Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-208/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsində tikilmiş əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən yerləşən 0.6794 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina bildirişindən görünür ki, A literinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi müəyyən olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, aparılmış müayinə nəticəsində İddiaçınə məxsus qeyri-yaşayış obyektinin elektrik enerjisi təchizatında qüsur aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış ilə tam payda 13 noyabr 2017-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.6794 ha torpaq sahəsində tikilmiş əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.6794 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ilə tam payda 13 noyabr 2017-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində əmlak kompleksi tikilmiş, həmin əmlak kompleksi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh müraciət edilmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehin imtinasında qeyd etdiyi hallar mövcud deyildir. Cavabdeh qeyd edir ki, torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid edildiyi müəyyən edilmişdir. Bu hal imtina üçün necə əsas ola bilməz. İddia ərizəsinə əlavə olunan çıxarışdan da göründüyü kimi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və torpaq sahəsinin mülkiyyət növü xüsusi olaraq qeyd edilmişdir. Bütün sənədlər qaydasındadır və surəti iddia ərizəsinə əlavə edilməklə əsilləri məhkəmə iclasında təqdim ediləcəkdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində mülkiyyət hüququnun “X6” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 17 iyun 2025-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi, A literinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış ilə tam payda 13 noyabr 2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.6794 ha torpaq sahəsində tikilmiş əmlak kompleksi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 57 saylı, xx.xx.2025-ci il tarixli istismara icazə sənədinə əsasən mübahisə predmeti olan əmlak kompleksinin istismarına icazə verilmişdir. Mübahisəli qeyri-yaşayış obyektinə dair X3 tərəfindən tərtib edilən 2024-cü il tarixli Abşeron rayonu, Fatmayı kəndində layihələndirilən İddiaçı MMC kompleksinin memarlıq planlaşdırma bölməsi Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün 0.6794 ha, faktiki ölçüsünün isə 0.6794 ha olduğu; “A” tikilisinin ümumi sahəsinin 172.8 kv.metr, “B” tikilisinin ümumi sahəsinin 86.1 kv.metr, “C” tikilisinin ümumi sahəsinin 335.0 kv.metr olduğu; “A” inzibati binasından 4 metr məsafədən 6 kvt elektrik xətti keçdiyi; əmlak kompleksinin ölçülərinin layihəyə uyğun olduğu; “A” inzibati binasının elektrik xəttinin mühafizə zolağına düşdüyünü, 0.6794 ha torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 31 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Abşeron rayon, Fatmayı kəndi ərazisində, 0.6794 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin elektrik enerjisi təchizatında qüsur aşkar edilmir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli, 14 iyun 2023-cü il tarixli Fərmanının 3.4 və 5.2-ci maddələrinin tələblərinə əsasən mübahisə predmeti olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdeh quruma müraciət edilməli olduğu halda qeyd olunan müraciəti olmamış, bu səbəbdən də “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli, 14 iyun 2023-cü il tarixli Fərmanının tələblərinə riayət edilməmişdir. Müvafiq müraciət edilmədiyindən iddia tələbinin mümkünlük şərti pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2024-cü il tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”ın 1.2.46-cı və 1.2.86-cı yarımbəndlərinə əsasən (müvafiq olaraq 35 kV, 10 kV və 6 kV gərginlikli şəbəkə orta gərginlikli şəbəkə kimi, 110 kV və yuxarı gərginlikli şəbəkə isə yüksək gərginlikli şəbəkə kimi müəyyən edilmişdir) apellyasiya şikayətinin əsası kimi qeyd edilməmişdir. Əlavə olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron saytında xx.xx.2025-ci il tarixli, 57 nömrəli (2023-cü il iуunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində bütün mərtəbələrinin, уаn divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti quraşdırma işləri bаşа çatmış qeyriyaşayış təyinatlı binaların istismarına) icazə sənədinin aşkar edilmədiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;.... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 №li Fərmanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı sözügedən əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan əmlak kompleksinin A literinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlara aid olması halına istinad edərək, müracitdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən əmlakın yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq dövlət qeydiyyatına alınmış, çıxarış məlumatında torpaq sahəsinin təyinatı ehtiyat fondu torpaqları kimi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mlak kompleksinin istismarına dair icazə sənədi mövcud olmuş, müvafiq inzibati orqan tərəfindən yerləşdiyi tprpaq sahəsinə dair yerquruluşu planı təsdiq edilmiş, əmlak kompleksinin elektrik təchizatı ilə təmin edilməsinə dair istismara buraxılma aktı, texniki şərt tərtib edilmiş,əmlak kompleksinin layihəsi və memarlıqplanlaşdırma bölməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən əmlak kompleski cavabdehin mütəxəssisləri tərəfindən yerində müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, əmlak kompleksinin ölçülərinin layihəyəyə uyğun olması, təmirli olması, sement istehsal müəssisəsi kimi fəaliyyət göstərməsi, “A” inzibati binanın elektrik xəttinin mühafizə zolağına düşməsi, 0,6794 ha torpaq sahəsində yerləşməsi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, ilkin hüquqmüəyyənedici sənədlərin məzmununda da torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan sahibkarlıqla məşğul olmaq tikinti məqsədilə satılması, çıxarış məlumatında təyinatı ehtiyat fondu torpaqları, məqsədli istifadə növü sahibkarlıq (tikinti) kimi qeyd edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində inşa edilmiş tikiliyə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin təyinatı bələdiyyənin ehtiyat fondu torpaqlarına, məqsədli istifadə növü sahibkarlıq tikinti olduğu müəyyən edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərtlərində ehtiyat fondu torpaqlarda tikili inşa edilməsinin qadağan edilməsinə dair hər hansı norma və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən hər kəs mülkiyyətindən olan ona mənsub olan əmlakı barəsində öz mülahizisəi ilə istənilən hərəkətləri edə bilər, şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, habelə torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Belə olan halda kollegiya hesab edir ki, indiki halda tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan əmlak olduğundan, habelə tikiliyə dair icazə sənədi, istismarına icazə sənədi, təsdiq didlmiş layihəsinin mövcudluğu müəyyən edildiyindən (tikinti norma və qaydalarının pozulması halı müəyyən edilmədiyindən) , yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının sözügedən tikili üzərində mülkiyyət hüququ yaranmışdır. Həmçinin, kollegiya cavabdehin müvafiq Fərmanla bağlı istinad etdiyi arqumentinə dair onu qeyd edir ki, müvafiq Fərmanın 1.4-cü bəndinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir:…1.4.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) münasibətdə – onun yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra... qeyd edilmişdir. Həmçinin, həmin Fərmanın 3.4 və 5.2-ci bəndinin məzmununda hansı halda istismara icazə verilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdiirlməsinin prosedur qaydası və əsasları müəyyən edilmişdir (Fərmanın 3.4. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını nəzarətdə saxlasın və Xidmətin qaldırdığı vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyriyaşayış binalarının (infrastruktur obyektlərinin) yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin etsin;...5.2. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları (infrastruktur obyektləri) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının (infrastruktur obyektlərinin) yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin....) İndiki halda isə sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, təyinatı bələdiyyə ehtiyat fondu torpaqları kateqoriyasına, istifadə növü isə sahibkarlıq olmaqla, müvafiq Fərmanın 3.4 və 5.2-ci maddəsinin təsiri altına düşmür. Başqa sözlə desək, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçıya münasibətdə müvafiq Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdiirlməsinin zəruri olduğu hallar aid olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan imtina və şikayətin dəlili kimi torpaq sahəsinin təyinatı ilə bağlı halları mübahisələndirməkdə və müvafiq Fərmanın tələblərinə riayət edilməməsi ilə bağlı hallara istinad etməkdə haqlı olmamışdır. Eyni zamanda kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, idniki halda sözügedən tikiliyə aid istismara icazə sənədi mövcu olmuşdur. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin icazə sənədinin elektron portalda aşkar edilməməsi halına istinad etmişdir. Halbuki, cavabdeh inzibati orqan özü inzibati icraat çərçivəsində həmin halı araşdırmaq imkanına malik olsa da, bununla bağlı araşdırma aparmadan, formal yanaşma tətbiq etmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, sözügedən sənədin elektron saytda yerləşdirilməsi iddiaçının səlahiyyətin aid olmamaqla, məhz müvafiq səlahiyyətli qurum tərəfindən həyata keçirilir (müvafiq Fərmanın 3-cü bəndi).Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının təqsiri ilə əhatə olunmayan hala istinad edilməklə, onun hüququnun məhdudlaşdıırlması ilk növbədə mütənasiblik prinsipini tələblərinə ziddir.Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan müvafiq tikilinin A literinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi halına istinad etsə də, şikayətin məzmununda həmin əsasın aradan qalxdığını, şikayətin əsası kimi nəzərə alınmaması qeyd etmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə mübahisəli hal aradan qalxdığından, bununla bağlı şin hallarına hüquqi qiymət verilməsi zərurəti mövcud olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüququnun yaranması müəyyən edildiyindən və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən və cavabdehin şikayətinin dəlilləri təkzib edildiyindən, cavabdehin imtina və şikayətinin dəlilləri formal xarakter daşımış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7280/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-208/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-208/2026
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver