Məhkəmə qərarları › İş №2-1(3-8)-256/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-256/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-256/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Üçüncü şəxslər X3 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və ailə üzvlərinin adına Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-057A, KOD 30223018 şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, X6 və ailə üzvlərinin adına Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-057A, KOD 30223018 şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı 17 oktyabr 2022-ci il tarixdə hazırkı iş üzrə cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X3 (hazırkı iş üzrə - “üçüncü şəxs”) adına verilmiş JN 57A, 30223018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında 21 may 2013- cü il tarixdə üçüncü şəxs S.Səfərbəyova verilmiş RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2-1(105)-568/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmiş və qərardad 16 yanvar 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırkı iddia tələbi artıq bir dəfə məhkəmə icraatı qaydasında baxıldığı, ona dair qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə mindiyi üçün iddia mümkün sayılmamalıdır. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsinin apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ədalətli araşdırılma aparmayaraq idiaçının mülkiyyət hüququnun bərpa olunmasın kömək etmək əvəzinə, sübutlara düzgün qiymət verməmiş və ədalətsiz məhkəmə qərardad çıxarmışdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Burada iddiaçı qaldırmış olduğu iddia ilə vərəsəlik qaydasında ona çatmalı olacaq əmlakı əldə edəcək, öz mülkiyyətini bərpa edəcəkdir. Təqdim edilmiş sənədlərdən də məlum olur ki, iddiaçının atasına məxsus həmin ərazidə 75 nömrəli təsərrüfat olmuş və həmin təsərrüfatda 1936-cı ildə tikilmiş ev və torpaq sahəsi daxil olmuşdur. Bundan əlavə təsərrüfatların birlaşmasi baradə pravd safxozunun hər hansı bir qərarı mövcud olmalı idi. Lakin üçüncü şəxs X1 İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli gararı ilə torpağ payı almışdır. Mübahisə predmeti olan xx.xx.2002-ci il tarixli Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasıda verilmiş torpağın mükiyyətinə verilməsinə dair JN-057A KOD 30223018 nömrəli ikinci şəhadətnamə saxtadır və əsası olmayan şəhadətnamədir. Məhz bu şəhadətnamə ilə üçüncü şəxs Sərdar Səfərbəyov iddiaçının atasının mülkiyyətində olan Xaçmaz rayonu Uzunoba kəndində yerləşən torpağ və üzərində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evini dələduzluq yolu ilə əvvəlcə atası X4, sonradan vərəsəlik şəhadətnamasi əsasında öz mülkiyyatinə keçirmişdir. Məhz iddiaçı X11 qanuni varisi kimi JN-057A KOD, 30223018 nömrəli şəhadatnamənin saxta yolla əldə olunmasını mübahisələndirərək onun ləğv olunması məsələsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin gəldiyi bu nəticə qanunsuz və əsassızdır, məhkəmə sübutlari düzgün araşdırmamış və qiymətləndirməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxslər X6 və X10 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpağa dair hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmiş, gəldiyi qənaətini isə hazırki mübahisə il bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadının olması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəmədə iddia irəli sürmüş, müvafiq məhkəmə qərardadı ilə iddia mümkün sayılmamış, həmin məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir. Hansı ki işin müəyyən edilmiş həmin halı eyni tələblə yenidən iddia irəli sürməsini istisna etməklə, prosessual qanunvericiliyin və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbləri baxımından iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Həmçinin, kollegiya qeyd edir ki, həmin hissədə işin halları birinci instansiya məhkəməsi tərəfindən ətraflı qeyd edilərək, həmin hallara istinad edərək, hüquqiqiymətvermənin əsasları ətraflı qeyd edildiyindən, kollegiya həmin dəyərləndirmə ilə razı olduğundan, işin həmin hallarının təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhz artıq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə hüquqi qiymət verilmiş işin hallarına istinad etdiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən həmin hallara yenidən qiymət vermənin və mübahisələndirmənin əsasları mövcud olmadığından, şikayətin dəlilləri əsassız olmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Nəticə etibarilə kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə müəyyən edilmiş və sübut kimi qiymətləndirilmiş, istinad edilmiş halların yenidən mübahisələndirilməsi halı ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə, habelə sabitlik və davamlılıq kimi xüsusiyyətlərinə xələl gətirməklə, hüquqi müəyyənlik prinsipinin və qanunvericiliyin müddəalarının mahiyyətinə zidd olmuş olur. Başqa sözlə, artıq qanuni qüvvəyə minmiş məhkəm aktı ilə müəyyən edilmiş halın yenidən mübahisələndirilməsi özlüyündə həmin məhkəmə aktının qanuniliyi və əsaslılığını şübhə altına alınmasına səbəb olmuş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallara əsasən hazırki iddiaçının eyni predmet və əsasa dair eyni tələblə yenidən məhkəməyə müraciət etməsi qanunvericiliyin tələbinə və mahiyyətinə zidd olduğundan, buna dair qəbul edilmiş məhkəmə aktının icrası hamı üçün məcburi xarakter daşıdığından, bu hal isə iddiaçının bununla bağlı eyni əsas, eyni premetlə bağlı eyni iddia tələbini irəli sürmək hüququnu istisna etdiyindən, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticədə haqlı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar