Məhkəmə qərarları › İş №2-1(3-8)-236/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-236/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-236/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı hüquq varisi Hüquqi varis cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçının hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları JN 1290 KOD 41010004 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şamaxı rayon Şəhriyar bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə İddiaçı Əsgər oğluna 4.00 ha torpaq sahəsi ayrılmışdır. 2022-ci il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə və faktiki ölçülərinin 4.0 ha olduğu, TEKUİS-ə əsasən Dövlət Aktında göstərilən cizgi kənd təsərrüfatı olmaqla səkkiz hissədə işlənildiyi qeyd edilmişdir. AZ-II № ***** saylı ölüm haqqında şəhadətnaməyə əsasən İddiaçı Əsgər oğlu ##.##.2023cü il tarixdə vəfat etmişdir. Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2024-cü il tarixli, *** saylı məktubuna əsasən ##.##.2023-cü ildə vəfat etmiş İddiaçı Əsgər oğlundan qalmış miras əmlak üzrə vərəsələrin dairəsi müəyyən edilmiş, miras əmlak arvadı Hüquqi varis və oğlu X1 tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh ** saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN:**** saylı 41010004 kodlu Dövlət aktında göstərilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Cavabdehn ** saylı Şamaxı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Məhkəməyə iddia ərizəsi veriləndən sonra iddiaçı vəfat etdiyindən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının arvadı Hüquqi varis hüquq varisi qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Şəhriyar qəsəbəsi ərazisindən 4.00 ha torpaq sahəsi satılmışdır. Torpağın məqsədli təyinatı çoxillik ağaclar əkilməsi olmuşdur. Həmin torpaq sahəsi ## ###### 2005-ci il tarixdə 641 nömrə ilə dövlət qeydiyyatına alınmış və Torpağa mülkiyyət hüququna dair JN:**** saylı 41010004 kodlu Dövlət aktı təqdim olunmuşdur. O, mülkiyyət hüququnun qeydə alınması üşün cavabdeh Cavabdeh ** saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh ## #### 2023-cü il tarixdə ************ saylı imtina məktubu ilə cavab vermişdir. Cavabdehin imtinasını əsassız hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh etirazında qeyd etmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, JN-1290 Kod ********* nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus olan 4.0 ha torpaq sahəsinin kadastr məlumatları dövlət reyestrində saxlanılan baza məlumatlarına uyğun deyildir. Belə ki, qeyd olunan JN-1290 Kod ********* nömrəli dövlət aktı elektron baza məlumatlarında öz əksini tapmır, faktiki torpaq sahəsi isə baza məlumatlarında örüş kimi işarələnmişdir. Azərbaycan Respublikasının torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar Məhkəmə sorğusuna cavab olaraq X2 filialının ##.##.2023-cü il tarixli məktubu ilə bələdiyyə qərarı və əlaqəli sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq torpaq sahəsinin qonşuğunda yerləşən torpaq sahələrinin çıxarışları və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh xxxx MMC-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, faktiki istifadə vəziyyətinə uyğun təqdim olunmuş koordinatlarda yerləşən torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı əkin, bir hissəsi isə örüş torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025- ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu ilə iddia edilən torpaq sahəsinin faktiki koordinatları təqdim edilmiş, cavab olaraq xxxx Publik Hüquqi Şəxs xxxx MMC-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, faktiki istifadə vəziyyətinə uyğun təqdim olunmuş koordinatlarda yerləşən torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı əkin, bir hissəsi isə örüş torpaq sahəsidir. Örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qərarla razılaşmayan iddiaçının hüquqi varisi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının hüquqi varisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə 4.00 hektar torpaq sahəsi çoxillik ağaçlar əkmək məqsədi ilə İddiaçı Əsgər oğluna satılmışdır. (JN-1290 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı). Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin ** nömrəli ##.##.2005-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcələsinə, “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydalarına” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** saylı qərarına müvafiq olaraq Şamaxı rayonu Kələxana kənd rayonu sakini İddiaçı Əsgər oğluna Şəhriyar bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən 4,0 hektar torpaq sahəsində çoxillik ağaclar əkmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin hazırladığı rəy və digər sənədlər tutularaq qərara alınmışdır ki, Şəhriyar bələdiyyəsinin ehtiyat fondu torpağından alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən 4,0 hektar torpaq sahəsi çoxillik ağaclar əkmək məqsədi ilə İddiaçı Əsgər oğluna satılsın. X5 Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İddiaçı Əsgər oğluna satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatı məqsədi üçün 4,0 hektar olmaqla, Şəhriyar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Əsgər oğluna Şəhriyar bələdiyyəsinin ərazisində 4,0 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir və bunun müqabilində İddiaçı Əsgər oğlu tərəfindən Şamaxı rayonu “Kapitalbank”ın Şamaxı filialının ********** saylı hesabına əvvəlcədən 2296000 (iki milyon iki yüz doxsan altı min) manat haqq ödənilmişdir. (Qəbz № **) Şamaxı rayonu N.Məmmədov adına təsərrüfatda aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışdan görünür ki, İddiaçı Əsgər oğluna satılmış torpaq sahəsi əkin sahəsi kimi ştrixlənmişdir. Sumqayıt İnzibati Məhkəməsi sözügedən qərarında bildirmişdir ki, JN-1290 Kod ********* nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus olan 4.0 ha torpaq sahəsinin koordinatları faktiki koordinatları ilə uyğunsuzluq təşkil edir. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olduğu, eləcə də faktiki koordinatlara uyğun torpaq sahəsinin harada yerləşdiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı əkin, bir hissəsi örüş torpaq sahəsidir. Bununla belə, örüş sahəsini əhatə edən torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsini təşkil etməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə natamam və yarımçıq araşdırılma aparılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar müəyyən edilməmişdir. Məhkəmə yalnız iddianın rədd edilməsi ilə kifayətlənmiş, iddiaçının faktiki olaraq torpaq sahəsinə malik olması məsələsinə hüquqi qiymət verməmişdir. İş üzrə məhkəmə ekspertizası təyin edilmiş olsa idi, bütün bu hallar aydınlaşdırılmış olardı. Xüsusilə nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə eyni hüquqmüəyyənedici sənədlər əsasında çıxarışlar verilmişdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər iddiaçının hüquqi varisi məhkəmə iclasında iştirak etməmişdir.İddiaçının hüquqi varisinin vəkili ”Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçının hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4.3 Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 10.1 Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. M a d d ə 1 7 . Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. M a d d ə 7 . Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar (...) 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi torpağa mülkiyyət hüququna dair JN:**** saylı 41010004 kodlu Dövlət aktında göstərilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə əsasən, JN-1290 Kod ********* nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus olan 4.0 ha torpaq sahəsinin kadastr məlumatları dövlət reyestrində saxlanılan baza məlumatlarına uyğun deyil, qeyd olunan JN-1290 Kod ********* nömrəli dövlət aktı elektron baza məlumatlarında öz əksini tapmır, faktiki torpaq sahəsi isə baza məlumatlarında örüş kimi işarələnmişdir. Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, JN-1290, kod ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Şamaxı rayon Şəhriyar bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı Əsgər oğluna 4,00 ha torpaq sahəsi verilmişdir. Hazırkı mübahisə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı yaranmışdır. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, dövlət aktında göstərilən torpaq sahəsinin kadastr məlumatları dövlət reyestrində mövcud baza məlumatları ilə uyğunluq təşkil etmir, dövlət aktı elektron baza məlumatlarında əks olunmur, torpaq sahəsinin faktiki yerləşdiyi ərazi isə örüş torpaqları kimi qeydə alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən əlavə araşdırma aparılmış və Cavabdeh publik hüquqi şəxsinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin 3,49 hektar hissəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsi olmaqla 28 bal, IV keyfiyyət qrupu az yararlı torpaqlara, 0,54 hektar hissəsi isə örüş sahəsi olmaqla 46 bal, III keyfiyyət qrupu yararlı torpaqlara aiddir. Həmçinin torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihələrinin elektron variantı olan “dwg” fayllarına əsasən torpaq sahəsinin 3,4143 hektar hissəsinin örüş, yalnız 0,6143 hektar hissəsinin isə əkin sahəsi olduğu müəyyən edilmişdir. Beləliklə, apellyasiya araşdırması zamanı əldə edilmiş sübutlar da torpaq sahəsinin əsas hissəsinin örüş torpaqlarından ibarət olduğunu və həmin torpaqların hüquqi rejiminin xüsusi qaydada tənzimləndiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12 və 16-cı maddələrinin, habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin tələblərinə əsasən əhalinin mal-qarasının yemlənməsi üçün istifadə olunan örüş torpaqları, eləcə də bələdiyyələrin kənd təsərrüfatı təyinatlı örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz. Belə torpaqlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda istifadəyə və ya icarəyə verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin hüquqi rejimi onun faktiki və hüquqi vəziyyəti əsasında müəyyən edilməlidir. Mübahisəli torpaq sahəsinin böyük hissəsinin örüş torpaqlarından ibarət olması, həmin torpaqların torpaq uçotu və yerquruluşu sənədlərində örüş kimi əks olunması, habelə torpaq qanunvericiliyində örüş sahələrinin xüsusi mülkiyyətə verilməsinin istisna edilməsi nəzərə alındıqda, Şəhriyar bələdiyyəsinin həmin torpaq sahəsini xüsusi mülkiyyətə vermək səlahiyyəti olmamışdır. Bu baxımdan, iddiaçının təqdim etdiyi dövlət aktının mövcudluğu özlüyündə dövlət qeydiyyatının aparılması üçün kifayət etmir. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqları təsdiq edən sənədlər dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda həmin Qanunun 15.1-ci maddəsinə görə, hüququn dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar olmadıqda və ya təqdim edilmiş sənədlərlə torpaq sahəsinin hüquqi vəziyyəti arasında ziddiyyət mövcud olduqda qeydiyyatdan imtina edilə bilər. Bundan başqa təqdim olunan dövlət aktında da torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində “örüş” bölməsində torpaq sahəsinin ölçüləri göstərilmiş, bu da öz növbəsində torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı örüş olmasına dəlalət edir. Hazırki halda məhkəmə kollegiyası bərabərlik prinsipinin də tətbiq olunmasını məqsədəuyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəsi gedən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin mülkiyyət hüquqularının qeydə alınması üçün əsas olmuş sənədlər sorğu əsasında tələb edilmişdir. Həmin sənədlərin tədqiqatı zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahələri “kənd təsərrüfatı təyinatlı” kimi qeydə alınmış və mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş dövlət aktlarının “Torpaqların qaiməsi (sertifikatı)” hissəsində torpağın dəmyə, yəni əkin olması qeyd edilmişdir. Belə olan halda həmin sənədlər hazırki mübahisənin həlli üçün bərabər yanaşmanı təmin etməmiş olur. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bu hüququn yaranması üçün qanuni əsas mövcud olmuş olsun. İndiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, təqdim olunmuş sənədlərin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqi əsas yaratmadığı düzgün müəyyən edilmiş və nəticə etibarilə qeydiyyatdan imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar