Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-227/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “R+C-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əlavə vergi məbləğnin hesablanması barədə qərarın ləğvi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “R+C-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 noyabr 2024-cü il tarixli, 3-21-2-9/2-62443/2024 nömrəli qərardan görünür ki, sentyabr 2024-cü il hesabat dövrü üzrə əlavə dəyər vergisinə dair “təqdim edilmiş bəyannamə, hesabat üzrə “R+C- Trans” MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” - 342,18 manat, “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 19.457,82 manat, “kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” 19.800 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, MMC tərəfindən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 568702 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 2.700 manat ƏDV məbləğinin MMC tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.700 manat kənarlaşma yaranmışdır. MMC tərəfindən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 569738 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2.700 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.700 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 569738 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2.700 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.700 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 781842 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2.700 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.700 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 368337 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2.700 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.700 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEC seriyalı 250928 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2.700 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.700 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEC seriyalı 417829 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3.600 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 3.600 manat kənarlaşma yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 dekabr 2024-cü il tarixli, 3-21-2-1/2-9480/2024 nömrəli “R+C-Trans” MMC-yə göndərilmiş məktubundan görünür ki, müraciətində 2024-cü ilin sentyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması xahiş edilmişdir. Müraciəti üzrə inzibati araşdırma ilə əlaqədar tərəfindən həyata keçirilmiş əməliyyatlara dair məlumatların təqdim edilməsinə zərurət yarandığı bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 25 fevral 2025-ci il tarixli, 3-21-2-9/2- 43847/2025 nömrəli qərarından görünür ki, sentyabr 2024-cü il hesabat dövrü üzrə əlavə dəyər vergisinə dair “təqdim edilmiş bəyannamə, hesabat üzrə “R+C-Trans” MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” -342,18 manat, “əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi” – 19.457,82 manat, “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 16.757,82 manat, “kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği” 17.100 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, aparılmış araşdırılma zamanı fevral və mart aylarında əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 569738 nömrəli elektron qaiməfaktura üzrə cəmi 2.700 manat ƏDV məbləği olmasına baxmayaraq, KVY zamanı həmin elektron qaimə-faktura üzrə 2 dəfə təkrar uyğunsuzluq çıxmışdır ki, nəticədə eyni məbləğ üzrə iki dəfə təkrar hesablama aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin iddiaçı barəsində tərtib etdiyi 16 noyabr 2024-cü il tarixli, 3-21-2-9/2- 62443/2024 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 19.800 manat vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin iddiaçı barəsində tərtib etdiyi 25 fevral 2025-ci il tarixli, 3-21-2-9/2-43847/2025 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əlavə vergi hesablanarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarının tələbləri kobudcasına pozulmuşdur. Belə ki, sifarişçi iddiaçı ilə icraçı "xxxx" MMC müqavilə bağlayaraq öhdəliklər götürmüşlər. Yəni sifarişçi qaiməfakturaya əsasən xidməti alır və icraçıya hesab faktura ilə tam şəkildə ödəniş edir. Elektron qaimə-fakturalardan görünür ki, burada mal alqı-satqısı olmamış, yalnız xidmət olmuşdur. "xxxx" MMC iddiaçının əməliyyatlarından sonra riskli müəssisə kimi qeydiyyata alınmışsa iddiaçının bundan məlumatı ola bilməzdi və qanunvericilikdə əvvəlcədən məlumatlı olub bunun qarşısını almaq kimi bir tədbir növü də mövcud deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçıya münasibətdə 2024-cü il sentyabr ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.100 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Belə ki, uçot-baza məlumatlarına əsasən iddiaçının 17 fevral 2005-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, 22 yanvar 2024-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün “rabitə və elektrik xətlərinin çəkilməsi”ndən ibarət olduğu, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 600 kv.m olan Anbar adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında 15 fevral 2019-cu il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2024-cü ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 568702 nömrəli, EBDZ seriyalı 569738 nömrəli, mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 781842 nömrəli, EBDZ seriyalı 569738 nömrəli, EBEA seriyalı 368337 nömrəli, aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBEC seriyalı 250928 nömrəli və EBEC seriyalı 417829 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2024-cü ilin sentyabr ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli, 3-21-2-9/2- 56972/2024 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, VM-in 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü ilin sentyabr ayı üçün 19.800,00 manat əlavə vergi məbləği hesablanmış və müvafiq olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 noyabr 2024cü il tarixli, 3-21-2-9/2-62443/2024 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Aparılmış araşdırılma zamanı fevral və mart aylarında əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 569738 nömrəli elektron qaimə-faktura üzrə cəmi 2.700 manat ƏDV məbləği olmasına baxmayaraq, KVY zamanı həmin elektron qaimə-faktura üzrə 2 dəfə təkrar uyğunsuzluq çıxmışdır ki, nəticədə eyni məbləğ üzrə iki dəfə təkrar hesablama aparılmışdır. Təkrar kameral vergi yoxlamasına əsasən hesablanmış 19.800 manat vergi məbləğinin 2.700 manat hissəsi azaldılmış və qüvvədə qalan 17.100 manat vergi məbləği üzrə 25 fevral 2025-ci il tarixli, **********439200 elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicilərin apardığı əməliyyatlar normativ aktlarla nəzərdə tutulmuş meyarlara tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmişdir və məntiqi ardıcıllığa uyğun olaraq bu riskli əməliyyatları aparan vergi ödəyiciləri həmin Meyarların 2-ci bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 25 fevral 2025-ci il tarixli, 3-21-2-9/2- 43847/2025 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın çıxarılmasına səbəb iddiaçının riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatların aparılması olmuşdur. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə VM-in 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilibedilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış müqavilə, tərtib edilmiş e-qaimələr hər hansı malın alqısatqısı deyil, müvafiq xidmətlərin (metal dirəklərin quraşdırılması, kabelin çəkilməsi və s.) həyata keçirilməsi ilə bağlı tərtib edilmişdir. VM-in 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab olunur. Əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Həmçinin, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Cavabdeh orqanın istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə bağlanılmış xidmət müqaviləsi üzrə icraçı olan "xxxx" MMC-dən 2024-cü ilin fevral, mart və aprel aylarında dəyəri 95.000 manat (ƏDV-si 17.100 manat) olan elektron qaimə-fakturalar ilə “görülmüş işlər üzrə” əldə edildiyi müəyyən olunmuş, lakin "xxxx" MMC-nin fəaliyyətinin araşdırılması zamanı həmin əməliyyatların əmtəəsiz əməliyyatlar olduğu aşkar edilmiş və həmin MMC 30 oktyabr 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında həyata keçirilmiş əməliyyatlar, həmin cəmiyyətin riskli vergi ödəyicisi kimi hesab edilməsindən əvvəl baş tutmuşdur. Bu hal bir daha göstərir ki, iddiaçı əməliyyatların həyata keçirildiyi zaman qarşı tərəfin vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kimi qiymətləndiriləcəyindən xəbərdar ola bilməzdi. Cavabdeh orqan qeyd edilən “görülmüş işlər üzrə” əməliyyatların əmtəəsiz olduğunun aşkar edilməsini bildirsə də, buna dair iddiaçıya münasibətdə hər hansı sübut təqdim etməmiş, yalnız "xxxx" MMC-nin riskli vergi ödəyicisi olduğuna əsaslanmış, nəticədə e-qaimələrdə əks olunmuş xidmətlərin həqiqətən yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İşə baxan Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında iddia tələbinin təmin olunma əsası kimi məsələnin mahiyyətini araşdırmadan qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə VM-in 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. İlk növbədə qeyd etməliyik bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslana dəlildir. Ona görə ki, yuxarıda adları qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qeyd edilən hal üzrə "R+C-Trans” MMC və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələbləri araşdırmadan qərar qəbul etdirmişdir. Həmin Məcəllənin 175.11 -ci maddəsinə əsasənm əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Sumqayıt İnzibati Məhkəməsi sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində əlavə ƏDV vergi məbləğinin hesablanması barədə qəbul edilmiş qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, sentyabr 2024-cü il hesabat dövrü üzrə 17100 manat əlavə ƏDV üzrə vergi məbləği hesablanmış, əvəzləşmə üzrə təqdim edilmiş bir sıra electron qaimə-faktura sənədləri üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan, əvəzləşməyə əsas vermədiyindən, ümumilikdə 17100 manat məbləğində ƏDV üzrə kənarlaşma aşkar edildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı vergi ödəyicisi olmaqla, tikinti fəaliyyət ilə məşğuldur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə 2024-cü ilin fevral, mart və aprel aylarında ümumi dəyəri 95000 manat məbləğində işlər görülmüş, bu barədə elektron aimə fakturalar tərtib edilmiş, habelə ödəniş tapşırığı, təhvil-təslim aktları mövcud olmuşdur. Cavabdeh inzibati oran məhz həmin əməliyyatların əmtəəsiz əməliyyatlar olmasına əsaslanaraq, "xxxx" MMC barəsində riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Kollegiya ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına qanunvericiliyin və oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq ətraflı şəkildə dəyərləndirmə aparılmış, hüquqiqiymətvermənin əsasları ətraflı şəkildə qeyd edildiyindən və həmin dəyərləndirmə iləkollegiya razı olduğundan, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bununla yanaşı, kollegiya qeyd edir ki,indiki halda iddiaçı müvafiq elektron qaimə üzrə əldə etdiyi xidmətlərin (işlərin) dəyərinə münasibətdə ƏDV məbləğinin əvəzləşdirilməli olduğunu əsas gətirmişdir. Cavabdeh inzibati orqan isə həmin xidməti təqdim edən (işi görən) qismində çıxış edən müvafiq MMC riskli vergi ödəyicisi olduğundan, həmin elektron qaimə fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması halına istinad edərək, iddiaçı ilə müvafiq MMC arasında aparılmış həmin əməliyyatları əmtəəsiz əməliyyatlar hesab edərək, ƏDV əvəzləşdirilməsinə yol verilmədiyindən, ƏDV üzrə kənarlaşma aşkar etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən xidmət müqavilələri üzrə işlərin (xidmətlərin) təhvil alınması, habelə işin (xidmətin) dəyərinin ödənilməsi, elektron qaimələrin tərtib edilməsi halı iş materialları əsasında öz təsdiqini tapır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə sübutetmə yükün bilavasitə cavabdeh vergi orqanının üzərinə düşür. Başqa sözlə desək, cavabdeh iddiaçı ilə müvafiq MMC arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyat hesab etdiyi halda, onun əsaslarını sübutetmək öhdəliyi daşıyır. İndiki halda isə cavabdeh inzibati orqan qeyd edilən halı yalnız müvafiq MMC-lərin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyicisi siyahısına daxil edilməsi (bu barədə qərar qəbul edilməsi) ilə bağlı hallarla əsaslandırmışdır. Kollegiya cavabdehin istinad etdiyi həmin əsasla bağlı onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında müvafiq MMC xx.xx.2024-cü il tarixli qərar əsasında riskli vergi ödəyicisi hesab edilməklə, riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, iddiaçının isə həmin MMC ilə apardığı əməliyyatların tarixi isə 2024-ci ilin fevral, mart,aprel ayları olmuşdur. Göründüyü kimi, iddiaçının müvafiq MMC ilə əməliyyatları apardığı vaxtda həmin MMC riskli vergi ödəyicisi qismində çıxış etməmiş, həmin əməliyyatlardan sonrakı tarixlərdə qeyd edilən MMC riskli vergi ödəyicisi hesab edilmişlər. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin normasında riskli vergi ödəyicisinin anlayışı verilmiş (VM-nin 13.2.82-ci maddəsi), həmin normanın dispozitiv şərtinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Göründüyü kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün müvafiq qərar qəbul edilməli, yalnız həmin qərardan sonra riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlar da riskli hesab olunur. İndiki halda isə iddiaçı tərəfindən müvafiq əməliyyatlar aparılan zaman müvafiq müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmiş, habelə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Başqa sözlə desək iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektrom qaimə fakturalar üzrə əməliyyatları aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır. Nəticə etibarilə iddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, əməliyyat tarixində müəssisənin riskli vegri ödəyicisi olmamasına əmin olmuş, vergi orqanı tərəfindən də bu barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan istinad edilən hala əsaslanmaqla müvafiq qərar əsasında iddiaçı barəsində ƏDV üzrə əlavə vergi məbləğini hesablamaqda haqlı olmamış, həmin hissədə etiraz və şikayətinin dəlilləri əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsinin əsaslarına dair heç bir sübut təqdim edilməmiş, iddiaçı barəsində qəbul edilmiş qərar ehtimallara əsaslanmaqla, qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olduğundan (Azərbaycan Respublikası Ali X1 2-1(102)-2367/2023 saylı xx.xx.2023-cü il tarixli,2-1(102)-1234/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli və digər), həmin hal hazırki iş üzrə nəzərə alınmalıdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində əlavə ƏDV vergisinin hesablanmasına dair qəbul etdiyi qərarı əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri (etirazın dəlilləri ilə eynilik təşkil etmişdir) iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-227/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-227/2026
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver