Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-248/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı (Açar sözlər: maddi zərərin və mənəvi ziyanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdeh publik hüquqi şəxsin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, 18-1-34/2- B-**- **-**/**** saylı məktubunda qeyd etmişdir ki, “Sizin ##.##.2025-ci il tarixli etiraz ərizənizə cavab olaraq, Şabran RMX PHŞ-in rəhbərliyi yazıb bildirir ki, ərizədə qeyd etdiyiniz kimi sənədlərinizin həkim nevropatoloq Azad Orucov tərəfindən TSEK-ə göndərilmədiyini iddia etməyiniz əsassızdır. Araşdırmalarımız nəticəsində məlum oldu ki, fərqli tarixlərdə sizin sənədləriniz əlillik dərəcəsinin təyini üçün yerli HMK-dan keçib TSEK-ə göndərilməsi üçün həkim nevropatoloq Azad Orucov tərəfindən hazırlanmışdır. Oradan həmin sənədlərə əlavə müalicəyə ehtiyac olduğu səbəb gətirilərək imtina verilmişdir. Sonuncu dəfə sənədləriniz həkim Aslanov Seyfəddin tərəfindən hazırlanaraq Şabran RMX PHŞ-in yerli HMK-dan keçib Quba RMX PHŞ-nə göndərilmişdir. Oradan sizə lll-qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlavə olaraq yazıb bildiririk ki, sizin tələb etdiyiniz maddi və mənəvi zərərin ödənilməsi qanun çərçivəsində mümkün və səlahiyyətimiz daxilində deyildir. Məktubda göstərilən digər iddialara cavab olaraq, həkim-nevropatoloq Azad Orucovun müvafiq izahatları alınmışdır.Həmin həkimdən digər pasientlərin heç bir narazıçılığı və şikayəti olmadığını nəzərə alaraq həkimə şifahi xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, vəzifə borclarını yerinə yetirə bilmədiklərinə görə həkim və tibb bacısının tutduqları vəzifədən azad edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 1979-cu ildən xəstədir, əlildir. 4 dəfə insult keçirmişdir, epilepsiya xəstəsidir. Eşitmə məhdudiyyətli (80 db), sağ tərəfli hemiplegiya və çoxsaylı xəstəlikləri var. Beş il 2-ci qrup əlillik dərəcəsi olub. Mart ayından çoxsaylı müraciətlərindən sonra 1 il müddətinə III qrup əlillik təyin edilmişdir. X9 İ 69.3 - işemik insultun qalıqları, G 40.2-epilepsiya, R 20.1-sol tərəfdə piramid çatışmazlıq diaqnozları ilə 2024-cü il iyun ayının 21-ə qədər dərəcəsi olub. Bütün epikrizlərinin sonunda qeyd olunub ki, daimi nevropatoloqun, epileptoloqun nəzarəti altında olmalıdır. Ömürlük dərmanlar “Epinexx” 500 mq-lıq, “Finlepsaln-200 mq-lıq”, “Fenobarbital”, “Finzepin” və digər dərmanları ən yüksək dozada qəbul edir. Bunlar güclü psixotrapik dərmanlardır. Beş il ərzində dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, xxxxnda həkimi olan nevropatoloq X1 bir dəfə də olsun xəstəxanada yatmağına şərait yaratmayıbdır. Iddiaçını bir həkim olaraq yoxlamayıbdır. Iddiaçı məcbur olub Sumqayıtda “Unikal” klinikada işləyən Aydınov Namidar həkimə, Respublika klinik xəstəxanasında Xələfova Aytən xanıma, Məcidzadə Nərgiz xanıma müraciət etmişdir. Onların yazdığı reseptlər əsasında pulsuz dərmanlar almışdır. Gedib-gəlməyə aldığı cəmi 220 manat sosial yardım imkan vermirdi. 2024-cü il aprel ayının sonlarında vəziyyəti daha da pisləşmiş, 4-cü insultu keçirmişdir. Həkim onu məcburi yatırtmışdır. Orada məlum olmuşdur ki, xəstəliklərinin sayı bir az da artıb. Onu da deyir ki, o vaxtı özünü pis hiss etdiyindən, həm də forma-27-ni təkidlə aldığına görə heyif çıxmaqdan ötrü tibb bacısı X3 Azadın tapşırığı ilə heç bir müayinə keçirmədən, xəstəxanada yatmağı olmadan, yoxlamadan F 06.7 diaqnozunu da əlavə edibmiş. Hansı ki iddiaçıdan əvəz çıxmaq üçün bundan istifadə etsinlər. Iyun ayında komissiyadan keçmiş, əlilliyinin müddəti uzadılsın. Sənədlərini-forma 88-i X1 doldurmamış, həkimlik borcu olmasına baxmayaraq, sənədlərinə dəfələrlə imtina gəlmişdir. Bu səbəbdən də vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq, 5000 manat məbləğində pul vəsiatinin ona ödənilməsini qeyd edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 2025-ci il tarixli iddia ərizəsində göstərilən məlumatlar obyektiv reallığı əks etdirmir və hüquqi əsaslara malik deyil. Ərizədə səsləndirilən fikirlər əsasən subyektiv narazılığa və tibbi prosedurların yanlış anlaşılmasına əsaslanır. İddiaçı “Işemik insultun qalıqları və Epilepsiya” diaqnozu ilə qeydiyyatda olan xəstədir. Hər bir tibbi tədbir onun vəziyyətinə uyğun olaraq mövcud klinik protokollara əsasən aparılmışdır. Nevropatoloq X1 və tibb bacısı Hacıyeva Rahibə öz vəzifə borclärını qanun çərçivəsində yerinə yetirmiş, xəstəyə qarşı hər hansı qeyri-peşəkar davranışa yol verməmişlər. Iddia ərizəsində bir sıra ziddiyyətli və sübutsuz ifadələr yer almışdır. “Müalicəsiz saxlanılma iddiası əsassızdır, çünki İddiaçı xəstəxanada bütün tibbi tədbirlər (müayinə, müşahidə, dərman təminatı və digər prosedurlar) göstərilmişdir. xxxx dövlət tibb müəssisəsi kimi TƏBIB-in tabeliyində fəaliyyət göstərir və yalnız tibbi müayinə, müalicə, ilkin diaqnostika və sənədləşmə funksiyalarını yerinə yetirir. Qeyd olunmalıdır ki, xəstəxana əlillik təyin edən qurum deyil. Əlillik dərəcəsinin müəyyən edilməsi Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) səlahiyyətinə aiddir və bu qərar müvafiq dövlət ekspertizasının rəsmi qərarı əsasında verilir. Iddiaçı İddiaçı hal-hazırda III qrup əlillik dərəcəsi almış şəxsdir. Bu fakt bir daha sübut edir ki, onun sağlamlıq vəziyyəti dövlət tərəfindən qiymətləndirilib və müvafiq qaydada hüquqi status verilib. Xəstəxananın bu prosesə müdaxilə etmək və ya nəticəyə təsir göstərmək səlahiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi “5000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”hissəsində təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb də həmin tələblə bağlı olduğundan, həmçinin vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, bu hissədə də iddia tələbləri təmin edilə bilməz. Iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, bu maddi və mənəvi zərərin nədə təzahür etməsini (cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələndiyini, hansı psixi, mənəvi sarsıntı keçirdiyini) məhkəmədə əsaslandıra bilməmişdir. Bununla da iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həkim və tibb bacısı günahı ucbatından bir ilə yaxın müddətdə müavinətsiz, dərmansız qaldığını bildirmişdir. Forma 88-i həkim doldurmaqdan, bu işi tibb bacısının üstünə atıb. Onun isə bu iş üçün savadı yetərli deyil. Sən demə həkim o ərəfədə sertifıkasiyadan keçməyibmiş. Səlahiyyətlər isə bu zaman başqa həkimə həvalə olunubmuş. Öz şəxsi maraqları naminə bunu demir ki, onun yanlna getsin. Bu qanunla qadağandır. Oktyabr ayının 30-u sertifıkasiyadan keçəndən sonra (hansısa yollarla) noyabr ayının biri işə çıxıb. Indinin özündə də onu kabinetdə tapmaq mümkün deyil. AR ƏQM-nin 186-cı maddəsi ilə həkimin nahar fasiləsi istisna olmaqla xəstəxananı tərk eləməyə ixtiyarı yoxdur. O isə kefi istəyəndə gəlir, kefi istəyəndə gəlmir. Şəxsən ona deyib ki, gedib klinikada analiz ver, getmiş, hesablayıb 153 manat məbləğ deyiblər. O isə yalnız müavinət ilə dolanır. Dost-tanışı köməklik edir. Hansı ki, həmin analizləri dövlət xəstəxanasında verdi. Ümumiyyətlə onlar xəstəyə xəstə kimi yox, gəlir mənbəyi nəzərində baxırlar. Bu isə heç bir insani keyfiyyətlərə, Hippokrat andı içmiş bir həkimin hərəkətinə yaraşmayan bir haldır. Bütün rayon əhalisi ondan narazıdır. Dəfələrlə xəstəxananın rəhbərliyinə müraciət etsə də tədbir görmür. 2 aydan bir xəstəxanada yatmalı, RKX-sı ildə bir dəfə 5 gün olmaqla icazə verir. Avqust ayında Sumqayıt * nömrəli xəstəxanda növbəyə durmuş, bu yaxınlarda Aysel adlı həkim zəng edib deyir ki, yalnız aprel ayında sənə növbə çatacaq. Şabran rayonu xəstəxanası bir dəfə də olsun onun xəstəxanada yatırtmayıb. Ancaq xəstəxana rəhbərliyi göndərdiyi etiraz məktubunda yazır ki, həkim və tibb bacısı ona peşəkarcasına yanaşırlar. Onlardan yalnız əsəb gərginliyi görür, başqa heç bir qayğı görməmişdir. Həkim öz xətti ilə yazmış olduğu izahatın surətini əlavə edir. Həkim tibb bacısı onun qaralaması əsasında doldurub Forma-88-ləri. Imzamla təsdiq etmiş. Onun axırıncı forma 88-i başqa həkim doldurub. Əvvəlkiləri, natamam olanları tibb bacısı doldurub, oda yanında olmuşdur. Ağ yalandır. O adam ümumiyyətlə forma 88 doldurmur. Bütün bu yazdıqlarını məhkəmə heç birini araşdırmayıb. Hələ bir ağ yalan da yazıb ki, guya məhkəmə iclasına gəlməmişdir. Əksinə, birinci iclasda ondan imtina etmişdi. Məhkəmə qərarının 21-ci bəndində göstərir ki, maddi zərərin nədə təzahür etdiyini əsaslandıra bilməmişdir. Bunu ondan heç soruşan da olmayıb. Məhkəmə ona bildirmişdir ki, cəmi məbləğ, ərizə formasında yaz gətirsin. O da bunu yazıb gətirmişdir. Ona dəyən maddi və mənəvi zərər qat-qat çoxdur. O humanistlik göstərib, 5000 manat yazmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Alii Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli, * nömrəli Qərarı Bənd 1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Insan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“Insan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Bənd 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “Insan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh qurumun işçilərinin hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin və mənəvi ziyanın öənilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddiaçı cavabdeh qurumun işçilərinin hərəkətləri nəticəsində ona 5000 manat məbləğində maddi vəmənəvi ziyan vurulması halına istinad edərək, hazırki iddia tələbini irəli sürmüş, tələbin əsası kimi “əlillik vəziyyəti ilə bağlı tibbi müayinələr zamanı həmin şəxslərin ona qarşı kobud rəftar olunması, səlahiyyəti olamyan şəxslərin onun müyainəsində iştirak etməsi, sənədlərin saxtalaşdırılması, düzgün tərtib edilməməsi, qanun pozuntularına yol verilməsi, özbaşınalıq edilməsi, düzgün müalicə olunmaması və s.” hallara istinad etmişdir. Kollegiya ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları (cavabdeh qurumun işçilərinin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulması halını) sübut etmək öhdəliyi daşıyır. Kollegiya iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddianın əsaslılığı baxımından cavabdeh qurumun işçilərinin hansı təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş ziyanla həmin şəxslərin hərəkətləri arasında səbəb əlaqənin olması, maddi ziyan vurulması halının mövcudluğunun müəyyən edilməsi zəruridir. Indiki halda isə məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən də bu hala dair heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, kollegiya iddiaçının təqdim etdiyi sübutlarla bağlı qeyd edir ki, həmin sənədlər iddiaçının müraciətlərinə verilmiş cavab məktubları, əlillik vəziyyətinin qiymətləndirilməsinə dair tibbi göndərişlər, tibbi müyainələrdə olmasına dair sənədlər olmaqla, mahiyyət etibarilə cavabdeh qurumun işçilərinin təqsirli hərəkətlərinin və bu hərəkətlər nəticəsində iddiaçıya maddi ziyan vurulması halının müəyyən edilməsi əsası qismində çıxış etməmişdir. Başqa sözlə desək, iddiaçının təqdim etdiyi sənədlər məzmun etibarilə inzibati orqana ünvanlanmış ərizəyə dair inzibati orqanın mövqeyini, tibbi göndərişin verilməsini, sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı halların müəyyən edilməsinə imkan verməklə, iddiaçıya maddi ziyanın vurulması halını müəyyən edilməsi əsası qismində çıxış etməmişdir. Iddiaçı tərəfindən isə həmin halı təkzib edən və ya iddianın əsaslılığını müəyyən edən başqa sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin sənədlər əsasında da iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində iddiaçıya hansı maddi ziyan vurulması və bu hərəkətlərlə vurulmuş ziyan arasında səbəb əlaqənin olması halının müəyyən edilməsi mümkün olmadığından, iddia tələbi “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsində əsassız olmuş, iddiaçının həmin hissədə şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddia tələbinin “vurulmuş mənəvi ziyanın öədnilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu hissədə də tələbin əsası kimi eyni hallara və eyniməzmunlu sənədlərə istinad etmiş, cavabdeh qurumun işçilərinin həmin hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulduğunu qeyd etmişdir. Bununla bağlı, kollegiya qeyd edirki, işin yuxarıda müəyyən edilmiş halları əsasında cavabdehin hansı təqsilri hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və ya iztirab çəkməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə, indiki halda iddiaçının həm qeyd olunan əsaslarla, həm də bu və ya digər əsaslarla fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin işçilərinin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin indiki halda müəyyən edilməsi mümkün olmamışdır, hansı ki bu hissədə də sübutemə yükü bilavasitə iddiaçının üzərində olmuşdur. Iddiçı tərəfindən isə işin müəyyən edilmiş həmin hallarını təkzib edən və ya tələbin əsası kimi istinad etdiyi halları təsdiq edən başqa sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də əsassız olmuşdur. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edilmədiyindən, şikayətin dəlilləri təkzib edildiyindən, iddiaçının şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-248/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-248/2026
07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver