Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-214/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7684/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20705/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərar əsasında Əmək Pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən 50 yaşdan 57 yaşa keçid artıqvermə səbəbilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, 464 manat 18 qəpik müəyyən edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, vaxtilə İddiaçı Fondun keçmiş Abşeron rayon şöbəsinə təqdim etdiyi “1-ci Sumqayıt Tikinti Quraşdırma" MMC-nin ona dair 17 avqust 2009-cu il tarixli 15 nömrəli arayışında iddiaçının xx.xx.1976- 21,04.1977-ci il və xx.xx.1979-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan kimya istehsalatı sahəsinə aid deyildir. Buna görə də 1 yanvar 2006-cı il tarixədək 1 №li Siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı 20 sentyabr 2015-ci il tarixindən pensiya kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 20 sentyabr 2008-ci il tarixindən əmək haqqına əsasən təyin edilərək sizə ödənilir. İddiaçı onun mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 25 noyabr 2024-cü il tarixində gəlmiş lakin tərtib edilmiş akt tərəfindən imzalanmamışdır. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası 2024-cü ilin noyabr ayında Mərkəzi Filial tərəfindən 57 yaşının tamamlandığı 20 sentyabr 2015-ci il tarixdən yenidən hesablanmışdır. Qeyd olunana əsasən iddiaçıya ümumilikdə 61798,30 manat artiq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2025-ci il tarixindən 501,78 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 20705/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixində qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin ilkin redaksiyasına əsasən kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin maddədə göstərilən işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirdilər. Lakin Qanuna edilmiş 13 may 2022-ci il tarixli 530-V1QD nömrəli dəyişikliyədək qüvvədə olmuş 9.8-ci maddədə göstərilirdi ki, Qanun qüvvəyə mindiyi günədək 9cu maddədə qeyd edilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəlki qanunvericiliklə müəyyən edilmiş yaş və staj tələblərinə uyğun surətdə təyin edilir.Bundan əvvəl qüvvədə olmuş xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunla qüvvədən düşən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a” bəndinə əsasən isə:20 il ümumi iş stajı olan,bu stajın azı 10 ilini Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə keçirmiş, - 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə əmək pensiyası hüququ mövcud idi."Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 87.2-ci maddəsinə görə isə, hüquqi vəziyyəti yaxşılaşdıran normativ aktlar, əgər xüsusi qaydada başqa cür nəzərdə tutulmayıbsa, onların qüvvəyə mindiyi vaxtdan əvvəl yaranmış münasibətlərə də şamil edilir. Belə olan halda, Qanunun 9.8-ci maddəsindəki "əvvəllər qüvvədə olmuş qanunvericilik” anlayışı yalnız sonrakı dövrdə qəbul edilmiş dəyişikliklərlə məhdudlaşdırıla bilməz və vətəndaşın tam stajı topladığı vaxt qüvvədə olan yaş həddinə əsasən pensiya hüququnu təmin etməlidir. O vaxtilə 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmış və tələb olunan stajı toplamışdır. Buna görə də 50 yaşının tamam olduğu 20 sentyabr 2008-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, Vaxtilə İddiaçı Fondun keçmiş Abşeron rayon şöbəsinə təqdim etdiyi “1-ci Sumqayıt Tikinti Quraşdırma" MMC-nin ona dair 17 avqust 2009-cu il tarixli 15 nömrəli arayışında iddiaçının xx.xx.1976-21,04.1977-cl il və xx.xx.1979-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan kimya istehsalatı sahəsinə aid deyildir. Buna görə də 1 yanvar 2006-cı il tarixədək 1 №li Siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı 20 sentyabr 2015-ci il tarixindən pensiya kapitalına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası teyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 20 sentyabr 2008-ci İİ tarixindən əmək haqqına əsasən təyin edilərək ödənildiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçıya ümumilikdə 61798,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 14 noyabr 2024-cü il tarixində məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı onun mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 25 noyabr 2024-cü il tarixində gəlmiş lakin tərtib edilmiş akt tərəfindən imzalanmamışdır. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası 2024-cü ilin noyabr ayında Mərkəzi Filial tərəfindən 57 yaşının tamamlandığı 20 sentyabr 2015-ci il tarixdən yenidən hesablanmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2025-ci il tarixindən 501,78 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7684/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 20705/2024 saylı qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avabdeh xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-20705/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında Qərarın qəbul edilməsinin əsası kimi iddiaçının təqdim etdiyi “1-ci Sumqayıt Tikinti Quraşdırma" MMC-nin ona dair 17 avqust 2009-cu il tarixli 15 nömrəli arayışında iddiaçının xx.xx.1976-21,04.1977-ci il və xx.xx.1979-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunsa da, işlədiyi 1-ci Sumqayıt Tikinti Quraşdırma İdarəsində fəaliyyət sahəsinin sözügedən arayışda istinad olunan kimya istehsalatı sahəsinə aid olmamasını göstərmişdir. Cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının pensiya işi materiallarından görünür ki, iddiaçıya verilmiş17 avqust 2009-cu il tarixli 15 nömrəli arayışında işlədiyi müəssisənin adı “Kimya zavodu”-1976-cı il, “Superfosfat zavodu” – 1977-ci il, “Sintezkauçuk zavodu”-1979-cu il, “Kimya zavodu”-1980-1985ci illər, “Superfosfat zavodu”-1986-1988-ci illər, “Superfosfat zavodu”-1989-cu il olaraq qeyd edilmiş, istehsal olunan məhsul –ammiak, sulfat furşusu, xlor və s. olaraq göstərilmişdir. Beləliklə, iddiaçının fəaliyyət sahəsinin kimya istehsalatı sahəsinə aid olması iş materialları ilə təsdiq edilir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına istinad edərək formalaşmış məhkəmə təcrübəsinə əsaslanmağı vacib bilir. Beləliklə, cavabdeh həmçinin inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti də ötürmüşdür. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanarkən hər-hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçın hüquqi marağı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin 1 №li Siyahıü zrə kimya istehsalat sahəsinə aid olmadığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı 20 sentyabr 2015-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşı tamamlandığı 20 sentyabr 2008-ci il tarixdən təyin edildiyi aşkar olunduğunu bildirərək, pensiya məbləğinin azaltmış, 61798,30 manat artıq ödəmə halını müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanmasını apararaq, işlədiyi peşənin 1 №li Siyahı üzrə kimya istehsalatı sahəsinə aid olmaması halına istinad edərək, iddiaçıya pensiya hüququnun 57 yaşının tamam olduğu vaxtdan təyin eidlməli olduğu halda səhvən 50 yaşının tamam olduğu vaxtda təyin edildiyindən, 61798,30 manat artıq ödəmə müəyyən etmiş, habelə pensiya məbləğinin 2450,65 manatdan azaldılaraq 464,18 manat müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz həmin qərarın ləğv edilməsinə nail olmağa yönəlmişdir. Kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslılığının qanunvericilik normasının tələbləri, inzibati icraat haqqında qanunvericiliyin müddətlə bağlı normasının dispozitiv şərltərinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələblərinə uyğun olaraq yoxlanılması həyata keçirildiyindən, habelə hüquqi qiymətləndirmənin əsasları bu hissədə ətraflı şəkildə qeyd edildiyindən, kollegiya həmin dəyərləndirmə ilə razı olduğundan, həmin hissədə işin hallarının dəyərləndirməsinin təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 64,67-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı). Belə ki, kollegiya qeyd edir ki, indiki halda iddiaçının 1 avqust 1997-ci il tarixə iddiaçının 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olduğunu cavabdeh inzibati orqan qəbul etməklə, həmin halı mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız işlədiyi peşənin 1 №li siyahı üzrə aid olmadığından, pensiya yaş həddi ilə bağlı şərtə aid olan hal olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının işlədiyi peşə üzrə işin xarakteri, əmək funksiyası barədə işəgötürən müəssisə tərəfindən arayış veirlmiş, həmin arayışın məzmununda a işlədiyi peşənin məhz 1 №li Siyahı üzrə kimya istehsalat ahəsinə aid olması aşkar görünür. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilməmiş, istinad etdiyi arqumenti “ümumi söz” şəklində ifadə etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin arqumentə istinad edərək, əmək pensiyasının yenidən hesablanmasını həyata keçirməkdə, pensiya hüququnun yaranması vaxtı ilə bağlı səhv hesablanma tətbiq eidlməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7684/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-214/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-214/2026
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver