Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-255/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2-1(118)-5475/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 22 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın 22 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizm funksiyalarının pozulması 35-60 faiz olmaqla iki il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1994-cü il tarixdə anadan olmuş, 14 avqust 2018-ci il - 5 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xdmət keçmiş, müharibə iştirakçısıdır. 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində aşağıda qeyd edilən xəsarətləri almışdır: Partlayış travması, sol aşağı ətrafın proksimal parezi ilə müşayiət olunan sol bud sinirinin postravmatik neyropatiyası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması, sol bud sümüyünün medial kondilusunun sümük defektli kənari sınığı ilə müşayiət olunan sol diz oynağının, əlin sağ budun, baldırın, bazunun, üzün sol yarsının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yumşaq toxumaların və sol budun medial kondilusunun yad cisimləri (metal qəlpələr), sol diz oynağının vətərsümük mənşəli açıcı konturakturası, yerişin pozulması, sol əlin İİİ, İV, V barmaqlarının falanqalararsı kontrakturası” diaqnozu. Partlayış yaralanması bədəninin müxtəlif nahiyələrini qəlpə yaralanmalarına səbəb olmuşdur ki, hazıradək də bədənində qəlpə hissələri mövcuddur. Bu xəstəliklər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 11304 nömrəli xəstəlik haqqında şəhadətnaməsində öz əksini tapmışdır. Bu xəstəlik və travmalarla bağlı daha sonra həm dövlət, həm də özəl xəstəxanalarda müayinə aktları mövcuddur. Cavabdeh təşkilatın 22 oktyabr 2022-ci il tarixli müayinəsi ilə iddiaçıya İİİ dərəcəlik əlillik təyin olunmuşdur. Daha sonra növbəti 22 noyabr 2024-cü il tarixli müayinə zamanı əlillik əlamətinin müəyyən edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. İddiaçı bu qərarla razılaşmadığı üçün dərhal cavabdeh təşkilatın özünə yazılı müraciət etmişdir. Çünki müayinənin diaqnoz hissəsində bir neçə səbəb ümumiyyətlə göstərilməmişdir. Cavabdeh təşkilat iddiaçıya yenidən rəsmi cavab verərək, yenidən müayinəyə dəvət etmişdir. 4 aprel 2025-ci il tarixdən keçirilən sonuncu müayinədə iddiaçıya yenidən əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını qanunsuz və əsassız hesab edir. Bildirilmişdir ki, müharibədə iştirakından bu günə qədər səhhəti ağırlaşmaqda davam edir. Heç bir müsbət irəliləyiş olmadığı halda cavabdeh təşkilat əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya 2022-ci ildə əlillik eyni səbəblərdən təyin edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N aprel 2022ci il tarixli, 1799 nömrəli “Travma haqqında arayış”ından görünür ki, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması (29 sentyabr 2020-ci il), sol aşağı ətrafın proksimal parezi ilə müşayiət olunan sol dik sinirinin postravmatik nevropatiyası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması, sol bud sümüyünün medial kondilusunun sümük defektli kənari sınığı ilə müşayiət olunan sol diz oynağının, əlin sağ budun, baldırın, bazunun, üzün sol yarısının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yumşaq toxumaların və sol budun media kondilusunun vad cisimləri (metal qəlpələr), sol diz oynağının vətər-sümük mənşəli açıcı kontrakturası, yerişin pozulması. Sol əlin İİİ, İV, V barmaqlarının falanqalararası kontrakturası diaqnozu ilə xəsarət almışdır. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən almışdır. 16 sentyabr 2022-ci il tarixli, 11304 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı mövcud olan diaqnozun hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 3 mart 2023-cü il tarixli, 2812 nömrəli məktubu ilə göndərilmiş 2 mart 2023-cü il tarixli, 9 nömrəli “Həkim Psixiatr Komissiyasının rəyi”ndən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 13 fevral 2024-cü il tarixli, 3562 nömrəli məktubu ilə göndərilmiş 13 fevral 2024-cü il tarixli, 3657 nömrəli “Həkim Psixiatr Komissiyasının rəyi”ndən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla F 62.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 22 noyabr 2024-cü il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah yaralanması, partlayış travması, sağ bazunun, sol said və əlin hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, çoxsaylı kiçik qəlpələri və postravmatik kobud-kelloid çapıq toxumalar, sağ saidin ortadistal 1/3 səviyyəsində, mil-bilək oynağı ətrafında çoxsaylı metal qəlpələri. Sol əlin ll-V barmaq, daraq falanqa oynaqları ətraflarında yumşaq toxumalarda çoxsaylı metal qəlpələri. Sağ diz oynağı ətrafı yumşaq toxumalarda metal qəlpələr. Sol diz oynağının kəskin kontrakturası (bükmə 135 dərəcə). Sağ diz oynağının kontrakturası (bükmə 85 dərəcə). Aşağı ətraflarda hərəkət funksiyasının pozulması. Sol əlin tutma funksiyasının pozulması. Fəlakət (ll Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Tez-tez baş verən dekompensasiyalar, depressiv daxil olmalarla” diaqnozu ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 fevral 2025-ci il tarixli, 3- 174/2-M-2524/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında 26 noyabr 2024-cü il tarixdə Agentlikdə əyani müayinədə olmuş, təqdim edilən tibbi sənəndlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər-hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 10 dekabr 2024-cü il tarixli, 3-17-4/3-3-8984/2024 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin 8 dekabr 2025-ci il tarixli, 18-1- 66/22545/2025 nömrəli məktubundan görünür ki, 1994-cü il təvəllüdlü Mehdiyev İlham oğlunun adına tərtib olunmuş, 6 noyabr 2024-cü il tarixli, D00232264KQX saylı (Forma 088) göndərişdə Azərbaycan Respublikası Nazirlər Kabintinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamalıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” uyğun XBT 10 kodu ilə qeyd edilmiş əsas diaqnoz “Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanması, partalayış travması, sağ bazunun, sol said və əlin hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, çoxsaylı kiçik qəlplərlə postravmatik kobud-kelloid çapıq toxumalar, sağ saidin orta distal A səviyyəsində mil bilək oynağı ətrafında çoxsaylı metal qələpələri, sol əlin İİ-V barmaq, daraq falanqa oynaqları ətraflarında yumşaq toxumalarda çoxsaylı metal qəlpələri”. Ağırlaşmalar: “G83.1 Aşağı ətrafın monoplegiyası, sol aşağı ətrafın monoparezi, poroksimal 3.5-4, distal 3 bal” 6.5.1-ci qrafasına uyğun gəlir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2-1(118)-5475/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən orqanizm funksiyalarının pozulması 35-60 faiz olmaqla iki il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. (hakim Könül Həbibova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 11304 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Partlayış travması (xx.xx.2020), sol aşağı ətrafın proksimal parezi ilə müşayiət olunan sol bud sinirin posttravmatik neyropatiyası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması. Partlayış travması (xx.xx.2020): sol bud sümüyünün medial kondilusunun sümük defektli kənari sınığı ilə müşayiət olunan sol diz oynağının, əlin, sağ budun, baldırın, bazunun, üzün sol yarısının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yad cismin xaric edilməsi (xx.xx.2020), sağ baldır nahiyəsindəki yumşaq toxuma defektinin autodermoplastikası (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların və sol budun medial kondilusunun yad cisimləri (metal qəlpələr), sol diz oynağının vətər-sümük mənşəli kontrakturası, yerişin pozulması, sol elin İİİ, İV, V barmaqlarının falanqalararası kontrakturası. Partlayış yaralanması (xx.xx.2020): bədənin müxtəlif nahiyələrinin kor açıcı açici qəlpə yaralanmalarına, sağ baldırın orta 1/3-nin iç səthinin yumşaq toxuma defektli yarasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, autodermoplastika cərrahi əməliyyatından sonrakı sağ baldırın orta 1/3-nin dəri səthinin bərkimiş dəri çapıği" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 09 nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10531140 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 914/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3657 nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla"kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan şikayətlənmişdir. Qıcolma zamanı ayıq olduğunu, lakin ətrafa reaksiya verə bilmədiyini söyləmişdir. Depakindən sonra davamlı öskürək olduğunu, Amitriptillindən sonra bəzən ürəyində titrəmə, çırpıntı olduğunu, hazırda isə Qrandaksin, Qlisin qəbul etdiyini bildirmişdir. Somatik olaraq heç bir patoloji ağırlaşma əlaməti müşahidə edilməmiş, aşağı ətraflarda hipotrofiya, hərəkət məhdudluğu izlənilməmişdir. Özünə və ətrafdakılara xəsarət yetirmədiyini bildirmişdir. Ailəli, 5 və 2 yaşlarında iki övladının olduğunu söyləmişdir. ƏƏSMN tərəfindən Sumqayıt şəhərində mənzillə təmin olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Ailə-məişət adaptasiyası" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizim etirazımızı belə təhrif edərək, guya etirazımız şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyinetməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı partlayış travması nəticəsində çoxsaylı bədən xəsarətləri almışdır. Bu hal Müdafiə Nazirliyi tərəfindən verilmiş travma haqqında arayış və xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilmiş, həmin xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının sağlamlıq vəziyyətində baş vermiş dəyişikliklərin hərbi xidmət və döyüş şəraiti ilə birbaşa səbəb əlaqəsinin mövcudluğu iş materialları ilə sübuta yetirilmişdir. İş materiallarında olan tibbi sənədlərdən, o cümlədən tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdən və məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, iddiaçıda G83.1 – aşağı ətrafın monoplegiyası (sol aşağı ətrafın monoparezi) diaqnozu müəyyən edilmişdir. Bu diaqnoz sinir sisteminin zədələnməsi nəticəsində aşağı ətrafın hərəkət funksiyasının zəifləməsi və ya məhdudlaşması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Tibbi sənədlərdə də göstərildiyi kimi iddiaçıda aşağı ətrafın əzələ gücünün azalması, yerişin pozulması, gediş zamanı axsama və hərəkətin məhdudluğu kimi klinik əlamətlər müşahidə olunur. Məhkəmə-tibbi ekspertiza zamanı aparılmış müayinə nəticəsində də iddiaçının sol aşağı ətrafında funksional zəifliyin mövcudluğu, aşağı ətrafların ölçülərində fərqin olması, hərəkət zamanı axsama və hərəkətin natamamlığı kimi hallar müəyyən edilmişdir. Kollegiya hesab edir ki, belə nevroloji pozuntular insan orqanizminin əsas funksiyalarından biri olan hərəkət funksiyasına birbaşa təsir göstərir və şəxsin gündəlik həyat fəaliyyətini məhdudlaşdıran tibbi vəziyyət hesab olunur. Hərəkət funksiyasının pozulması yalnız tibbi problem kimi deyil, eyni zamanda şəxsin sosial fəaliyyətinə, əmək qabiliyyətinə və gündəlik həyat fəaliyyətinə təsir göstərən mühüm patofunksional dəyişiklik kimi qiymətləndirilməlidir. Bu baxımdan iddiaçıda müəyyən edilmiş G83.1 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan hərəkət funksiyalarının pozulmasına dair meyarlara uyğun patofunksional dəyişiklik kimi qiymətləndirilməli və əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan tibbi əsas kimi qəbul edilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı psixiatrik müayinədən keçirilmiş və ona F62.0 – fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu qoyulmuşdur. Tibbi sənədlərə əsasən bu diaqnoz İİ Qarabağ müharibəsi zamanı yaşanmış travmatik hadisələrin təsiri nəticəsində formalaşmışdır. F62.0 diaqnozu uzun müddət davam edən və şəxsiyyət strukturunda davamlı dəyişikliklərlə müşayiət olunan psixi pozuntu hesab olunur. Belə vəziyyətlər emosional sabitliyin pozulması, sosial münasibətlərdə çətinliklər, psixoloji gərginlik və depressiv əlamətlərlə xarakterizə olunur. Tibbi təsnifata görə bu cür dəyişikliklər uzun müddət davam edən və şəxsin psixi vəziyyətinə, sosial adaptasiya imkanlarına və əmək fəaliyyətinə mənfi təsir göstərən psixi pozuntular kimi qiymətləndirilir. Kollegiya qeyd edir ki, müharibə şəraitində yaşanmış ağır travmatik hadisələrin nəticəsində yaranan belə psixi dəyişikliklər şəxsin normal həyat fəaliyyətinə, sosial münasibətlərinə və əmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tibbi vəziyyətlər hesab olunur. Bu səbəbdən iddiaçıda müəyyən edilmiş F62.0 diaqnozu da onun sağlamlıq vəziyyətinin ümumi qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm tibbi amillərdən biridir. İş materiallarında oynaqların kontrakturası ilə bağlı M24 kodu ilə göstərilmiş diaqnozlara da istinad edilmişdir. Lakin məhkəmə-tibbi ekspertiza rəyində həmin diaqnozların ayrıca və müstəqil patoloji vəziyyət kimi tam şəkildə təsdiqi müəyyən edilməmişdir. Bununla belə, M24 kodu ilə bağlı diaqnozun ayrıca təsdiq edilməməsi iddiaçının sağlamlıq vəziyyətinin ümumi qiymətləndirilməsinə həlledici təsir göstərmir. Çünki əlilliyin müəyyən edilməsi yalnız ortopedik kontraktura diaqnozunun mövcudluğu ilə məhdudlaşmır. Belə ki, iddiaçıda müəyyən edilmiş G83.1 nevroloji pozuntu artıq aşağı ətrafın hərəkət funksiyasının zəifləməsinə səbəb olan müstəqil patoloji vəziyyət hesab olunur. Bununla yanaşı, F62.0 psixi pozuntu da tibbi sənədlərlə təsdiq edilmişdir və müharibə şəraitində yaşanmış travmatik hadisələrin nəticəsi kimi formalaşmışdır. Bu halların hər biri ayrıca olaraq iddiaçının orqanizminin funksiyalarında pozuntu olduğunu göstərən tibbi əsas kimi çıxış edir və onların birlikdə mövcudluğu iddiaçının sağlamlıq vəziyyətinin əhəmiyyətli dərəcədə pozulduğunu göstərir. Başqa sözlə, M24 kodlu diaqnozun ayrıca müəyyən edilməməsi iddiaçıda mövcud olan digər tibbi pozuntuların, xüsusilə aşağı ətrafın funksional zəifliyi ilə müşayiət olunan nevroloji pozuntunun və müharibə nəticəsində yaranmış psixi dəyişikliklərin mövcudluğunu aradan qaldırmır və onların hüquqi qiymətləndirilməsinə mane olmur. Bundan əlavə, məhkəmə-tibbi ekspertiza rəyi ilə iddiaçının qeyd olunan xəstəliklərdən hazırda da əziyyət çəkməsi, həmin xəstəliklərin xroniki xarakter daşıması və döyüş şəraitində alınmış travma ilə səbəb əlaqəsinin mövcudluğu təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin 10 dekabr 2025-ci il tarixli iclasında qeyd edilən ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X3 izahatında ekspert rəyində göstərilmiş xəstəliklər (ağırlaşdırıcı xəstəliklər istisna olmaqla) iddiaçıda mövcud olmasını və zaman keçdikcə ağırlaşa biləcəyini bildirmişdir. Bu isə iddiaçının sağlamlıq vəziyyətinin müvəqqəti deyil, davamlı xarakter daşıyan patoloji dəyişikliklərlə müşayiət olunduğunu göstərir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin müvafiq qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən (xx.xx.2024-cü il tarixdən) təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan tibbi sənədlər, ekspert rəyi və digər sübutlar iddiaçıda orqanizmin funksiyalarının pozulmasının mövcud olduğunu təsdiq edir və bu pozuntular onun hərəkət və sosial fəaliyyət imkanlarına əhəmiyyətli təsir göstərir. Cavabdeh inzibati orqan isə həmin halları lazımi qaydada və hərtərəfli qiymətləndirməmiş, nəticədə işin bütün faktiki hallarını obyektiv şəkildə araşdırmadan “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş belə nəticə işin faktiki hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Halbuki inzibati icraat zamanı inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv şəkildə araşdırmalı və maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almalıdır. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. İddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 2-1(118)-5475/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.