Məhkəmə qərarları › İş №2-1(3-8)-253/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-253/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-253/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2-1(118)-1184/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilərək əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin 9 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 9 fevral 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 2 oktyabr 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 iyul 2020-ci il tarixdə SHXÇDXnin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. 5 noyabr 2021ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. 20 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Sol sarğı nahiyəsinin kor qəlpə yaralanması” xəsarətini almışdır. İddiaçıya hərbi hissədə ilkin tibbi yardım göstərildikdən sonra Ağcabədi RMX-na göndərilmişdir. 20 oktyabr 2020-ci il – 24 yanvar 2020-ci il tarixədək Ağcabədi RMX-da “Sol sarğınahiyəsinin kor qəlpə yaralanması” diaqnozu ilə stasionar müayinə və müalicə olmuşdur. Hərbi hissədə baş ağrısı, əsəbilik və yuxu pozulmasından şikayətləri olduğu üçün hərbi hissə komandanlığı tərəfindən MN Mərkəzi Hərbi Poliklinikasına müayinəyə göndərilmişdir. 5 fevral 2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək xəstəliyinə görə 15 gün müddətinə məzuniyyət verilmişdir. 16 aprel 2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəli”nin 14ç, 23ç maddəsinin 11 qrafasına əsasən Hərbi xidmətə yararlıdır. A- 4” qərarı verilmişdir. Şikayətləri davam etdiyi üçün hərbi hissə komandanlığı tərəfindən ixtisaslaşdırılmış müayinə və müalicə məqsədi ilə 10 avqust 2021-ci il tarixdə SQ BKH-nın psixiatriya bölməsinə göndərilmişdir. 20 oktyabr 2020-ci il – 24 oktyabr 2020-ci il tarixlərdə - Ağcabədi RMX-da, 10 avqust 2021-ci il – 28 sentyabr 2021-ci il tarixlərdə - SQ BKH-da, 10 mart 2022-ci il – 1 aprel 2022-ci il tarixlərdə SH Respublika Psixiatriya Xəstəxanasında, 19 aprel 2022-ci il – 4 may 2022-ci il, 25 iyun 2022-ci il tarixlərdə - Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində, 16 avqust 2022-ci il – 6 sentyabr 2022-ci il, 14 mart 2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında, 30 mart 2023-cü il tarixdə - MN MHP-da müayinə və müalicə olunmuşdur. 24 may 2023-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim qərarı ilə yenidən şəhadətləndirilmişdir. Qərarda diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK aşağıdakıları qeyd etmişdir: Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depresiv) pozuntu, intihar fikirləri ilə fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (20 oktyabr 2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən postravmatik ensefalopetiya. Barotravma (20 oktyabr 2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 5.5 (beş tam onda beş), sol qulaqda 4 (dörd) metr məsafədən eşitmə ilə. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarında qeyd edilmişdir ki, “Xəstəlik cədvəli”nin 14b, 18b, 23b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən) Sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayətçiyə zərurət var. İddiaçı 13 dekabr 2023-cü il – 25 dekabr 2023cü il tarixdə Xaçmaz RMX-da psixiatriya şöbəsində müalicə olunmuşdur. Sonra isə Xaçmaz RMX-nın göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir və 14 fevral 2024-cü il – 6 mart 2024cü il tarixədək “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar. Funksionar tutmalarla F07.0 diaqnozu ilə müalicə almışdır. Bu diaqnozla bağlı Həkim Psixiatr Komissiyası tərəfindən 26 fevral 2024-cü il tarixli, 3856 saylı rəy də verilmişdir. Axırıncı dəfə 9 fevral 2024-cü il tarixdə müayinə və müalicə nəticəsində xəstəliyi ilə əlaqədar əldə etdiyi tibbi sənədləri hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə təqdim edərək müraciət edilmişdir. Cavabdeh tərəfindən imtina cavabı alınmışdır. Qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı cavabdeh orqanın qəbulunda 9 fevral 2024-cü il tarixdə olmuşdur və bununla bağlı sənədlər təqdim edilmişdir. Xaçmaz RMX-nın göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir və 14 fevral 2024-cü il tarixdən 6 mart 2024-cü il tarixədək orada müalicə olunmuşdur. İddiaçıya verilən imtinanı isə xəstəxanadan çıxan gün, yəni 6 mart 2024-cü il tarixdə almışdır. İddiaçı hesab edir ki, imtina əsassızdır və ona əlillik təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Xaçmaz rayon sakini xx xxx 2002-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində 31 iyul 2023-cü il tarixdə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 24 may 2023-cü il tarixli, 5773 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (20 oktyabr 2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən postravmatik ensefalopatiya. Partlayış travması (20 oktyabr 2020). Sol sağrı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Barotravma (20 oktyabr 2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 5,5 (beş tam onda beş), sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb-əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 23 oktyabr 2023-cü il – 14 noyabr 2023-cü il tarixli, 11719761 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 30 oktyabr 2023-cü il tarixli, 2321 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qanalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixonevroloji Reabilitasiya Mərkəzinin PHŞ 8 yanvar 2024-cü il – 1 fevral 2024-cü il tarixli, 11878909 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı heç bir şikayət bildirməyərək müayinə olunmaqdan imtina etmiş və otağı nümayişkarcasına tərk etmişdir. Göstərməyə çalışdığı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən tibbi sənədlərində qeyd olunmuş diaqnozları ilə uyğunsuz kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 24 may 2023-cü il tarixli, 5773 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı mövcud olan diaqnozun hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 26 fevral 2024-cü il tarixli, 3777 nömrəli məktubu ilə göndərilmiş 26 fevral 2024-cü il tarixli, 3856 nömrəli “Həkim Psixiatr Komissiyasının rəyi”ndən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, funksional tutmalarla F07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 fevral 2024-cü il tarixli, 317- 4/2-A-3822/2024 nömrəli İddiaçı göndərilmiş məktubu. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 9 fevral 2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun öz təsdiqinin tapmaması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 1 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1591/2024 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 2 avqust 2024-cü il tarixli, xxxxxxx0005 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun öz təsdiqinin tapmaması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 19 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-6077/2024 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq 9 fevral 2024-cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 18 noyabr 2025-ci il tarixli, 3-28-27/2-2020/2025 nömrəli məktubundan görünür ki, X5 2-1(118)-1184/2025 saylı inzibati iş üzrə 15 iyul 2025-ci il tarixdə ambulator məhkəmə-psixiatrik ekspertizasından keçmişdir. Müayinə zamanı X4 “Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, funksional tutmalarla (F07.0)” aşkar olunmuşdur. Nəzərə çatdırılmışdır ki, F06.3 və F07.2 kodları “Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, funksional tutmalarla (F07.0)” diaqnozunun klinik tərkib hissəsi və mərhələli inkişaf formasıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2-1(118)-1184/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 9 fevral 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq iki il müddətinə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. (hakim Könül Həbibova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) İddiaçının vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk növbədə onu qeyd edir ki, iddiaçı hərbi xidmət dövründə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almış, həmin xəsarətin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması aidiyyəti tibbi sənədlərlə, o cümlədən hərbi-həkim komissiyasının sənədləri ilə təsdiq edilmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçıya müxtəlif dövrlərdə üzvi mənşəli affektiv pozuntu, postkontuzion sindrom, üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar və funksional tutmalarla bağlı diaqnozlar qoyulmuş, o, bir neçə tibb müəssisəsində ambulator və stasionar qaydada müayinə və müalicə almışdır. Belə olan halda, iddiaçının sağlamlıq vəziyyətinin epizodik deyil, uzunmüddətli, davamlı müşahidə və müalicə tələb edən pozuntu xarakteri daşıdığı iş materialları ilə təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin əsas dəlili kimi istinad etdiyi halı, yəni iddiaçının 9 fevral 2024-cü il tarixli əyani müayinə zamanı komissiya otağını tərk etməsini və diaqnozun təsdiqlənmədiyi barədə nəticəni ayrıca qiymətləndirərək qeyd edir ki, əlilliyin qiymətləndirilməsi inzibati orqanın yalnız bir dəfə aparılmış vizual müşahidəsinə və ya həmin andakı davranış təsəvvürünə əsaslana bilməz. Xüsusilə psixi və neyropsixi xarakterli pozuntular üzrə qiymətləndirmə zamanı uzunmüddətli anamnez, hospitalizasiya tarixçəsi, müxtəlif tibb müəssisələrinin rəyləri, mütəxəssis komissiyalarının nəticələri, dinamik müşahidə və klinik inkişaf ardıcıllığı birlikdə nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbinə görə inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Kollegiyanın qənaətinə görə cavabdeh bu vəzifəni lazımi səviyyədə yerinə yetirməmiş, iddiaçının xeyrinə olan tibbi sənədləri və onların qarşılıqlı uyğunluğunu yetərincə nəzərə almamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmə araşdırması zamanı əldə olunmuş ekspert rəyləri cavabdehin imtina qərarının əsaslandığı mövqeyi təkzib edir. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 15 iyul 2025-ci il tarixli ekspert rəyində iddiaçıda üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, funksional tutmalarla (F07.0) aşkar edildiyi göstərilmişdir. Həmin rəydə bu nəticənin həm anamnestik məlumatlarla, həm də hazırkı psixi vəziyyətin müşahidə olunan əlamətləri ilə təsdiqləndiyi vurğulanmışdır. Bundan əlavə, ekspertiza məlumatında F06.3 və F07.2 kodları üzrə diaqnozların da eyni klinik prosesin tərkib hissəsi və mərhələli inkişaf forması olduğu qeyd olunmuşdur. Bu isə o deməkdir ki, cavabdehin əvvəlki mərhələdə “diaqnozun təsdiqlənməməsi” barədə gəldiyi nəticə sonradan aparılmış məhkəmə ekspertizası ilə uyğun gəlmir. Kollegiya hesab edir ki, məhz bu ekspert rəyləri iddiaçının tibbi sənədlərində əks olunan diaqnostik nəticələrin formal deyil, real və klinik cəhətdən əsaslı olduğunu göstərir. Başqa sözlə, iddiaçının müxtəlif tibb müəssisələrində fərqli vaxtlarda aparılmış müayinələri arasında mahiyyət etibarilə ziddiyyət deyil, eyni xəstəlik prosesinin inkişaf mərhələləri üzrə tibbi təsvir mövcuddur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əlilliyin qiymətləndirilməsi zamanı şəxsin xəstəliyinin səbəb əlaqəsi də mühüm əhəmiyyət daşıyır. İş materialları ilə iddiaçının psixi və nevroloji pozuntularının hərbi travma ilə, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı aldığı xəsarətlə bağlı olduğu sübuta yetirilmişdir. Belə olan halda, cavabdehin həmin səbəb əlaqəsini formal şəkildə qəbul edib, lakin onun hüquqi nəticəsi olan əlillik qiymətləndirməsində bunu lazımi səviyyədə nəzərə almaması qanunun məqsədinə uyğun sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq orqanın qərarı ilə müəyyən edilir. Lakin bu səlahiyyət mütləq mülahizə sərbəstliyi demək deyildir. İnzibati orqan həmin səlahiyyəti yalnız tam, obyektiv və əsaslandırılmış tibbi qiymətləndirmə əsasında həyata keçirə bilər. Əks halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin mənasında inzibati akt hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz hesab olunur. Nəzərə alınmalıdır ki, iddiaçıya münasibətdə cavabdehin 9 fevral 2024-cü il tarixli imtina qərarı işin tibbi sənədləri, sonradan aparılmış məhkəmə ekspertizası, səbəb əlaqəsini təsdiq edən materiallar və tətbiq edilməli hüquq normaları ilə uzlaşmamışdır. Cavabdeh orqan iddiaçının vəziyyətini tam və obyektiv araşdırmamış, onun xeyrinə olan halları lazımi səviyyədə nəzərə almamış, nəticədə qanunauyğun və əsaslı qərar qəbul etməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin həmin qərarı ləğv etməsi və iddiaçıya 9 fevral 2024-cü il tarixdən əlilliyin müəyyən edilməsi vəzifəsini cavabdehin üzərinə qoyması qanuni və əsaslıdır. Eyni zamanda iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə əqdim edilmiş 27 yanvar 2026-cı il tarixli Quba Rayon Mərkəzi Xəstəxanasının arayışından görünür ki, İddiaçı adına xx.xx.2022-ci il tarixdə ambulator kitabça açılmış, o, psixiatriya kabinetində qeydiyyatda olmasa da, ambulator kartdan çıxarışa əsasən müxtəlif tarixlərdə psixiatrik kabinetlər üzrə dərman preparatları ilə təmin edilmişdir. Arayışda xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixləri üzrə təkrar dərman təminatının olduğu qeyd edilir, habelə texniki səbəbdən dərman təminatının sistemə düşmədiyi bildirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu arayış iş üzrə digər tibbi sənədlərlə birlikdə qiymətləndirildikdə, iddiaçının eyni və ya eyni klinik proseslə bağlı olan psixi-nevroloji pozuntular üzrə qısamüddətli deyil, uzunmüddətli müşahidə və müalicə altında olduğunu təsdiqləyən əlavə sübut kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5 və 1.5.1-ci bəndlərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay fasiləsiz və ya son 12 ay ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması göndəriş üçün əsas sayılır. Bu baxımdan, arayışdan görünən uzun zaman intervalına yayılan ambulator müşahidə və dərman təminatı, iş materiallarında əks olunan çoxsaylı stasionar müalicə dövrləri ilə birlikdə qiymətləndirildikdə, iddiaçının qanunvericilikdə nəzərdə tutulan 6 aylıq müalicə meyarını keçdiyi qənaətini gücləndirir. Başqa sözlə, söhbət birdəfəlik müraciətdən yox, 2022-ci ildən etibarən davam edən, 2023-2024-cü illərdə də təkrarlanan, sabit xarakter daşıyan və bərpa olunmayan pozuntular fonunda aparılan müşahidə və müalicədən gedir. Ona görə də həmin arayış cavabdehin “diaqnoz təsdiqlənmir” mövqeyini zəiflədən, iddiaçının uzunmüddətli müalicə tarixçəsini isə gücləndirən sübut kimi qəbul edilməlidir. Eyni zamanda, arayışda “texniki səbəbdən dərman təminatı sistemə düşməmişdir” qeydinin olması da mühümdür. Məhkəmə kollegiyasının qənaətinə görə, tibbi yardımın və dərman təminatının elektron sistemdə tam əks olunmaması şəxsin faktiki müalicə almadığı anlamına gəlmir. İnzibati orqan belə hallarda formal texniki qeydlərlə kifayətlənməməli, kağız daşıyıcıdakı tibbi sənədləri, ambulator kitabçanı, çıxarışları və digər sübutları birlikdə araşdırmalı idi. Bu da bir daha göstərir ki, cavabdeh işin hallarını tam və obyektiv araşdırmaq vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin müvafiq qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən (xx.xx.2024-cü il tarixdən) təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. İddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2-1(118)-1184/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar