Məhkəmə qərarları › İş №2-1(3-8)-232/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-232/2026

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-232/2026 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlunun, cavabdeh DƏDRX phş-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Əmikişiyev Anar Rafik oğlu, üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlu və onun nümayəndəsi Cəbrayılov Mehman Hümsi oğlunun iştirakı ilə, İddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23.10.2025-ci il tarixli, 2-1(118)-1390/2025 nömrəli qərarından üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarı ilə Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt 2 saylı Ərazi idarəsində aparılmış qeyd və bunun əsasında verilmiş 6 dekabr 2013-cü il tarixli, RX 0300939 seriyalı çıxarış, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarı etibarsız hesab edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-79/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2- 1(118)-52/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı qismən - 0,06 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023cü il tarixli, 2-1(102)-2679/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(105)-79/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-F-0001-35/2024 nömrəli Fərzullayev İsmayıl Rukaxan oğluna göndərilmiş məktubundan görünür ki, ərizəyə əlavə edilmiş məhkəmə qərarında “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəf kimi cəlb olunmamış və üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.

5. İddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlu ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh 13.02.2024-cü il tarixli, 3-21-3-31/2-F-0001-35/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin 13 dekabr 2023-cü il tarixli, 2-1(102)-2679/2023 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəf kimi cəlb edilməmiş və üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İmtinanın maddi hüquqi əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4-cü maddələrinə istinad edilmişdir.

7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlu, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində yerləşən iddiaçıya məxsus 1650j saylı bağ sahəsinin 0,06 ha hissəsinə dair cavabdeh tərəfindən Sumqayıt şəhər bələdiyyəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4480/2024 nömrəli qərardadı ilə Cəbrayılov Fikrət Hümsi oğlu məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri cəlbdetmə) cəlb edilmişdir.

9. Məhkəmənin 28 iyul 2025-ci il tarixli, 2-1(118)-1390/2025 nömrəli qərardadı ilə Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri cəlbdetmə) cəlb edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı qismən – 0,06 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsi iddiaçının atası Fərzullayev Rukuxan Şahməmməd oğluna bağ icarə müqaviləsi əsasında məxsus olmuş, bələdiyyə qanunsuz olaraq həmin bağ sahəsinin 0,06 ha torpaq sahəsinin Fikrət Cəbrayılova ayrılması barədə qərar qəbul etmişdir. Bu qərarı qəbul etdikdən sonra Sumqayıt bələdiyyəsi ümumilikdə 0,12 ha olmaqla, iddiaçı tərəfin də bağın 0,06 ha hissəsini təşkil edən torpaq sahəsinə dair öz adına cavabdeh təşkilatda çıxarış alaraq, sonradan F.Cəbrayılova satmışdır. Hazırda bələdiyyənin torpaq ayrılmasına dair 29 avqust 2013-cü il tarixli həmin qərarı qismən – iddiaçı tərəfə məxsus 0,06 ha hissədə məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Belə olan təqdirdə, bu torpaq sahəsinə dair bələdiyyəyə verilmiş çıxarış qismən – 0,06 ha hissədə də ləğv edilməlidir. Bu məqsədlə cavabdehə müraciət edilmiş, cavabdeh ərizəni təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeydiyyata alınmış hüquqlara dair mübahisələr məhkəmə qaydasında həll edilməlidir.

11. Cavabdeh etirazında imtina məktubunda göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Etirazın maddi hüquqi əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, 9.1.2, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddələrinə istinad edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt İnzibati Məhkəməsinin 23.10.2025-ci il tarixli, 2-1(118)-1390/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində yerləşən 1650j saylı bağ sahəsinin 0,06 ha hissəsinə dair Sumqayıt şəhər bələdiyyəsinə verilmiş çıxarış (6 dekabr 2013-cü il qeydiyyat tarixli, RX seriyalı, 0300939 nömrəli) etibarsız hesab edilmişdir (hakim Könül Həbibova).

14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)79/2023 nömrəli qərarı ilə Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı qismən – 0,06 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilmiş, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2- 1(102)-2679/2023 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır və hazırda öz qanuni qüvvəsini almışdır.

15. Qeyd olunan məhkəmə aktlarından müəyyən edilir ki, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində yerləşən 0,0908 ha bağ sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ 6 dekabr 2013-cü il tarixdə dövlət reyestrində qeydə alınaraq RX seriyalı, 0300939 nömrəli çıxarış verilmişdir.

16. Bundan əlavə, həmin aktlardan görünür ki, “1650j saylı bağ sahəsi R.Fərzullayevin icarəsinə bələdiyyənin müvafiq səlahiyyətinin olmadığı dövrdə, yəni 08.06.1989-cu il tarixdə verildiyindən bələdiyyənin həmin torpaq sahəsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir.

17. Göründüyü kimi cavabdeh inzibati orqan bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində yuxarıda qeyd edilən normaların tələblərinə əməl etməyərək, iddiaçının atasının icarəsinə, daha sonra torpaq islahatı haqqında qanunvericiliyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etmişdir.

18. Bununla da, cavabdeh bələdiyyə iddiaçının mərhum atasının icarəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, nəticədə etibarsız inzibati akt qəbul etmişdir.”

19. Göründüyü kimi, hazırkı iş üzrə iddia predmeti olan və etibarsızlığı iddia edilən dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş bələdiyyə qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir.

20. Üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlu qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Fərzullayev İsmayıl Rükaxan oğlu iddia tələbində göstərir ki, guya Novxanı bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum atası Fərzullayev Rükaxan Şahməmməd oğlunun icarəsinə verilmişdir. Fərzullayev Rükaxan Şahməmməd oğlu 12 fevral 2005-ci il tarixdə vəfat etmişdir.Ona məxsus bağ sahəsi qanunsuz olaraq guya ona verilmişdir. Halbuki mübahisələndirilən torpaq sahəsi sahibsiz və baxımsız bir yer olmuş, həmin sahə onun tərəfindən 1990-cı illərdən hasara alınmış, orada ağaclar əkilmiş və qulluq göstərmişdir. Həmin sahə Fərzullayev Rükaxan Şahməmməd oğlunun icarəsinə verilmişdirsə 2013-cü ilə kimi keçən vaxda, yəni 1989-cu ildən bu yana kimi nə üçün ona ayrılmış 12 sot torpaq bağ sahəsini hasara almamış, orda bağ icarə müqaviləsində göstərilən icarəyəgötürən tərəfindən yerinə yetiriləcək heç bir iş görülməmişdir. Bağ sahibi olan Fərzullayev Rükaxan Şahməmməd oğlu vəfat etdiyi günədək və ondan sonra onun övladları nə üçün 2018-ci ilədək, yəni məhkəmə mübahisəsi qaldırdıqları vaxtadək həmin bağ sahəsinə gəlməmişlər. İddiaçı məhkəmdə iddia qaldırarkən atasına verilmiş 0,12 ha torpaq sahəsini mübahisələndirmişdir, lakin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, həmin mübahisələndirilən 0,12 ha bağ sahəsinin 0,6 ha torpaq sahəsi Abbasov Arif Akim oğlunun adına rəsmiləşmiş və sonradan Arif Abbasovun ölümü ilə əlaqədar həmin torpaq sahəsi qızı Abbasova Nailə Arif qızının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Həsənova Esmira Gəray qızına rəsmi qaydada satılmışdır. İddiaçı Fərzullayev İsmayıl Rükaxan oğlunun həmin tələbi rədd edilmiş və hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(102)-49/2020 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı bu qərardan sonra qalan 0,6 ha torpaq sahəsinə mübahisəni davam etdirir, halbuki həmin sahə 2014-cü ildən Mirişli Günay Mirməhəmməd qızınını mülkiyyətində olmuş və hal-hazırda həmin sahədə alqı-satqı müqaviləsi əsasında başqa mülkiyyətçi yaşayır. Göründüyü kimi iddiaçı Fərzullayev İsmayıl Rükaxan oğlunun atası Rükaxan Fərzullayev belə ona ayrılmış bağ sahəsinin yerini belə bilməmişdir. 1989-cu ildən 2018-ci ilə kimi keçən 30 il ərzində bağ sahəsinin onlara məxsus olmasını təsdiq edən heç bir hüquqi sənəd ortaya qoyulmamışdır. Hətta əvvəlki məhkəmə proseslərində iddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinin əvvəlki sədri Əbülfəz Babayevin imzası ilə tərtib edilmiş yeni icarə müqaviləsi və ölçü xəritəsi təqdim etmişdir ki, hal-hazırda mübahisələndirdiyi bağ sahəsindən tam fərqlidir. Ona görə də Sumqayit İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-l(118)-1390/2025 nömrəli qərarı qanuni və əsaalı hesab edilə bilməz və qərar ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

22. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlu, onun nümayəndəsi Cəbrayılov Mehman Hümsi oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Fərzullayev İsmayıl Rukaxan oğlu apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX phş-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Əmikişiyev Anar Rafik oğlu apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

26. Sumqayıt bələdiyyəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümyəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən, məhkəmə işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-)

Maddə 29. Mülkiyyət hüququ I.Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

Torpaq Məcəlləsi:

28. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-) Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)

Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Mülki Məcəllə:

29. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

30. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 1.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

31. Maddə 11. Qanunçuluq prinsipi 1.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 2.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” Maddə 12. Bərabərlik prinsipi 1.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 2.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 3.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 4.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 1.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 2.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 3.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 4.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 5.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. “Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-) Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

32. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Hazırkı iş üzrə iddiaçının iddia tələbi Sumqayıt şəhəri, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının qismən – 0,06 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi ilə əlaqədar olaraq, həmin qərar əsasında verilmiş mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın da müvafiq hissədə etibarsız sayılmasının tanınmasına yönəlmişdir.

35. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)79/2023 nömrəli qərarı ilə qeyd olunan bələdiyyə qərarı qismən etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2-1(102)-2679/2023 nömrəli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Beləliklə, mübahisə predmeti olan inzibati aktın etibarsızlığı artıq məhkəmə tərəfindən qəti şəkildə müəyyən edilmiş hüquqi faktdır və tərəflər üçün məcburi hüquqi nəticələr doğurur.Hüquqi baxımdan inzibati aktın etibarsız hesab edilməsi o deməkdir ki, həmin akt qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmamış, yəni heç bir hüquqi nəticə yaratmamış hesab olunur. Bu prinsip inzibati hüququn ümumi əsaslarından biri olmaqla yanaşı, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin təmin olunmasına xidmət edir. Etibarsız inzibati aktın hüquqi nəticələrinin mövcudluğu istisna edildiyindən, həmin akt əsasında yaranmış hüquq və vəzifələr də hüquqi əsasını itirmiş sayılır.

36. Bu baxımdan, mübahisələndirilən dövlət reyestrindən çıxarışın hüquqi əsası məhz Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı olmuşdur. Həmin qərarın isə məhkəmə aktı ilə etibarsız hesab edilməsi çıxarışın hüquqi əsasını aradan qaldırır. Törəmə inzibati aktlar (yəni başqa bir inzibati akt əsasında qəbul edilmiş aktlar) əsas aktın hüquqi taleyindən asılıdır. Əsas aktın etibarsızlığı törəmə aktın da hüquqi qüvvədən düşməsinə səbəb olur. Bu səbəbdən, qeyd olunan çıxarışın etibarlılığının saxlanılması hüquqi məntiqə və qanunvericiliyin tələblərinə zidd olardı.

37. Cavabdeh tərəfin etirazına gəldikdə isə, onun mövqeyi ondan ibarətdir ki, bələdiyyə qərarının etibarsızlığına dair qəbul edilmiş məhkəmə qərarı ilə üzərinə konkret öhdəlik qoyulmamışdır. Lakin bu arqument hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən inzibati aktın etibarsız hesab edilməsi özü-özlüyündə həmin aktın hüquqi nəticələrini aradan qaldırır və əlavə olaraq hər hansı öhdəliyin ayrıca göstərilməsini tələb etmir. Məhkəmə qərarının hüquqi qüvvəsi yalnız dispozitiv hissə ilə məhdudlaşmır, eyni zamanda həmin qərarın hüquqi nəticələri qanunvericilikdən irəli gələrək birbaşa tətbiq olunur.

38. İş materialları ilə həmçinin müəyyən edilir ki, cavabdeh bələdiyyə torpaq sahələrinin ayrılması zamanı qanunvericiliyin tələblərinə riayət etməmiş, səlahiyyətli olmadığı halda iddiaçının atasının icarəsində və sonradan mülkiyyətində olan torpaq sahəsinə dair üçüncü şəxsə hüquq verilməsi barədə qərar qəbul etmişdir. Bu hal inzibati aktın etibarsızlığını şərtləndirən əsas faktorlardan biri olmuşdur və artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

40. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

41. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

42. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir....

43. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

44. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

45. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının qismən etibarsız hesab edilməsi həmin qərar əsasında verilmiş dövlət reyestrindən çıxarışın da müvafiq hissədə hüquqi qüvvədən düşməsinə səbəb olur. Bu səbəbdən iddiaçının çıxarışın etibarsız hesab olunması barədə tələbi hüquqi və faktiki baxımdan əsaslı olmuş, cavabdehin iddiaçının buna dair tələbinini təmin etməməsi əsassız olmuşdur.

46. Məhkəmə kollegiyası üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun apellyasiya şikayətində iddiaçı Fərzullayev İsmayıl Rükaxan oğlunun tələbinin əsassız olduğunu müxtəlif dəlillər ilə əsaslandırmış, həmin dəlillər işin faktiki halları və qüvvəyə minmiş məhkəmə aktları ilə təkzib olunur və hüquqi baxımdan qəbuledilməzdir.

47. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin sahibsiz və baxımsız olması, üçüncü şəxs tərəfindən 1990-cı illərdən istifadə edilməsi və abadlaşdırılması ilə bağlı göstərilən hallar hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, torpaq sahəsinə faktiki sahiblik və ya istifadənin mövcudluğu həmin sahə üzərində hüququn yaranması üçün əsas deyildir. Torpaq münasibətləri yalnız qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş hüquqi aktlar əsasında tənzimlənir. Bu baxımdan, üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun uzun müddət faktiki istifadə ilə bağlı istinadları hüquq yaradan əsas kimi qəbul edilə bilməz.

48. Bundan əlavə, iş materialları ilə təsdiq olunur ki, mübahisəli torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında iddiaçının mərhum atası Fərzullayev Rükaxan Şahməmməd oğlunun istifadəsinə verilmişdir. Bu hüquqi fakt əvvəlki məhkəmə araşdırmaları zamanı qiymətləndirilmiş və müvafiq məhkəmə aktlarında öz əksini tapmışdır. Üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun həmin müqavilə üzrə icarəçinin torpaq sahəsindən istifadə etməməsi ilə bağlı iddiaları isə sübutlarla təsdiqlənməmiş və hüquqi nəticə doğurmur. Çünki icarə münasibətlərinin həyata keçirilməməsi digər şəxsələrə həmin torpaq sahəsi üzərində hüquq əldə etmək imkanı vermir.

49. Apellyasiya şikayətində həmçinin iddiaçının və onun ailə üzvlərinin uzun müddət torpaq sahəsinə gəlməməsi və maraq göstərməməsi xüsusi vurğulansa da, bu hal da hüquqi baxımdan iddia hüququnun itirilməsi üçün əsas sayıla bilməz. Mülki və inzibati qanunvericilikdə belə hallarda hüququn itirilməsi halları nəzərdə tutulmamışdır. Əksinə, torpaq sahəsi üzərində hüququn mövcudluğu yalnız müvafiq inzibati aktlar və hüquqi sənədlərlə müəyyən edilir. Həmçinin Konstitusiyanın 13 və 29-cu maddələri, həmçinin Mülki Məcəllənin 152-ci maddələri müəlkiyyət hüququnun müdafiəsini təsbit edən normalar kimi çıxış etməkdədir.

50. Bununla yanaşı Sumqayıt şəhər bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qismən etibarsız hesab edilmişdir. Bu hal Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı və Ali Məhkəmənin 13 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur. Həmin məhkəmə aktlarında açıq şəkildə müəyyən edilmişdir ki, bələdiyyə mübahisəli torpaq sahəsi ilə bağlı qərar qəbul edərkən səlahiyyət həddini aşmış və qanunvericiliyin tələblərini pozmuşdur.

51. Bu səbəbdən cavabdehin torpaq sahəsinin sonradan digər şəxslərin mülkiyyətinə keçməsi, alqı-satqı əməliyyatlarının aparılması və ya vərəsəlik yolu ilə ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də hüquqi baxımdan əsassızdır. Çünki etibarsız inzibati akt əsasında yaranmış bütün sonrakı hüquqi nəticələr də etibarsız hesab olunur. Başqa sözlə, ilkin hüquqi əsas etibarsızdırsa, həmin əsasdan törəyən bütün hüquqlar da hüquqi qüvvəyə malik ola bilməz.

52. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

53. Odur ki, formal mülahizələr əsasında tərtib edilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23.10.2025-ci il tarixli, 2-1(118)-1390/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar