Məhkəmə qərarları › İş №2-1(3-8)-178/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-178/2026

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-178/2026 16.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakına və əlil olmuş şəxs olduğuna görə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-5043/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidmətiniz, döyüş əməliyyatlarında iştirak etməyiniz, yaralanmağınız və müalicədə olmağınız barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Bakı Elmi Təhqiqat Travmatologiya İnstitutunun sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəznində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sizə “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2457 nömrəli arayışına əsasən xidmətiniz tam təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, iddiaçı ikinci dərəcəli əlildir, səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sizin 1992-ci ilin iyul-avqust aylarından xx.xx.1993-cü il tarixədək N () №-li hərbi hissədə xidmət etməyinizlə bağlı barənizdə Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakına və əlil olmuş şəxs olduğuna görə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmət keçmək vəzifəsini icra etmişdir. 1992-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılaraq, xidmətini iyul-avqust 1992-ci ildən xx.xx.1993-cü ilə kimi N () saylı hərbi hissənin tərkibində yerinə yetirmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq xx.xx.1993-cü kimi, 6 aydan çox Bakı şəhər X5 İnstitutunda müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası MN Mərkəzi Hərbi poliklinikasının xx.xx.1993-cü il tarixli arayışına əsasən hərbi xidmətə yararsız hesab edilmişdir. Aldığı xəsarətlərə əsasən 2-ci dərəcəli Qarabağ müharibəsinin əlilidir. Qeyd olunan döyüş əməliyyatlarında iştirakına və 2-ci dərəcəli əlilliyinə görə iddiaçıya «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün MN-nin aparat nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya etdiyi müraciəti xx.xx.2025ci il tarixli, 3-25-14/2-İ-7xx-xx/2025 saylı məktubla imtina olunmuş, səbəb kimi MN-i Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2457 saylı arayışına əsasən xidməti tam təsdiqlənmədiyi göstərilmişdir. Bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 07 dekabr 2023-cü il tarixli 2457 arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə, döyüş əməliyyatlarında iştirak etməyiniz, yaralanmağınız və müalicə olmağınız barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Bakı Elmi Təhqiqat Travmatologiya İnstitutunun sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 20 fevral 2025-ci il tarixli 3-25-14/2-İ7xx-xx/2025 nömrəli arayışına əsasən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın 04 fevral 2025-ci il tarixli iclasında baxılmış və iddiaçının barəsində müsbət qərar qəbul edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5043/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakına və əlil olmuş şəxs olduğuna görə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletinin 18-ci qrafasında “xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüşlərdə iştirak etdiyi” qeyd edilmişdir. İş materiallarında olan 1552 saylı, aprel 1993-cü il tarixli arayışdan və epikrizdən aydın olur ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və əməliyyat olmuşdur. Eyni zamanda iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi, yaralanmağı və müalicə olmağı barədə məlumat aşkar olunmaması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, iddiaçı tələbin əsası kimi iyul-avqust 1992-ci ildən xx.xx.1993-cü ilədək N () saylı hərbi hissənin tərkibində döyüş əməliyytalrında iştirak etməsi, xx.xx.1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanması, müvafiq tibbi müəssisəsində müalicə alması, Mərkəzi Hərbi Poliknikasının xx.xx.1993-cü il tarixli arayışına əsasən hərbi xidmətə yararsız hesab edilməsi, aldığı xəsarətlərə görə müharibə əlilli olması kimi hallara istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus hərbi biletin məzmununda xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək döyüş əməliyyatlarında iştirakı barədə qeyd aparılmışdır. Cavabdeh inzibati orqan müvafiq hərbi hissəyə aid əmrlər və şəxsi heyətin qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar edilmədiyini, habelə Bakı Elmi Təhqiqat Travmotologiya İnstitutunun sənədlərinin arxivə daxil olmadığını bildirir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanması barədə epikriz məlumatları, Mərkəzi Hərbi Poliknika tərəfindən tərtib eidlmiş arayış mövcud olmuş, habelə iddiaçıya azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə ikinci dərəcə 5 il müddətinə əlillik təyinatı aparılmış, əlilliyə əsas olmuş diaqnoz xəstəlik kimi “sol saidin dəlib keçən odlu silah yaralanmasından s/v sol mil sümüyünün xr.osteomieliti sol saidin funksiyasının pozulması şəkərli diabet” qeyd edilmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır: müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak etmək və qanuni əsaslarla təxris olunmaq. Həmçinin, həmin normanın dispoztiv şərtində əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə istisna norma müəyyən edilmişdir. İstisna normanın tələbinə əsasən müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak edərək, bu səbəbdən əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumatın mövcudluğu zəruri şərt kimi ehtiva edilməmişdir. Başqa sözlə desək, sözügedən şəxslərə münasibətdə müharibə veteran adı və statusunun verilməsi üçün müvafiq ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi və bu səbəbdən əlilliyinin müəyyən edilməsi zəruri şərt kimi ehtiva edilmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, bununla əlaəqdar olaraq yaralanması, həmin aldığı xəsarətlə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyi müəyyən edilmiş şəxs olması işin yuxarıda müəyyən edilmiş halları əsasında öz təsdiqini tapdığından, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi halı öz təsdiqini tapır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddianın əsaslılığı üçün zəruri olan “döyüş əməliyyatlarında iştirak etmək” dispozitiv şərti ödənilmiş olur. Bundan əlavə,kollegiya iddia tələbinin əsaslılığı baxımından tələb olunan digər şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərkən aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxs olduğundan, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə “qanuni əsaslarla hərbi xidmətdən təxris olunma”ya dair şərtin ödənilib-ödənilməməsi halı zəruri şərt kimi çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddianın əsaslılığı baxımından qanuni əsas qismində istisna normanın dispozitiv şərtləri çıxış etdiyindən, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla təxris olunması halının müəyyən edilməsi zəruri olmamışdır. Nəticə etibarilə iddiaçının tələbi qanunun dispoztiv şərti ilə uzlaşdırığından iddiaçı belə bir tələb irəli sürməkdə olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində mövcud olan işin faktiki hallarını (döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqadar yaralanması, bununla bağlı əlilliyinin müəyyən edilməsi və s.) inzibati icraat çərçivəsində araşdırmaq imkanına malik olduğu halda, formal yanaşma tətbiq edərək, məlumatların mövcud olmaması və arxiv sənədinin olmaması hallarına istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (iddiaçının döyüş əməliyyatında iştirak etməsi, bununla bağlı əlilliyinin müəyyən edilməsi) iddianın əsaslılığını müəyyən etməklə yanaşı, cavabdehin şikayətinin dəlillərini təkzib etdiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə oxşar işlərə dair formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2580/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “….35.Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir….37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. 39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. 40. İnzibati hüquqda ədalət prinsipibəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inaməsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir….” Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbinin əsaslılığı oxşar işlər üzrə formalaşadırılmış vahid məhkəmə təcrübəsinin tələbləri əsasında aparılmış dəyərləndirilmə nəticəsində də müəyyən edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5043/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar