Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-21/2026 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “qeyri-yaşayış binasına dair “Forma-1” arayışının verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(118)-4878/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Abşeron Rayon Texniki İnventarlaşdırma və MHQİ tərəfindən verilən 666 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 16,7 kv.m sahədən ibarət 14 saylı qeyri-yaşayış binasına dair Forma-1 arayışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan obyektə dair Forma-1 arayışı, yəni obyektin üzərində yüklülüyün, həbsin və sair qadağanın olub-olmaması barədə arayış istəyir. Amma cavabdeh tərəfindən obyektinin yerləşdiyi torpağın dövlət mülkiyyətində, qonşu ilə divarın bitişik olduğu bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilən qeydiyyat vəsiqəsini həmin idarənin hüquqi sələfi tərəfindən verilmişdir. Bu qeydiyyat vəsiqəsinin də tamlığı prezumpsiyası qüvvəsindədir və iddiaçının qeydiyyat vəsiqəsi də mübahisələndirilmir. Belə ki, Forma-1 arayışı verilməsindən imtina edilməsi üçün heç bir imtina əsası yoxdur. İmtina qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, daşınmaz əmlakın iddiaçı tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin müraciətə əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş 666 reyestr və 666 inventar nömrəli texniki pasportda qeyri-yaşayış binasının sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu, qonşu ilə bitişik divarın mövcud olduğu, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,00239 ha torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Əmlakın İnventarlaşdırılması Bürosunun 19 oktyabr 2005-ci il tarixli, 010494 nömrəli “Müəssisə və obyektin texniki pasportu”ndan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi - 14 saylı emalatxana X4 mülkiyyətindədir, ümumi sahəsi 16,7 kv.m təşkil edir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 16 noyabr 2005-ci il tarixli, 666 inventar nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, Abşeron şəhəri, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 14 saylı qeyri-yaşayış binası İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 13 sentyabr 2013-cü il tarixli, 05/01-M-196/13 nömrəli məktubu ilə göndərilmiş Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 16 noyabr 2005-ci il tarixdə 4Ə/-2303 nömrəsi ilə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, satıcı X1 rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən 14 saylı emalatxananı alıcı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 20 fevral 2025-ci il tarixli, 32/332/2-2739/25 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən daşınmaz əmlakın İddiaçı tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin hazırkı ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş 666 reyestr və 666 inventar nömrəli texniki pasportda qeyri- yaşayış binasının sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu, qonşu ilə bitişik divarın mövcud olması müəyyən edilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,00239 ha torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın Özəlləşdirilməsi Departamentinin “Mülkiyyət hüququ haqqında şəhadətnamə”dən görünür ki, Abşeron şəhəri, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 14 saylı qeyri-yaşayış binası X4 mülkiyyətindədir. 2 noyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasının ölçüsü texniki sənəd üzrə 16,7 kv.m, faktiki 18,4 kv.m olaraq göstərilmişdir. Abşeron Rayon Dövlət Arxivinin 7 avqust 2025-ci il tarixli, 3-48-1RA/2-762/25 nömrəli məktubundan görünür ki, Abşeron Rayon Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin sənədləri saxlanması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən 16 noyabr 2005-ci il tarixli, 666 saylı qeydiyyat vəsiqəsinin araşdırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(118)-4878/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Abşeron Rayon Texniki İnventarlaşdırma və MHQİ tərəfindən verilən 666 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən, 16,7 kv.m sahədən ibarət 14 saylı qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma-1) verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandırmaqla Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(118)-4878/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. İddiaçının hüquqi marağı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Abşeron Rayon Texniki İnventarlaşdırma və MHQİ tərəfindən verilən 666 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 16,7 kv.m sahədən ibarət 14 saylı qeyri-yaşayış binasına dair Forma-1 arayışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 13 sentyabr 2013-cü il tarixli, 05/01-M-196/13 nömrəli məktubu ilə göndərilmiş Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 16 noyabr 2005-ci il tarixdə 4Ə/-2303 nömrəsi ilə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, satıcı X1 rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən 14 saylı emalatxananı alıcı İddiaçı mülkiyyətinə vermişdir. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron şəhəri, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 14 saylı qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Həmin əmlak iddiaçıya Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda bağlanılmış 16 noyabr 2005-ci il tarixli, 4Ə/-2303 nömrəli alqı-satqı müqaviləsi əsasında X5 tərəfindən satılmışdır. Qeyd edilən müqavilənin, həmçinin iddiaçının adına verilmiş hüquq müəyyənedici və texniki sənədlərin mövcudluğu müvafiq olaraq Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin və cavabdeh orqanın arxiv sənədlərində öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş müayinə aktında, həmçinin cavabdeh inzibati orqanın etiraz dəlili olan qeyri-yaşayış binasının sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqi ilə əlaqədar kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi faktiki olan 18,4 kv.m deyil, sənəd üzrə onun mülkiyyətində olan 16,7 kv.m sahəyə dair arayışın verilməsindən ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olduğu halda ona dair arayışın verilməsindən imtina üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun adına verilmiş qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində, qanuni istifadəsində və sahibliyində olan qeyri-yaşayış binasına dair daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsindən cavabdeh orqanın imtina etməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(118)-4878/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-21/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-21/2026
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver