Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-22/2026 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən onun əmək pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi 17 mart 2025-ci il tarixli 3-17- 1/3-3-5764/2025 nömrəli qərarın ləğv edilməsi və ona həmin qərar qəbul olunana qədər 52 yaşdan təyin edilmiş pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2-1(118)-5675/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli “şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 628.81 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının xx.xx.2025-ci il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının aylıq məbləği 755,88 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-5764/2025 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması və 608,98 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək sonuncu qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab edərək “Əmək pensiyası” haqqında Qanunun 45-ci maddəsinə əlavə edilmiş 2-ci cümləsini ona münasibətdə tətbiq edilməməsi və ona təyin edilmiş əvvəlki pensiyasının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun əmək pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-5764/2025 nömrəli qərarın ləğv edilməsi və ona həmin qərar qəbul olunana qədər 52 yaşdan təyin edilmiş pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş və Sumqayıt Kimyasənaye istehsalat birliyində qaz qaynaqçısı vəzifəsində zərərli işlərdə işləməyi ilə bağlı o güzəştli əsaslarla 2017-ci ildən əmək pensiyasına çıxmış, ona son hesablamaya qədər 755,88 manat pensiya təyin olunmuşdur. O, 2006-cı ilə kimi 20 ildən artıq (21 il 7 ay) ümumi əmək stajına malik olmuş ki, bunun da 10 ildən artıq hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin zərərli işlərlə bağlı təsdiq etdiyi 1 saylı Siyahıda nəzərdə tutulmuş vəzifə(qaz qaynaqçısı) olmuşdur. Cavabdeh güzəştli əsaslarla yaşa görə əmək pensiyasını hesabladıqdan sonra yenidən pensiyasının hesablanmasını aparmış və onun 29 iyun 2022-ci il tarixə kimi pensiyaya çıxmağına baxmayaraq «Əmək pensiyası» haqqında Qanunun 45-ci maddəsinə əlavə edilmiş 2-ci cümləsini ona münasibətdə tətbiq etmişdir və nəticədə onun pensiyası azalmış və 608,98 manat olmuşdur.İddiaçı cavabdeh orqana müraciət edərək ona təyin edilmiş əvvəlki pensiyasının bərpasını xahiş etmiş, lakin cavabdeh onuun pensiyasını bərpa etməmiş, apardığı qanunsuz hesablamanı düzgün saymışdır. Cavabdehin hərəkəti qanunsuz hesab edilməli və ona münasibətdə Qanunun 45-ci maddəsinə əlavə edilmiş 2-ci cümləsini tətbiq edilməməli və əvvəlki pensiyası bərpa olunmalıdır.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 1 mart 2017-ci il tarixindən Fondun keçmiş Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçının müraciəti əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1 mart 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanaraq 628,81 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının aylıq məbləği 755,88 manat təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, S.Salmanov barəsində 5 mart 2025-ci il tarixindən inzibati icraat başlanılmışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 1 mart 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 506,61 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 608,98 manat) məbləğində müəyyən edilməli olduğu halda, 628,81 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur......Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, İddiaçı 29 iyun 2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə iddiaçının pensiyası 1 mart 2023-cü il tarixindən yenidən hesablanarkən işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il- 58 ii)=84 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı 15278,64 manat pensiya sığorta kapitalı 156 aya bölünməklə 97,94 (15278,64:156) manat əmək pensiyasının (408,67 manat) üzərinə əlavə edilərək pensiya məbləği 506,61 (408,67+97,94) manata (indeksləşdirilərək 01.01,2025-ci il tarixinə 608,98 manat) artırılmalı olduğu halda, 15850,02 manat pensiya sığorta kapitalı 72 aya bölünməklə 220,14 (15850,02:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 628,81 (408,67+220,14) manata (indeksləşdirilərək 01.01,2025-ci il tarixinə 755,88 manat) artırılmaqla ona ödənilmişdir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı 2942,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur.“İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki hallan və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinin dinlənilməsi üçün 14 mart 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş olunmuşdur.Həmçinin onu da bildiririk ki, bununla əlaqədar olaraq tərəfimizdən xx.xx.2025ci il tarixdə vətəndaşa yazılmış dəvət məktubunda 5 mart 2025-ci il tarixindən inzibati icraat başlandığı, həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən vətəndaşın müraciəti əsasında 1 mart 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 506,61 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 608,98 manat) məbləğində müəyyən edilməli olduğu halda, 628,81 manat məbləğində müəyyən edildiyi aşkar olunduğu bildirilib. Göründüyü kimi tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət ötürülməmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.Həmçinin bildiririk ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron informasiya X2 Altsistemindən çıxarışdan görünür ki, İddiaçı pensiyasından hər hansı tutulmalar aparılmamışdır. Həmçinin tutulmanın məbləği 0 AZN olaraq əks olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2-1(118)-5675/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Rahim Həsənov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya keçmişdə qüvvədə olmuş qanunvericiliyə əsasən 2017-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təvin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 52 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 628,81 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının xx.xx.2025ci il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının aylıq məbləği 755,88 manat təşkil etmişdir. Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-5764/2025 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixdə təyin edilmiş, hazırkı 755,88 manat pensiya məbləği yenidən hesablanaraq, 608,98 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama-6 illik (təkrar) (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-5764/2025 nömrəli qərarının ləğv edilməsi, eyni zamanda əvvəlki pensiya məbləğinin bərpa edilməsini tələb edir. Cavabdeh orqanın dəlilləri (imtinanın, etirazın, şikayətin) ondan ibarətdir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2017-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il-58 il =84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025ci il tarixli, 2-1(102)-53/2025 nömrəli qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.” Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin pensiyasının artırılmasını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, həmin maddənin tətbiqi üçün iki əsas şərt nəzərdə tutulmuşdur: - şəxs işləyən əmək pensiyaçısı olmalıdır. - pensiya təyin olunandan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı toplanmalıdır. Bundan əlavə, bu maddəyə əsasən pensiyanın yenidən hesablanması üçün iki hal nəzərdə tutulur: ya şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməlidir, ya da pensiya təyin olunandan sonra 6 il və daha çox müddət işləməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı pensiya təyin olunduqdan sonra işləməyə davam etmiş, pensiya kapitalı toplanılmış və 6 ildən çox işləmişdir. Buna görə onun pensiyası 37.3.1-ci maddəyə uyğun yenidən hesablanmalıdır və 45-ci maddə tətbiq olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilir ki, bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin sözügedən ikinci cümləsi Qanundan çıxarılmışdır. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 45-ci maddənin ikinci cümləsinin məzmunundan göründüyü kimi bu norma əmək pensiyasının təyin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı halda isə iddiaçıya 2017-ci ildən güzətşli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən qanununun tələblərinə uyğun olaraq (37.3.1) iddiaçının əmək pensiyası yenidən hesablamış, sonuncu dəfə xx.xx.2025-ci il tarixli qərarla isə 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək iddiaçının pensiyasını yenidən hesablamış, xx.xx.2023-cü il il tarixli qərar ləğv edilmişdir. Kollegiya qeyd edir ki, həmin norma pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki, 45-ci maddənin ləğv olunmuş ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı 45-ci maddənin sözügedən ikinci cümləsinin qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər aralığında təyin edilməmişdir. Hətta həmin aralıqda təyin edilsəydi belə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan pensiyanın təyin edilməsi zamanı deyil, məhz pensiyanın yenidən hesablanması zamanı həmin normanı tətbiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin norma pensiya təyinatı ilə bağlı olduğundan iddiaçının pensiyası yenidən hesablana bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi 45-ci maddəsinin sözügedən ikinci cümləsi pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən cavabdeh orqan xx.xx.2023-cü ildə il tarixdə iddiaçının pensiyasını yenidən hesablayarkən haqlı olaraq həmin normanı tətbiq etməmiş, “Əmək pensiyaları haqqında” Qanununun tələblərinə uyğun (37.3.1) olaraq hesablama aparmışdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2-1(118)-5675/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsaın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.