Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-20/2026 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: müddətsiz əlilliyin əlillik altsistemdə bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4865/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01№508857 nömrəli arayışından görünür ki, iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01№519629 nömrəli arayışından görünür ki, iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 379 nömrəli qərarından görünür ki, iddiaçının aldığı “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli qərarından görünür ki, iddiaçı barəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarının ləğv edilməsi və xx.xx.2014cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu il tarixində Azərbaycan Respublikası, Qubadlı rayonunda anadan olmuş, X12, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. X2 xx.xx.1994-cü ildə Füzuli rayonu, Güllücə kəndində şəhid olmuşdur. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2011-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2000-ci ildən xx.xx.2008-ci ildək ona Ümumi xəstəlik ilə əlaqədar 2-ci dərəcə müddətli əlillik, xx.xx.2008-ci ildən ona Ümumi xəstəlik ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik və xx.xx.2014-cü il tarixdə təkrar Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Məhkəməyə müraciət edən tarixədək cavabdeh əlilliyinin ləğv edilməsi barədə ona heç bir inzibati akt, bu barədə qərar, bildiriş və ya hər hansı bir yazılı məlumat təqdim etməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair (httvs://www. e-sov, az/az/services/read/3493/0) elektron sistemə baxış keçirən zaman ona məlum olmuş ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq bir illik kimi göstərilib, belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki o, 2014-cü ildən müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza yə Reabilitatsiya Agentliyi mənim xx.xx.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Bu barədə Ali Məhkəmənin 2-1(102)-3289/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-3627/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-1330/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 2-1(102)-996/2022 nömrəli xx.xx.2022-ci il tarixli analoji qərarlarını iddia ərizəsinə əlavə edir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlildir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əlillik altsistemində” olan məlumatlara əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə Ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi barədə yeni Forma-88 nömrəli göndəriş rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4865/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2007-ci ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi xx.xx.2008-ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən təqdim edilən 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 519629 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2014-cü ildən etibarən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddəstsiz 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, arxiv məlumatlarında həmin arayışın olması öz təsdiqini tapmadı. İddiaçının hüquqi marağı əlavə müayinələr aparılmadan ona xx.xx.2014-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilməsi və həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemə daxil edilməsindən ibarətdir. Başqa sözlə desək iddiaçının xx.xx.2014-cü il tarixli qərar əsasında əlilliyinin bərpa etdirilməsində məqsədi odur ki, həmin inzibati aktla onun müddətsiz əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən inzibati orqanın xx.xx.2014cü il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2020-ci ilə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə iddiaçı xx.xx.2020-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. İnzibati orqanın xx.xx.2014-cü il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Əlilliyin müəyyən edilməsi barədə xx.xx.2014-cü il tarixli qərar 1 illik müddəti əhatə etmiş, həmin qərarda düzəliş edilərək əlilliyin müddətsiz olması barədə qeyd aparılsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra xx.xx.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli qərarlarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə xx.xx.2014-cü il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur. Beləliklə, xx.xx.2014-cü il tarixli qərar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra xx.xx.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının “14 dekabr 2014-cü il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı hesab edilə bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə dair etirazını onunla əsaslandırmışdır ki, təqdim edilən iş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2007-ci ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi xx.xx.2008- ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən təqdim edilən 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 519629 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2014-cü ildən etibarən əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddəstsiz 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, arxiv məlumatlarında həmin arayışın olması öz təsdiqini tapmadı. İddiaçının hüquqi marağı əlavə müayinələr aparılmadan ona xx.xx.2014-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilməsi və həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemə daxil edilməsindən ibarətdir.Başqa sözlə desək iddiaçının xx.xx.2014-cü il tarixli qərar əsasında əlilliyinin bərpa etdirilməsində məqsədi odur ki, həmin inzibati aktla onun müddətsiz əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən inzibati orqanın xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2020-ci ilə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə iddiaçı xx.xx.2020-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. İnzibati orqanın xx.xx.2014-cü il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Məhkəmə qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə xx.xx.2014-cü il tarixli qərar 1 illik müddəti əhatə etmiş, həmin qərarda düzəliş edilərək əlilliyin müddətsiz olması barədə qeyd aparılsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra xx.xx.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli qərarlarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə xx.xx.2014-cü il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur. Beləliklə, xx.xx.2014-cü il tarixli qərar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra xx.xx.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının “14 dekabr 2014-cü il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.6.Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2014-cü il tarixdən müddətsiz təyin edilmiş əlilliyin əlillik altsistemində bərpa edilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı barəsində xx.xx.2014-cü il tarixdə müddətsiz əlillik təyinatı aparılsa da, sonradan xx.xx.2016-cı il tarixdə yeni inzibati aktın qəbul edildiyini, 5 il müddətinə əlillik təyinatı aparıldığını, həmin inzibati aktın qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilmədiyini, xx.xx.2014-cü il tarixli inzibati aktın isə yeni inzibati aktın qəbul eidlməsi ilə qüvvədən düşdüyünü əsas gətirərək, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddaçı barəsində əlillik alt sistemində xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparıldığı, xx.xx.2016-cı il tarixdə xx.xx.2015-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatı aparılması barədə məlumat qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixədək iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi lə əlaqədar ikinci dərəcə əlilliyə görə aylıq Prezident təqaüdü ödənilmiş, habelə iddiaçı 2022-ci ilədək əlilliyə görə pensiya aldığını bildirmişdir. İş materiallarından görünür ki, Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli qərarının məzmununda iddiaçı barəsində “hərbi xidmət keçərkən aldığı və ambulator müalicədə olduğu diaqnoz:Sol tərəfli bronxopnevmoniya, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qeyd edilmişdir. İş materiallarından görünür ki, TSEK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışın kserorutəinin məzmununda iddiaçı barəsində travma ilə əlaqədar olaraq müddətsiz ikinci dərəcə əlilliyin təyin edildiyi qeyd edilmişdir. İndiki halda iddiaçı TSEK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışın məzmununa istinad edərək, onun barəsində xx.xx.2014-cü il tarixdə əlillik təyinatının müddətsiz müəyyən edilməsi halına istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, indiki halda iddiaçı barəsində xx.xx.2014-cü il tarixdə müddətsiz əlillik təyinatı aparılsa da, xx.xx.2016-cı il tarixdə yeni inzibati akt qəbul edilərək, iddiaçı barəsində əlillik təyinatı beş il müddətinə müəyyən edilmişdir. Sonuncu inzibati akt kimi xx.xx.2016-cı il tarixli qərar çıxış etsə də, cavabdeh həmin qərarı mübahisələndirməmiş, məhz artıq hüquqi qüvvəsini itirmiş xx.xx.2014-cü il tarixli inzibati akt əsasında iddia tələbini irəli sürmüşdür. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddianın əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bununla bağlı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları qanunvericiliyin və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından araşdırılaraq, aparılmış dəyərləndirmə ətraflı şəkildə qeyd edildiyindən, habelə kollegiya birinci instanisya məhkəməsinin dəyərləndirməsi ilə razılaşdığından, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mərhələdə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1786/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında öz əksini tapmış, həmin hüquqi mövqeyə əsasən yeni iznibati aktın qəbul edilməsi ilə əvvəlki inzibati aktın öz hüquqi qüvvəsini itirdiyindən, inzibati hüquq münasibətləri məhz yeni inzibati akt əsasında tənzimləndidiyindən, hüquqi qüvvəsini tirmiş akta isinad edilməklə irəli sürülmüş tələbin əsaslı olmaması qeyd edilmişdir. İndiki halda oxşar işlər üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsi əsasının mövcudluğu iddiaçının şikayətin dəlili kimi istinad etdiyi arqumentini (əvvəki təcürbəyə uyğun qəbul edilmiş işlərə aid hallarla bağlı hissədə) təkzib edir. Kollegiya iddiaçının tələbin və şikayətin əsası kimi istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçıya əlilliyə görə aldığı aylıq ödənişlərin ödənilməsi 2021-ci ildən dayandırıldığı halda, iddia tələbininxx.xx.2025-ci il tarixdən irəli sürməsi müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçı onun barəsində əlilliyə görə ödənişlərin ödənilməsinin dayandırıldığı barədə məlumatlı olsa da, əlilliyinin müddətsi olduğunu hesab etməsinə baxmayaraq, bu halı 4 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. Bu hal özlüyündə iddiaçının tələbin və şikayətin əsası kimi istinad etdiyi halları (müddətsiz əlilliyinin sonradan ləğv edilməsi, müddətli olması barədə məlumatlı olmaması və s.) təkzib edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, hazırki dövrdə iddiaçı orqanizmin funskiyasının pozulduğunu və sağlamlıq vəziyyətində olan həmin pozulmanın onun barəsində əlilliyin təyin edilməsi üçün əsas ola bilməsini ehtimal edirsə və bu əsasla əlilliyinin yenidən qiymətləndirilməsinin aparılmasını istəyirsə, bu halda onun barəsində yenidən müvafiq tibbi göndərişin rəsmiləşdirilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət etməli, müraciətinin təmin edilməsindən imtina olunduğu və bu halın onun hüquqlarının pozulmasına səbəb olduğunu ehtimal etdiyi halda həmin tibbi müəssisəsinə qarşı iddia tələbi və yaxud rəsmiləşdirilmiş tibbi göndəriş əsasında əlilliyin qiymətləndirilməsi nəticəsində əlilliyin müəyyən olunmasından cavabdeh qurum tərəfindən imtina olunduğu və bu halın onun hüquqlarının pozulmasına səbəb olduğunu ehtimal etdiyi halda, həmin inzibati orqana qarşı iddia tələbi ilə qanunla müəyyən edilmiş müddətdə (imtinaya dair qərarı aldığı gündən 30 gün müddətində) inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4865/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.