlədən müvafiq inzibati orqana müraciətinin olması nəzərə alınmaqla iddiaçının hüquqi marağı düzgün müəyyən edilməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi (iddiaçının yaşı 70-ə çatmış iki şəxsə qulluq etməsi müddətinin nəzərə alınmaqla (sığorta stajına daxil edilməklə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə) barədə hüquqi yardım edilməli, cavabdeh inzibati orqan dəqiqləşdirilməklə işə cəlb edilməli və yalnız bundan sonra mübahisəyə mahiyyəti üzrə baxılmalıdır (qulluq faktı və onun müddəti sübutlar əsasında araşdırılmalı). İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2-1(118)-8426/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “iki nəfər şəxsə qulluq etdiyi illərin əmək stajı kimi sayılması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-164/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-164/2026
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver