Məhkəmə qərarları › İş №2-1(3-8)-184/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-184/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-184/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Vəlyəddin oğlunun, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X5 əvvəlki nikahından olan 2 övladı ##.##.2007-ci il təvəllüdlü X6 və ##.##.2008-ci il təvəllüdlü X7 övladlığa götürülməsindən cavabdehin ## ### 2023-cü il tarixli imtinasının ləğv edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən iddia təmin edilərək, cavabdeh tərəfindən verilmiş ## ### 2023-cü il tarixli imtinanın ləğv edilməsi qərara alınmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2024-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır.

6. Həmçinin, iddiaçı həmin cavabdeh orqana qarşı eyni tələblə mülki qaydada da iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ərizə təmin edilərək, ##.##.2007-ci il təvəllüdlü X6 və ##.##.2008-ci il təvəllüdlü X7 ərizəçi Əliağa Həşimov tərəfindən övladlığa götürülmüş hesab edilməsi, övladlığa götürülən X6 və X7 veriləcək yeni doğum haqqında şəhadətnamədə onun adı, doğum tarixi və doğum yeri əvvəlki qaydada saxlanılmaqla, soyadları “Həşimov (Həşimova)” ata adı “Əliağa”, ana qrafası saxlanılmaqla, ata qrafasına müvafiq dəyişikliklər edilərək, atalarının adı “X2” kimi qeyd edilməsi qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Bundan sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, cavabdehlə arasında olmuş məhkəmə mübahisələri ilə əlaqədar süründürməçiliyə yol verilməsinə görə ona kompensasiyanın ödənilməsini xahiş etmişdir.

10. Cavabdeh ## ###### 2025-ci il tarixli, *-**-*/*-X-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək, iddiaçının övladlığa götürmə ilə bağlı yeni müraciətini “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində təsdiq etməməsi nazirlik tərəfindən müraciətə baxılmasını və müvafiq rəyin verilməsini, nəticədə, məhkəmə qərardadının icrasını mümkünsüz etmişdir. Müraciətdən qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən imtina edilməsi barədə qərar kompensasiyanın ödənilməsinə əsas deyildir.

11. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hər biri 300 manat olan 3 vəkil orderinə görə ümumilikdə, 900 manat maddi, 111000 manat mənəvi zərər olmaqla, ümumilikdə, 111900 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ##.##.2023-cü il tarixində tələb edilən bütün sənədləri toplayaraq həyat yoldaşı Günay Həşimovanın əvvəlki nikahından olan 2 övladı ##.##.2007-ci il təvəllüdlü X6 və ##.##.2008-ci il təvəllüdlü X7 övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarının iddiaçı tərəfindən övladlığa götürülməsinə razı olduğu üçün notarial qaydada təsdiq edilmiş müvafiq razılıq ərizəsi imzalamışdır. Cavabdeh 2 ay ərzində, ümumiyyətlə, ərizəni qəbul etməyərək sistemə daxil etməmiş, bununla da, iddiaçının ən fundamental konstitusion hüquqlarından olan müraciət hüququ pozulmuşdur. Dəfələrlə vəkillərin işə cəlb olunmasına, iddiaçının şəxsən özünün cavabdeh orqana gedərək ona müvafiq rəsmi cavab verilməsini tələb etməyinə baxmayaraq, 2 ay süründürməçiliyə məruz qalmışdır. Nəhayət, ərizə qəbul edilən kimi dərhal ##.##.2023-cü il tarixində müraciətinə imtina cavabı verilərək, səbəb kimi övladlığa götürülən uşaqların ana babasının və ana nənəsinin sağlamlıq haqqında arayışlarının olmaması göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi isə ərizəsi təmin edilmiş, cavabdehin bu qətnamədən verdiyi həm apellyasiya, həm də kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi ##.##.2023-cü il tarixindən bəri başlayan proses cavabdehin fəaliyyəti nəticəsində 2 il 3 aylıq müddətə uzadılaraq yubadılmışdır. Nəticədə, iddiaçı və onun ailəsi üçün maddi çətinliklərlə yanaşı mənəvi əzab və stress də yaratmışdır.

13. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının arvadı X5 X3 ilə birgə nikahından olan övladları X6 və X7 övladlığa götürmək üçün “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. Belə ki, iddiaçının uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, notarial ərizədə onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X1 və Qəniyeva Zemfira Temur qızı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci il ## ###### tarixli *** nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə tibbi arayış təqdim etməmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi ailə tərkibi haqqında arayışına əsasən adları çəkilən iki şəxsin onunla birgə eyni ünvanda yaşamadığı məlum olmuşdur. İddiaçıya həmin şəxsləri onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etmədən yeni ərizə ilə müraciət edilməsinin zəruri olduğu bildirilsə də, qarşı tərəf bundan imtina etmişdir ki, bu da öz növbəsində müraciətin uçota alınması və digər mərhələyə keçməsinə imkan verməmişdir. Qeyd olunanları və ailə tərkibində baş vermiş dəyişiklikləri, habelə Ailə Məcəlləsinin 119.6-cı maddəsinə əsasən tibbi arayışlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatların 6 ay müddətində etibarlı olduğunu nəzərə alaraq, vətəndaşın yeni tibbi arayış və yeni notarial ərizə ilə “ASAN Loqin” vasitəsilə Nazirliyin “esosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə” altsistemində qeydiyyatdan keçməklə şəxsi kabinet yaradaraq müraciətini təsdiq etməsinin zəruri olduğu və yalnız bundan sonra Nazirlik tərəfindən müraciətə baxılıb övladlığa götürmək istəyən şəxslərin uçotunun aparılması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və müvafiq rəyin verilməsinin təmin edilə biləcəyi bildirilmişdir. Bu səbəbdən də, iddiaçının övladlığa götürmə ilə bağlı yeni müraciətini “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində təsdiq etməməsi Nazirlik tərəfindən müraciətə baxılmasını və müvafiq rəyin verilməsini, nəticədə də məhkəmə qərardadının icrasını mümkünsüz etmişdir. Qeyd olunanları nəzərə alaraq ididaçının müraciətindən qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən imtina edilməsi barədə qərar kompensasiyanın ödənilməsinə əsas deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Aynur Axundova).

15. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddia ərizəsində sadalanan hallar digər məhkəmə icraatları daxilində işə baxılarkən məhkəmə araşdırmasının bir hissəsi olaraq çıxış etmiş, məhkəmə prosesi çərçivəsində cavabdeh orqan öz hüquq və vəzifələrini həyata keçirmiş, cavabdehin hərəkət və ya hərəkətsizliyinə müvafiq hüquqi qiymət verilmiş, sonda mübahisələr yekun məhkəmə qərarları ilə öz həllini tapmışdır. Hazırkı halda, cavabdeh orqan tərəfindən hüquqa zidd əməlin həyata keçirilməsi, həmin hüquqazidd əməl nəticəsində iddiaçıya zərər, ziyan vurulması halı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir.

16. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə cavabdehin hüquqa zidd hərəkət edib-etməməsi mübahisə predmeti deyil. Çünki, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə həmin pozuntu halı aşkar edilmiş və iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. Əgər məhkəmə qərarında qeyd edildiyi kimi cavabdeh tərəfindən hüquqa zidd hərəkət olmasaydı, əvvəlki mülki məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı ilə cavabdehin imtinası əsassız sayılaraq iddiaçının tələbi təmin edilməzdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia tələbinə yazılı etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; ...

23. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarı: 4.10-cu bənd. Şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. 4.11-ci bənd. Zərərin kompensasiyası tələbləri isə şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən fərqli olaraq, müqavilə öhdəliklərinin pozulmasından, mülki hüquq pozuntusundan (delikt) və ya hər iki əsasdan irəli gələ bilər. 4.12-ci bənd. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. İnzibati orqanların vurduqları zərərə görə məsuliyyət 4.38-ci və 4.39-cu bənd. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Mülki Məcəllə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Dövlət və yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən həmin orqanların qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 4.41-ci bənd. İnzibati orqanların ümumi (publik) hüquq münasibətləri çərçivəsində vurduqları mənəvi zərər tələbinin də maddi hüquqi əsasını delikt normaları təşkil etdiyindən inzibati məhkəmələr həmin iddialara baxarkən bu qərarın 4.12-ci bəndində göstərilən dispozisiya şərtlərinə uyğun yoxlama aparmalıdırlar. Bu münasibətlər çərçivəsində hüquqazidd əməl qismində inzibati orqanın qanunsuz inzibati aktı, habelə faktiki xarakterli qanunsuz hərəkət və ya hərəkətsizliyi çıxış edir. Bu zaman konkret vəzifəli şəxsin təqsirinin forması (qəsd və ya ehtiyatsızlıq) yalnız mənəvi təzminatın həcminin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. 5.4-cü bənd. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

24. İnzibati Prosessual Məcəllə: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Maddə 109. Prosessual xərclərin ödənilməsi Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

29. Hazırkı qərarın 1-10-cu bəndlərində işin qeyd olunan hallarından görünür ki, iddiaçı ilə cavabdeh orqan arasında iddiaçının arvadının keçmiş nikahından olan övladlarının övladlığa götürülməsi ilə bağlı həm mülki, həm inzibati qaydada məhkəmə mübahisələri olmuş, yekunda Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir.

30. Hazırda iddiaçını tələbi isə cavabdeh orqanın həm inzibati icraat zamanı, həm də yuxarıda qeyd olunan məhkəmə çəkişmələri zamanı hərəkətləri (hərəkətsizliyi) nəticəsində: - ona vurulmuş maddi zərər olaraq vəkil xidmətlərindən istifadəyə görə 900 (doqquz yüz) manat; - mənəvi zərər olaraq isə olaraq 111.000 (yüz on bir min) manat olmaqla, 111.900 manat kompensasiyasının ödənilməsi barədədir.

31. İddiaçı iddia ərizəsinin dəlillərində həyat yoldaşının əvvəlki nikahından olan uşaqlarının övladlığa götürülməsi ilə cavabdeh orqana müraciətinə imtina cavabı verildiyini, daha sonra isə bu imtina cavabı məhkəmə qaydasında qanunsuz sayılaraq bununla bağlı tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edildiyini, məhkəmə aktlarından isə cavabdehin həm apellyasiya, həm kassasiya şikayətləri verərək süründürməçiliyə yol verdiyini və nəticədə, məhkəmə icraatlarını yubatdığını, bununla da, iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulduğunu bildirmişdir.

32. Kollegiya, ilk növbədə, iddiaçının maddi və mənəvi zərər tələblərinin hüquqi təbiətini şərh edərək bildirir ki, mülki qanunvericiliyin müddəalarının təhlilinə əsasən, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması (və müvafiq olaraq zərərin ödənilməsi öhdəliyi) dörd mütləq ünsürün məcmu halda mövcudluğunu tələb edir:

1. hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik);

2. təqsir (qəsd və ya kobud ehtiyatsızlıq);

3. zərər (maddi və ya mənəvi);

4. hüquqazidd əməllə yaranmış zərər arasında birbaşa səbəbli əlaqə.

33. Deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər məhz qeyd edilən dispozisiya şərtləri baxımından ardıcıl yoxlanılmalıdır. Fundamental hüquq nəzəriyyəsinə görə, bu şərtlərdən hər hansı birinin, xüsusilə də "hüquqaziddlik" və "təqsir" elementlərinin olmaması özlüyündə iddia tələbinin rədd edilməsi üçün kifayət edən hüquqi əsasdır. İnzibati orqanın müraciətə imtina cavabının mülki-hüquqi delikt tərkibi yaradıbyaratmaması barədə:

34. Məhkəmə kollegiyası, cavabdehin imtina cavabının (iddiaçının həyat yoldaşının əvvəlki nikahından olan uşaqlarının övladlığa götürülməsi ilə bağlı) Mülki Məcəllənin 1096 və 1100-cü maddələri baxımından delikt yaradıb-yaratmaması məsələsinə hüquqi qiymət verməyi zəruri hesab edir.

35. İddiaçı hesab edir ki, imtina cavabının məhkəmə qaydasında qanunsuz sayılaraq tələbin təmin edilməsi avtomatik olaraq inzibati orqanın mülki məsuliyyətini və zərərin ödənilməsi öhdəliyini yaradır.

36. Lakin, kollegiya qeyd edir ki, inzibati orqanın imtinasının hüquqa zidd olması (inzibati icraat qaydalarının və ya maddi normanın fərqli tətbiqi səbəbindən ləğv edilməsi) ilə delikt məsuliyyəti yaradan "təqsirli hüquqaziddlik" eyni anlayışlar deyildir. İnzibati orqanın hərəkətinin delikt sayılması üçün obyektiv hüquqa ziddliklə yanaşı, orqanın (vəzifəli şəxsin) təqsiri (qəsd və ya kobud ehtiyatsızlıq) olmalıdır.

37. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh orqan imtinasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci il ## ###### tarixli *** nömrəli Qərarına istinadla iddiaçı ilə birgə eyni ünvanda yaşayan şəxslər tərəfindən tibbi arayışın verilməli olması ilə əsaslandırmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ailə qanunvericiliyin tələbləri baxımından cavabdehin bu mövqeyi əsassız sayılaraq, iddia təmin edilmişdir.

38. Kollegiya hesab edir ki, əgər dövlət orqanı hüquqi normanı təfsir edərkən sonradan məhkəmə tərəfindən səhv olduğu müəyyən edilən, lakin, özlüyündə müdafiə edilə bilən hüquqi mövqe nümayiş etdirmişdirsə, bu halda təqsir və müvafiq olaraq delikt istisna olunur. İnzibati orqanın bilərəkdən ziyan vurmaq məqsədi güdmədən, sırf qanunvericiliyin tətbiqi ilə bağlı fərqli hüquqi qənaətə gəlməsi mülki hüquq pozuntusu deyil. İnzibati orqan tərəfindən məhkəmə instansiyalarına şikayətlərin verilməsinin delikt olmaması barədə:

39. İddiaçı eyni zamanda maddi və mənəvi zərər tələbini cavabdeh orqanın məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətləri verərək prosesi "yubatması və süründürməçilik" yaratması ilə əsaslandırmışdır.

40. Məhkəmə kollegiyası iddiaçının bu yanaşmasını da əsassız sayaraq bildirir ki, həm Azərbaycan Respublikasının prosessual qanunvericiliyi, həm də fundamental hüquq prinsipləri hər bir şəxsə (o cümlədən, publik hüquqi şəxslərə və inzibati orqanlara) məhkəmə qərarlarından şikayət vermək hüququ tanıyır. Qanunla nəzərdə tutulmuş prosessual hüquqdan istifadə etmək heç bir halda mülki hüquq pozuntusu (delikt) sayıla bilməz. İnzibati orqanın yuxarı instansiya məhkəmələrinə müraciət edərək daxili hüquqi müdafiə vasitələrini tükəndirmək cəhdi sırf konstitusion məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsidir.

41. Bu hərəkətlərin delikt sayılması yalnız o halda mümkündür ki, burada "hüquqdan sui-istifadə" – yəni şikayətin heç bir hüquqi əsası olmadan, sırf qarşı tərəfə zərər vurmaq məqsədilə verilməsi təkzibedilməz faktlarla sübuta yetirilsin. Hazırkı işdə isə cavabdeh orqan dövlətin sosial siyasətini və uşaqların mənafeyini qorumaq məqsədilə öz mövqeyini məhkəmə instansiyalarında müdafiə edərək, məhkəmə aktlarından şikayət vermək hüququndan istifadə etmişdir. Qanuni hüquqdan istifadə etmə isə Mülki Məcəllənin 1096-cı maddəsi mənasında "hüquqa zidd” əməl tərkibi yaratmır.

42. Digər tərəfdən, kollegiya qeyd edir ki, iddiaçının maddi zərərin əvəzi olaraq tələb etdiyi vəkil xərcləri qanunvericilikdə zərər anlayışından ayrılaraq müstəqil hüquqi institut – məhkəmə (prosessual) xərcləri institutu daxilində tənzimlənmişdir. Bu isə hüquqi baxımdan o deməkdir ki, həmin xərclərin hüquqi rejimi, ödənilmə qaydası və tərəflər arasında bölüşdürülməsi ümumi delikt məsuliyyəti normalarına deyil, xüsusi prosessual normalara tabedir. Odur ki, prosessual hüquq münasibətlərindən doğan xərclər (o cümlədən vəkil xərcləri) bu mənada “zərər” deyil, şəxsin öz hüququnun müdafiəsi üçün könüllü şəkildə daxil olduğu prosessual fəaliyyətin nəticəsidir. Bu xərclər hüquq pozuntusunun birbaşa nəticəsi kimi deyil, məhkəmə müdafiəsinin həyata keçirilməsi ilə bağlı seçim davranışının nəticəsi kimi qiymətləndirilir.

43. Qeyd edilənləri ümumiləşdirərək, kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri hüquqi zidd və təqsirli əməl olmadığından delikt sayılmır, bu mənada cavabdehin iddiaçıya münasibətdə hərəkətləri maddi zərər öhdəliyini də şərtləndirə bilməz. Mənəvi zərər tələbinə münasibətdə:

44. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarının yuxarıda istinad olunan bəndlərinin məzmunundan müəyyən edildiyi kimi inzibati orqanların ümumi (publik) hüquq münasibətləri çərçivəsində vurduqları mənəvi zərər tələbinin də maddi hüquqi əsasını delikt normaları təşkil edir. Odur ki, mənəvi zərərlə bağlı tələblərə baxılarkən hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması, eləcə də, müvafiq hüquqların pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsinə dair işin halları istiqamətində yoxlama aparılmalıdır.

45. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, nə cavabdeh orqanın ilkin imtinasında, nə də onun sonrakı prosessual davranışlarında (şikayətlər verməsində) deliktin zəruri ünsürləri (hüquqaziddlik və təqsir) mövcud olmadığından mənəvi zərərin ödənilməsi öhdəliyi də istisna olunur.

46. Digər tərəfdən, işin hallarından göründüyü kimi yekunda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi isə iddiaçının hüququ məhkəmə qaydasında bərpa olunaraq, övladlığa götürmə ilə bağlı müraciəti təmin edilmişdir. Pozulmuş hüququn məhkəmə qaydasında bərpa edilməsi isə özü-özlüyündə şəxsin cəmiyyət və dövlət qarşısında mənəvi reabilitasiyası deməkdir.

47. Əlavə olaraq, məhkəmə kollegiyası diqqəti ona cəlb edir ki, iş materiallarının araşdırılması zamanı iddiaçının eyni faktiki hallara istinadla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı başqa bir məhkəmədə (Yasamal Rayon Məhkəməsi) mənəvi zərərə görə 666.666 (altı yüz altmış altı min altmış altı) manat kompensasiya tələbi ilə iddia qaldırdığı müəyyən edilmişdir. İddiaçının eyni məsələ ilə bağlı müxtəlif orqanlara qarşı paralel şəkildə, hüquqi əsası olmayan və böyük məbləğlərdə mənəvi zərər tələbləri irəli sürməsi, onun əsl məqsədinin pozulmuş mənəvi tarazlığın bərpası deyil, prosessual hüquqlardan sui-istifadə etməklə haqsız varlanma niyyəti daşıdığını göstərir. Bu cür davranış hüquq tərəfindən qorunmur.

48. Beləliklə, işin sadalanan xüsusatlarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm maddi, həm də mənəvi zərər tələbini rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi yekun nəticə qanuni olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas yaratmır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar