Məhkəmə qərarları › İş №2-1(3-8)-171/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-171/2026

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-171/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi, pensiyanın əvvəlki məbləğdə bərpa edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-8128/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçıya xx.xx.2006-cı ildə 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfinfən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6418/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar əsasında artıqvermə səbəbi ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və nəticədə əmək pensiyası 3131 manatdan 355,85 manata qədər azaldılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-7182/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı əsasında artıqvermə səbəbilə (3-17-1/3-3- 6418/2023 №liş sərəncam etibarsız hesab edilmişdir) iddiaçının əmək pensiyası yenidən hesablanaraq 355 manat 85 qəpik müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun pensiyasının azaldılmasına dair hərəkətləri qanunsuz hesab edilməsi və onun barəsində qəbul etdiyi inzibati aktın ləğv edilərək əvvəlki məbləğdə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-6418/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-7182/2023 nömrəli qərarların ləğv edilməsi, pensiyanın əvvəlki məbləğdə bərpa edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 55 yaşının tamam olduğu xx.xx.2006- cı il tarixindən 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin inzibati orqan tərəfindən 2023-cü il mart ayından onun əmək pensiyası əhəmiyyətli dərəcədə azaldılmışdır. Pensiyası azaldıldıqdan sonra inzibati orqana ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filialda mövcud olan pensiya işinə dair sənədlərdə xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Estoniya Respublikasının OU “STG EUROP" şirkətində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr üzrə işləyib-işləməməsinə dair də əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün deyildir. Eyni zamanda “Əmək pensiyaları haqqında" Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Əlavə olaraq pensiya təminatı sahəsində Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında saziş mövcud deyil. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən 2004- 2005-ci illərin əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 5 ay 14 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 41.86 manat (35.46 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 52,90 manat müəyyən edilməklə üzərinə 60,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixinə 112,90 (52,90+60,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə və sonrakı hesablamalarda nəzərə alınmaqla 355,85 manat). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq, 82857,75 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı hesab edir ki, qanunvericiliklə tələb olunan 25 il ümumi 12 il 6 ay güzəştli iş stajını artıqlaması ilə toplamışdır. İnzibati orqanın 17 ildən sonra pensiyasına qanunsuz müdaxiləsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5 və 67.12-ci (Qanunsuz inzibati akt 1 il ərzində ləğv edilməlidir) maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Mərkəzi Filialın xx.xx.2023cü il tarixli 3-17- 1/2-Ə-235129/2023 nömrəli məktubunda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi və nəticədə 82857,75 manat artıq pul vəsaitinin ödənildiyi bildirilmişdir. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. Pensiya işinə dair sənədlərdə iddiaçının xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Estoniya Respublikasının OU “STG EUROP” şirkətində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının xx.xx.2003- xx.xx.2008ci il tarixləri arasındakı dövr üzrə işləyib- işləməməyinə dair də əsaslı şübhələr yaranmışdır. Həmçinin pensiya təminatı sahəsində Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında saziş mövcud olmadığından yuxarıda qeyd olunan xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövrün iddiaçının əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Eyni zamanda Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 01.01 -2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 5 ay 14 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 41,86 manat (35,46 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 52,90 manat müəyyən edilməklə üzərinə 60,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixinə 112,90 (52,90+60,00) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir (xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə və sonrakı hesablamalarda nəzərə alınmaqla 355,85 manat). Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq, iddiaçıya son üç il üzrə 82857,75 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin artıq ödənilmiş 82857,75 manat pul vəsaiti 2023- cü ilin aprel ayından etibarən hissə-hissə 35,59 manat məbləğində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunur ki, iddiaçı Nümayəndə1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən deyil, 57 yaşının tamam olduğu xx.xx.2008- ci il tarixindən yaranır. Belə ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında saziş mövcud olmadığından, eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı əks olunmadığından xx.xx.2003-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək əmək fəaliyyəti dövrü öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-8128/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6418/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-7182/2023 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçının əmək pensiyasının əvvəlki məbləğdə bərpa edilməsi və pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya pensiyanın 55 yaşdan təyin edilməsi barədə qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürmüş olacaqdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanarkən hər hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılnmasını məhkəmədən xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. M a dd ə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respiblikası Qanunu (qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar— 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin normaya 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 55 yaş müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6418/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-7182/2023 nömrəli qərarların ləğv edilməsi, pensiyanın əvvəlki məbləğdə bərpa edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən iddiaçı Nümayəndə1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən deyil, 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən yaranır. Belə ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında saziş mövcud olmadığından, eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı əks olunmadığından xx.xx.2003-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək əmək fəaliyyəti dövrü öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1951-ci il olmaqla, ona 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Belə ki, cavabdeh inzibati orqan iddiaçıya 2006-cı ildə pensiya təyin edərkən, 2004-2005-ci illərin əmək haqqısına əsasən hesablanaraq təyin etmişdir. Cavabdeh inzibati orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya işini yenidən araşdıraraq, iddiaçıya pensiyanın düzgün təyin edilmədiyini müəyyən etmişdir. Belə ki, iddiaçıya 82857,75 manat artıq pul vəsaiti ödənildiyini müəyyən etmiş, həmin artıq ödənilmiş 82857,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş, daha sonra iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir. İndiki halda iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi çıxış etmişdir. Qeyd olunan Qanunun 9.8-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, həmin şəxslərə münasibətdə həm yaşa, həm də staja aid tələblər məhz əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tətbiq edilir. Həmçinin, digər qeyd edilən Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 55 yaşına çatmış kişilər 25 il ümumi və 12 il 6 ay güzəştli iş satjına malik olduqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində ilk dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-ci il tarixdə təyin edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində əmək pensiyasının yenindən hesablanması barədə qərarları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə qəbul etmiş, həmin qərarlar əsasında pensiya məbləği azaldılmışdır. İndiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində həmin qərarın qəbul edilməsinə əsas olan hal iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi halına istinad etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin tələbinə də əməl etməmişdir. Belə ki, cavabdeh inzibati orqanın indiki halda istinad etdiyi hal iddiaçı barəsində əmək pensyasının ilk dəfə təyin olduğu vaxtda ona məlum olmuş, həmin vaxtda qeyd edilən hal aşkar olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən həmin halın ona müvafiq qərarın qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçının pensiya təyinatının əsası ilə bağlı yanlışlığa yol verilməsi halına istinad etmişdir. Bu hal isə məhz iddiaçıya 2006-ci ildə pensiya təyin edilməsi zamanı da mövcud olmuşdur. İndiki halda isə cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar iddiaçının hüquqularını pozmaqla qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-8128/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar