Məhkəmə qərarları › İş №2-1(3-8)-181/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-181/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-181/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X4rşı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universisteti tərəfindən ona verilmiş ДИ ******* nömrəli 26 iyun 2024-cü il tarixli “fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə ali təhsilə dair kavlifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5393/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universisteti tərəfindən verilmiş ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli bakalavr diplomun surətindən görünür ki, 08 oktyabr 2019-cu il tarixdən 26 iyun 2024-cü il tarixədək Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitet” dövlət təhsil müəssisəsində “Fövqəladə halların xəbərdar edilməsi və ləğv edilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Dövlət Təhsil Müəssisəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən də 14 mart 2022-ci ildən 28 mart 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn-formatda cari attestasiyadan keçmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2021-ci il tarixli 0195/2 saylı, xx.xx.2022-ci il tarixli 0738/e saylı, xx.xx.2022-ci il tarixli 0164/e saylı, xx.xx.2023-cü il tarixli 0151/e saylı, 14 noyabr 2023-cü il tarixli 0968/e saylı və xx.xx.2024-cü il tarixli 0453/e saylı əmrinin surətindən görnür ki, iddiaçıya müvafiq olaraq Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14 təqvim günü, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4-cü kurs imtahan sessiyasında iştriak etmək üçün 14 təqvim günü, 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü və 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 32 təqvim günü ödənişli təhsil mıəzuniyyəti verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixl imtina qərarından görünür ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kavlifikasiya üzrə nəzərdə tutulmuş təhsilin nomativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması səbəbindən kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Təhsildə X1rşı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və İddiaçı aid Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 26 iyun 2024-cü il tarixli, ******* nömrəli bakalavriat səviyyəsi üzrə diplomun Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-2024-cü tədris illəri ərzində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində Fövqəladə halların xəbərdar edilməsi və ləğv edilməsi ixtisası üzrə bakalavriat səviyyəsi üzrə qiyabi təhsilalma formasında ali təhsil almışdır. Təhsil dövründə ümumdünya səviyyəsində pandemiya şəraiti yarandığından təhsilalma müddətinin bir hissəsi distant formada həyata keçirilmişdir. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı 24 iyun 2024-cü il tarixli, ******* nömrəli ali təhsil haqqında sənəd (diplom) verilmişdir. İddiaçı tərəfindən həmin ali təhsil haqqında sənədin tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət olunmuşdur. Lakin cavabdeh Agentliyin qeyd olunan müraciətə dair 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarı ilə diplomun kvalifıkasiyasından imtina edilmişdir. Cavabdeh Agentlik öz qərarını İddiaçı ali təhsil aldığı müddətlə aidiyyatı olmayan ifadələrlə əsaslandıraraq qeyd etmişdir ki, ərizəçinin hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üçün nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının təhsil müddətində Belarus Respublikası ərazisində olmaması ilə bağlı mülahizələri əsassız xarakter daşıyır. Bu arqument iddiaçının xarici pasport məlumatları ilə təkzib olunur. İddiaçı Koronovirus pandemiyası başlayana qədər həmin ölkəyə dəfələrlə səfər etmiş, təhsilini davam etdirmişdir. Pandemiya dövründə isə distant qaydada dərslərə qoşulmuş, nəticədə bütün fənnlər üzrə bilikləri mənimsəyərək müvafiq qaydada qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-getməmiş (İ semestr) (İİ semestr pandemiya dövrü), İİ il-getməmiş (pandemiya dövrü), İİİ il-getməmiş (pandemiya dövrü), İV il-14 gün V il-1 ay. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifıkasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5393/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarın ləğv edilməsi, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı verilmiş 26 iyun 2024-cü il tarixli, ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 0195/e nömrəli, xx.xx.2021-ci il tarixli (2- ci kurs imtahan sessiyasında 2021-ci ilin aprel ayının 11-dən 24-dək 14 təqvim günü müddətinə); 0164/e nömrəli, xx.xx.2022-ci il tarixli (3cü kurs imtahan sessiyasında distant formada iştirak etməsi üçün 2022-ci ilin mart ayının 14-dən 28-dək 15 təqvim günü müddətinə); 0738/e nömrəli, xx.xx.2022-ci il tarixli (2022-ci ilin sentyabr ayının 14- dən 27-dək 14 təqvim günü müddətinə); 0151/e nömrəli, xx.xx.2023cü il tarixli (2023-cü ilin mart ayının 28-dən aprel ayının 10-dək 14 təqvim günü müddətinə); 0968/e nömrəli, xx.xx.2023-cü il tarixli (5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü); 0453/e nömrəli, xx.xx.2024-cü il tarixli (26 may 2024-cü il tarixindən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə) əmrlərinə əsasən İddiaçı ödənişli təhsil məzuniyyəti verilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi ДИ № ******* nömrəli, xx.xx.2024 -cü il tarixli diplomun əlavəsində onun təhsil müddətinin 5 il olması (240 ECTS kredit) və iddiaçının təhsil formasının qiyabi təhsilalma formasında olması müəyyən edilir. Qeyd edilir ki, iddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. Bu mövqe Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi ilə də təsdiqlənir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki: "Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədrisyükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər". Məhkəmə qərarının 7-ci səhifəsinin əsaslandırma hissəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsaslanaraq iddiaçının Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması faktının təsdiq edildiyini və bu müddət ərzində ona "təhsil məzuniyyətləri verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 0195/e nömrəli, xx.xx.2021-ci il tarixli 0769/e nömrəli, xx.xx.2022-ci il tarixli 0164/e nömrəli, xx.xx.2022-ci il tarixli 0738/e nömrəli, xx.xx.2023-cü il tarixli 0151/e nömrəli, xx.xx.2023-cü il tarixli 0968/e nömrəli və xx.xx.2024-cü il tarixli 0453/e nömrəli əmrlərlə iddiaçıya müxtəlif müddətlərdə təhsil məzuniyyətlərinin verilməsi məhkəmə tərəfindən iddiaçının təhsil prosesində iştirak etdiyini göstərən hal kimi qiymətləndirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı təhsil aldığı 5 il ərzində qeyri-iş günləri üzrə 2019/2020-cı il tədris ilinin 1 semestrinə ümumiyyətlə getməmiş, ll semestri və 2020- 2021-ci və 2021-2022-ci illər pandemiya dövrünə təsadüf etmiş, 2022/2023-cu tədris ili üzə - 14 iş günü və 2023/2024-ci tədris ili üzrə - 1 ay xarici ali təhsil aldığı ölkədə olmuşdur. Yuxarıda göstərilən cədvəldə əks olunan məlumatlardan aydın olur ki, iddiaçıya müvafiq tədris illəri üzrə rəsmi təhsil məzuniyyətləri verilsə də, onun təhsil aldığı ölkədə faktiki olma müddətləri ilə məzuniyyət günləri arasında ciddi uyğunsuzluqlar mövcuddur. Xüsusilə, 2022- 2023-cü tədris ili üzrə iddiaçıya 28 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi halda, onun təhsil aldığı ölkədə faktiki iştirakı cəmi 14 təqvim günü təşkil etmişdir. İddiaçı geri qalan müddət ərzində tədris prosesində iştirak etməməsinin səbəbləri barədə heç bir əsaslandırıcı sənəd təqdim etməmişdir. Bu isə onun tədris yükünü normativ tələblərə uyğun yerinə yetirmədiyini sübut edir. Lakin birinci instansiya məhkəməsi bu ziddiyyətli faktı araşdırmamış, iddiaçının təhsil aldığı ölkədə faktiki iştirak etməməsinə hüquqi qiymət verməmiş və nəticədə işin hallarına uyğun olmayan, hüquqi baxımdan əsaslandırılmamış qənaətə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinin məzmunu və təşkili Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Eyni qərarın 31-ci və xx.xx.2024-cü il tarixli, 2-1(102)-959/2024 nömrəli qərarın 55-ci bəndində: “Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.” Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 nömrəli qərarının 35-ci bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, şikayətin əsası kimi təhsil müddətinin müəyyən illərində Belarusiya dövlətinə getməməsini əsas götümüşdür. Qeyd edilir ki, həmin illərdə pandemiya dövrünə düşdüyü üçün dərslər online şəkildə aparılmışdır. Lakin cavabdeh orqan bu hallara əhəmiyyət vermədən onun diplomunu tanımaqdan imtina edir. Məhkəmə tərəfindən pozulmuş hüququna düzgün qiymət verilərək iddia tələbi əsaslı olaraq təmin edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, onunla eyni dövrdə təhsil alan tələbə yoldaşları eyni qaydada məhkəməyə müraciət etmiş onlarında iddia tələbi təmin edilmiş və cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-647/2025 saylı qərarına əsasən şikayətləri təmin edilməmişdir. Hətta tələbə yoldaşlarının bəzilərinin işi Azərbaycan Respublikası Ali Məhkəməsində də baxılmış iddiaları təmin edilərək qərarlar qüvvədə qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5393/2025 saylı qərarının dəyişdirilmədən saxlanmasını sizdən xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Hazırki iş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universisteti tərəfindən ona verilmiş ДИ ******* nömrəli 26 iyun 2024-cü il tarixli “fövqəladə halların qarşısının alınması və aradan qaldırılması/qiyabi” ixtisası üzrə ali təhsilə dair kavlifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Qanun Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; ... 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 5.2. Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir: 5.2.1. müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu; 5.2.2. kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu. 5.3. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4cü və 5- ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir. 5.4. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir. 5.5. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının AKTTS üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir. 5.6. Kvalifikasiyanın istiqamətinin (profilinin) qiymətləndirilməsi təlimin istiqamətinin (nəzəri və ya praktiki olmasının) və ixtisas xüsusiyyətlərinin kvalifikasiyanın istiqamətinə (profilinə) uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur və tanınma zamanı ərizəçiyə təhsilini növbəti səviyyədə davam etdirmək hüququ verən ixtisas istiqamətlərinə təsir edir. Kvalifikasiyanın istiqaməti (profili) Agentlik tərəfindən təsdiq edilir. 5.7. Ərizəçinin akademik tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın təlim nəticələri arasında əhəmiyyətli fərq aşkar olunmadıqda və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblər ödənildikdə, ərizəçinin kvalifikasiyası tam tanınır və tanınma şəhadətnaməsində ərizəçiyə növbəti təhsil pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. 5.8. Ərizəçinin tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda, qismən, şərti və alternativ tanınma barədə qərar qəbul oluna bilər. 5.9. Xaricdə natamam ali təhsil alanlar təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir. 5.10. AKTTS üzrə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçinin kvalifikasiyası şərti tanınır və həmin ərizəçiyə ixtisaslarına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verilir. Ərizəçi kvalifikasiyanın tanınmayan hissəsi üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində qiymətləndirmədə (sınaq imtahanında iştirak etməklə və ya eksternat qaydada imtahan verməklə) müvəffəqiyyət əldə etdikdən sonra əvvəlki müraciətinin yenilənməsi barədə müraciət edir və müraciətinə xidmət haqqı ödənilmədən yalnız əvvəl kvalifikasiyanın tanınmayan hissəsinin sonrakı mərhələdə əldə edilməsi üçün müvafiq sənədləri əlavə edir və onun kvalifikasiyası akademik tanınır. 5.11. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası Azərbaycan Respublikasında mövcud olmadıqda, kvalifikasiyanın xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq alternativ tanınması həyata keçirilir və ərizəçiyə təhsilini növbəti pillədə (səviyyədə) davam etdirmək hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli,75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240- 300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81- 100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40dan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiiaçının hüquqi marağı xarici ölkədə müvafiq ixtisas üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın akademik tanınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin 30 nömrəli Yanğından mühafizə bölməsində komendant peşəsində işləyir. İddiaçı 2019-cu ildə Belarusiya Respublikası FHN-nin Mülki müdafiə Universitetinə qəbul olunmuş, 2024-cü ildə həmin Universitetin “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə tam kursu bitirmiş, Ali təhsil haqqında ДИ №0040084 26 iyun 2024-cü il tarixdə diplom verilmişdir. Diplomun məzmununda qeyd edilmişdir ki, Dövlət İmtahan Komissiyasının 144 saylı 24 iyun 2024-cü il tarixli protokolu ilə ona “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” üzrə mühəndis ixtisas dərəcəsi verilmiş,hazırki diplom əldə edilmiş ixtisas və peşəyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək imkanı verir. İş materiallarında olan sözügedən Universitet tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbənin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından,informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2021-ci il tarixli 0195/2 saylı, xx.xx.2022-ci il tarixli 0738/e saylı, xx.xx.2022-ci il tarixli 0164/e saylı, xx.xx.2023-cü il tarixli 0151/e saylı, 14 noyabr 2023-cü il tarixli 0968/e saylı və xx.xx.2024cü il tarixli 0453/e saylı əmrləri ilə iddiaçıya müvafiq olaraq Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14 təqvim günü, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək müddətində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4-cü kurs imtahan sessiyasında iştriak etmək üçün 14 təqvim günü, 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü və 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü ödənişli təhsil mıəzuniyyəti verilmişdir. Kollegiya qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 16.1-ci bəndinə əsasən fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş: - Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: - informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; - birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; - Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; - Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; - Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; - texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; - zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; - Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. İşin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz sözügedən Universitetdə müvafiq ixtisas üzrə 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007- ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi çərçivəsində təhsil almışdır. Başqa sözlə desək, iddiaçının sözügedən Universitetdə müvafiq ixtisas üzrə təhsil alması məhz istinad edilən Sazişdən irəli gələn öhdəliklərin icrasının nəticəsi kimi ortaya çıxmışdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası FHN tərəfindən də iddaçının 2019-2024- cü illər ərzində sözügedən Universitetdə müvafiq Sazişin icrası çərçivəsində qiyabi formada təhsil alması və iddiaçının təhsil hüqqunun təmin edilməsi məqsədilə ona təhsil məzuniyyətlərinin təmin edilməsi, habelə pandemiya dövründə kommunikasiya vasitələrinin tətbiq edilməklə təhsil almalarının təmin edilməsi halı təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı fərdi qaydada deyil, məhz müvafiq Saziş çərçivəsində “Fövqəladə orqanlarında xidmətekçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən fövqəladə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin məktubu əsasında 2019-2024-cü illərdə Belarusiya Respublikasının FHN Mülki Müdafiə Universitetində təhsil almışdır. Həmin aldığı təhsilin nəticəsində ona müvafiq “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə mühəndis ixtisas dərəcəsi verilmiş, təhsil müəssisəsinin verdiyi diplom əsasında təsdiq edilmişdir. Hazırda da təhsil aldığı ixtisas üzrə işləyir. Odur ki, işin müəyyən edilmiş fərdi xarakterli xüsusiyyətləri əsas götürülməklə, iddiaçının tədris yükünün yerinə yetirilməsinin müəyyən olunması və qiymətləndirilməsini onun təhsil aldığı müəssisənin məsuliyyət sferasına olmaqla, bu hal məhz təhsil müəssisəsi tərəfindən verilmiş diplom əsasında təsdiq olunmuşdur. Belə olan halda isə kollegiya hesab edir ki, işin fərdi xarakterli faktiki halları (iddiaçının müvafiq inzibati orqanın əməkdaşı olmaqla, həmin qurumda müvafiq peşə üzrə işləməsi, bu səbəbdən də müvafiq Sazişin icrası qaydasında tədbirlərin görürlməsinə cəlb edilməsi, həmin tədbirlər çərçivəsində təhsil alması, müvafiq inzibati orqan tərəfindən həmin təhsilin alınmasına şərait yaradılması və təhsil məzuniyyətlərinin verilməsinin, pandemiya dövründə kommunikasiya vasitələrindən istifadə edilməklə təhsil almasına şərait yaradılması) iddiaçının müvafiq tədris yükünü mənimsəməməsi ilə bağlı cavabdehin istinad etdiyi arqmentin əsaslı hesab edilməməsinə səbəb olur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı dövrlərdən 2020-2021,2021- 2022, 2022-2023-cü ilin may ayına qədər olan dövr məhz xüsusi karantin rejiminin tətbiq olunduğu, xarici ölkəyə gediş-gəliş imkanlarının məhdudlaşdırıldığı dövrə təsadüf edir. Bu hal isə özlüyündə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq həmin dövr üzrə təhsil müddətinin nəzərə alınması ilə bağlı üzrlü hal kimi çıxış edir. Bundan əlavə, qeyd edilməldir ki, 2023-2024-cü il tədris ilində isə iddiaçının həmin ölkdə olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçıya xarici ölkədə təhsil almasına dair müvafiq diplomu xx.xx.2024-cü il tarixdə verilmişdir. Buna baxmayaraq, iddiçının ilkin tələbi qüvvədən düşmüş müvafiq qaydalara uyğun verildiyindən (diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi), məhkəmə araşdırması zamanı diplomun verildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbi nəzərə alınaraq, iddiaçının hüquqi marağına uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, məhz ali təhsil üzrə kvalifikasiyanın akademik tanınmasını istəmişdir. Belə olan halda, kollegiya hesab edir ki, diplomun verildiyi vaxtda qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməklə, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5393/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universisteti tərəfindən İddiaçı verilmiş ДИ ******* nömrəli 26 iyun 2024-cü il tarixli “fövqəladə halların qarşısının alınması və aradan qaldırılması/qiyabi” ixtisası üzrə ali təhsilə dair kavlifikasiyanın akademik tanınması öhdəliyi” cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" X6 üzərinə vəzifə olararaq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar