Məhkəmə qərarları › İş №2-1(3-8)-228/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-228/2026

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-228/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-746/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı dair A00066267FRH nömrəli “Forma 88” yanlış və ya natamam doldurulmuş, tibb müəssisəsinə geri qaytarılmış, diaqnozları təsdiq edən müayinələr tam aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 3 iyun 2022-ci il tarixdə “Əsas diaqnoz: G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Damar genezli parsial epilepsiya ikincili generalizasiya ilə mürəkkəb parsial klonik tutmalarla. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar arterial hövzəsində qan dövranı çatmamazlığı. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş və müvazinətin pozulması. Yanaşı xəstəliklər 110. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi (A/T 160/10Smm.cv.st). Yanaşı xəstəliklər M42 onurğanın osteoxondrozu, boyun osteoxondrozu” diaqnozun əlillik əlamətinin tətin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 noyabr 2024-cü il tarixli, 3- 17- 4/2-J-30871/2024 nömrəli məktubundan görünür ki, əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin V00189957FTG nömrəli göndərişi əsasında, sonuncu dəfə 10 may 2024-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Bildirilmişdir ki, müraciəti əsasında 29 avqust 2024-cü il tarixdə Agentlikdə qəbulda iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 22 may 2023-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin ediməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 10 may 2024-cü il tarixli, xxxxxxx0010 nömrəli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin ediməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin 25 sentyabr 2025-ci il tarixli, T709/2025 rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: H90.3 eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli koxlear nevrit. Neyrosensor İV (dördüncü) dərəcəli ağıreşitmə. Ağırlaşma: H91.9 - eşitmənin dəqiqləşdirilməmiş itirilməsi, karlıq, F80.0 - Nitq artikulyasının spesifik pozuntusu. Lallıq” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçının “Ə.D.Məlikov adına X9” phş-də 25-30 avqust 2025-ci il tarixlərdə “XBT-10 kodu üzrə: Əsas xəstəlik: G40.2-Damar genezli parsial epilepsiya, ikincili generalizasiya ilə mürəkkəb parsial klonik tutmalarla (2-3 dəfə), Ağırlaşma: F06.6, F06.7-Üzvi mənşəli emosial labil pozuntu, koqnitiv funksiyaların zəifləməsi ilə. Yanaşı xəstəliklər: G25.0, H90, M50.1, H25.0, Eli, H52.4, G31.0 - İkitərəfli koxlear nevrit, neyrosensor ağırlaşma ilə İV dərəcəli. Şəkərli diabet 2 tip. Başlanğıc katarakta. Presbiopiya. Esensial tremor. Diskogen boyun radikulopatiyası. Serebral atrofıya” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. EEQ müayinə nəticəsində qeyri-spesifık orta strukturların disfunksiyası aktivləşdirici strukturların üstünlüyü fonunda sağ ffonta-sentral bölgədən kök alan baş beynin bilateral-sinxron epileptiform aktivliyi qeyd olunmuş, stasionar müalicə zamanı xəstədə (“2-3 dəfə”) qıcolma tutması qeyd edilmişdir. X8 İddiaçınm adına icra edilmiş 30 avqust 2025-ci il tarixli ton odyometri nəticəsində iddiaçının verdiyi cavaba əsasən hər iki qulaqda ağır dərəcədə sensonevral tipdə eşitmə azlığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əlilliyinin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi, iddiaçının əlilliyinin düzgün müəyyənləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 10 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulması 50% olmaqla ümumi xəstəlik səbəbilə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 fevral 2010-cu il tarixdən ümumi xəstəlik nəticəsində İİ qrup əlil olmuşdur. 2021-ci il tarixdən təyin olunmuş əlillik növbəti müddət üçün yenidən müəyyən olunmamışdır. 24 fevral 2021-ci il tarixdən əlilliyin verilməsi dayandırılmışdır. Növbəli müayinəyə göndərilmiş, lakin cavabdeh əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə göndəriş verilməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində iddiaçıya əlillik verilməsindən imtina edilməsi cavabı qeydə alınmışdır, forma 88-də qeyd olunur ki, yanlış və natamam doldurulmuşdur. Tibb müəssisəsinə geri qaytarılır. Hansı ki, xəstəliyi daha da kəskinləşmiş və iş qabiliyyəti azalmış, tam olaraq İİ qrup əlillik meyarları qalmışdır. Bundan başqa, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). Qeyd olunan xəstəliyin olub-olmamasını müəyyən etmək üçün əyani aralıq qərardadının qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 may 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən orqanizmin funksiyalarının pozulması 50% olmaqla ümumi xəstəlik səbəbilə müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya 3 iyun 2022-ci il tarixdə “Əsas diaqnoz: G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Damar genezli parsial epilepsiya ikincili generalizasiya ilə mürəkkəb parsial klonik tutmalarla. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar arterial hövzəsində qan dövranı çatmamazlığı. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş və müvazinətin pozulması. Yanaşı xəstəliklər 110. Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi (A/T 160/10Smm.cv.st). Yanaşı xəstəliklər M42 onurğanın osteoxondrozu, boyun osteoxondrozu” diaqnozun əlillik əlamətinin tətin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, 10 may 2024-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmiş, 29 avqust 2024-cü il tarixdə isə təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar müəyyən olunmamışdır. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Bu isə işin nəticələrinin“ Göndərişin natamam doldurulması” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Göndərişin natamam doldurulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri .... 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2024-cü ildən orqanizmin funksiyalarının pozulmasının 50% dərəcəsi ilə ümumi xəstəlik səbəbilə müddətsiz əlilliyin müəyyən edilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq ftibbi göndərişin natamam doldurulması səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin ediməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (xx.xx.2024-cü il), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi,ikitərəfli koxlear nevrit,neyrosensor ağıreşitmə İV dərəcəli (XBT kodu H90.3),ağırlaşmaları Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi,karlıq (XBT kodu H91.9); Nitq artikulyasiyasının spesifik pozuntusu,lallıq (XBT kodu F80.0) kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilərək, iddiaçı barəsində göndərişin natamam dolduurlması əsası ilə əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2011,2015-ci ildə əlilliyi müəyyən edilmiş şəxs olmuş, sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklər (XBT kodu H90.3,H91.9,F80.0) stasionar müayinə və müalicə zamanı müəyyən edilmiş, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir, ikitərəfli koxlear nevrit neyrosensor ağırlaşma ilə İV dərəcəli xəstəlik əlamətinin olduğu qey edilmişdir. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyi cavabdehin nümayəndəsinin iştirakı ilə aparılmış tədqiqatın nəticəsində tərtib edildiyindən, bu hal isə həmin rəyin mötəbərliyini şübhə altına aldığından, iddianın əsaslılığına hüquqi qiymət verilməsi zamanı həmin ekspert rəyi mötəbər sübut qismində çıxış etməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən diaqnoz xəstəliklərlə bağlı mütəmadi olaraq stasionar və ambulator müalicə və müayinədə olunmuşdur (ambulator kartadan çıxarış və s. tibbi sənədlər əsasında müəyyən edilmişdir). Kollegiya hesab edir ki, indiki halda iş materiallarında olan ekspert rəyi, həkim-mütəxəsis rəyləri, amulator kartadan çıxarış və digər tibbi sənədlər əsasında iddiaçıda məhz XBT kodu H90.3 və H91.9 olan diaqnoz xəstəliyin müvafiq Meyarların 9.1.4.-ci bəndinə əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin (eşitmə zəifliyi İV dərəcə, ikitərəfli) mövcudluğu öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq Meyarlara əsasən həmin XBT kodu olan diaqnoz xəstəliyi və onun qiymətləndirmə əlamətləri orqanizmin funksiyasının pozulmasının 50 faiz dərəcə və müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsasdır. İndiki halda isə cavabdeh tərəfindən həmin halları təkzib edən heç bir sübut təqdim edilməmiş,imtina və şikayətin dəlili kimi istinad etdiyi hallara dair heç bir tibbi sənəd təqdim edilməmişdir. İşin yuxarıda müəyyən edilmiş halları əsasında isə cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarın əsaslılığı və qanuniliyi təkzib edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş xx.xx.2024-ci il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya cavabdehin müalicə müddəti ilə bağlı istinad etdiyi arqumentinə aid hissədə onu qeyd etməyi zəruri hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların 1 nömrəli Əlavəsində müalicə müddəti gözlənilmədən tibbi göndərişin verilməsinə əsas olan xəstəliklərin Siyahısı qeyd edilmiş, həmin Siyahıda XBT kodu H90 olan diaqnoz xəstəlik əks olunmuşdur (hansı ki hazırki halda iddia tələbinin əsasını məhz həmin xəstəlik və onun əlamətləri təşkil etmişdir). Həmçinin, qeyd edilməlidir ki, həmin Qaydaların 2 №li Əlavəsində təkrar əlillik üçün tələb olunan müalicə müddətlərinə aid siyahıda XBT kodu H90 olan diaqnoz xəstəlik üçün tələb olunan müddət kimi 1 dəfə ambulator müalicə müddəti nəzərdə tutulmuşdur. İndiki halda işin müəyyən edilmiş halları əsasında iddiaçı barəsində tələb olunan həmin şərtin ödənilməsi iş materiallarında olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki,indiki halda iddianının əsaslılığı işin yuxarıda müəyyən edilmiş halları əsasında öz təsdiqini tapdığından, habelə həmin halla əsasında cavabdehin apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar