Məhkəmə qərarları › İş №2-1(3-8)-201/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-201/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-201/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Siyəzən şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1980-ci il tarixli * saylı qərarı ilə ayrılmış 28 kv m torpaq sahəsində inşa edilmiş qaraj üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Siyəzən şəhər XDS Icraiyyə Komitəsinin * saylı, ##.##.1980-cı il tarixli protokolundan çıxarışın surətindən görünür ki, X5 şəxsi minik maşının saxlanılması üçün qaraj tikilməsindən ötrü Siyəzən şəhəri, 9-cu Paralel küçəsi * nömrəli evin həyətində ümumi sahəsi 28 kv m olan torpaq sahəsi ayrılmışdır. X4 filialı tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arxiv çıxarışına əsasən Siyəzən şəhər XDS Icraiyyə Komitəsinin * saylı ##.##.1980-cı il tarixli qərarı aşkar edilmişdir. Daşınmaz əmlakın ##.##.2025-ci il tarixli müayinə aktının surətindən görünür ki, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlara aid olmaqla, 14.8 kv m zəbt torpaq sahəsi vardır. Cavabdeh inzibati orqanın ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli imtina məktubun surətindən görünür ki, idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman ərizəyə əlavə olan sənədlərdə göstərilən torpaq sahəsindən və tikilidən artıq 14.8 kv m əlavə torpaq sahəsi zəbt olunaraq tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak üzərində özbaşına tikinti sayılır. Həmçinin ayrılan torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı ilə müvafiq müqavilə bağlanmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Siyəzən şəhəri, 9-cu Paralel küçəsi * nömrəli evin həyətində ümumi sahəsi 28 kv m olan avtomobil saxlanılması üçün (qaraj) qeyri-yaşayış obyektinin dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Siyəzən şəhərində 9-cu paralel küçəsi * nömrəli evin həyətində ümumi sahəsi 28 kv m olan avtomobil saxlanılması üçün (qaraj) qeyriyaşayış obyekti vardır. Həmin qeyri-yaşayış obyekti atası X5 qaraj tikməkdən ötrü ayrılan 28 kv m torpaq sahəsinin üzərində ayrılmışdır. Qaraj atası tərəfidən inşa edilmiş, 1980-ci il tarixdən atasının istifadəsində, atası vəfat etdikdən sonra onun istifadəsində olmuşdur. Həmin (qaraj) qeyri-yaşayış obyektini sənədləşdirmək üçün * saylı Sumqayıt Ərazi Idarəsinə yazılı müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Imtinanın səbəbi kimi 14.8 kv m əlavə torpaq sahəsi zəbt olunub tikinti işlərinin aparıldığı, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı ##.##.2023-cü il tarixli müraciətinə cavab olaraq, 28 kv m torpaq sahəsinin ayrılması qeyd olunmasına baxmayaraq əmlaka baxış keçirilərkən 42.8 kv m olduğu müəyyən olunması qeyd edilmişdir. Göründüyü kimi hər iki məktubda birbirinə zid müxtəlif cavablar verilmişdir. Halbuki, o XDS Icrayyə Komitəsinin ## ###### 1980- ci il tarixli ** nömrəli qərarı ilə ayrılmış 28 kv m qeyriyaşayış obyetindən başqa əlavə tikili tikməmiş, torpaq sahəsi zəbt etməmişdir. Cavabdehin imtina məktubu qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman ərizəyə əlavə olunan sənədlərdə göstərilən torpaq sahəsindən və tikilidən artıq 14.8 kv m əlavə torpaq sahəsinin zəbt olunaraq tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Həmçinin ayrılan torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı ilə müvafiq müqavilə bağlanmamışdır. Odur ki, faktiki istifadə olunan torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair qanunvericilikə nəzərdə tutulmuş müvafiq hüquqmüəyyənedici sənədlər təqdim etdikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Bununla bağlı ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı atasına qaraj tikilməsi məqsədilə ayrılmış torpaq sahəsində inşa edilmiş qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Müayiən zamanı məlum olmuşdur ki, iddiaçının istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin ölçüsü 42.8 kv m təşkil edir. Sözügedən qaraj məhz layihədə nəzərdə tutulmuş 28 kv m–dən əlavə torpaq sahəsində inşa edilmişdir. Həmçinin sözügedən müayinə aktından da məlum olur ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlara aiddir. Başqa sözlə desək, yaşayış məntəqələri torpaqlarda qeyri-yaşayış məqsədləri üçün istifadə edilməsi qanunvericlikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən tətbiq edilən inzibati icraat qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Siyəzən şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1980-ci il tarixli * saylı qərarı ilə ayrılmış 28 kv m torpaq sahəsində inşa edilmiş qaraj üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını və mütəxəssisin şərhini dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Siyəzən şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1980-ci il tarixli * saylı qərarı ilə ayrılmış 28 kv m torpaq sahəsində inşa edilmiş qaraj üzərində mülkiyyət hüququnun nmərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə əsasən, sənədlərdə göstərilən torpaq sahəsindən və tikilidən artıq 14.8 kv m əlavə torpaq sahəsi zəbt olunmuş və torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı ilə müvafiq müqavilə bağlanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Iş materialları ilə müəyyən olunur ki, Siyəzən şəhər XDS Icraiyyə Komitəsinin ##.##.1980-ci il tarixli, * nömrəli qərarı ilə Siyəzən şəhəri, 9-cu paralel küçəsi, * nömrəli evin həyətində yerləşən 28 kv m torpaq sahəsi mərhum X5 avtomobil saxlanılması məqsədilə (qaraj tikintisi üçün) ayrılmış, bu məqsədlə müvafiq sxem təsdiq edilmişdir. Iş üzrə aparılmış müayinə nəticəsində müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 42,8 kv m təşkil edir ki, bu da ilkin olaraq ayrılmış 28 kv m sahəsindən 14.8 kv m artıqdır. Bu hal onu təsdiq edir ki, tikili ayrılmış torpaq sahəsinin sərhədlərindən kənara çıxılmaqla, əlavə torpaq sahəsinin zəbt edilməsi nəticəsində inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dinirilən mübahisə predmeti olan obyekti yerində müayinə edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinin mühəndisi X2 izah etdi ki, mübahisəli obyekt 1980-ci illərə aid tikilidir, bütövdür, tikilidə arakəsmə və ya əlavə artırma yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, ayrılmış torpaq sahəsinin ölçülərindən kənara çıxmaqla və müvafiq hüquqi əsas olmadan aparılmış tikinti işləri nəticəsində yaranmış tikililər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir və belə hallarda şəxsin tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbsaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar